Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-175/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 8 saylı Notariat Kontoruna qarşı “vəsiyyətnamə üzrə vərəsə hesab edilmə” tələbinə dair, birləşdirilmiş iş üzrə İddiaçı cavabdeh Maraqlı şəxs qarşı “ləyaqətsiz vərəsə hesab olunma barədə” mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “vəsiyyətnamə üzrə vərəsə hesab edilmə, ləyaqətsiz vərəsə hesab olunma barədə”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Maraqlı şəxs və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Qaradağ Rayon Məhkəməsinin 2(002)-539/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs, 2(002)-1887/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: Birinci iş üzrə:
1. İddiaçı cavabdeh Bakı şəhəri 8 saylı Notariat Kontoruna qarşı “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 on altı may iki min onuncu il tarixdə yazdığı vəsiyyətnamə əsasında vəsiyyətnamə üzrə vərəslik hüququ haqqında şəhadətnamə verilməsi cavabdeh Bakı şəhəri 8 saylı Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə ərizəsi təqdim edərək,xx.xx.2019-cu il tarixdə vəfat etmiş X6 tərəfindən tərtib edilmiş xx.xx.2010cu il tarixli ev vəsiyyətnaməsinin qanuni hesab edilməsi və İddiaçı vəsiyyət üzrə vərəsə hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olmuş X6 onun anasının qardaşı yəni onun dayısıdır. Sevilə adlı qadınla ailə həyatı quraraq evlənmişdir. Onların övladları olmamışdır. O, onlara daim qayğı göstərmiş, dayısı xərçəng xəstəliyindən əziyyət çəkirdi onlar qohum əqrəba maddi kömək ediblər, özü də borc xərc edərək uzun müddət müalicə olunmuşdur. Düçar olduğu qaraciyər çatışmazlığı, xərçəng xəstəliyinin irəlilədiyinə görə 12 noyabr 2019-cu il tarixdə vəfat etdi. O və həyat yoldaşı onun dəfn xərclərini çəkdi ona yas mərasimi verdi. Mərhum dayısı Eyyubov Xanlar arvadı Eyyubova Sevilə tək qaldığına görə onu tək buraxmadı bir müddət onun yanında qaldı, onun ehtiyaclarını ödəməyə çalışaraq daim onunla maraqlanmış, ərzaq alıb aparmış, onun düçar olduğu böyrək xəstəliyinin müalicə olunmasına, dava-dərman alınmasına xəstəxanaya aparılmasına kömək etmiş, lakin müalicə olunmasına baxmayaraq o, 10 iyun 2021-ci il tarixdə vəfat etmişdir. X3 dəfn etmiş və bütün dəfn xərclərini o çəkmişdir. Bir müddət sonra K.Eyyubov ona vəsiyyətnamə verərək dedi ki, qardaşı onun iştirakı ilə xx.xx.2010-cu ildə ona vəsiyyət etmişdir. Orada yazılmışdır ki, ona məxsus bütün əmlakı İddiaçı vəsiyyət etmişdir. Həmin vəsiyyətdən ona verilənə kimi məlumatı olmamışdır.
3. Qaradağ Rayon Məhkəməsinin 2(002)-539/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Gülnar Əhmədova) ilə iddia təmin edilmiş, 12 noyabr 2019-cu il tarixdə vəfat etmiş X6 tərəfindən tərtib edilmiş 16 may 2010-cu il tarixli ev vəsiyyətnaməsi qanuni hesab edilmiş və İddiaçı 12 noyabr 2019-cu ildə vəfat etmiş X4 (16 may 2010-cu il tarixli ev vəsiyyətnaməsi üzrə) vəsiyyət üzrə vərəsəsi hesab edilmiş, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və ekspertizanın keçirilməsi ilə bağlı çəkilmiş məhkəmə xərci cavabdehə aid edilmişdir.
4. Həmin qətnamədən Maraqlı şəxs apellyasiya şikayəti vermişdir.
5. Qaradağ Rayon Məhkəməsinin 2(002)-539/2022 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Maraqlı şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 539/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verməsi üçün hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınmış, Maraqlı şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-539/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri.
6. Maraqlı şəxs apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir, belə ki, o, mərhum X9 və onun arvadı X12 (bibisi) tərəfindən övladlığa götürülmüş, rayon məhkəməsi bu faktı bilməsinə baxmayaraq (əsas: şahid Kamil Eyyubovun ifadəsi) onun iştirakını təmin etmədən, araşdırma aparmadan qətnamə qəbul etmişdir. Rayon məhkəməsinin qətnaməsi ilə tanış olduqda görünür ki, məhkəmə mərhum atası X.Eyyubovun tərəfindən tərtib edilmiş vəsiyyətnaməyə “ev vəsiyyətnaməsi” kimi qiymət vermiş maddi hüquq normasını işin hallarına düzgün tətbiq etməmişdir. Belə ki, xx.xx.2010-cu il tarixli vəsiyyətnamə texniki vasitələrdən istifadə olunmaqla tərtib edilmişdir. Rayon məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuşdur, bu səbəbdən də qətnamənin ləğv edilərək idddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İkinci iş üzrə:
7. İddiaçı cavabdeh Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, cavabdeh Maraqlı şəxs miras qoyan 12 noyabr 2019-cu il tarixdə ölmüş X5 qarşı ləyaqətsiz hərəkətlər etmiş, onun xəstəliyi dövründə ona baxmamış, müalicə olunmasına heç bir maddi və mənəvi kömək etməmiş, onun aldığı pensiyasını əlindən alaraq öz ailəsinə sərf etmiş, pensiyanı vermək istəmədikdə onu dəfələrlə döyüb, söyüb təhqir etmiş, xəstə halında allahın ümidinə buraxaraq öz ailəsinin maddi təminatını həyata keçirmişdir. Miras qoyan X.Eyyubovun müalicə məqsədi ilə bağlı maddi yardıma ehtiyacı olduğu halda özünə məxsus əmlakını müalicəsinə sərf etməsi əleyhinə çıxmış və onu döyərək istəyindən çəkindirmişdir, yəni onun son iradəsi ziddinə çıxmışdır, bu faktı qohumlar da təsdiq etmişdir. Lakin bu gün cavabdeh Maraqlı şəxs miras qoyan X.Eyyubovdan qalmış mirasdan pay almaq istəyir. ünvan 2 ünvanda qeydiyyatda olmuş X.Eyyubov onun anasının qardaşı, yəni onun dayısı idi, dayısı Sevilə adlı qadınla ailə quraraq evlənmiş, onların övladları olmamış,o, onlara daim qayğı göstərirdi. Dayısı xərçəng xəstəliyindən əziyyət çəkirdi, ona qohum-əqrəba maddi kömək etmişdi, dayısı özü də borc- xərc edərək uzun müddət müalicə olunmuş, laki 12 noyabr 2019-cu il tarixdə xəstəlikdən vəfat etmiş, o və həyat yoldaşı dayısının dəfn xərclərini çəkmiş, ona yas mərasimini vermişdir. Mərhum dayısının ölümündən sonra onun arvadı S.Eyyubova tək qaldığına görə onu tək buraxmamış, bir müddət onun yanında qalmış, onun ehtiyaclarını ödəməyə çalışaraq daim onunla maraqlanmış, ərzaq alıb aparmış, onun düçar olduğu böyrək xəstəliyindən müalicə olunmasına, dava-dərman alınmasına və xəstəxanaya aparılmasıni təşkil etmiş, lakin müalicə olunmasına baxmayaraq, 10 iyun 2021-ci il tarixdə dayısı arvadı da vəfat etmişdir. Mərhum S.Eyyubovanı da o dəfn etmiş və bütün dəfn xərclərini çəkmişdir. Maraqlı şəxs bundan əvvəl Bakı şəhəri 8 saylı Notariat Ofisinə müraciət etsə də, heç bir sübut təqdim edə bilməmişdir. Əgər miras qoyanın məqsədi ondan miras qalmış əmlakı Maraqlı şəxs miras qoymaq olsaydı, elə ona miras qoyaraq vəsiyyət edərdi. Maraqlı şəxs apellyasiya şikayətində özü də etiraf etmişdir ki, atası ilə münasibətləri yaxşı olmamışdır.O, övladlığa götürən şəxslərə baxmamış, onlara heç bir qayğı göstərməmiş, onların maddi və mənəvi ehtiyaclarını ödəməmiş, onların iradəsi ziddinə müəyyən hərəkətlər etməklə onlardan uzaqlaşmışdır. Heç dəfnində də iştirak etməmiş və dəfn xərclərini ödəməmişdir. Miras qoyan 16 may 2010-cu il tarixli onun adına verilmiş vəsiyyətnamə ilə öz vərəsəsini müəyyən etmiş, qanun üzrə bütün vərəsələrinə münasibət bildirərək öz sağlığı dövründə mirası üzərində sərəncam vermişdir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
9. Qaradağ Rayon Məhkəməsinin 2(002)-1887/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Gülnar Aslanova) ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apelyyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri.
10. İddiaçı apellyasiya şikayəti vermiş və qeyd etmişdir ki, mübahisə üzrə bundan əvvəl məhkəmə aktı ilə maraqlarına toxunduğunu iddia edən şəxs Maraqlı şəxs öz apellyasiya şikayətində qeyd etmişdir ki, X.Eyyubov Qaradağ rayon Məhkəməsinə müraciət edərək hazırkı cavabdeh Maraqlı şəxs aliment tələb etmiş, Qaradağ rayon Məhkəməsinin 07 07.2017-ci il tarixli qətnaməsinə əsasən hər ay 150 manat aliment təyin edilmişdi. Həmin qətnamə ilə razılaşmayan cavabdeh Maraqlı şəxs verdiyi apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən dəyişdirilərək təyin edilmiş aliment məbləği 50 manat müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh Maraqlı şəxs verdiyi apellyasiya şikayəti əsasında alimentin miqdarı 100 manat azaldılmışdır. Belə olan halda hansı qayğıdan və hörmətdən söhbət gedə bilər. Yalnız niyyət miras qoyanın miras əmlakına yiyələnmək olmuşdur. X.Eyyubov xx.xx.2019-cu il tarixdə vəfat etdiyi (AZ-İİ 042924 seriyalı, ölüm haqqında şəhadətnamə) tarixədək alimenti tam şəkildə ödənilməmişdir. Qaradağ rayon İcra va probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, icra sənədi tərəfindən tam icra edilmişdir. Lakin həmin məktubun verilməsindən 20 ay sonra vəfat etmiş şəxsə necə alimentin tam ödənilməsi qənaətinə gəlmək olardı. Məhkəmə aktı ilə maraqlarına toxunduğunu iddia edən şəxs Maraqlı şəxs apellyasiya şikayətində yazdığı bu sözlərlə razılaşmır, əvvəla o, ondan əvvəl vərəsəliklə bağlı Bakı şəhəri 8 saylı Notariat Ofisinə müraciət etsə də, heç bir sübut təqdim edə bilməmişdir. Əgər miras qoyanın məqsədi ondan miras qalmış əmlakı Maraqlı şəxs miras qoymaq idisə, elə ona miras qoyaraq vəsiyyət edərdi. Maraqlı şəxs apellyasiya şikayətində özü də etiraf etmişdir ki, münasibətləri yaxşı olmamışdır. Övladlığa götürən şəxslərə baxmamış, onlara heç bir qayğı göstərməmiş, onların maddi və mənəvi etiyaclarını ödəməmiş, onların iradəsi ziddinə müəyyən hərəkətlər etməklə onlardan uzaqlaşmışdır. Miras qoyan xəstə olduğu günlərdə ona heç bir qayğı göstərməmiş, mirasqoyanın heç dəfnlərində də iştirak etməmiş və dəfn xərclərini ödəməmişdir, bunula da rayon məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş maddi və prosessual normaların tətbiqi və təfsirində səhvə yol vermiş, nəticədə də düzgün olmayan qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilərək, iş üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya məhkəməsində icraat:
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-2350/2024 nömrəli, xx.xx.2024-cü il Qaradağ Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Maraqlı şəxs qarşı “ləyaqətsiz vərəsə hesab olunma barədə” iddia tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər İddiaçı cavabdeh Bakı şəhəri 8 saylı Notariat Kontoruna qarşı “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair mülki iş üzrə Qaradağ Rayon Məhkəməsinin 2(002)-539/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması ilə bağlı icraat dayandırılmışdır.
13. Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1887/2024 nömrəli, 17 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, həmin qətnamədən narazı qalan İddiaçı verdiyi apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, hakim Sabit Bəhramzadənin icraatına (2(103)-6453/2024) verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6453/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim S.Bəhramzadənin sədrliyi ilə) işlərin birlikdə baxılması üçün bir icraatda - 2(103)-2350/24 nömrə altında birləşdirilməsi qərara alınmışdır.
14. Bundan sonra xx.xx.2024-cü il tarixli qərardadla dayandırılmış iş üzrə icraat təzələnmişdir. Tərəflərin izahatı:
15. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 ikinci qətnamədən verilən apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək və şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi və göstərdi ki, rayon məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş və Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarındakı göstərişləri səhv təfsir etmiş, nəticədə də düzgün olmayan qətnamə qəbul etmişdir, eyni zamanda da qarşı tərəfin apellyasiya şikayətilə razılaşmayaraq onun təmin edilməməsini xahiş etdi.
16. Məhkəmə Kollegiyasının iclasında cavabdeh Maraqlı şəxs birinci işdən verdiyi apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini, ikinci işdən İddiaçı şikayətinə münasibətdə isə onunla razı olmadığını və təmin edilməməsini xahiş etdi və əlavə olaraq izahatında göstərdi ki, o miras qoyan X.Eyyubovun (övladlığa götürülən) oğludur, birinci işə baxılanda iddiaçı və orada ifadə verən şəxslər onun miras qoyanın oğlu olmasını bilirdi, lakin bunu məhkəmədən gizli saxlamışlar, məhkəmə də onu vərəsəsi kimi işə cəlb etməli olduğu halda, bunu etməmişdir, atasının hələ ölümündən xeyli müddət qabaq, yəni 2010-cu ildə bacısı qızı İddiaçı adına vəsiyyətnamə qoyması onda şübhə doğurur, bu düşünülmüş işə oxşayır, Şamamanın məqsədi lap əvvəldən onu atasından uzaqlaşdırmaq olmuşdur, hesab edir ki, həmin vəsiyyətnamə etibarsız hesab edilməlidir. Maraqlı şəxs özünün ləyaqətsiz vərəsə sayılmasına dair iddia ilə bağlı isə göstərdi ki, o, xx.xx.1996-cı ildə bibisi Sevilə və onun əri Xanbala Eyyubovlar tərəfindən övladlığa götürülmüş, onlar ona ata və ana olmuş, onu böyüdüb, oxutmuş, evləndirmişlər, ailə qurduqdan sonra atası ilə arasında münaqişələr və söz- söhbətlər yaranmış, o atasını heç vaxt vurmamış, onu döyməmiş, evdən də o özü getməmiş, onu məhz atası evdən zorla çıxarmışdır, 2010-cu ildə evdən qovulduqdan sonra kirayələrdə yaşamış, bir də həmin evə qayıtmamış, həmin müddət ərzində maddi yardıma görə atası bir neçə dəfə onu məhkəməyə vermiş, fikirləşir ki, bunu da atasının xəstə olmasından istifadə edən Şamamagil təşkli etmişlər, atasının iddiası ilə ondan 150 manat alimentin tutulmasına dair qətnamədən şikayət vermişdir ki, özünün ailəsi var və dolana bilmir, sonda yuxarı məhkəmə 50 manat aliment qət etdi, həmin məbləği də onun iş yerində əmək haqqından məcburi olaraq tuturdular, nə atasının, nə də anasının dəfnində iştirak etməmişdir, səbəb isə o olmuşdur ki, Şamama ona xəbər göndərmişdir ki, gəlməsin. Bununla belə, Maraqlı şəxs on ilə yaxın müddət ərzində xəstə və köməyə ehtiyacı olan atasına və anasına baş çəkməməsi, onların ehtiyacları ilə maraqlanmaması, eləcə də həm atasının, həm də anasının dəfnində iştirak etməməsinin üzrlü sayıla biləcək səbəbləri barədə yalnız - “Şamama xəbər göndərmişdir ki, gəlməsin” deməsini əsas göstərərək, həmin davranışlarına ağlabatan və inandırıcı izah verə bilmədi.
17. Məhkəmə Kollegiyasının iclasında Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil birinci işdən verdikləri apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, ikinci işdən qarşı tərəfin verdiyi apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.
18. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh Bakı şəhəri 8 saylı Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
19. Belə olan halda Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Birinci iş üzrə:
20. xx.xx.2010-cu il tarixli ev vəsiyyətnaməsinin məzmunundan görünür ki, X6 nədə ifadə olunmasından və harada olmasından asılı olmayaraq ölən günə kimi ona məxsus olan bütün əmlakını İddiaçı vəsiyyət etmiş, qanun üzrə bütün vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir.
21. AZ-İİ 042924 seriyalı, ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2019-cu ildə vəfat etmişdir.
22. X12 xx.xx.2021-ci ildə vəfat etmiş və bu barədə 668№ ilə ölüm haqqında akt qeydi qeyd edilmişdir.
23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertza Mərkəzi xx.xx.2022-ci il tarixli 4/406 saylı ekspert rəyindən görünür ki, mülki işin 10-cu səhifəsində X4 adından olan 16 may 2010-cu il tarixli Ev vəsiyyətnaməsində “Vəsiyyət edənin imzası” qrafasındakı imza-X6 tərəfindən icra olunmuşdur, imzanın qeyri-adi psixofizioloji vəziyyətdə icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil etmişdir.
24. Rayon məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadə verərək, öz ifadəsində Eyyubov Xanbalanın onun qardaşı olduğunu, vəsiyyətnamənin evdə tərtib edildiyini, həyat yoldaşı və qardaşının evinə getdiklərini, qradaşının yanında hüquqşünas olduğunu,, qardaşının həyat yoldaş da xəstə olduğunu, uşaqlarının olmadığını, həyat yoldaşnın qohumunu Faiqi övladlığa götürdüklərini, ancaq rəsmi bunu etmədiklərini, qardaşının evi həyətyani sahəsi olduğunu, qardaşının ona dedi ki,bütün yüklərini iddiaçı bacım qızı çəkibdir, Xanbaladan başqa bir qardaşı da olduğunu onun da vəfat etdiyini bidlirdi.
25. Rayon məhkəmə iclasında şahid qismində dindirilimiş X10 ifadə verərək, öz ifadəsində Xanbalanın onun qaynı olduğunu, iddiaçının isə baldızı qızı olmasını, qaynının onları evə çağırdığını, onlar evə gələndə yanında hüquqşünas və onun həyat yoldaşı olduğunu, qaynının onlara vəsiyyətnamə yazdırdığını dediyini, yazıb çap etdilər, özü qol çəkdiyini, sonra onların qol çəkdiyini, iddiaçının qaynına qulluq etdiyini, ona görə də o evini bacısının qızına veridyini dediyini, bütün xərclərini, eləcə də dəfn xərclərini də iddiaçının çəkdiyini, Xanbalanın qardaşı bacısının vəfat etdiyini bildirmişdir. İkinci iş üzrə:
26. X6 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir (AZ-İİ 042924 seriyalı, ölüm haqqında şəhadətnamə). İddiaçı mərhum Xanbala Eyyubovun bacısı qızı, cavabdeh isə övladlığa götürdüyü şəxsdir.
27. Doğum haqqında XX-ЖГ 263141 nömrəli şəhadətnamədən məlum olur ki, xx.xx.1989-cu ildə doğulmuş Maraqlı şəxs atası X7, anası İbadova (Eyyubova) Sevilə Etibar qızıdır. (bu sənəddə X.Eyyubovun ata adı “Əmiraslan” digər sənədlərdə “Amiraslan” kimi qeyd edilmişdir, lakin onun eyni şəxs olması mübahisəsizdir).
28. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-9408/2017-ci il tarixli qətnaməsinə əsasən, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli qətnaməsi tutulacaq alimentin məbləğinə aid hissədə dəyişdirilmiş, xx.xx.1950-ci il təvəllüdlü X2 üçün 06 iyun 2017-ci il tarixdən başlayaraq Maraqlı şəxs hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq X5 verilməsi qət edilmişdir.
29. Mərhum X.Eyyubov tərəfindən Qaradağ Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizədən müəyyən olunur ki, 1996-cı ildə qaynından övladlığa götürdüyü Maraqlı şəxs evləndikdən sonra 2010-cu ildən ondan imtina edib, ona heç bir maddi yardım göstərmədiyinə görə ona dəyən maddi ziyanın ödənilməsinin təmin edilməsini xahiş etmişdir (1-ci cild, i/v 83).
30. Qaradağ Rayon Məhkəməsinin 2(002)-6355/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərardaddan məlum olur ki, iddiaçı X.Eyyubovun cavabdeh Maraqlı şəxs qarşı “maddi ziyanın ödənilməsi” barədə iddia tələbi rüsum ödənilməməsi əsası ilə geri qaytarılmışdır (1-ci cild, i/v 84).
31. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qaradağ Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli xx/xx-2164/5 №-li məktubundan görünür ki, vətəndaş Maraqlı şəxs 06 iyun 2017-ci il tarixdən başlayaraq xx.xx.1950-ci il təvəllüdlü X1 üçün hər ay 50 manat sabit pul miqdarında aliment tutularaq iddiaçı X4 xeyrinə ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9408/2017 saylı, 04 oktyabr 2017ci il tarixli qətnaməsi üzrə 08 yanvar 2018-ci il tarixdə verilmiş icra vərəqəsi icra edilməsi üçün 17/65-910/5 saylı, xx.xx.2018-ci il tarixli məktubla Sizə göndərilmişdir. Borclu Maraqlı şəxs iddiaçı Xanbala Eyyubova olan aliment borcunu tam ödəmişdir.
32. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)- 539/2022ci il tarixli qətnaməsi ilə 12 noyabr 2019-cu il tarixdə vəfat etmiş X6 tərəfindən tərtib edilmiş 16 may 2010-cu il tarixli ev vəsiyyətnaməsi qanuni hesab edilməsi və İddiaçı 12 noyabr 2019-cu ildə vəfat etmiş X4 (16 may 2010-cu il tarixli ev vəsiyyətnaməsi üzrə) vəsiyyət üzrə vərəsəsi hesab edilməsi qət edilmişdir.
33. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadə verərək bildirdi ki, Eyyubov Xanbala qonşusu olub, onunla əvvəl daha yaxın yaşayırdı, daha sonra Xanbala təxminən 15-20 il əvvəl bir az uzağa köçdü. Xanbala Faiqin atası olub. O, Faiqi oxutdurub, böyüdüb, onun toyunu edib. Faiqin toyunda da iştirak edib. Əvvəllər Xanbala ilə Faiqin münasibətləri yaxşı olub, lakin sonra aralarında problem olub. Xanbala ona deyib ki, “oğlumla dolana bilmədim, evdən çıxardım. Faiqi evdən polis vasitəsilə çıxartdım”. Faiqin Xanbalanı döyməsi, təhqir etməsi barədə məlumatı olmayıb, elə bir hadisəni nə görüb, nə də eşidib. Xanbalanın, onun həyat yoldaşının dəfnində, yasında iştirak edib. Orada Faiqi görməyib. Xanbalanın yanında həmişə onun əmisiqızı İddiaçı görüb. Xanbalaya və həyat yoldaşı Seviləyə Şamama baxıb.
34. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, Eyyubov Xanbala qonşusu olub. Xanbala ilə münasibəti yaxşı olub. Xanbala ona qaz kartını verirdi ki, karta pul yükləsin. O, Faiqi uşaq vaxtından övladlığa götürüb, onu böyüdüb. Xanbala ona Faiqin onun təhqir etdiyini deyib. Amma özü Faiqin Xanbalanı döydüyünü, təhqir etdiyini nə eşidib, nə də görüb. Xanbala polisin köməyi ilə Faiq evdən çıxarılıb. Bunu öz gözlərilə görüb. Faiqi Xanbalanın dəfnində və yasında görməyib. Xanbalaya və həyat yoldaşı Seviləyə Şamama baxıb, onları xəstəxanaya Şamama aparıb. Xanbala hər dəfə oğlundan ona şikayət edirdi.
35. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadə verərək bildirdi ki, Eyyubov Xanbala atasının əmisidir. Faiqi də tanıyır. Xanbala və Faiq arasında tez-tez dava düşürdü, davalarını özü eşidib. Xanbala ona deyib ki, “Faiqlə aramda problem var, buna görə polisə düşmüşük”. Xanbalanın dəfnində, yasında özü iştirak edib, amma orada Faiqi görməyib. Faiqin Xanbalanı döydüyü, təhqir etdiyini görməyib. Tətbiq edilən maddi hüquq
36. Azərbaycan Respubikasının Konstitusiyası:
37. Maddə 29.Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.
38. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1137-ci maddəsinə əsasən, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Maddə 1138. Valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. 1139-cu maddəsinə əsasən, ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Maddə 1143. Şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər. Konstıtusıya Məhkəməsı Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair 13 dekabr 2011-ci il tarixli qərarı Tətbiq edilən prosessual hüquq normaları:
39. Mülki Prosessual Məcəllə Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
41. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci iş üzrə Qaradağ Rayon Məhkəməsinin 2(002)-539/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsini maraqlarına toxunan şəxs Maraqlı şəxs, 2(002)-1887/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsini İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
42. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ikinci iş üzrə iddiaçının verdiyi apellyasiya şikayəti təmin edilməli, 2(002)-1887/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməlidir.
43. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin düzgün həlli üçün ilkin olaraq birləşmiş işlərdən ikinci işdən verilmiş apellyasiya şikayəti üzrə müvafiq araşdırma aparılmalı və gəlinən nəticəyə uyğun olaraq birinci işdən verilmiş şikayətə münasibət bildirilməlidir. Çünki birinci iş üzrə qətnamədən F.Eyubovun verdiyi apellyasiya şikayətinin mümkünlüyü məhz ikinci iş üzrə gəlinəcək nəticədən bilavasitə asılıdır.
44. Hazırkı mülki iş üzrə aparılmış məhkəmə araşdırmaları ilə aşağıdakılar müəyyən edilmişdir.
45. Hər iki iş üzrə İddiaçı miras qoyan Xanbala Eyyubovun bacısı qızıdır, Maraqlı şəxs X.Eyyubovun (övladlığa götürdüyü) oğludur. X.Eyyubov xx.xx.2019-cu ildə vəfat etmişdir. X.Eyyubov xx.xx.2010-cu il tarixli vəsiyyətnamə ilə bütün əmlaklarını bacısı qızı İddiaçı vəsiyyət etmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə həmin vəsiyyətnamənin qanuni (etibarlı) olduğu, eləcə də İddiaçı həmin vəsiyyətnamə üzrə vərəsə olduğu müəyyən edilmişdir. Həmin qətnamə ilkin olaraq Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən mübahisələndirilmiş, lakin sonradan apellyator şikayətindən imtina etmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayətdən imtina qəbul edilmiş və apellyasiya icraatına xitam verilmişdir. Qətnamə həmin tarixdən qüvvəyə minmişdir. Maraqlı şəxs xx.xx.2024-cü il tarixində rayon məhkəməsinə müraciət edərək həmin qətnaməni rəsmi olaraq almış və miras qoyanın birinci növbə vərəsəsi olmasına istinad edərək və MPM-in 357.2-ci maddəsinə əsasən qətnamədən apellyasiya şikayəti vermişdir. Rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Maraqlı şəxs həmin qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınmış və onun şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Maraqlı şəxs apellyasiya şikayəti mümkün hesab edilərək baxışa təyin edilmişdir. Həmin şikayətə apellyasiya qaydasında baxılarkən İddiaçı Maraqlı şəxs ləyaqətsiz vərəsə hesab edilməsinə dair rayon məhkəməsinə iddia ərizəsi verərək ikinci iş üzrə icraat başlatmışdır.
46. İkinci işdən göründüyü kimi, İddiaçı cavabdeh Maraqlı şəxs ləyaqətsiz vərəsə hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs atasımiras qoyan X.Eyyubova baxmadığını, onunla rəhimsiz davrandığını, onu təhqir edərək söyüb-döydüyünü, xəstə olan atasına qəti olaraq kömək etmədiyini, mirasqoyanın məcbur qalıb sağlığında Maraqlı şəxs qarşı maddi yardım və aliment tələbi ilə məhkəməyə müraciət etdiyini, rayon məhkəməsinin qətnaməsi ilə 150 manat məcburi aliment tutulmasının qət olunduğunu, Faiqin aliment ödəməmək üçün qətnamədən apellyasiya şikayəti verdiyini, daha sonra apellyasiya şikayətinə əsasən alimentin məbləğinin azaldılaraq cəmi 50 manat müəyyən edilməsinə nail olduğunu, miras qoyanın ağır xərçəng xəstəsi olmasına və mütəmadi maddi yardım və qayğıya ehtiyacının olmasına baxmayaraq, onu köməksiz atıb getməsini, illər boyu atası ilə maraqlanmamasını, atasının ölümündən belə xəbərsiz olmasını, yaxın ərazidə yaşamasına rəğmən atasının dəfnində belə iştirak etməməsinə istinad etmişdir. İddiaçı həmin tələbində istinad etdiyi hallara dair məhkəməyə sübut kimi öz izahatından başqa, şahid ifadələrini, yazılı sübutlar, eləcə də qüvvədə olan məhkəmə aktlarını təqdim etmişdir.
47. İddia tələbini təmin etməyən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki: ....məhkəmə araşdırması zamanı Maraqlı şəxs Xanbala Eyyubovun son iradəsinə qəsdən maneə törədən və bununla da özü və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras payının artırılmasına kömək göstərmə, eyni zamanda vəsiyyət edənin son iradəsinə qarşı cinayət və ya digər əxlaqsız hərəkətlər törətməsi müəyyən edilməmişdir. Əksinə, məhkəmə araşdırması zamanı tərəflərin və şahidlərin ifadələrinə əsasən müəyyən edilmişdir ki, Maraqlı şəxs Xanbala Eyyubovun vəfat edən zaman ümumiyyətlə yanında olmamış, vəsiyyətnamə verilməsi zamanı miras qoyanın son iradəsinə müdaxilə etməmiş və mirasdan payın alınmasına və ya payın artırılmasına nail ola bilməmişdir. Mülki iş üzrə məhkəmə iclasında iştirak edən şahidlər cavabdehlə atası X6 arasında münaqişələrin olmasını gördüklərini bildirərək, Maraqlı şəxs tərəfindən mərhum atasına qarşı hər hansı əxlaqsız və ya fiziki şiddət hərəkətlərini müşahidə etmədiklərini bildirmiş, eyni zamanda Maraqlı şəxs məhz Xanbala Eyyubovun özü tərəfindən evdən çıxarılmasını vurğulamışlar. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-9408/2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş Maraqlı şəxs tutularaq X5 ödənilməli olan aliment borcu tamamilə ödənilmiş, Maraqlı şəxs mərhum atasına aliment borcu qalmamışdır.Göstərilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, mərhum Xanbala Eyyubov ilə cavabdeh arasında baş vermiş ailə-məişət xarakterli münaqişələr Mülki Məcəllənin 1137-ci maddəsinin hazırkı işin faktiki hallarına tətbiq edilməsinə əsas ola bilməz...
48. Məhkəmə kollegiyası rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və qeyd edir ki, həmin qənaət işin müəyyən olunmuş hallarına və tətbiq olunmalı maddi hüquq normalarının tələblərinə uyğun olmamışdır.
49. Belə ki, mülki iş materiallarında olan, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-9408/2017-ci il tarixli qətnaməsinə əsasən, həqiqətən də miras qoyanın vaxtilə Maraqlı şəxs qarşı aliment tələbi ilə məhkəməyə müaricət etməsi, Qaradağ Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli qətnaməsi ilə 150 manat aliment tutulması, cavabdeh Maraqlı şəxs isə həmin qətnamədən apellyasiya şikayəti verməsi və alimentin məbləğinin 100 manat azaldılaraq 50 manat müəyyən edilməsi hazırkı işin mübahisəsiz halıdır.
50. Bundan başqa, mülki iş materiallarında olan mərhum X.Eyyubov tərəfindən Qaradağ Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizədən müəyyən olunur ki, 1996-cı ildə qaynından övladlığa götürdüyü Maraqlı şəxs evləndikdən sonra 2010-cu ildən ondan imtina edib, ona heç bir maddi yardım göstərmədiyinə görə ona dəyən maddi ziyanın ödənilməsinin təmin edilməsini xahiş etmişdir (1-ci cild, i/v 83).
51. Mülki iş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 2(002)-6355/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərardadından məlum olur ki, iddiaçı X.Eyyubovun cavabdeh Maraqlı şəxs qarşı “maddi ziyanın ödənilməsi” barədə iddia tələbi rüsum ödənilməməsi əsası ilə geri qaytarılmışdır (1-ci cild, i/v 84).
52. Göründüyü kimi, iddiaçının rayon məhkəməsinə təqdim etdiyi yuxarıda qeyd edilən məhkəmə aktları ilə Maraqlı şəxs öz atasını saxlaması üzrə qanunla öhdəsinə düşən vəzifələri yerinə yetirməkdən boyun qaçırması, ata X.Eyyubovun isə məcbur qalıb aliment və maddi ziyan tələbi ilə məhkəməyə müraciət etməsi, məhkəmə qətnaməsi ilə oğlu Maraqlı şəxs ehtiyacı olan maddi yardımın bir hissəsini məcburi qaydada alması mübahisəsiz qaydada müəyyən olunur.
53. Həmçinin rayon məhkəməsində dindirilmiş şahidlərin ifadələri, eləcə də Maraqlı şəxs özünün də iddia ərizəsində qeyd etdiyi kimi evləndikdən sonra atası ilə münasibətləri pisləşmiş, atası ilə mütəmadi münaqişələri olmuş, hətta bu zəmində polisə də müraciət olunmuş, sonda o, 2010-cu ildə evi tərk etmiş (Maraqlı şəxs məhz atasının onu evdən qovduğunu bildirir), bir də evə qayıtmamış, xəstəlikdən əziyyət çəkən, maddi və mənəvi dəstəyə ehtiyaclarının olmasına baxmayaraq o, atasının və anasının vəfat etdiyi müddətədək onlarla maraqlanmamış, onların qayğısına qalmamış, valideynlərinə münasibətdə üzərinə düşən vəzifələrini yerinə yetirməmiş, hətta Maraqlı şəxs ata və anasının dəfnində də iştirak etməmişdir.
54. Məhkəmə Kollegiyasının iclasında Maraqlı şəxs bu davranışlarının səbəbini miras qoyanın vəsiyyət üzrə vərəsəsi İddiaçı ona “gəlməsin deyə” ismarıc göndərməsi ilə izah etməyə çalışmışdır. Halbuki xəstə və köməyə möhtac olan valideynlərinə on il ərzində bir dəfə də olsun baş çəkməməsi, onların qayğıları ilə maraqlanmaması, onlara maddi yardım və mənəvi dəstək göstərməməsi, hətta atasının və anasının dəfnində belə iştirak etməməsinin səbəbi kimi Maraqlı şəxs gətirdiyi dəlilin uydurma, qeyri-ciddi və reallıqdan uzaq olduğu açıq- aşkardır. Ən azından atasının evinə gəlmək istəyi olan oğula, görəsən, Şamama necə mane ola bilərdi və yaxud yardıma möhtac olan valideynlərinə göndərilən sovqatın qarşısını Şamama necə ala bilərdi və yaxud xəstə olan valideyinlərinə göndərilən dava-dərmanın, evə gətirilən həkimin qarşısını Şamama necə ala bilərdi, həm də on il davam edən bir müddətdə, bəs yüzlərlə insanın iştirak etdiyi ata və anasının dəfnində oğulun iştirakına Şamama necə qadağa qoya bilərdi. Oğul Maraqlı şəxs bu məsələlərə hər hansı izah verə bilməmişdir. Bütün bunların isə bir məntiqi izahı ola bilər- Maraqlı şəxs miras qoyan atasına münasibətdə (elə anasına da) üzərinə düşən vəzifələri yerinə yetirmək kimi bir istəyi və niyyəti olmamışdır. Başqa sözlə desək, o, həmin vəzifələrinin yerinə yetirilməsindən şüurlu şəkildə yayınmış, boyun qaçırmışdır.
55. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarında təsbit olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir.
56. Qeyd edilən Qərarda Konstitusiya Məhkəməsi Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasının həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir kimi şərh vermişdir.
57. Məhz bu hüquqi mövqedən çıxış edərək Məhkəmə Kollegiysıa belə qənaətə gəlir ki, MM-in 1137-ci maddəsində ləyaqətsiz vərəsəliyə əsas verən hallar, yəni miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmə və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmə, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmə ilə yanaşı, həm də miras qoyana qarşı yönələn halları da ehtiva edir.
58. MM-in 1138-ci maddəsinə görə, miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin.
59. Hazırkı halda Maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qaradağ Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli xx/xx-2164/5 №-li məktubuna istinad edir ki, borclu Maraqlı şəxs iddiaçı Xanbala Eyyubova olan aliment borcunu tam ödəmişdir.
60. Halbuki X.Eyyubov 2018-ci ildə yox 2019-cu ildə vəfat etmişdir. Demək ki, aliment onun yaşadığı müddətdə tutulmalı idi. Alimentlə bağlı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən də məlum olur ki, orada Maraqlı şəxs apellyasiya şikayətində ümumiyyətlə iddia tələbinin rədd edilməsini xahiş etmiş, onun imkanı olmadığını, X.Eyyubovun pensiyaçı olduğunu, əmək qabiliyyətli olduğunu, beləliklə də ondan özünü saxlamağı tələb etmək hüququnun olmadığına istinad etmişdir.
61. Bütün bunlar onu deməyə əsas verir ki, Maraqlı şəxs miras qoyanın saxlanması üzrə öhdəsinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçırmışdır. Çünki cavabdehin mərhum atasının ona qarşı aliment tələbi ilə bağlı verdiyi apellyasiya şikayətində onun pensiyasının olmasını əsas göstərib, özünü saxlamağı ondan tələb etmək hüququnun olmamasına istinad etməsi başqa cür yozula bilməz.
62. Məhkəmə kollegiyası onu da qeyd edir ki, milli və əxlaqi dəyərlər baxımından atasının (və anasının da) dəfninə gəlməməsi faktının özü də Maraqlı şəxs miras qoyan atasına qarşı hansı münasibət bəsləməsini göstərir.
63. Demək ki, hazırkı işin müəyyən olunmuş halları baxımından Maraqlı şəxs hərəkətləri Konstitusiya Məhkəməsinin istinad olunan Qərarında MM-in 1203.1-ci maddəsindəki müddəanın ləyaqətsiz vərəsə olmaq üçün yalnız miras qoyanın son iradəsinə qarşı olan hərəkətlər yox, həm də miras qoyana qarşı yönələn halları da ehtiva etməsinə dair şərhinin (təsbitinin) təsiri altına düşür, ona görə də o, xx.xx.2019-cu ildə vəfat etmiş miras qoyan X5 münasibətdə nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz.
64. İkinci qətnamə üzrə apellyasiya şikayəti təmin edilərək, Maraqlı şəxs ləyaqətsiz vərəsə hesab olunduğundan, bununla da o, birinci qətnamə ilə artıq onun hüquq və vəzifələrinə toxunan şəxs olmadığından, onun birinci qətnamədən verdiyi apellyasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə əsasən Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə qeyri- mümkün hesab edilmişdir. Nəticə:
65. Göstərilənlərə əsasən, ikinci iş üzrə iddiaçının verdiyi apellyasiya şikayəti təmin edilməli, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1887/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, Maraqlı şəxs xx.xx.2019-cu ildə vəfat etmiş miras qoyan X5 münasibətdə ləyaqətsiz vərəsə hesab edilməlidir.
66. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
67. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş (100+50=150) 150 manat dövlət rüsumu cavabdeh Maraqlı şəxs alınaraq İddiaçı verilməlidir.
68. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İkinci iş üzrə: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qaradağ Rayon Məhkəməsinin 2(002)-1887/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilsin. Cavabdeh Maraqlı şəxs xx.xx.2019-cu ildə vəfat etmiş miras qoyan X5 münasibətdə ləyaqətsiz vərəsə hesab edilsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş (100+50=150) 150 manat dövlət rüsumu cavabdeh Maraqlı şəxs alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.