Məhkəmə qərarları › İş №2(103)-1750/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1750/2021

02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1750/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1898/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Hərrac Mərkəzi Cavabdehnə qarşı “hərrac protokolunun və onun nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” MMC-nin hərracın yekunları barədə 45/01 saylı, xx xxxxxxxx 2019-cu il tarixli protokolunun və onun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(005)-3284/2018 saylı qətnaməsinin icra olunması üçün Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə icra vərəqəsi göndərilmişdir. Belə ki, həmin icra sənədinə əsasən onun mülkiyyətindəki ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən 5A saylı evin 29 saylı mənzili açıq hərracda satılmasına qərar verilmişdir. Bundan sonra Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin 8082-91589-19-12 saylı, xx xxxx 2019-cu il tarixli məktubuna əsasən ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən 5A saylı evin 29 saylı mənzil xx xxxxxx 2019-cu il tarixdə saat 11:00 da “xxxx” MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi. 156 (20A) 1933-cü məhəllə ünvanında keçirlən hərraca çıxarılmışdır. Lakin həmin əmlak həmin hərracda satılmamışdır. Sözügedən hərracın keçirilməsindən məlumatı olmamışdır. Belə ki, onun qeydiyyat ünvanı ünvan 2 olsa da, faktiki yaşayış yeri həmin ünvanda deyil. Bu səbəbdən də həmin ünvana hərracın keçirilməsinə dair göndərilən bildirişlər tərəfindən alınmamışdır və o hərracın keçirilməsindən məlumatsız olmuşdur. Sözügedən əmlak xx xxxxxx 2019-cu il tarixində baş tutan hərracda satılmadığından həmin mənzil ikinci dəfə xx xxxxxxxx 2019ci il tarixdə saat 11:00 “xxxx” MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 156 (20A) 1933-cü məhəllə ünvanında keçirilən hərraca çıxarılmışdır. Birinci keçirilən hərracda olduğu kimi “xxxx” MMC tərəfindən ikinci hərracın keçirilməsi barədə də ona qanunvericiliyin tələbinə uyğun olaraq məlumat verilməmişdir. “xxxx” MMC-nin hərracın yekunları barədə 45/01 saylı, xx xxxxxxxx 2019-cu tarixli protokolundan və xx xxxxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən 5A saylı evin 29 saylı mənzili son satış qiyməti 169 000 manat olmaqla X1. Hərracda sözügedən mənzilin qiyməti bazar dəyərindən azı 2 dəfə aşağı qiymətləndirlmişdir. Belə ki, həmin bina şəhərin mərkəzində yerləşməklə ən bahalı binalardan birində yerləşir və həmin binada mənzillərin hər kv.m-nin qiyməti 2500-3000 manat arasında dəyişir. Onun mülkiyyətində olan mənzilin isə yerləşmə yeri və görünüş sahəsi olduqca olduğundan həmin mənzilin qiyməti 320.000 manat civarındadır. Qeyd edilənlərdən də göründüyü kimi Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən 5A saylı evin 29 saylı mənzilin mülkiyyətçisi, yəni ipoteka qoyan olduğu halda, keçirilən hərrac barədə hərracın təşkilatçısı tərəfindən ona məlumat verilməmiş və bilərəkdən hərracda iştirak etmək hüququndan məhrum edilmişdir. Eləcə də, hərrac keçirilərkən mənzilin satış qiyməti qanunsuz olaraq bazar dəyərindən ən azı 2 dəfə aşağı hərraca çıxarılmış və tələbkara satılmışdır. Bu hal onun hüquqlarını kobud şəkildə pozmaqla onun külli miqdarda zərərə düşməsinə səbəb olmuşdur. Belə ki, mənzil maya dəyərindən iki dəfə az qiymətə satıldığından o tələbkara hələ də borclu qalmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1898/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-yə qarşı (Nərimanov rayon İcra və Probasiya Şöbəsi, X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “hərrac protokolunun və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilmısi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1898/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi apelyasiya qaydasında ləğv edilməlidir. Belə ki, hər 2 hərrac keçirilərkən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin tələbləri pozulmuşdur. Hər iki hərracın keçirilməsi zamanı hərracın keçirilməsi barədə bildirişlər ona gecikməilə çatdırılmışdır. Göründüyü kimi hər 2 hərracın keçirilməsində İpoteka Haqqında qanunda göstərilmiş hərracın keçirilməsi qaydası iiə bağlı tələb pozulmuşdur. Hərracda sözügedən mənzilin qiyməti bazar dəyərindən azı 2 dəfə aşağı qiymətləndirilmişdir. Belə ki, həmin bina şəhərin mərkəzində yerləşməklə ən bahalı binalardar birində yerləşir və həmin binada mənzilərin hər kv.m-nin qiyməti 2.500-5.000 manat arasında dəyişir. Mənzilin isə yerləşmə yeri və görünüş sahəsi olduqca yaxşı olduğundan həmin mənzilin qiyməti 320.000 manat civarındadır. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1898/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı, cavabdehlər Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC-yə və Nərimanov rayon İcra və Probasiya Şöbəsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehlərin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yохlanılmasını düzgün hesab edir. Məhkəmə kоllegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə tоplanmış sübutlara оbyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1898/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq iddia tələbi üzrə aşağıdakı sübutları müəyyən edir. Belə ki, iş materiallarında olan, “xxxx” MMC-nin İddiaçı, X3 və Nərimanov rayon İcra və Probasiya şöbəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli, 01/2530 saylı təklifin surətindən görünür ki, Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 808291589/19-15-12 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən borclu İddiaçı məxsus ipoteka yüklü Bakı şəhəri, Ə.Rəcəbli küçəsində yerləşən 5A saylı evin 29 saylı mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2019-cu il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 159.375 (yüz əlli doqquz min üç yüz yetmiş beş) manat olmaqla ipoteka saxlayana təklif olunur. “İpoteka Haqqında” qanunun 43.7, 43.8-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda AR “Mülki Məcəlləsi”-nin 298.2, 319.3.5 maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur. İş materiallarında olan, Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC-nin xx.xx.2019-cu tarixli, 01/2442 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişlərinin və bu bildirişlərin çatdırılmasını təsdiq edən poçt qəbzlərinin surətindən görünür ki, ipoteka predmetini təşkil edən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 5A saylı binanın 29 saylı mənzilin ilkin satış qiyməti 250.000 manat olmaqla hərraca çıxarılması və hərracın xx xxxxxx 2019-cu il tarixdə saat 11:00-da Bakı şəhəri, İ.Hidayətzadə küçəsi, 156 (20A) 1933-cü məhəllə ünvanında keçiriləcəyi barədə İddiaçı, X3 və məlumat üçün Nərimanov rayon İcra və Probasiya şöbəsinə məlumat verilmişdi. İş materiallarında olan, Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC-nin xx.xx.2019-cu tarixli, 01/2614 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişlərinin və bu bildirişlərin çatdırılmasını təsdiq edən poçt qəbzlərinin surətindən görünür ki, ipoteka predmetini təşkil edən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 5A saylı binanın 29 saylı mənzilin ilkin satış qiyməti 250.000 manat olmaqla hərraca çıxarılması və hərracın xx xxxxxx 2019-cu il tarixdə saat 11:00-da Bakı şəhəri, İ.Hidayətzadə küçəsi, 156 (20A) 1933-cü məhəllə ünvanında keçiriləcəyi barədə İddiaçı, X3 və Nərimanov rayon İcra və Probasiya şöbəsinə məlumat verilmişdir. İş materiallarında olan, Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC-nin xx.xx.2019-cu tarixli, 01/2378 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişlərinin və bu bildirişlərin çatdırılmasını təsdiq edən poçt qəbzlərinin surətindən görünür ki, ipoteka predmetini təşkil edən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 5A saylı binanın 29 saylı mənzilin ilkin satış qiyməti 250.000-15%=212500 manat olmaqla hərraca çıxarılması və hərracın xx xxxxxxxx 2019-cu il tarixdə saat 11:00-da Bakı şəhəri, İ.Hidayətzadə küçəsi, 156 (20A) 1933-cü məhəllə ünvanında keçiriləcəyi barədə İddiaçı, X3 və Nərimanov rayon İcra və Probasiya şöbəsinə məlumat verilmişdir. İş materiallarında olan, hərracın yekunları barədə xx.xx.2019-cu-ci il tarixli, 45/01 nömrəli protokolunun surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3284/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli icra vərəqəsinə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3284/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin, Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 8082-91589/19-15-12 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən ilkin hərrac qiyməti 250.000 (iki yüz əlli min) manat və təkrar hərracdakı ilkin satış qiyməti 212.500 manat olan İddiaçı mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 5A saylı binanın 29 saylı mənzili 159.375 manata ipoteka saxlayan X4 əldə etmişdir. İş materiallarında olan, “Birja Yenilikləri” Qəzetinin 2019-cu ilə aid olan 177,175,180, 183 nömrəli buraxılışlarının surətindən görünür ki, Qəzetinin 2019-cu ilə aid olan 177,175,180, 183 nömrəli buraxılışlarında İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 5A saylı binanın 29 saylı mənzilin xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə hərraca çıxarılması, habelə hərracın baş tutmaması barədə məlumatlar dərc edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən ipoteka ilə bağlı münasibətlər bu qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 41.2, 41.3 və 41.5-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Həmin Qanunun 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarisli poçt göndərisi – göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərisindən ibarətdir. Göründüyü kimi Qanunda ipotekaya xitam verilməsi göstərilsə də, xitam verilmənin prosessual qaydası, yəni ipotekaya hansı orqan (məhkəmə və ya digər orqan) tərəfindən, hansı icraat qaydasında (iddia icraatı və ya məhkəmə qərarlarının icrası qaydasında) xitam verilməli olması göstərilməmişdir. Lakin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “İpoteka haqqında” Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28 oktyabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, ipotekaya xitam verilməsi halları “İpoteka haqqında” Qanunun 48-ci maddəsində göstərilmişdir. Bu hallar sırasına: ipoteka saxlayan və ipoteka qoyanın bu barədə razılığa gəlməsi; əsas öhdəliyə xitam verilməsi; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmetinin satılması; ipoteka predmetinin məhv olması və Qanunda nəzərdə tutulmuş digər hallar aid edilmişdir (“İpoteka haqqında” Qanunun 48.1.1-48.1.5-ci maddələri). İpoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi halı, Qanunun 48-ci maddəsində birbaşa göstərilməsə də, həmin Qanunla nəzərdə tutulmuş ipotekaya xitam verilməsinin digər hallarından biri qismində çıxış edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 48.1.5-ci maddəsinə əsasən ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə (48.1.1-ci maddə); əsas öhdəliyə xitam verildikdə (48.1.2-ci maddə); tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda (48.1.3-cü maddə); ipoteka predmeti məhv olduqda (48.1.4-cü maddə); bu Qanunla nəzərdə tutulmuş digər hallarda (48.1.5-ci maddə) ipotekaya xitam verilir. İddiaçı apelyasiya şikayətində ona məxsus əmlakın hərraca çıxarılması və hərracın keçirilməsi barədə məlumatlı olmadığını, onun faktiki yaşayış yerinə bildiriş göndərilmədiyini, hərracların keçirilməsi barədə bildirişləri almadığını və hərracın keçirilməsi barədə elanların dərc edilmədiyini və bununla da hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyini göstərsə də qeyd etdiyi halları təsdiq edən hər hansı bir sübutu apelyasiya şikayətinə əlavə etməmiş, apelyasiya məhkəməsində iştirak edərək bunu əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim еtməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin İddiaçı apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1898/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə İddiaçı apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1898/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar