Məhkəmə qərarları › İş №2(103)-1751/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1751/2021

10.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1751/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, cavabdeh Qurbanov Şeyxabdulla Əhməd oğlunun iştirakı ilə, İddiaçı Nəzərəliyeva Şəmsiyə Cəlil qızının (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində 37 saylı notariat ofisi cəlb edilməklə) cavabdeh Qurbanov Şeyxabdulla Əhməd oğluna qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-960/1751 saylı, xx xxxxxxxx 1751-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Nəzərəliyeva Şəmsiyə Cəlil qızı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində 37 saylı notariat ofisi cəlb edilməklə) cavabdeh Qurbanov Şeyxabdulla Əhməd oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Qurbanov Şeyxabdulla Əhməd oğlu ilə Bakı şəhəri 37 saylı notariat kontorunda xx xxxxx 2017-ci il tarixdə bağlanmış “mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, onunla cavabdeh Şeyxabdulla Qurbanov arasında Bakı şəhəri 37 saylı notariat kontorunda xx xxxxx 2017-ci il tarixdə “mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” bağlanmışdır. Həmin müqaviləyə əsasən o, Şeyxabdulla Qurbanova 2015-ci ildən hal-hazıradək yaranmış 26.400 manat məbləğində borcunun olduğunu bəyan və tam etiraf edərək, bu borcu tam həcmdə qaytarmağı barədə öhdəlik götürmüşdür. Qeyd olunan müqaviləni o, oğlu Anar Nəzərəliyevin cavabdeh Şeyxabdulla Qurbanova olan borcuna görə bağlamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli hökmü ilə oğlu Nəzərəliyev Anar İlham oğlu CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Həmin hökmdə göstərilir ki, ’’Nəzərəliyev Anar İlham oğlu zərərçəkmiş şəxs qismində dindirilmiş Qurbanov Şeyxabdulla Əhməd oğlundan 2014-cü ilin apreldekabr aylarında Bakı şəhərində hissəhissə olmaqla ümumilikdə 20.600 ABŞ dolları - həmin dövrün məzənnəsi ilə 16.160,70 manat pulu etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmişdir.” Bildirir ki, cavabdeh ilə aralarında olan razılaşmaya görə o, oğlunun ona olan borcunu ödəməyini öhdəlik götürmüşdür. Lakin borcun məbləği barədə onun düzgün və ətraflı məlumatı olmadığına görə aralarında xx xxxxx 2017-ci il tarixdə bağlanmış “mövcud borcun etirafı haqqında mücərrəd müqaviləsində” qeyd olunan məbləğ həqiqətə uyğun deyil. Bundan başqa, sonradan ona məlum olmuşdur ki, oğlu Anar Nəzərəliyev tərəfindən borcun əvəzində cavabdeh Ş.Qurbanova avtomaşın verilmişdir. Hesab edir ki, onunla cavabdeh Ş.Qurbanov arasında Bakı şəhəri 37 saylı notariat kontorunda xx xxxxx 2017-ci il tarixdə “mövcud borcun etirafı haqqında mücərrəd müqavilə”nin əsas şərtləri pozulmuşdur. Beləliklə, onunla cavabdeh arasında xx xxxxx 2017-ci il tarixdə “mövcud borcun etirafı haqqında mücərrəd müqavilə”nin bağlanmasının səbəbi - onun ağır vəziyyətə düşməyi və digər tərəfin bundan istifadə etməsidir. Nəticəsində onun üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdin etibarsız hesab edilməsi qanuna müvafiqdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-960/1751 saylı, xx xxxxxxxx 1751ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmamışdır. Qətnamədən apellyasiya şikayəti verən iddiaçının nümayəndəsi (vəkili) onun ləğv, iddia tələblərinin isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək, izahatında bildirmişdir ki, onu borcun əvəzi qismində avtomobil verilməmişdir. İddiaçının oğlu cəzaçəkmə müəssisəsində olanda iddiaçı ona zəng vuraraq müqavilə bağlamağı təklif etmiş və onlar müqavilə bağlamışdılar. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya cavabdehin izahatının dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, xx xxxxx 2017-ci il tarixdə “mövcud borcun etirafı haqqında mücərrəd müqaviləsi” Nəzərəliyeva Şəmsiyə Cəlil qızı ilə Qurbanov Şeyxabdulla Əhməd oğlu arasında Bakı şəhəri 37 saylı notariat kontorunda bağlanmışdır. İş materiallarında olan saylı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli hökmündən görünür ki, Anar Nəzərəliyev CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 66.3-cü maddəsinə əsasən 2 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə ona 08 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə o, azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilmiş və üzərində 2 il sınaq müddəti müəyyən edilmişdir. İddiaçı məhz sözügedən müqavilənin, yəni xx.xx.2017-ci il tarixli “Borcun etirafı haqqında müqavilə”nin mahiyyətcə qeyri-obyektiv olmasını və həqiqəti əks etdirmədiyini, yəni görünüş üçün bağlandığını irəli sürməklə onun etibarsız hesab olunmasını xahiş etmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hal, yəni xx.xx.2017-ci il tarixli müqavilənin etibarsızlığı sübuta yetirilməmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Mülki Məcəllənin 340.2-ci maddəsinə görə isə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir və əhəmiyyətsizdir. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin hallarından aydın olur ki, mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmişdir; beləliklə də hər hansı aldatma və ya zorakılıqdan, yaxud ağır vəziyyətdən istifadə olunmasından və ya başqa əqdi pərdələmək istəyindən bəhs etmək mümkün deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının müqavilənin etibarsızılığına əsas kimi göstərdiyi hallar müqavilənin digər tərəfinin (cavabdehin) təqsirli (mülki qanunvericiliyin prinsiplərinə zidd olan) hərəkətlərindən qaynaqlanmamışdır və bu səbəblə də kollegiyanın qənaətinə görə həmin tərəfin mənafelərinin xələl görməsinə səbəb ola bilməz. Kollegiya hesab edir ki, iddiaçı, həmçinin, müddəti də ötürmüşdür. Belə ki, tərəflər arasında “mövcud borcun etirafı haqqında mücərrəd müqaviləsi” xx xxxxx 2017-ci il tarixdə bağlanmış, iddiaçı hazırki iddia ilə məhkəməyə yalnız xx xxxx 1751-ci il tarixdə müraciət etmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-960/1751 saylı, xx xxxxxxxx 1751ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar