Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1758/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7653/2023 nömrəli 18 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 27 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən Çörək bişirən Panasonic almış, onun dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür.
2. MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh MMC-dən alqı-satqı qiyməti 398,98 manat olan Çörək bişirən Panasonic üçün cəmi ödədiyi məbləğ 19 manat, ödənilməmiş əsas borcu 379,98 manat, 37,02 manat cərimə olmaqla, ümumi ödənilməmiş borcu cəmi 417 manat təşkil edir.
3. MMC-dən tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda cavabdeh, müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün müqavilənin vaxtından əvvəl ləğv olunması barədə 3 gün müddətində MMC ilə razılığa gəlməyi və ya müqavilə dəyərini tam ödəməyi barədə təklif olunmuş, əks təqdirdə barəsində məhkəmə iddiası qaldırılacağı və müqavilənin ləğv olunması barədə xəbərdar edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023cü il tarixli müqaviləsinə əsasən Çörək bişirən Panasonic üçün 379,98 manat ödənilməmiş hissə olmaqla, 37,02 manat cərimə, ümumilikdə 417 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdehlə MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış müqaviləyə əsasən, cavabdeh Çörək bişirən Panasonic almış və nəticədə onun 417 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 19 manat təşkil edir.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 dekabr 2023-cü il tarixli 2(008)-7653/2023 nömrəli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia təmin edilmiş, Cavabdeh 379,98 manat ödənilməmiş hissə, 37,02 manat cərimə, ümumilikdə 417 manat borc pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir.
7. Məhkəmə hesab etmişdir ki, cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan əsas borcu və cəriməni razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.
8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 465.2, 600.1, 600.2, 600.4, 601, 601.2, Mülki Prosessual Məcəllənin 284-1, 284-5.2, 284-5.3, 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, bu işə baxılmazdan əvvəl artıq Yasamal Rayon Məhkəməsinin 2(004)- 3895/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi qəbul edilmiş, həmin qətnaməyə əsasən "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi ləğv edilmiş və onların hesabına ödədiyi 20 manat məbləğində pulun ona qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-7002/2023 saylı qətnaməsi ilə "xxxx" MMC-nin apellyasiya şikayəti rədd edilmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bu müqavilə artıq ləğv olunmuşdur. 417 manat pul ondan necə tutula bilər?
a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
20. İddiaçı cavabdehlə bağlanmış 31 mart 2023-cü il tarixli müqaviləyə əsasən sonuncu tərəfindən öhdəliklərin icra edilməməsi nəticəsində yaranmış borc məbləğini tələb etmişdir.
21. Cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7002/2023 nömrəli 13 dekabr 2023-cü il tarixli qətnaməsindən müəyyən edilir ki, Cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin ləğv edilməsi tələbinə dair” iddia qaldırmış və xx.xx.2023-cü il tarixli müqaviləni mübahisələndirmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3895/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “Panasonic SD-2510WTS” modelli, **********801 seriya nörməli çörək bişirənin alınması üçün Cavabdeh və "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, iddia tələbinin iddiaçının ödədiyi 20 manat pulun geri qaytarılması hissəsində rədd edilməsi qət edilmişdir.
22. Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.
23. Göründüyü kimi hazırki iddia tələbinin əsasını təşkil edən, iddiaçının tələb etdiyi borc məbləğinin yarandığı MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Nisyə Alqı-satqı müqaviləsi” ləğv edilmişdir.
24. Qanunvericiliyin tələbinə əsasən də müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
25. Hazırki qətnamə qəbul edilərkən, artıq Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qəbul edilmiş və qətnamədən kassasiya şikayəti nəzərdə tutulmadığından dərhal qüvvəyə minmişdir.
26. İddiaçının həmin müqaviləyə əsaslanaraq cavabdehdən borc məbləği tələb etməsi əsassızdır.
27. Odur ki, apellyasiya şikayətində göstərilənlər əsaslı olduğundan təmin edilməli, qətnamə ləğv edilməklə, iddia tələbi rədd edilməlidir.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7653/2023 nömrəli iş üzrə 18 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.