Məhkəmə qərarları › İş №2(103)-1759/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1759/2022

21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1759/2022 21.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “daxili lizinq müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4096/2021 saylı işi üzrə 18 okyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Faktor Lizinq” MMC ilə onun arasında bağlanmış 08 noyabr 2019-cı il tarixli D050 saylı daxili lizinq müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: 08 noyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə, "Faktor Lizinq” MMC Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllə, ev 1, mənzil 13 (Yeni qaydalarla AZİ 118, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 239,M3, m. 6 saylı) lizinqə vermək məqsədi ilə almışdır; - "Faktor Lizinq” MMC ilə İddiaçı arasında 08 noyabr 2019-cı il tarixli D050 saylı Daxili Lizinq müqaviləsi bağlanmış və lizinq predmeti olan mənzil lizinq məbləği 130000 manat, lizinq müddəti 12 ay və lizinq mükafatı illik 27 faiz olmaq şərti ilə lizinqə verilmişdir; - 26 avqust 2021-ci il tarixli iş № 2(008)-2844/2021 saylı qətnamadən görunür ki, "Faktor Lizinq” MMC-nin iddia tələbi təmin olunmuş, "Faktor Lizinq” MMC ilə İddiaçı arasında 08 noyabr 2019-cı il tarixli D050 saylı Daxili Lizinq müqaviləsi ləğv edilmiş, İddiaçı 63696 min manat mələğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq "Faktor Lizinq” MMC-yə ödənilməsi, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllə, ev 1, mənzil 13 (Yeni qaydalarla AZİ 118, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 239,M3, m. 6 saylı) mənzilinə istifadə hüququna xitam verilməsi və mənzilin böşaldılaraq "Faktor Lizinq” MMC-nə təhvil verilməsi qət edilmişdir (iş.səh.8, 13, 50). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4096/2021 saylı işi üzrə 18 okyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədə Mülki Məcəllənin 421- 424-cü maddələrinə uyğun qeyd edilmişdir ki, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halları müəyyən edilmir və iddiaçı tərəfindən buna dair hər hansı sübut təqdim edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Suraxanı Rayon Məhkəməsinin 18.10.2021-ci il tarixli, 2(010)-4096/2021 saylı qətnaməsinin ləğv edilməsinə, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1; Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 82.1, 385.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Hamıya bəlli olan faktlar və hallar sübut edilmir. Bütün dünyada, eyni zamanda ölkəmizdə koronavirus (COVİD-19) pandemiyasının yayılması ilə bağlı 24.03.2020-ci tarixdən tətbiq edilən xüsusi sərt karantin rejimi zamanı bir çox iş yerləri bağlanmış, vətəndaşların hərəkətləri məhdudlaşdırılmış, evdən çıxışa məhdudiyyət qoyulmuş, nəticədə insanlar fərdi əməklə məşğul olmaq, qazanc əldə etmək imkanlarından məhrum olmuşlar. COVİD-19 pandemiyası ilə bağlı tətbiq edilən xüsusi karantin rejimində iddiaçı da işindən və aylıq qazanclarından məhrum olmuşdur. Xüsusi karantin rejimi ilə bağlı insanların hərəkətinin məhdudlaşdırılması, iş yerlərinin bağlanılması, yalnız, ərzaq, aptek ehtiyaclarının ödənilməsi üçün 2 saatlıq icazə sistemi ilə qazanc əldə etməyin, ayda 5308 manat lizinq ödənişlərini etməyin mümkün olmaması aydındır. Vətəndaşın hərəkət azadlığı məhdudlaşdırılıbsa öhdəliyin icrasından söhbət gedə bilməz. 08 noyabr 2019-cu il tarixdə müqavilə bağlayarkən gələcəkdə bu cür hadisələrin baş verəcəyini heç kəs təsəvvür edə bilməzdi, şəraitin bu cür dəyişəcəyi heç kəsin ağlına belə gəlmirdi. Əgər bu cür halların olacağını bilsə idi, nə cavabdeh, nə də iddiaçı hazırki müqaviləni bağlamazdı. Məhkəmənin şəraitin əhəmiyyətili dərəcədə dəyişməsini iddiaçının sübut etməli olmasına dair gəldiyi nəticə Mülki Prosesual Məcəllənin 82.1- ci maddəsinin tələbinə ziddir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 24(İİİ), 80, Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 62- 67, Mülki Məcəllənin 421- 425, 446, 385-388, 560, 747-751; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80- 82, 106.2, 107-125, 217.4, 372, 385, 386, 388, 390-ci maddələrinə istinadən qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar əsasında qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyindən apellyasiya şikayəti rədd edilməldir. Diqqətə çatdırılmalıdır ki, cavabdehin müəyyən edilmiş mülki məsuliyyəti üzrə apellyasiya şikayyətinin yekun qayyəsi şəraitin dəyişməsi əsasında ödəmə qabiliyyətinin olmaması təşkil etsə də artıq məhkəmə qərarı ilə "Faktor Lizinq” MMC ilə İddiaçı arasında 08 noyabr 2019-cı il tarixli D050 saylı Daxili Lizinq müqaviləsi ləğv edilmiş, İddiaçı 63696 min manat mələğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq "Faktor Lizinq” MMC-yə ödənilməsi, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllə, ev 1, mənzil 13 (Yeni qaydalarla AZİ 118, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 239,M3, m. 6 saylı) mənzilinə istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılaraq "Faktor Lizinq” MMC-nə təhvil verilməsi barədə qətnamə qəbul edilmişdir. Hazırki mərhələdə bu məsələyə yenidən qiymət verilməsi dispozitiv imakandan və diskresion səlahiyyətlərdən sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Apellyasiya şikayəti əsassız olduğundan onun üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci onları ödəyən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4096/2021 saylı işi üzrə 18 okyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar