Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-176/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: eyvanların sökülməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «eyvanların sökülməsi» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-192/2020 saylı, 05 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 14 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən ev birgə mülkiyyət kimi İddiaçı və X2 adına daşınmaz əmlakın dövlət reyestrində 125 saylı reyestr kitabının 11360 saylı vərəqində qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 04 noyabr 2020-ci il tarixli **********93 saylı vəkil sorğusuna cavab məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Qulu Quliyev küçəsi ünvanda yerləşən 34 nömrəli fərdi yaşayış evinin qeydiyyatdan keçməsi haqqında məlumat həmin Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində aşkar edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş yaşayış binasının onun evinə tərəf yerləşən eyvanlarının tikintisinin qanunsuz hesab edilməsi və həmin eyvanların cavabdehin öz vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanda yerləşən 3 mərtəbəli ev onun mülkiyyətindədir. Onun evi ilə qonşu olan ünvan 4 ünvanda yerləşən 4 sot torpaqda sahəsi olan ərazidə 9 mərtəbəli yaşayış evinin inşası aparılır. Onun mülkiyyətində olan 3 mərtəbəli evin qarşısında və arxasında 18 mərtəbəli binalar inşa edilir. Üstəlik yeni tikilən 9 mərtəbəli ev onun mülkiyyətində olan 3 mərtəbəli evin düz yanında, yəni 3 metr məsafədə tikilir və eyvanlar da onun evinə tərəf layihələndirilmişdir. Halbuki, tikinti norma və qaydalarını əsasən onun evi ilə həmin ev arasında 8-9 metr məsafə saxlanılmalı idi və onun evinə tərəf eyvanların tikilməsi layihələndirilə bilməzdi. Ara məsafəsi kimi saxlanılan 3 metrlik məsafə isə onun mülkiyyətində olan əraziyə aiddir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin ona ünvanladığı 07 fevral 2017-ci il tarixli B-1 saylı məktubdan görünür ki, sözügedən ünvanda Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2016-cı il tarixli 18/03-8/3289 saylı məktubu əsasında Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 210 saylı sərəncamı ilə Q.Quliyev küçəsi 60-62 saylı ünvanda yerləşən torpaq sahəsində Cavabdeh yaşayış binasının tikintisinə icazə verilmişdir. Cavabdeh tərəfindən evə bitişik ərazidə hündür mərtəbəli yaşayış binası inşa edilməyə başlayandan həyətin təbii işıqlandırılmasının qarşısı alınmışdır. Binanın özülü qazılarkən evə ciddi ziyan dəymişdir. Digər tərəfdən bina tikilməyə başlayan gündən bu günədək bütün evin divarları və daş hasar maye betonun axması nəticəsində pis vəziyyətə düşmüş, həyətin içi beton, metal, daş, taxta qırıqları ilə doldurulmuş və bu gün də doldurulmaqda davam edir. Binalar arasında ara məsafəsi saxlanılmamış, yüksək mərtəbəli binanın evə tərəf eyvanları həyətin içərisinə daxil olmuşdur. Cavabdeh tərəfindən Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Tikinti aparılan bütün müddət ərzində obyektdə səsküyün, vibrasiyanın səviyyəsi insan həyatı və sağlamlığı üçün təhlükəli həddi dəfələrlə keçmişdir. Cavabdehin tikinti qaydalarını kobud şəkildə pozması barədə bu sahəyə nəzarət edən dövlət orqanlarına müxtəlif vaxtlarda rəsmi şəkildə müraciət etməsinə baxmayaraq, qanuni müraciətinin həlli istiqamətində heç bir tədbir görülməmişdir. Bununla da, onun qanunla qorunan maraqları və hüquqları pozulmuşdur.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-192/2020 saylı, 05 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi, ödənilmiş 10 manat dövlət rüsumunun İddiaçı aid edilməsi və 100 manat ekspertiza xərcinin İddiaçı aid edilməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara – yəni, qeyd olunan binanın cavabdehin mülkiyyətində olmasına dair sübutları məhkəməyə təqdim edilməmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının MPM-nin 107, 9.1, 9.3, 14.2, 77.1, 88, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4-cü maddələrinə eləcə də Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarına, «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına və «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apelyasiya şikayətinin dəlilləri
8. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia tələbinin dəlilləri ilə əsaslandırmaqla yanşı göstərmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını nəzərə almamışdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. 11.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq 12.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 13.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 14.Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 15.Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
16. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
17. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
18. Həmin Məcəllənin 180.4-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 19.Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
20. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. 21.Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 22.Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
Apelyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etməklə qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
26.Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. 27.Məhkəmə kollegiyası iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticə ilə razılaşsa da qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi qətnaməsini düzgün əsaslandırmamışdır. 28.Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini - iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara – yəni, qeyd olunan binanın cavabdehin mülkiyyətində olmasına dair sübutları məhkəməyə təqdim edilməməsi əsası ilə rədd etsə də iş materiallarından görünür ki, (i.v 97) Cavabdeh İddiaçı qarşı “eyvanların və əlavə tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsinin məzmununda Cavabdeh qeyd etmişdir ki, ünvan 2 ünvanda yerləşən torpaq sahəsində yaşayış binasının tikintisinə Nəsimi rayon İcra Hakmiyyətinin Başçısının 14 noyabr 2016-cı il tarixli sərəncamı ilə icazə verilmişdir. 29.Apellyasiya baxışı zamanı iddiaçı tərəf Nəsimi rayon İcra Hakmiyyətinin Başçısının 14 noyabr 2016-cı il tarixli sərəncamı, eləcə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Döblət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* saylı RX nömrəli Çıxarışı təqdim etmişlər. 30.Qeyd sərəncamdan görünür ki, Cavabdeh ünvan 2 ünvanda yerləşən torpaq sahəsində yaşayış binasının tikintisinə icazə verilmişdir. Həmçinin istinad edilən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Q.Quliyev küçəsi, ev 62-də ümumi sahəsi 33.9 kv.metr olan daşınmaz əmlak Cavabdeh xüsusi mülkiyyətindədir. 31.Eyni zamanda sorğu əsasında ünvan 2 ünvanda yerləşənyaşayış binasının eskiz layihəsi təqdim edilmişdir. 32.Göründüyü kimi ünvan 2 ünvanda yerləşən torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş yaşayış binası hüquqmüəyyən edici sənədlər əsasında cavabdehə məxsus olmuşdur. 33.Bununla belə birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş ekspert rəyində mübahisələndirilən eyvanların Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.1-ci bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilsə də birinci instansiya məhkəməsi həmin hala qiymət verməmiş, yenidən ekspertiza təyin etməklə həmin eyvanların iddiaçıya məxsus Bakı şəhəri Nəsimi rayonu Qulu Quliyev küçəsi ev 32-yə hansı maneələrin yaratmasını müəyyən etməmişdir. 34.Bu baxımdan apellyasiya baxışı zamanı ünvan 8 ünvanda yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş yaşayış binasının eyvanları layihəyə uyğun inşa olunub-olunmaması və eyvanların iddiaçının hüquqlarının pozub-pozulmaması, iddiaçıya hansı maneənin yaradıb-yaratmamasının müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. 35.Təqdim edilmiş 29 iyun 2022-ci il tarixli, 10/36 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyin dən görünür ki, ünvan 8 ünvanda yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş yaşayış binasının eyvanları layihə sənədlərinə uyğun inşa edilmişdir. ünvan 8 ünvanda yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş yaşayış binasının eyvanları iddiaçının hüquqlarının pozması və eyvanların mövcudluğunun iddiaçıya hər hansı maneə yaradib-yaratmamasının müəyyən edilməsi tikinti-texnki ekspertinin səlahiyyətinə aid olmayıb, hüquqi xarakter daşıdığından son nəticədə bu məsələ məhkəmə tərəfindən müəyyən oluna bilər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. 36.Məhkəmə kollegiyası təqdim edilmiş 29 iyun 2022-ci il tarixli, 10/36 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyini sübut kimi nəzərə alır və qeyd edir ki, həmin rəyin mötəbərliyinin şübhə altına alınması üçün hər hansı əsaslar mövcud olmamışdır. 37.Göründüyü kimi ünvan 2 ünvanda yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş yaşayış binasının iddiaçının evinə tərəf yerləşən eyvanları layihəyə uyğun tikilmişdir və həmin eyvanların qanunsuz hesab edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. 38.Bununla yanaşı qeyd edilməlidir ki, ünvan 2 ünvanda yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş yaşayış binasının tikintisinə icazə verilməsi barədə sərəncam, eləcə də layihə qüvvəsində olmaqla mübahisə edilən yaşayış binası cavabdehə aid olmuşdur. 39.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. 40.Həmçinin iddiaçıya cavabdehin adına verilmiş sərəncamı və layihəni mübahisələndirmək hüquqlarının olması izah edilməlidir. 41.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
42. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 44.Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamış və iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir.
45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi - əsassız olması əsası ilə rədd edilməlidir. Həmçinin iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilməli, birinci instansiya məhkəməsi eləcə də apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri iddiaçıya aid edilməlidir.
46. MPM-nin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. 47.Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-192/2020 saylı, 05 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı «eyvanların sökülməsi» tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri İddiaçı aid edilsin. Birinci instansiya məhkəməsi eləcə də apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri oolan cəmi 200 (iki yüz) manat vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Xumar Mərdanova Elnur Həsənov