Məhkəmə qərarları › İş №2(103)-1763/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1763/2020

13.02.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1763/2020 13.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X12 və X1 ibarət tərkibdə, Gülnar İsgəndər qızı Salahovanın katibliyi ilə İddiaçı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi X9 və Cavabdeh vəkili və nümayəndəsi X5 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(011)- 5776/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Cavabdeh qarşı maraqlı şəxslər “Üfüq” İstehsalat Birliyi “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC və Maraqlı şəxs3 cəlb etməklə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qarşı “orderin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 86 və 87 saylı mənzilinə dair cavabdehin qanunsuz olaraq əldə etdiyi xx xxxxxx 2006-cı il tarixli, 0223 saylı orderin etibarsız hesab edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2013-cü il tarixli, 131 nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx xxxx 2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin balansında olan sosial- mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı ünvanda yerləşən yataqxana binası balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Qeyd edilən yataqxana binası 1968-ci ildə inşa edilmiş, daş karkas konstruksiyadan, beş mərtəbədən, iki girişdən ibarətdir. Yataqxana binası balansa qəbul edilənədək əvvəllər məxsus olduğu Müdafiə Sənayesi Nazirliyinin müvafiq qurumlarında çalışan işçilər və məcburi köçkün ailələri orada məskunlaşmışdır. Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” xx.xx.2011-ci il tarixli, 1346 nömrəli sərəncamı ilə təsdiq edilmiş müvafiq Dövlət Proqramına Əlavələrdə nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada müvəqqəti məskunlaşmış 63 məcburi köçkün ailəsindən 57 ailə aidiyyəti dövlət qurumları tərəfindən yeni mənzillərə köçürülmüş, 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 86 və 87 saylı otaqlarına adına kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Aparılan araşdırmalar zamanı əldə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Bakı səhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 86 və 87 saylı otaqlarında 1992-ci ildən Laçın rayonundan məcburi köçkün kimi X6, arvadı X4, 2 oğlu Pərvin və Elgün Şahverdiyevlər məskunlaşmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. Bundan istifadə edən Cavabdeh 86 və 87 saylı otaqları əldə etmək məqsədilə qapısını bağlamışdır. Qanunsuz hərəkətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailəsi yaşadığı halda “Üfüq” İstehsalat Birliyi “xxxxxxxxxxxxxxx” İstehsalat Zavodunun xx.xx.2006-cı il tarixli, 0223 saylı müvəqqəti yaşamaq üçün verilmiş yataqxana orderi ilə faktiki olaraq məcburi köçkün yaşadığı boş olmayan 86 və 87 saylı otaqlar onun istifadəsinə verilmişdir. Hal-hazırda Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Rahib Əhmədov küçəsi, 105 saylı ünvanda yerləşən evdə qeydiyyatda olmaqla yaşayır. Qeyd edilən orderin isə “xxxxxxxxxxxxxxx” İstehsalat Birliyinin müdriyyəti tərəfindən möhürlə təsdiq edilməmiş, həmçinin mənzil sahəsinin verilməsi barədə adıçəkilən təşkilatın müdiriyyəti və həmkarlar komitəsinin birgə qərarı olmamışdır. Əldə olan protokolların surəti isə şablon xarakterli olmaqla həqiqəti əks etdirmir. Odur ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2019cu il tarixli, 48 saylı məktubla “Üfüq” İstehsalat Birliyi “xxxxxxxxxxxxxxx” zavodu MMC-yə müraciət edilərək məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə hansı əsaslarla orderlərin verildiyi və ona əsas verən sənədlərin təqdim olunması xahiş edilmişdir. “Üfüq” İstehsalat Birliyi “xxxxxxxxxxxxxxx” zavodu MMC tərəfindən xx.xx.2019-cu il tarixli, 02/47 cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binası xx.xx.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumatın verilməsi mümkün olmamışdır. Göründüyü kimi, məcburi köçkün ailəsinin məskunlaşdığı boş olmayan 86 və 87 saylı otaqlara dair Cavabdeh verilmiş xx.xx.2006-cı il tarixli 0223 saylı orderin hüquqi əsası olmamış və bununla bağlı zavodun arxivində heç bir sənəd aşkarlanmamışdır. Belə ki, “Üfüq” İstehsalat Birliyi “xxxxxxxxxxxxxxx” zavodu MMC tərəfindən Cavabdeh adına orderin verilməsi təsdiq olunmadığından, həmin order mənzil qanunvericiliyinin tələblərinə zidd olaraq əldə edilmişdir. Ona görə də, Cavabdeh adına yazılmış həmin order etibarsız hesab edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli (011)- 5776/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Bakı “xxxxxxxxxxxxxxx” İB tərəfindən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 4 saylı yataqxana binasının, 1-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı, 36 kv.metrlik, 86, 87 nömrəli mənzilinə dair Cavabdeh verilmiş xx xxxxxx 2006-cı il tarixli, 0223 saylı orderin etibarsız hesab edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(011)-5776/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə işi tam, obyektiv və hərtərəfli araşdırmamış, əsassız, qanunazidd, ədalətsiz, qeyri-obyektiv qərar qəbul etmişdir. Belə ki, iddia tələbinin təmin olunması üçün iddiaçının göstərdiyi əsas dəlilləri faktiki olaraq məcburi köçkün yaşayan, boş olmayan otağa orderin verilməsi, orderin “xxxxxxxxxxxxxxx” İstehsalat Birliyinin müdiriyyəti tərəfindən möhürlə təsdiq edilməməsi, mənzil sahəsinin verilməsi barədə "xxxxxxxxxxxxxxx” İstehsalat Birliyinin müdiriyyətinin və həmkarlar komitəsinin birgə qərarının olmaması, iddiaçı tərəfindən verilmiş sorğuya “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 02/47 saylı cavab məktubunda xx.xx.2007-ci il tarixdən sonrakı dövrdə məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərin heç birinə orderin verilməməsindən ibarətdir. İddiaçının cavabdehə verilmiş orderin hüquqi əsası olmaması haqqında göstərdiyi dəlillər formal xarakter daşıyır və heç bir hüquqi əsası yoxdur. Belə ki, “Orderin etibarsız hesab edilməsi” üçün iddiaçının göstərdiyi əsas dəlillərdən biri faktiki olaraq məcburi köçkün yaşayan boş olmayan otağa orderin verilməsidir. xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə əsasən order yalnız boş olan yaşayış sahəsinə verilə bilər. Qeyd olunan müddəada boş olan ayrıca yaşayış sahəsi qanuni əsaslarla başqa şəxslərin hüquqları ilə yüklü edilməyən, hüquqi cəhətdən boş olan yaşayış sahəsinin olmasını nəzərdə tutur. Bu dəlillə bağlı məhkəmənin də hüquqi mövqeyi eynidir. İddiaçının orderin ləğv edilməsi üçün əsas hesab etdiyi digər dəlili isə qeyd edilən orderin “xxxxxxxxxxxxxxx” İstehsalat Birliyinin müdiriyyəti tərəfindən möhürlə təsdiq edilməməsi, mənzil sahəsinin verilməsi barədə “xxxxxxxxxxxxxxx” İstehsalat Birliyinin müdiriyyətinin və Həmkarlar Komitəsinin birgə qərarının olmamasıdır. Təqdim edilmiş, iş materiallarında olan, hər iki, Bakı “xxxxxxxxxxxxxxx” İB-nin HİK- nin X7 Şurasının və MMK-nin birgə növbəti İclasının xx xxxxxx 2004-cü il tarixli, 41 saylı protokolu (iclasda uzun müddət “xxxxxxxxxxxxxxx” İB işləyərək mənzil növbəsində olan Birliyin fəhlə və qulluqçularının, məcburi köçkün ailələri mənzil problemlərinin həlli istiqamətində müzakirələr aparılmış və qərara alınmışdır ki, zavodun yataqxanalarında yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzillərə dair orderlər verilsin, mənzil və yataqxana növbəsində olan, mənzil sahəsi az olan fəhlə və qulluqçulara məcburi köçkün ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunsun və təklifi qəbul edən fəhlə və qulluqçuların ərizəsi əsasında həmin mənzillərə dair orderlər verilsin, məcburi köçkün ailələri öz torpaqlarına qayıdarsa və ya yeni mənzillərlə təmin olunarsa yataqxanaların boşalan mənzilləri qeyrişərtsiz Order verilmiş fəhlə və qulluqçuların istifadəsinə verilsin) və Bakı “xxxxxxxxxxxxxxx” İB-nin HİK-nin X7 Şurasının və MMK-nin birgə növbəti iclasının xx.xx.2006-cı il tarixli, 68 saylı protokolu (iclasda Birliyin xx.xx.2004-cü il tarixli növbəti iclasının qərarını əsas tutaraq yataqxanalarda fəhlə və qulluqçular yaşayan mənzillərə yeni sıra nömrələri əsasında Orderlərin verilməsi, mənzil növbəsində olan fəhlə və qulluqçuların ərizəsi, xahişi əsasında, məcburi köçkün ailələri tərəfindən zəbt olunmuş mənzillərə dair yeni sıra nömrəsi verilməklə Orderlərin verilməsi Qərara alındı) müəssisənin rəhbəri və HİK-in sədri tərəfindən imzalanmış, təsdiq edilmişdir. İddiaçının onun tərəfindən verilmiş sorğuya “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 02/47 saylı cavab məktubunda xx.xx.2007-ci il tarixdən sonrakı dövrdə məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərin heç birinə orderin verilməməsini dair dəlilinə gəlincə məktubun məzmunundan da aydın olur ki, 2007-ci ildən sonra orderlərin verilmədiyi qeyd edilmiş, 2007-ci ildən əvvəlki illərə dair heç bir münasibət bildirilməmişdir. Mübahisə predmeti olan order isə 2006-cı ildə verilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2007-ci il tarixdən sonrakı dövrdə köçkünlərin məskunlaşdığı otaqlardan heç birinə dair orderin veriləməmsi faktı cavabdehə verilmiş orderin etibarsız hesab edilməsinə əsas vermir. Digər tərəfdən təqdim edilmiş sübutlardan (“Bakı şəhəri, “xxxxxxxxxxxxxxx” İB-nin balansında olan Cavanşir küçəsi 4, R.Quliyev küçəsi 6, Məshəti küçəsi 3A və S.Ə.ünvan 6A-da yerləşən yataqxanalarda “xxxxxxxxxxxxxxx” İB-nin HİK-nin X17 və MMK-nin Birgə qərarı ilə fəhlə və qulluqçulara mənzil və yataqxana növbəsi əsasında verilmiş Orderlərin siyahısından) məlum olur ki, xx.xx.2007-ci ilədək yataqxanada demək olar ki, boş otaq qalmamışdır. İddiaçının cavabdehə qarşı “orderin etibarsız hesab edilməsinə dair göstərdiyi bütün dəlillər işin faktiki hallarına uyğun olmamasına baxmayaraq, Xətai Rayon Məhkəməsi iddia tələbini təmin etmiş və iddianın təminini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 4 ünvanında yerləşən yataqxananın 5-ci mərtəbəsində yaşayış sahəsi 36,0 m2 olan 2 otaqlı 86 və 87 saylı mənzilə dair Cavabdeh Bakı “xxxxxxxxxxxxxxx” İB tərəfindən xx.xx.2006-cı il tarixli, 0223 nömrəli orderin qanunvericiliyin tələblərinin pozulmaqla verilmişdir. Həmin yataqxananın xx.xx.2014-cü il tarixli Təhvil-Qəbul Aktına əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “xxxxxxxxxxxxxxxxxxxxxxxx’' MMC-nin balansından Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilməsini, yataqxana təhvil verilərkən məcburi köçkünlərin məskunlaşdığı otaqlara dair ayrı-ayrı şəxslərin adına orderlərin verilməsi barədə sənədlərin təhvil verilməməsini nəzərə alıb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Lakin işin faktiki halları order verilərkən qanunvericiliyin tələblərinin pozulmadığını, məcburi köçkünlərin məskunlaşdığı otaqlara dair ayrı-ayrı şəxslərin adına orderlərin verilməsi barədə sənədlərin mövcud olduğunu və təhvil verildiyini sübut edir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin balansında olan sosial-mədəni və məişət-kommunal təminatlı obyektləri, o cümlədən Xətai rayonu. Cavanşir küçəsi 4 saylı ünvanda yerləşən yataqxana binası iddiaçı tərəfindən balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdığı otaqlara dair ayrı-ayrı şəxslərin adına orderlərin verilməsinə dair heç bir sənədin təhvil verilməməsi cavabdehə verilmiş orderin etibarsız hesab edilməsinə əsas vermir, işin faktiki hallan, təqdim olunmuş sübutlar və şahid ifadələri orderin qanuni əsaslarla, mənzil təyinatlı olmaqla cavabdehə verildiyini sübut edir. İddiaçı tərəfindən mübahisəli mənzilin yerləşdiyi yataqxana xx.xx.2013-cü ildə balansa qəbul edilmiş, 2019-cu ildə (6 il sonra) iddiaçı orderin etibarsız olub-olmamasını araşdırmaq üçün məhkəməyə müraciət etmişdir və iddia müddətinin ötürülməsini onunla izah etmişdir ki, cavabdeh mübahisəli mənzilə dair mənzil-kirayə müqaviləsi bağlamaq üçün ərizə ilə müraciət etdikdə həmin mənzilə dair orderin mövcud olduğundan məlumatı olmuşdurİddiaçı tərəfindən mübahisəli mənzilin yerləşdiyi yataqxana xx.xx.2013-cü ildə balansa qəbul edilmiş, 2019-cu ildə (6 il sonra) iddiaçı orderin etibarsız olub-olmamasını araşdırmaq üçün məhkəməyə müraciət etmişdir və iddia müddətinin ötürülməsini onunla izah etmişdir ki, cavabdeh mübahisəli mənzilə dair mənzil-kirayə müqaviləsi bağlamaq üçün ərizə ilə müraciət etdikdə həmin mənzilə dair orderin mövcud olduğundan məlumatı olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi X11 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv edilib iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X15 apelyasiya şikayətinə etiraz edərək, iddia tələbinin dəlillərinə istinad etməklə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, аpеlyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(011)-5776/2019 nömrəli qətnaməsi ləğv edilməli və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan “Üfüq” İstehsalat Birliyi “xxxxxxxxxxxxxxx” zavodu MMC tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ünvanlanan 02/47 saylı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, “xxxxxxxxxxxxxxx” zavodu tərəfindən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 ünvanında yerləşən yataqxana xx.xx.2007-ci il tarixindən Müdafiə Sənayesi Nazirliyininxxxxxxxxxxxxxxxxxxxxxxxxnin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisənin əmək münasibətlərində olan işçilərindən heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 ünvanında yerləşən yataqxanada məskunlaşmaq üçün verilmiş orderlər işçilərin özlərinə verildiyindən və həmin dövlərə aid protokollar tam olmadığından onlarla bağlı əlavə məlumat vermək mümkün deyil. İş materiallarında olan 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ünvanladığı 68/39-ç saylı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 4 saylı binanın (keçmiş yataqxana) 86/87 saylı mənzildə 1992-ci ildən Laçın rayonundan məcburi köçkün kimi X6 və 4 nəfər ailə üzvləri ilə məskunlaşmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. Sözügedən mənzil Cavabdeh tərəfindən zəbt edilmişdir. O, hal-hazırda faktiki olaraq qeyd edilən ünvanda yaşamır. İş materiallarında olan Bakı “xxxxxxxxxxxxxxx” İB-nin HİK-nin X8 Şurasının və MMK-nın birgə növbəti iclasının xx.xx.2004-cü il tarixli 41 saylı protokolun çıxarışının surətindən görünür ki, Birlik “xxxxxxxxxxxxxxx” İB-də işləyən fəhlə və qulluqçularına birliyin imkanları daxilində növbə əsasında mənzili təmin edə bilməməsini nəzərə alınıb, Birliyə məxsus S.Ə.ünvan 6A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda növbə əsasında uzun illərdi yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqların nömrələrinin ləğv olunması və həmin mənzillərə yeni nömrələrin verilməsi, yataqxanalarda yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə yeni mənzil nömrələrinə əsasən order verilməsi, Birlikdə hal-hazırda yataqxana növbəsində olan fəhlə və qulluqçulara, məcburi köçkün ailələri tərəfindən zəbt olunmuş mənzillərə növbə əsasında order verilməsi, Birliyə məxsus yataqxanalarda S.Ə.ünvan 6A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında qaçqın və məcburi köçkün ailələri torpaqlar alınan zaman və ya ölkə Prezidentinin sərəncamı ilə məcburi köçkün ailələrinə mənzil veriln vaxt yataqxanalarda boşalacaq mənzillər qeyrişərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı “xxxxxxxxxxxxxxx” İB-nin HİK-nin X3 birgə iclasının xx.xx.2006-cı il tarixli 68 saylı protokolundan çıxarışın surətindən görünür ki, Birliyə məxsus Cavanşir küçəsi 4-də yerləşən yataqxanada 5-ci mərtəbədə 36 m2 sahəsi olan 2 otaqlı 86,87 nömrəli mənzil X10 adına sənədləşdirilməsi, həmin mənzildə yaşayan Laçın rayon qaçqını X2 ailə torpaqlar alınarkən və ya ölkə Prezidentinin sərəncamı ilə bu ailəyə mənzil verilərkən boşalan mənzil qeyri-şərtsiz Cavabdeh verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri “xxxxxxxxxxxxxxx” İB-nin balansında olan Cavanşir kücəsi 4, R.Quliyev küçəsi 6, Məhsəti küçəsi 3A və S.Ə. Şirvani küşəsi 4A-da yerləşən yataqxanalarda “xxxxxxxxxxxxxxx” İB-nin HİK-nin X17 və MMK-nın birgə qərarı ilə fəhlə və qulluqçulara mənzil və yataqxana növbəsi əsasında verilmiş orderlərin siyahısının surətindən görünür ki, Cavanşır kücəsi 4 ünvanda yerləşən 86,87 saylı mənzillər 0223 saylı orderlə Cavabdeh növbəyə durmuşdur. İş materiallarında olan “Bakı “xxxxxxxxxxxxxxx” İB tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 0223 saylı orderin surətindən görünür ki, Cavabdeh Xətai rayonu, Cavanşir küçəsində yerləşən 4 saylı binada 1-ci giriş 5-ci mərtəbədəki yaşayış sahəsi 36,0 kv.metr olan 2 otaqlı 86,87 nömrəli mənzili tutmaq hüququna malikdir. İş materiallarında olan Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədrinin xx.xx.2013-cü il tarixli, 122 saylı sərəncamına 2 saylı əlavənin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Müdafiə Sənayesi Nazirliyinin “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin balansından 1 saylı Xüsusi Təyinatlı MKTB-nin balansına və istismar edilməsi üçün həmin Birliyin tabeliyində olan mənzil-kommunal istismar sahələrinin xidmət dairəsinə verilən əmlakın siyahısında Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 4 ünvanında yerləşən 394 yerlik yataqxana binası da vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Üfüq“ İstehsalat Birliyi “xxxxxxxxxxxxxxx” Zavodunun K/266 saylı, xx.xx.2019-cu il tarixi Arayışının surətindən görünür ki, Cavabdeh, həqiqətən xx.xx.1985-ci il tarixdən xx.xx.2004-cü il tarixinə kimi “xxxxxxxxxxxxxxx” zavodunda işləmişdir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, ev 105 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli təhvil-qəbul aktının surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi xxxxxxxxxxxxxxxxxxxxxxxxnin Bakı şəhəri, Xətai rayonunda yerləşən 4 nömrəli Mənzil İstismar Sahəsinin balansında olan mənzil fondunun (yataqxanaların) əmlakı ilə birlikdə 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi xxxxxxxxxxxxxxxxxxxxxxxx ilə Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamenti arasında təhvil-qəbul aktı tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının 294 saylı xx.xx.2013cü il tarixli sərəncamından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “xxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlər onlara aid əmlakla birlikdə sərəncamın əlavəsində göstərilən siyahıya uyğun olaraq aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilməsi qərara alınmışdır. Qeyd olunan sərəncamın icrası ilə bağlı təhvil-təslim işlərinin aparılması istiqamətində müvafiq təşkilati tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə: Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “xxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlər bu sərəncamın Əlavəsində göstərilən siyahı üzrə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Yanğınların Tədqiqatı və Sınaq Laboratoriyası tərəfindən xx.xx.2008-ci il tarixli 0171 saylı məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2008-ci il tarixdə Xətai rayonu, Q.Quliyev küçəsi 4 ünvanında yerləşən Müdafiə Sənayesi Nazirliyinin xxxxxxxxxxxxxxxxxxxxxxxxnin qonaq evində baş vermiş yanğın hadisəsi ilə əlaqədar görülmüş tədqiqat işlərinin nəticələrindən aydın olur ki, yanğın hadisəsi elektrotexniki səbəbdən baş vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 6-cı maddəsinə əsasən yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür. Həmin Məcəllənin 33-cü maddəsinin birinci hissəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Həmin Məcəllənin 107-ci maddəsinin ikinci bəndinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdriyyət tərəfindən order verilir. Cavabdehə sözügedən orderin verilməsi xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin yuxarıda sadalanan müddəalarına uyğun olmuş və orderin etibarsız hesab edilməsinə əsas olan hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Mübahisəli mənzil cavabdehə mənzilə şəraitinin yaxşılaşdırılması üçün verilmişdir və müəssisə tərəfindən o, mənzil növbəsinə daxil edilmiş və növbəlilik qaydasında o mənzillə təmin olunmuşdur. Cavabdehə mənzil müvafiq həmkarlar ittifaqının qərarı əsasında verilmiş və həmin qərar mübahisələndirilməmişdir. Həmin Məcəllənin 33-cü maddəsinin birinci hissəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Bundan başqa, məhkəmə orderin etibarsız hesab edilməsi üçün iddiaçının irəli sürdüyü dəlilini də (məcburi köçkünlər məskunlaşdığından boş olmayan sahəyə orderin verilə bilməməsi) əsassız hesab edir. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, orderin verildiyi zaman həmin mənzil (otaq) məcburi köçkün ailəsi tərəfindən zəbt olunmuşdur. Kollegiya hesab edir ki, qeyd edilən müddəada boş olan ayrıca yaşayış sahəsi qanuni əsaslarla başqa şəxslərin hüquqları ilə yüklü edilməyən və hüquqi cəhətdən boş olan yaşayış sahəsinin olmasını nəzərdə tutur. Məcburi köçkünlər isə yaşayış sahələrində özbaşına olaraq məskunlaşmış və onlar həmin yaşayış sahələrində qanuni əsasla istifadə və ya sahiblik hüquqları əldə etməmişlər. Mənzilin məcburi köçkün ailəsi tərəfindən zəbt olunması isə, həmin mənzilin hüquqi cəhətdən boş olmaması anlamına gəlmir. Yəni, qeyd edilən normada mənzilin boş olması deyilərkən, mənzilin zəbt olunması halları üçün deyil, mənzilin qanuni sahibi ola-ola ona orderin verilməsinin imkansız olmasını müəyyən edir. Ona görə də kollegiya hesab edir ki, məcburi köçkün ailəsinin qeyd edilən ünvanda yerləşən yataqxana binasının 68 saylı mənzilində (otağında) yaşadığı halda həmin yaşayış sahəsinə verilmiş orderin həmin əsasla etibarsız hesab edilməsi düzgün hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia tələbi əsl olan cavabdehə qarşı yönəlmədiyindən, hazırkı mərhələdə əvəz etmənin yolverilməz olduğundan bu əsasla da qətnamə ləğv olunmalı və iddia tələbi təmin olunmamalıdır. Belə ki, iddiaçı Cavabdeh qoymaqla ona qarşı orderin etibarsız hesab edilməsinə dair tələb irəli sürmüşdür. Halbuki, order cavabdeh tərəfindən deyil, müvafiq səlahiyyətli təşkilat tərəfindən verilmişdir. Cavabdeh order vermək və ya həmin orderi ləğv etmək səlahiyyətinə malik deyil, onun üzərinə belə bir öhdəliyin qoyulması da yolverilməzdir. İddia müddətinə münasibətdə kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair qərarına əsasən, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci ilin sentyabr ayının 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49-cu maddəsinin 2-ci abzasına əsasən, orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Kollegiya hesab edir ki, orderin etibarsızlığı ilə bağlı hüquq münasibətlərinə 2009cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməli olsa da, iddiaçının məhkəməyə müraciət etməsi ilə bağlı hüquq münasibətlərinə qeyd edilən norma tətbiq edilə bilməz. Belə ki, iddiaçı xx.xx.2014-cü il tarixli təhvil-qəbul aktından sonra, qeyd edilən yataqxana iddiaçının balansına verilmişdir. Belə ki, qüvvədə olan Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Digər tərəfdən, hazırki orderin mövcud olması barədə iddiaçı yalnız bu ilin əvvəllərində cavabdehin ona mübahisəli mənzilə dair kirayə müqaviləsi bağlanması ilə bağlı müraciət etməsindən, o cümlədən inzibati-iqtisadi məhkəmədə iddia qaldırmasından sonra məlumatlı olmuşdur. Belə olan halda, həm 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarının, həm də qüvvədə olan Mülki Məcəllənin normalarının tətbiqi baxımından iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Belə ki, qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Sadalanan qanunvericilik aktları normalarına əsasən kollegiya hesab edir ki, cavabdehin iddia müddətinin tətbiq edilməsi barəsində ərizəsinin dəlilləri əsassızdır. Buna görə də, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz. Belə ki, qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 390-cu maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(011)- 5776/2019 nömrəli qətnaməsi ləğv edilsin. İddia rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar