Məhkəmə qərarları › İş №2(103)-1763/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1763/2023

14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1763/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2590/2022 saylı, 29 dekabr 2022-ci il tarixli qərardadından cavabdeh Hüseyn-zadə Çingiz Muxtar oğlunun nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı X5 cavabdeh X2 qarşı Bakı şəhəri 9 saylı Notariat kontoru mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə “alqısatqı müqaviləsinin əhəmiyyətsiz əqd hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına dair 11 noyabr 2019-cu il tarixində ünvan 2 “alqı-satqi” müqaviləsinin əhəmiyyətsiz əqd hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli 2(011)-2590/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Hüseyn-zadə Çingiz Muxtar oğluna qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə iddia tələbi rədd edilmişdir. Məhkəmənin həmin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7911/2022 saylı 22 noyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş müddətin bərpası barədə ərizəyə baxılıb hüquqi qiymət verilmədiyindən apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmiş və mülki iş Xətai Rayon Məhkəməsinə qaytarılmışdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 məhkəmənin həmin qətnaməsindən apellyasiya şikayəti verərkən, eyni tarixdə ərizə ilə müraciət edərək qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyən olunmuş müddətin ötürülməmiş hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2590/2022 saylı, 29 dekabr 2022-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 tərəfindən apellyasiya şikayəti vermək üçün müəyyən olunmuş müddət ötürülməmiş hesab edilməsi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2590/2022 saylı 01 iyul 2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh Hüseyn-zadə Çingiz Muxtar oğlunun nümayəndəsi və vəkili Vəkil1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli 2(011)-2590/2022 saylı qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 vasitəsilə apellyasiya şikayətini elektron məhkəmə sistemi vasitəsilə xx.xx.2022-ci il tarixdə, yəni prosessual müddət bitdikdən 2 ay 26 gün sonra vermişdir. Bununla da İddiaçı Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti buraxmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2590/2022 saylı, 11 yanvar 2023-cü il tarixli qərardadı ilə şikayətin rədd edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli 2(011)-2590/2022 saylı qərardadının dəyişdirilmədən saxlanılması, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2590/2022 saylı, 29 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2590/2022 saylı 01 iyul 2022-ci il tarixli qətnaməsi poçt vasitəsilə tərəflərə 15 iyul 2022-ci il tarixdə göndərilmiş, İddiaçı göndərilmiş qətnamə məktubda göstərilən ünvanda yaşamadığından məhkəməyə geri qayıtmışdır. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 11 oktyabr 2022-ci il tarixdə qəbzə imza etməklə məhkəmənin qətnaməsini rəsmi qaydada əldə etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili tərəfindən apellyasiya şikayəti 11 noyabr 2022-ci il tarixdə elektron qaydada məhkəmənin elektron informasiya sistemində yerləşən elektron kabinetə daxil edilmişdir. Bununla da müəyyən edilir ki, iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 tərəfindən apellyasiya şikayəti vermək üçün müəyyən olunmuş müddət ötürülməmiş hesab edilməli və apellyasiya şikayəti baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2590/2022 saylı, 29 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Hüseyn-zadə Çingiz Muxtar oğlunun nümayəndəsi və vəkili Vəkil1 şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2590/2022 saylı, 29 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar