Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1763/2025 06.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6304/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. Cavabdeh tərəfindən verilən borcun (limitin) öyrənilməsi barədə çıxarışdan görünür ki, İddiaçı (abonent kodu: **********00295) 1305,5 manat borcu vardır, son ödəniş məbləği 5 manat təşkil etmişdir.
2. Hesabdan çıxarışın surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsi, Yeni Sahə-1 ünvanına aid borca görə cavabdeh tərəfindən 187,10 manat məbləğində pul vəsaiti tutulmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsi, Yeni Sahə-1 (abonent kodu:**********00295) yerləşən fərdi yaşayış evinə cərimə kimi yazılmış olan 1305,5 manat borcun ”Azəriqaz” İstehsalat Birliyi tərəfindən silinməsi və ödədiyi puldan borc kimi tutulmuş cəmi 187,10 manat pulun ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsi, Yeni Sahə-1 (abonent kodu:**********00295) fərdi yaşayış evində yerləşən sayğac İddiaçı adına rəsmiləşdirilmişdir. ”Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri tərəfindən həmin yaşayış evinə yoxlama aparılarkən akt tərtib edilərək sayğac yoxlanılması üçün laborotoriyaya göndərilmişdir. Laborotoriya rəyində qeyd edilmişdir ki, guya İddiaçı sayğaca müdaxilə etmişdir və ona görə ona haqsız yerə cərimə borcu yazılmışdır. Bir müddət sonra iddiaçı qaz kartına yüklənilən puldan tutulmaların olduğunu görmüşdür. İddiaçı hesab edir ki, ona yazılmış borc qanunsuz və əsassızdır.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6304/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsi, Yeni Sahə-1 ünvanında fərdi yaşayış evinə (Abonent kodu: **********00295) hesablanmış 1555,20 manat borc məbləğini silmək və cavabdeh tərəfindən borca görə iddiaçıdan tutulmuş 187,10 manat pul vəsaitini iddiaçıya geri qaytarmaq vəzifəsi Cavabdeh İB-nə həvalə edilməsi, Cavabdehndən 34.93 manat dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə ödənilməsi və eyni zamanda iddia təmin edildiyindən, 65 manat ekspertiza xərcinin cavabdehdən tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 fevral 2020-ci il tarixli, ******* nömrəli aktın surətində “mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar olundu” kimi qeydlər edilsə də, cavabdeh iddiaçı tərəfindən qanunsuz qaz istehlak edilməsi, eyni zamanda iddiaçının yaşadığı evə dair hesablanmış 1305,5 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, cavabdeh təşkilat qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməli idi. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-3/1359 saylı, 30 sentyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən sayğacın, borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsi, Yeni Sahə-1 ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********00295) ünvanına hesablanmış 1305,5 manat məbləğində borc silinməli və əsassız borca görə cavabdeh tərəfindən tutulmuş 187,10 manat pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır.
7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 18-ci maddəsi, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3, 18.1, 18.2, 26, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9-cu bəndi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8.1-ci bəndi, “Dövlət rüsumu haqqında” qanunun 9.1.5, 9.4-cü və Mülki Prosessual Məcəllənin 14.2, 77.1,89.1, 119.1, 124.1, 218.3, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-6304/2024 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir. Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. İddiaçı aid olan **********00295 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyriqanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə çıxış edərək bildirir ki, ekspert də baxış keçirib. Onların məbləğdən xəbəri olmayıb. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.
12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
20. Belə ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsi, Yeni Sahə-1 (abonent kodu:**********00295) yerləşən fərdi yaşayış evinə cərimə kimi yazılmış olan 1305,5 manat borcun ”Azəriqaz” İstehsalat Birliyi tərəfindən silinməsi və ödədiyi puldan borc kimi tutulmuş cəmi 187,10 manat pulun geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilmişdir.
21. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən mübahisələndirilmişdir.
22. Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsi, Yeni Sahə-1 ünvanına baxış keçirilmiş və sayğacdan kənar xətt vasitəsilə qeyriqanuni istifadə edildiyi aşkar edilmişdir. Bununla əlaqədar olaraq “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 fevral 2020-ci il tarixli, ******* nömrəli akt tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır.
23. İşə birinci instansiya məhkəməsində baxıılması zamanı iş üzrə məhkəmə trassoloji ekspertizası təyin edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-3/1359 saylı, 30 sentyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən sayğacın, borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidəli edilməmişdir.
24. Məhkəmə kollegiyası işə baxan birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri qanuni xətlə qoşulması halı öz təsdiqini tapmadığından 1305,5 manat məbləğində yazılmış cərimə silinməlidir.
25. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
26. Məhkəmə kollegiyası həmçinin qeyd edir k, Cavabdeh tərəfindən iddiaçının qanunsuz qoşulma halları ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir, bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
28. Belə ki, Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt 28 fevral 2020-ci il tarixli, ******* nömrəli akt tarixlidir.
29. İşə baxan məhkəmə maddi hüquq norması kimi İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə istinad etmişdir. Məhkəmə nəzərə almamışdır ki, Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1 maddəsi 2022-ci ilin may ayında qüvvəyə mindiyindən həmin tarixdə və ondan sonra tərtib edilmiş aktlara münasibətdə tətbiq edilə bilər.
30. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində qeyd edilir ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi əsasdır.
31. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia tələbi 1305,5 manat borcun silinməsi ilə bağlı olduğu halda birinci instansiya məhkəməsi tələbdən kənara çıxaraq 1555,20 manat borcun silinməsini qət etmişdir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan hesabdan çıxarışdan görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsi, Yeni Sahə-1 ünvanına aid borca görə cavabdeh tərəfindən 187,10 manat məbləğində pul vəsaiti tutulmuşdur.
33. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh tərəfindən İddiaçı 1305,5 manat məbləğində cərimə hesablanması əsassız olduğu üçün ödənişlərdən 187,10 manat pulun cəriməyə silinməsinin heç bir əsası yoxdur, bu səbəbdən iddia tələbi həmin hissədə də təmin edilməlidir.
34. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verməyi zəruri sayır. Bu məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, bu məsələyə qiymət verərkən məhkəmə tərəflərin belə tələbinin olub olmamasından asılı deyildir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbi təmin edildiyi üçün Cavabdehndən 35 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməli, eyni zamanda iddia təmin edildiyindən 65 manat ekspertiza xərci cavabdehdən tutulmalıdır.
35. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Cavabdeh İB-nin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6304/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, Cavabdeh tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsi, Yeni Sahə-1 ünvanında fərdi yaşayış evinə (Abonent kodu: **********00295) hesablanmış 1305,50 (min üç yüz beş manat əlli qəpik) manat borc məbləği silinsin və cavabdeh tərəfindən borca görə iddiaçıdan tutulmuş 187,10 (yüz səksən yeddi manat on qəpik) manat pul vəsaiti Cavabdeh İB-dən tutularaq iddiaçıya qaytarlmalı, Cavabdehndən 35 (otuz beş) manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməli, eyni zamanda iddia təmin edildiyindən 65 (altmış beş) manat ekspertiza xərci cavabdehdən tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilməlidir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğu üçün qətnamədən kassasiya şikayəti verilə bilməz.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh İB-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6304/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsi, Yeni Sahə-1 ünvanında fərdi yaşayış evinə (Abonent kodu: **********00295) hesablanmış 1305,50 (min üç yüz beş manat əlli qəpik) manat borc məbləği silinsin və cavabdeh tərəfindən borca görə iddiaçıdan tutulmuş 187,10 (yüz səksən yeddi manat on qəpik) manat pul vəsaiti Cavabdeh İB-dən tutularaq iddiaçıya qaytarlsın. Cavabdehndən 35 (otuz beş) manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Eyni zamanda iddia təmin edildiyindən 65 (altmış beş) manat ekspertiza xərci cavabdehdən tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov