Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1768/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Rzayeva Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı şirkətinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2554/20 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq, cavabdeh X5 iddiaçı "İddiaçı" şirkətinin saziş ərazi hüdudları və 3 saylı mədənin 6-cı sahəsində yerləşən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 127b/227b saylı bağ sahəsində inşa edilmiş özbaşına tikilidən çıxarılması, həmin tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pulun cavabdeh X4 İddiaçı Şirkətinin xeyrinə tutulması qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı şirkəti cavabdeh X6 qarşı “qanunsuz tikilinin sökülməsi”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Şirkətin Saziş ərazisi hüdudları və 3 saylı mədənin 6-cı sahəsində yerləşən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 127b/227b saylı bağ sahəsində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən şirkətin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, cavabdeh X9 tərəfindən İddiaçı şirkətinin saziş üzrə istifadəsinə verilmiş Kontrakt sahəsinin ərazisində 3 saylı mədənin 6-cı sahəsi daxilində lazımi icazələr alınmadan şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Tikinti şirkətin ərazisində neft-qaz əməliyyatlarının həyata keçirilməsinə maneə yaratdığından İddiaçı şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozmuşdur. xx xxxxxxxx 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (bundan sonra – ARDNŞ), X13 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında saziş (bundan sonra – Saziş) imzalanmış və xx xxxxx 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Həmin Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş Hökümət təminatı və Əlavələr qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstündür. Sazişin 2 və 8-ci maddələrinin və AZEN Oyl Kompani Bİ. Vİ., ARDNŞ-nin Ortaq Neft Şirkəti (Podratçı Tərəflər) və İddiaçı Şirkətləri arasında imzalanmış X8 3-cü maddəsinin müddəalarına əsasən, Sazişin 2-ci Əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış Kontrakt sahəsində, Əməliyyat şirkəti qismində fəaliyyət göstərən Şirkət neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikası Hökuməti tərəfindən Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-nin verdiyi hüquqlara, o, cümlədən neft-qaz əməliyyatları üçün Podratçıya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir. 1 (e) bəndində isə Hökumət təminat verir ki, Podratçı tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsd edilə, milliləşdirilə və ya başqa şəkildə özgə tərəfindən mənimsənilə bilməz. Cavabdehin dövlətin müstəsna mülkiyyətində olan sənayə təyinatlı torpaq sahəsini qanunsuz zəbt etməklə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9, 11, 20, 22, 46, 48, 62, 65, 66, 67, 82-ci maddələrinin müddəalarını pozmuşdur. İddiaçı tələbin hüquqi əsası kimi, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 180.1, 180.2, 180.3, 180.4 maddələrinə həmçinin “Memarlıq fəaliyyəti haqqında” Qanuna, “Torpaqların alqı-satqı Qaydaları”na, “Yerin təki haqqında” Qanuna, “Texniki təhlükəsizlik haqqında” Qanuna və digər normativ hüquqi aktlara istinad etmişdir. Qeyd olunanları nəzərə alıb ərizənin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada təmin edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh X9 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul ediləsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi həm maddi və prossesual hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam nəzərə alınmamışdır,işə onun iştirakı olmadan baxmışdır, onun iştirakını məhkəmə iclasında təmin etməmişdir. Belə ki, məhkəmə işə baxarkən 127b\227b saylı bağ sahəsi ilə bağlı hər hansı araşdırma aparmamış, həmin bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestirindən qeydiyyatdan keçməsi, mülkiyyət hüququ ilə kiməsə məxsus olub-olmamasını araşdırmamış, həmin torpaq sahəsini onun qanunsuz zəbt etməyi və torpaq sahəsində qanunsuz tikili aparmağı qənaətinə gəlmişdir, bu isə tamamilə qanunsuz və əsassızdır. Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətnin dəlillərini müzakirə edib, apellyasiya şikayətini müdafiə edən cavabdehin, şikayətlə razılaşmayan və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edən iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək ərizənin rədd olunmasına dair qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır(372.6). Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə yönəldiyindən, eləcə də mabahisənin predmeti bölünməz olduğundan kollegiya hesab edir ki, qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv həllini təmin etmədiyindən, mübahisənin düzgün həlli üçün əhəmiyyəti olan halları araşdırmadığından qətnamə qanuni sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən belə hesab etmişdir ki, cavabdeh dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində, lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla özünə yaşayış evi tikmişdir. Cavabdeh həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Evin özbaşına tikili olması qənaətinə gələrək, Mülki Məcəllənin 180-cı maddəsini tətbiq etməklə, iddianı təmin etmişdir. Cavabdehin apellyasiya şikayətinə əlavə edilmiş alqı-satqı müqaviləsindən görünür ki, mübahisəli Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 127b\227b saylı bağ sahəsi Mülkiyyət hüququ ilə X3 mülkiyyətində olub, X7 mülkiyyətində olan 0.066 ha torpaq sahəsinin 0.015 ha sahəsinin cavabdeh X1 barədə aralarında xx.xx.2019-cu ildə alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyster Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, mübahisəli Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 127b\227b saylı bağ sahəsi X5 xüsusi mülkiyyətindədir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə iddianı təmin etməklə işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2.-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin; Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 165-ci maddəsinə görə Hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. MM-nin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar.Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. MM-nin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcələnin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "M.Bağırovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nm xx xxx 2007-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafıq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Eyni mövqe, Konstitusiya məhkəməsinin digər qərarında da təsbit olunmuşdur. Belə ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydada riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan əlavə, kollegiya hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin tələbləri baxımından heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Həmin hüquqa qanuni əsaslarla, o cümlədən məhkəmə qərarı əsasında xitam verilmədiyindən cavabdeh həmin torpaq sahəsindən istifadə hüququndan məhrum edilə bilməz. Eyni zamnada, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün tədbirlər görür.Məhkəmə hesab edir ki, göstərilən vəziyyətdə evin özbaşına tikili olması əsası ilə mübahisənin göstərilən qaydada həll edilməsi cavabdehin və onun ailə üzvlərinin Konstitusiya ilə təsbit olunmuş mənzil hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, sadalanan maddələrin mənasına görə, özbaşına tikinti aparmış şəxs həmin tikili üzərində mülkiyyət hüququ əldə etməsə də, yəni onun tikinti üzərində sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək və digər əqdlər bağlamaq ixtiyarları olmasa da, onun həmin tikilinin faydalı xüsusiyyətlərindən bəhərlənmək, orada yaşamaq kimi və sair qanunla qadağan olunmayan hüquqları vardır. Bu da cavabdehi həmin yaşayış sahəsindən iddiaçı tərəfindən məcburi çıxarılmasını istisna edir. Kollegiya hesab edir ki, yuxarıda göstəilənlərə əsasən və qeyd olunan normaların tələbləri baxımından cavabdehin sözügedən yaşayış sahəsindən çıxması qeyd olunan normaların tələblərinə zidd olduğundan cavabdehin apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkməsinin qətnaməsi ləğv edilməklə, iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-2554/20 nömrəli qətnaməsi ləğv olunsun. İddiaçı şirkətinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia tələbləri təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1768/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1768/2021
04.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver