Məhkəmə qərarları › İş №2(103)-1769/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1769/2025

18.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1769/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5451/2024 saylı 08 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, iddiaçıya məxsus Göygöl rayonu Balçılı kəndində yerləşən evinə (kod: **********00000) hesablanmış 4.399,78 manat əsassız borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Göygöl rayonu Balçılı kəndində yerləşən ünvanı qazla təmin edilmiş, istifadə etdiyi sərfiyyata uyğun qazın dəyəri ödənilmişdir. “Azəriqaz'' istehsalat Birliyi tərəfindən Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 7 aprel 2022-ci il tarixdə akt tərtib edilmişdir. Həmin akt əsasında ona 4.399,78 manat borc yazılmışdır və həmin borcun ödənilməsi tələb edilmişdir. Cavabdeh təşkilat tərəfindən hesablanmış borc onun abonent koduna əsassız olaraq işlənmişdir. Tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Küçədə quraşdılmış qaz sayğacına kimin müdaxilə etməsindən hər hansı məlumatı yoxdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5451/2024 saylı 08 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5451/2024 nömrəli 8 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış hesabata əsasən quşçuluq fabrikində faktiki istifadədə olan 4 ədəd dəmir sobanın, 1 ədəd qapalı su qızdırıcının, 2 ədəd boçkanın, 2 ədəd iran sobasının, 1 ədəd PQ 4, 1 ədəd PQ 3, 1 ədəd Radiator istilik peçinin 90 günlük hesabatı aparılmışdır. Qeyd olunan bəndə qanunsuz qoşulma hallarında hesabatın on iki ay müddətinədək aparılmasının mümkün olduğu göstərilmişdir. Aşkarlanmış sayğacdan kənar əlavə xətlə bağlı abonentin iştirakı ilə yerində 7 aprel 2022-ci il tarixli, ******* saylı akt tərtib edilmiş, cihazların qeydiyyatı aparılmış, itirilmiş qazın həcmi müəyyən edilmişdir. “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi iddiaçıya 2022-ci ilin aprel ayında hesablanmış borc məbləği qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək iddiaçının abonent hesabına işlənmişdir. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa iddia ərizəsinə baxılmasına yol verilməməlidir. İddiaçının dəymiş ziyanın abonent hesabından silinməsinə dair iddia ərizəsi Göygöl rayon Məhkəməsinin, Gəncə Apellyasiya Məhkəməsinin icraatında olmuş və iddia tələbinin rədd edilməsi barədə 2(104)-2482/2023 saylı, xx.xx.2023-cü il tarixli yekun məhkəmə aktı çıxarılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Lakin, İddiaçı bununla kifayətlənməmiş, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsinin qüvvədə olmasına baxmayaraq yenidən iş üzrə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə mülki iş üzrə icraat Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələbinə uyğun olaraq xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən, iş eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Bu Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş materiallarından göründüyü kimi Göygöl Rayon Məhkəməsinin 2(066)-965/2023 nöməli, 29 avqust 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası qismən təmin edilmişdir; həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2482/2023 nöməli 11 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin olunan hissəsində ləğv edilmiş və İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası bu hissədə də rədd edilmişdir. Hazırda da iddiaçı qanuni qüvvəsini almış Göygöl Rayon Məhkəməsinin 2(066)- 965/2023 nöməli, 29 avqust 2023-cü il tarixli və Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 2482/2023 nöməli 11 dekabr 2023-cü il tarixli qətnamələrinin mövcudluğuna baxmayaraq ona məxsus Göygöl rayonu Balçılı kəndində yerləşən evinə (kod: **********00000) 7 aprel 2022-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 4.399,78 manat məbləğində borcun silinməsini xahiş edir. Göründüyü kimi iddiaçı qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən öz həllini tapmış məsələni məhkəməyə yenidən müraciət etməklə mübahisələndirir. Halbuki mahiyyəti üzrə araşdırılmış və barəsində yekun məhkəmə aktı qəbul edilmiş halların, o cümlədən həmin hallara əsasən məhkəmənin gəldiyi nəticənin bu cür prosessual qaydada mübahisələndirilməsi yolverilməzdir, bu da həmin nəticənin qanuni və əsaslı olması prezumpsiyasından irəli gəlir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Təsadüfi deyildir ki, MPM-nin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə olan halda məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud olduğundan, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5451/2024 saylı 8 oktyabr 2024-cü il tarixli qətnaməsi tamamilə ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar