Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1771/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3680/2023 saylı, 15 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları ünvan 1 ünvanında yerləşən 31 saylı mənzil (Yeni qaydalarla: ünvan 3 M4, m1) iddiaçının mülkiyyətindədir, cavabdehlər isə onun oğlu və gəlini (oğlunun arvadı) olmaqla iki azyaşlı uşaqları ilə birlikdə həmin mənzildə pasport qeydiyyatındadırlar. Cavabdehlər 2010-cu ildən sözügedən mənzildə yaşayır. Hazırda iddiaçı mülkiyyətində olan mənzildən sərbəst istifadə etmək hüququndan məhrum olmasını əsas gətirərək, cavabdehlər tərəfindən mənzilin boşaldılmasını tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun mülkiyyətində olan Bakı şəhər Nərimanov rayonu, Aşıq Alı küçəsi 34, M4, m. 1 mənzilinə istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, seriya RX №1130081 saylı Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 34, M4, m.1 mənzili tam mülkiyyətindədir. Cavabdeh, oğlu Cavabdeh2 2010-cu ildə Cavabdeh1 ilə ailə həyatı qurmuşlar. Ailə həyatı qurduqdan sonra yaşayış yerləri olmadıqları üçün iddiaçıdan etdikləri xahiş əsasında, iddiaçıya məxsus sözü gedən mənzildə müvəqqəti yaşamaları üçün onlara şərait yaratmışdır. Buna səbəb qısa müddət sonra yeni mənzil alaraq oraya köçəcəkləri barədə iddiaçıya vəd vermələri olmuşdur. Cavabdehlər həmin mənzildə hal-hazırda da iki övladları ilə birlikdə bu günə qədər yaşayırlar. 2022-ci ildə iddiaçının icazəsi əsasında sözügedən mənzilə müvəqqəti olaraq qeydiyyata düşmüşlər. Lakin artıq maddi ehtiyacları olduğu üçün tərəfindən həmin mənzili satmaq məcburiyyəti yaranmışdır. Bir daha qeyd edir ki, mənzil iddiaçıya məxsus daşınmaz əmlakdır və həmin daşınmaz əmlakı istənilən kənar təsirlərdən və əlavə yüklülükdən bütün vasitələrdən istifadə etmək yolu ilə azad etmək hüququna malikdir. Mübahisəni aralarında həll edə bilmədiyi səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh1 iddia tələbinə yazılı etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, o, 2010-cu ildə Cavabdeh2 ilə ailə həyatı qurub. Birgə nikahdan iki övladı (X4 və İddiaçı Orxan oğlu) vardır. 2010-cu il tarixindən fasiləsiz olaraq həmin mənzildə yaşayırlar. Onun razılığı ilə bahalı mebellər həmin beş otaqlı evdə yerləşdirilmişdir. Cavabdehə məxsus bütün cehiz əmlakı gəlin gəldiyi gündən hazırkı vaxta qədər həmin mənzildədir. Övladları dünyaya gəldiyi vaxtdan həmin evdə yaşayırlar. Həmin ərazidə yaşayan qonşular da onların çox uzun müddət burada yaşamağının şahididirlər. İddiaçı ərizəsində göstərir ki, guya mənzilə müvəqqəti qeydiyata düşmüşlər. Lakin bu həqiqəti əks etdirmir. 2022-ci ildə onun razılığı ilə həmin evdə qeydiyyata alınıblar. İddiaçı ərizəsində göstərir ki, maddi ehtiyacı olduğu üçün mənzili satmaq istəyir. Bu fikirlə əlaqədar bildirir ki, iddiaçının heç bir maddi ehtiyacı yoxdur. Belə ki, onun Bakı şəhərində müxtəlif ünvanlarda xeyli miqdarda yaşayış və qeyri-yaşayış sahələri vardır. Dövlət Reyestr xidmətinə müraciət etməklə bunlar barədə məlumat almaq mümkündür. Son bir aydan artıqdır ki, əri ilə heç bir əlaqəsi yoxdur. Belə ki, onu qanunsuz olaraq cəmiyyətdən təcrid edərək "azadlıqdan məhrum ediblər”. Onun harada gizlədilməsi barədə məlumatı yoxdur. Bu barədə valideynləri, o cümlədən iddiaçı cavabdehə heç bir məlumat vermir. Həyat yoldaşı Cavabdeh2 gizlətməklə onların ailə həyatına müdaxilə etmiş və uşaqları gündəlik qayğısından məhrum edilmişdir. İşin məhkəmədən kənar həll olunması barədə onlara hər hansı bir müraciət edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3680/2023 saylı, 15 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 31 saylı (Yeni qaydalarla: ünvan 3 M4, m1) mənzildən istifadə hüququna xitam verilməsi, ünvan 1 ünvanında yerləşən 31 saylı (Yeni qaydalarla: ünvan 3 M4, m1) mənzilin boşaldılması və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin mənzildən çıxarılmaları, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh2 həmin mənzildən istifadə hüququnun yaranmış olduğu işin mübahisələndirilməyən halıdır. Digər Cavabdeh1 isə mənzildən istifadə hüququnun mövcudluğu müəyyən edilmir. Mülki Məcəllənin 228-ci maddəsinin mənasına görə, iddiaçının digər ailə üzvü olmuş Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 31 saylı mənzildə qeydiyyatda olsa da, həmin mənzildən istifadə hüququ əldə etməmişdir. Belə ki, adı çəkilən cavabdehlə mübahisəli mənzilin mülkiyyətçisi olan iddiaçı arasında istifadə hüququ ilə bağlı notariat qaydasında təsdiqlənmiş razılaşma bağlanmamış, eləcə də onun (cavabdehin) istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Göründüyü kimi, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüququ verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Cavabdeh1 pasport qeydiyyatına alınması, habelə mübahisəli mənzildə yaşaması öz-özlüyündə, cavabdehin həmin mənzildən istifadə hüququnu yaratmır. Beləliklə, iddiaçı məhz mülkiyyətində olan mənzildən istifadə hüququnun mövcudluğu mübahisəsiz olan Cavabdeh2 münasibətdə kompensasiya ödəmədən onun həmin hüququna xitam verilməsini, o cümlədən onun ailə üzvü (arvadı) ilə birlikdə mənzilindən çıxarılmalarını (mənzilin boşaldılmasını) tələb edir. Məhkəmə qeyd etmişdir ki, “Cavabdeh2 mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi” tələbinin təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı olan ilkin hal iddiaçının müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmadığının müəyyənləşdirilməsidir. Qeyd olunduğu kimi, Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Hazırki iş üzrə iddiaçı Cavabdeh2 qarşı kompensasiya ödənilmədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılması tələbinə dair iddia irəli sürməkdə haqlıdır. Bu baxımdan, iddianın təmin edilməsinin mümkünlüyü yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacının aradan qalxmasının müəyyən edilməsindən asılıdır. Hazırki mülki mübahisə həll edilərkən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququnun əldə etməsi halı nəzərə alınmalıdır. Belə ki, həm iş üzrə tərəflərin məhkəmə iclaslarındakı izahatları, həm də “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan müəyyən edilmişdir ki, Cavabdeh1 adına xx.xx.2020-ci il tarixdə ipoteka ilə ünvan 4 ünvanında yerləşən 60 saylı mənzil əldə edilmişdir. Yuxarıda qeyd olunduğu kimi, cavabdehlər birgə nikahda olduqları dövrdə ünvan 4 ünvanında yerləşən 60 saylı mənzil üzərində mülkiyyət hüququ əldə etmişlər, belə olan təqdirdə məhkəmə, Cavabdeh2 yaşayış sahəsinə ehtiyacının aradan qalxması səbəbindən onun mübahisəli mənzilə olan istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsini əsaslı hesab edir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157 və 228-ci maddələri; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarlarına istinadla əsaslandırmışdır. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 2010-cu ildə Cavabdeh2 ilə ailə həyatı qurub. Birgə nikahdan iki övladı (X4 və İddiaçı Orxan oğlu) vardır. 2010-cu il tarixindən fasiləsiz olaraq həmin mənzildə yaşayırlar. Onun razılığı ilə bahalı mebellər həmin beş otaqlı evdə yerləşdirilmişdir. Cavabdehə məxsus bütün cehiz əmlakı gəlin gəldiyi gündən hazırkı vaxta qədər həmin mənzildədir. Övladları dünyayaya gəldiyi vaxtdan həmin evdə yaşayırlar. Həmin ərazidə yaşayan qonşular da onların çox uzun müddət burada yaşamağının şahididirlər. İddiaçı ərizəsində göstərir ki, guya mənzilə müvəqqəti qeydiyata düşmüşlər. Lakin bu həqiqəti əks etdirmir. 2022-ci ildə onun razılığı ilə həmin evdə qeydiyyata alınıblar. İddiaçı ərizəsində göstərir ki, maddi ehtiyacı olduğu üçün mənzili satmaq istəyir. Bu fikirlə əlaqədar bildirir ki, iddiaçının heç bir maddi ehtiyacı yoxdur. Belə ki, onun Bakı şəhərində müxtəlif ünvanlarda xeyli miqdarda yaşayış və qeyriyaşayış sahələri vardır. Dövlət Reyestr xidmətinə müraciət etməklə bunlar barədə məlumat almaq mümkündür. Son bir aydan artıqdır ki, əri ilə heç bir əlaqəsi yoxdur. Belə ki, onu qanunsuz olaraq cəmiyyətdən təcrid edərək "azadlıqdan məhrum ediblər”. Onun harada gizlədilməsi barədə məlumatı yoxdur. Bu barədə valideynləri, o cümlədən iddiaçı cavabdehə heç bir məlumat vermir. Həyat yoldaşı Cavabdeh2 gizlətməklə onların ailə həyatına müdaxilə etmiş və uşaqları gündəlik qayğısından məhrum edilmişdir. İşin məhkəmədən kənar həll olunması barədə bizə heç bir müraciət edilməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdiyindən qətnamə iddia tələbinin apellyator Cavabdeh1 aid hissəsində yoxlanılır. Tətbiq edilən hüquq: Mənzil Məcəlləsi: 30.1. Yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideyinləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1 Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləüv edilməsi üçün əsasdır.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməklə həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən 31 saylı mənzil (Yeni qaydalarla: ünvan 3 M4, m1) iddiaçının mülkiyyətindədir, cavabdehlər isə onun oğlu və gəlini (oğlunun arvadı) olmaqla iki azyaşlı uşaqları ilə birlikdə həmin mənzildə pasport qeydiyyatındadırlar. Cavabdehlərdən Cavabdeh1 2010-cu ildə Cavabdeh2 ilə ailə həyatı qurandan sözügedən mənzildə yaşayır. 2017-ci ildən mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı cavabdehlər Cavabdeh2 və X3 mülkiyyətində olan Bakı şəhər Nərimanov rayonu, Aşıq Alı küçəsi 34, M4, m. 1 mənzilinə istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılmasını iddia etmiş, birinci instansiya məhkəməsi Cavabdeh1 münasibətdə düzgün hüquqi nəticəyə gəlsə də, gəldiyi qənaətin əsası kimi istinad etdiyi maddi hüquq normalarını səhv tətbiq etmişdir. Belə ki, tərəflər arasında hüquq münasibətləri 2010-cu ildə yarandığından, bu münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi deyil, Mənzil Məcəlləsinin 30.1-ci maddəsi tətbiq edilməli idi. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DƏDRX-in hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 31 saylı mənzil (Yeni qaydalarla: ünvan 3 M4, m1) İddiaçı xüsusi mülkiyyəti olaraq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanda yerləşən mənzilə dair məlumat və sənəd surətlərinin verilməsi ilə bağlı müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, ünvan 5 ünvanda yerləşən mənzil xx.xx.2017-ci il tarixdə İddiaçı adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Arayışa əlavə olunmuş sənədlərdən görünür ki, həmin mənzil iddiaçının adına "xxxx" MTK-nın təsisçilərinin ümumi iclasının xx.xx.2017-ci il tarixli 086 saylı protokolundan çıxarışa əsasən qeydə alınmışdır. "xxxx" MMMC-nin xx.xx.2023-cü il tarixli 0111/23 saylı arayışından görünür ki, Cavabdeh1 4 nəfərdən ibarət ailə tərkibi ilə Bakı şəhəri Nərimanov rayonu, Aşıq Alı 4A küçəsindəki 15 mərtəbəli kooperativ yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 31 saylı mənzildə xx.xx.2010-cu ildən etibarən yaşayır. Bakı Nikah Evi tərəfindən verilmiş AZ-İ 571287 nömrəli, xx.xx.2010-cu il tarixli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 Nəsrədin oğlu ilə Cavabdeh1 nikahları xx.xx.2010-cu il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitbında 574 № ilə qeydə alınmışdır. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 31 saylı mənzildə Cavabdeh2 Nəsrədin oğlu ilə Cavabdeh1 qeydiyyatdadırlar. İşdən görünür ki, ünvan 1 ünvanında yerləşən 31 saylı mənzil iddiaçının adına 2017-ci ildə qeydə alınsa da, həmin mənzil faktiki olaraq cavabdehlər nikah bağlayanadək, yəni 2010-cu ildə, yaxud da ondan əvvəl alınmışdır. Həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsinin tələbinə görə isə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Bu isə o deməkdir ki, Cavabdeh1 2010-cu ildə artıq mövcud olan iddiaçının mülkiyyətindəki mənzilə gəlin köçmüşdür və onun bu müddət ərzində həmin mənzildə yaşaması istifadə hüququnun yaranması anlamına gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin "digər qohumlar" ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Cavabdeh1 iddiaçıya münasibətdə ailə üzvü hesab edilmir, bu səbəbdən də o, mübahisəli mənzildə yaşasa da, onun həmin mənzildən istifadə hüquqları yaranmamışdır, mövcud olmayan hüquqlara isə xitam verilə bilməz. İddiaçının digər hissədə tələbi isə əsaslıdır, Cavabdeh1 mübahisəli mənzildən istifadə etməsi mülkiyyətçi olaraq iddiaçının hüquqlarını pozur. İddianın mübahisələndirilən hissədə əsassız olması barədə apellyasiya şikayətinin dəlilləri ilə məhkəmə kollegiyası razılaşmır. Belə ki, hazırda iddiaçı mülkiyyətində olan mənzildən sərbəst istifadə etmək hüququndan məhrum olmasını əsas gətirərək, Cavabdeh1 tərəfindən mənzilin boşaldılmasını tələb edir. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni apellyatora münasibətdə ləğv edilməli və iddia tələbi həmin hissədə qismən təmin edilməli və Cavabdeh1 tərəfindən mənzil boşaldılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3680/2023 saylı, 15 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə-apellyatora aid hissədə ləğv edilsin. ünvan 1 ünvanında yerləşən 31 saylı (Yeni qaydalarla: ünvan 3 M4, m1) mənzili Cavabdeh1 tərəfindən boşaldılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə