Məhkəmə qərarları › İş №2(103)-1772/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1772/2021

03.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1772/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2164/2020 saylı, xx xxxxxx 2020-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı Cavabdeh qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, nəticələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 12 saylı notariat kontorundan 12/2018 saylı vərəsəlik işi üzrə xx.xx.2018-ci il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin və xx.xx.2018-ci il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, Cavabdeh Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində 0,03 ha torpaq sahəsinə, Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsi, 11 saylı evə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsində olan 10 saylı yaşayış evinə, Bakı şəhəri, Xəzər rayon, Qala qəsəbəsi sahə 126D ünvanında ümumi sahəsi 0,12 ha torpaq sahəsinə, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yaşayış evi üzrə mülkiyyət hüququna dair qeydin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2164/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı olmadığını, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, bildirdi ki, cavabdeh doğum haqqında şəhadətnamədə qanunsuz dəyişiklik edərək Günay adını Günel ilə əvəz edib və bu fakt ekspert rəyi ilə təsdiq edilib. Bu əsasla həmin şəxsin vərəsə ola bilməyəcəyi qeyd etdi. Götərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin əsassız olduğunu, tərəflərin bacı-qardaş olduğunu və bu faktın mübahisə edilmədiyini bildirərək, bu səbəbdən şikayətin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: İş materiallarında olan xx.xx.1975-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, atası X8, X2r. xx.xx.1978-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, atası X8, X3r. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,Cavabdeh xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsi, ev 11 ünvanında qeydiyyatdadır. Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X8 xx.xx.2014-cü ildə ölmüşdür. İş üzrə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X4 xx.xx.2017-ci ildə ölmüşdür. Bakı şəhər 12 notariat kontoru tərəfindən verilmiş xx.xx.2018-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş X1 vərəsələri övladları Cavabdeh və İddiaçıdur və onlar miras əmlakdan bərabər hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: - Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evinin mərhuma məxsus 1/2 hissəsindən; - Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 906B ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olar torpaq sahəsindən; - Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsindən; - Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal (keçmiş 28 Aprel) küçəsi, 10 ünvanında yerləşən ümumi sahəsi 69,9 kv.m. olan fərdi yaşayış evindən ibarətdir. Bakı şəhər 12 notariat kontoru tərəfindən verilmiş xx.xx.2018-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş X1 vərəsələri övladları İddiaçı və Cavabdehdır və onlar miras əmlakdan bərabər hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126D ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən ibarətdir. Bakı şəhər 53 saylı notariat kontorunda təsdiq edilmiş və İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 1/2 hissəsini (34,95 kv.m.) Cavabdeh bağışlamışdır. Bakı şəhər 53 saylı notariat kontorunda təsdiq edilmiş və İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus 1/2 hissəsini (0,015 ha) Cavabdeh bağışlamışdır. Bakı şəhər 53 saylı notariat kontorunda təsdiq edilmiş və İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 1/4 hissəsini Cavabdeh bağışlamışdır. Bakı şəhər 53 saylı notariat kontorunda təsdiq edilmiş və İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126D ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus 1/2 hissəsini Cavabdeh bağışlamışdır. Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 05/Q-04/15 saylı arayışından görünür ki, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “X5” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2020-ci il tarixədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir:

1. Ata - X8 - xx.xx.1949 (vəfat edib);

2. Ana - X4 - xx.xx.1947 (vəfat edib);

3. Bacı - X7 - xx.xx.1975. Səbail rayon qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, 05/Q-04/15 saylı arayışından görünür ki, arxiv məlumatları “X5” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün X5 üzrə yoxlama aparılmış və Cavabdeh barəsində doğum haqqında akt qeydi aşkar edilməmişdir. Nərimanov rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkili Vəkil1 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh xx.xx.2004-cü il tarixdən xx.xx.2017-ci il tarixədək Nərimanov rayonu, A.Gəraybəyli küçəsi, evv 67/71, mənzil 59 ünvanında qeydiyyatda olmuşdur. Qeydiyyata alınmaya əsas olmuş sənədlərin saxlanma müddəti bitdiyi üçün Nərimanov RPİ tərəfindən məhv edildiyindən təqdim edilməsini mümkün deyildir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli Qərarına əsasən İddiaçı şikayəti üzrə cinayət işinin başlanması Cavabdeh əməllərində cinayət tərkibi olmaması səbəbindən rədd edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiançının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatını dinləyib və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 26.1-ci maddəsiən əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir (maddə 26.2). Həmin Məcəllənin 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Kollegiya bildirir ki, Cavabdeh iddiaçının doğma bacısı olması, iddiaçı və cavabdehin mənşəyinin bir olması, yəni valideynlərinin eyni olması tam təsdiq olunur və iddiaçı tərəf bu faktı mübahislənirmir. Beləliklə, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının doğum haqqında akt qeydləri kitabında adının “Günay” kimi göstərilməsi, doğum haqqında şəhadətnaməsində isə “Günel” kimi göstərilməsi və bu dəyişikliyin qeydiyyat orqanında qeydə alınmaması, onun başqa şəxs olması və adına verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 , 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2164/2020 saylı, xx xxxxxx 2020-cu il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar