Məhkəmə qərarları › İş №2(103)-1776/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1776/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1776/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı mülki iş üzrə (Açar sözlər: sığorta ödənişinin verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil2, cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndələri X9 və X5 iştirakları ilə, İddiaçı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1832/2024 saylı, 26 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə “mədənin dəqiq. lokalizasiyalı bədxas.yenitörəməsi” səbəbindən ölmüşdür.

2. Bakı şəhəri 24 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi arvadı İddiaçıdır.

3. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışın surətindən görünür ki, X6 xx.xx.2010-cu il tarixdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin, xx.xx.2015-ci il tarixdən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi vəzifəsində işləmiş, vəfat etməsi səbəbindən xx.xx.2020-ci il tarixdə hakimlik səlahiyyətlərinə xitam verilmişdir.

4. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2023cü il tarixdə İddiaçı ünvanlanmış məktubda göstərilmişdir ki, X2 xidməti vəzifələrini icrası zamanı vəfat etməsi faktı təsdiqini tapmamışdır. X2 ölüm səbəbinin onkoloji xəstəlik olması səbəbindən ona sığorta ödənişinin verilməsi qeyrimümkündür.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin mərhum hakimi X2 5 illik əmək haqqı məbləğində sığorta ödənişinin cavabdeh LPO Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq mərhumun varisi olan ona-İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edərək, öz xidməti vəzifəsinin icrası zamanı xərçəng xəstəliyinə yoluxmuş və həmin xəstəlikdən vəfat etmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin mərhum hakimi X2 qanunvericiliklə nəzərdə tutulduğu qaydada 5 illik əmək haqqı məbləğində sığorta ödənişinin vərəsəsi kimi ona ödənilməsini xahiş etmişdir. Buna baxmayaraq, cavabdeh onun bu müraciətinə baxmış və xx.xx.2023-cü il tarixli, 95/07- 606/23 nömrəli məktubla ona sığorta ödənişinin verilməsindən əsassız olaraq, “təqdim edilmiş sənədlərdən mərhum X2 xidməti vəzifələrinin icrası zamanı vəfat etməsi faktının təsdiqini tapmaması” səbəbindən imtina etmişdir. Bildirmişdir ki, cavabdehin imtinası qanunsuz və əsassız olmuş, onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, onun mərhum əri X6 xx.xx.2010-cu il tarixindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin, xx.xx.2015-ci il tarixindən isə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi olmuşdur. X3 xx.xx.2019-cu il tarixində Bakı şəhəri Nizami Rayon Məhkəməsində öz xidməti vəzifəsini icra edən zaman yaranmış xərçəng xəstəliyi aşkar edilmişdir. O, həmin tarixdən həm Azərbaycanda - X16, həm də Almaniyada - X4 xəstəxanasında müalicələr almış, xx.xx.2019-cu il tarixində əməliyyat olmuş, görülən tədbirlərə baxmayaraq, xx.xx.2020-ci il tarixində həmin xəstəlikdən vəfat etmişdir. Bakı şəhəri 24 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 2V-7 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququna dair şəhadətnaməyə əsasən, o, mərhum əri X2 qanun üzrə vərəsəsi hesab edilmişdir.

7. Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi iddiaya etiraz olaraq bildirmişdir ki, 098282 saylı, 15 iyul 2020-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən mərhum X6 "mədənin lokalizasiyalı bədxassəli yenitörəməsi" (mədə xərçəngi) səbəbindən xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Göründüyü kimi baş vermiş hadisənin sığorta hadisəsi hesab edilməsi üçün hadisə mütləq qaydada xidməti vəzifələrin icrası ilə bağlı olmalıdır. Xəstəlik səbəbindən vəfat etmə sığorta təminatına daxil deyildir. İddiaçı iddia ərizəsində qeyd olunan Qanunun 5-ci maddəsinə istinad etsə də baş vermiş hadisənin xidməti vəzifələrin icrası ilə bağlı olmasını təsdiq edən sübut təqdim etməmişdir. "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 419-VİQD nömrəli Qanunu ilə "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanuna, o cümlədən "Sığorta ödənişlərinin alınması üçün tələb olunan sənədlər" maddəsinə, yəni ki, 7-ci maddəyə dəyişikliklər edilmişdir. Sözügedən dəyişiklik ilə bağlı Qanunun 2-ci maddəsində qeyd olunub ki, bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir. Bu dəyişikliklər edilərkən artıq dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətlər Azərbaycan Respublikası Prezidentinin 1340 nömrəli Fərmanı ilə 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Sözügedən Fərmanda qeyd olunub ki, dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətlər 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin. Sözügedən dəyişikliklərin Azərbaycan Respublikası Sığorta Kommersiya Şirkətinə heç bir aidiyyəti yoxdur və Sığorta Şirkətinə qarşı qaldırılmış əsassız iddiada başqa dövlət qurumu üçün qəbul edilmiş Qanunun müddəları tətbiq edilə bilməz. Bundan başqa iddiaçı iddia ərizəsində Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)939/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına istinad edir və bildirir ki, həmin qərara əsasən baş vermiş hadisənin xidməti vəzifələrin icrası ilə bilavasitə bağlı olmasını təsdiq edən arayış tələbi yoxdur. Qeyd olunan qərara natamam və təhrif olunmuş formada istinad edilmişdir. Belə ki, həmin qərarda qeyd olunur — "İşin məhkəmələr tərəfindən müəyyən edilən halına görə də mərhum Fuad Soltanov iş yerində xidməti vəzifələrini icra edərkən "Covid19" virusuna yoluxmuş, vəziyyəti kəskinləşdikdən sonra stasionara yerləşdirilmiş və xx.xx.2020-ci il tarixdə stasionarda müalicədə olarkən vəfat etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin sədri Dövlət Sığorta Kommersiya Şirkətinə məktub göndərərək mərhumun əmək funksiyalarını həyata keçirən zaman "Covid-19” virusuna yoluxduğunu və məhz bu səbəbdən vəfat etdiyini təsdiq etmişdir. Fövqəladə Hallar Nazirliyinin X11 Hospitalının verdiyi epikrizdə və Sabirabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədə də ölümün səbəbi kimi "Covid-19" virusuna yoluxma göstərilmişdir.”

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1832/2024 nömrəli, 26 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mərhum X6 Bakı şəhəri Nizami Rayon Məhkəməsində hakim işlədiyi zaman vəfat etsə də, onun vəfat etməsinin səbəbi olan xəsətiliyin xidməti vəzifələrinin icrası ilə bağlı olmasını, yəni səbəbli əlaqəsini müəyyən etmək mümkün olmur. Belə olan təqdirdə mərhum X2 vəfat etməsi «Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilən sığorta hadisəsinə aid olmamaqla iddia tələbinin təmin edilməsinə imkan vermir.

10. Məhkəmə öz mövqeyini «Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2.1.2-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1, 926.1, 926.2 və 934.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1832/2024 nömrəli, 26 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən, sığortaolunan 5 illik əmək haqqı məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinə görə, sığorta olunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Sığortaolunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olmasından (vəfat etdikdə) ibarət sığorta hadisəsi baş verdikdə, bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 100 faizi həcmində sığorta ödənişi verilir. Hazırki halda iddiaçının mərhum əri məhz məhz xidməti vəzifələrinin icrası zamanı xəstəliyə yoluxaraq vəfat etmişdir. Məhkəmənin mövqeyinə əsasən “onun vəfat etməsinin səbəbi olan xəsətiliyin xidməti vəzifələrinin icrası ilə bağlı olmasını, yəni səbəbli əlaqəsini müəyyən etmək mümkün olmur”. Məhkəmənin mövqeyi ilə razılaşmayaraq bildiririk ki, ölümünə səbəb olmuş xəstəlik xidməti vəzifələrin icrası zamanı və icra ilə əlaqədar yaranmışdır. Bu halda iddiaçı sığorta ödənişi ilə təmin edilməlidir. Oxşar bir işdə (xx.xx.2023-cü il tarixli, 2(102)-939/2023 nömrəli Qərar) Ali Məhkəmənin Mülki kollegiyası qeyd edir ki, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin icbari şəxsi sığortası haqqında” Qanunun 7-ci maddəsinin əvvəlki redaksiyasından fərqli olaraq yeni redaksiyasında sığorta ödənişlərinin alınması üçün hər hansı sənədin, o cümlədən sığorta hadisəsinin xidmət vəzifələrinin icrası ilə bilavasitə bağlı olması barədə müvafiq orqanının arayışının təqdim edilməsi tələbi yoxdur. Təsadüfi deyil ki, qeyd edilən Qanunun 7-ci maddəsinin əvvəlki redaksiyada adı “Sığorta ödənişlərinin alınması üçün tələb olunan sənədlər” idisə, hazırkı redaksiyada adı “Sığorta ödənişinin verilməsi”dir.” Digər oxşar iş üzrə (2(102)-935/2023 nömrəli) apellyasiya instansiyası məhkəməsi Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iddiaçının əvvəllər hər hansı xəstəlikdən əziyyət çəkməsinə dair sübutlara istinad etmədən sığorta ödənişindən imtina edilməsini əsassız hesab etmişdir. Həmin iş üzrə xx.xx.2023-cü il tarixli Ali Məhkəmənin qərarı da sığorta ödənişinin verilməsi qənaətinə gəlmişdir. Qeyd edir ki, həmin işdə Rayon Polis Şöbəsinin rəisi xidməti vəzifəsini icra edərkən “ürək çatışmazlığı” səbəbindən vəfat etmişdir. Əgər cavabdehin hazırkı yanaşması bu işə tətbiq edilsə, “ürək çatışmazlığı”-nın yaranmasının da tibbi cəhətdən bir sıra səbəbləri ola bilər və mərhumda onun xidməti vəzifələrinin icrası ilə birbaşa əlaqəli olub-olmamasını müəyyənləşdirmək mümkün deyildir. Yuxarıdakı qərardan göründüyü kimi Ali Məhkəmə belə bir yanaşmanı qəbul etməmişdir. Həmçinin hazırkı işdə mərhumda xərçəng xəstəliyi hakim vəzifəsinə təyin edilməmişdən əvvəl müəyyənləşdirilsə idi, bu zaman bəzi şübhələr yarana bilərdi. Lakin indiki halda artıq doqquz il hakim olaraq işlədikdən sonra bu xəstəliyin mərhumda aşkarlanması işin mübahisəsiz halıdır və bu barədə sübutlar məhkəməyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi qətnamədə mərhumun vəfat etməsinin səbəbi olan xəstəliyin xidməti vəzifələrinin icrası ilə bağlı olmasını, yəni səbəbli əlaqəsini müəyyən etməyin mümkünsüzlüyünü qeyd etmişdir. Məhkəmənin bu əsaslandırması “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin icbari şəxsi sığortası haqqında” Qanununun çox dar çərçivədə tətbiq edilməsinə səbəb olur. Nəsimi Rayon Məhkəməsinin yanaşmasından belə anlaşılır ki, məhkəmə işçisinin və ya onun vərəsələrinin sığortadan yararlanmaq üçün elə bir sığorta hadisəsi baş verməlidir ki, birbaşa əlaqəni görmək mümkün olsun. Bu isə xüsusilə məhkəmə işçilərinin sığortadan istifadəsi üçün sığorta hadisələrinin sayını“sıfıra” endirəcəkdir. Qeyd edir ki, hakimlik vəzifəsinin icrası ilə bağlı hakimə dəyə biləcək zərər sadəcə gözlə görünən olmaya bilər. İş yükünün ağırlığı və çətinliyi, stresli iş şəraiti də mərhumun vəfat etmə səbəbi olan xərçəng xəstəliyini tətikləyən əsas amildir. Yuxarıdakıları ümumiləşdirərək qeyd edir ki, Nəsimi Rayon Məhkəməsi maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etməmiş, nəticədə iddiaçının hüquqlarını kobud şəkildə pozaraq əsassız qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilir ki, mərhum hakimin xəstəliyi ilə onun xidməti vəzifəsi arasında hər-hansı səbəbli əlaqə mövcud deyildir. Bildirmişdir ki, anoloji işlərlə bağlı Ali Məhkəmənində mövqeyi vardır. Belə ki, mərhum, hakim təyin olunmamışdan qabaq həmin xəstəlik mövcud olmamışdır. Hakimlik peşəsi nə qədər ali və şərəfli peşə olsa da bir o qədər stressli və ağır peşədir. Apellyasiya şikayətində Ali Məhkəmənin analoji qərarlarına istinad olunmuşdur. Qərarların biri ürək çatışmazlığı, digəri isə Covid 19 ilə bağlıdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Xəstəlik 2019-cu il tarixində aşkar olunmuşdur. 2010-cu ildən isə hakim vəzifəsində çalışmış, o cümlədən, 2015-ci ilə qədər Nərimanov Rayon Məhkəməsinin, daha sonra isə Nizami Rayon Məhkəməsinin hakimi olmuşdur, 2020-ci ildə isə vəfat etmişdir. 15.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X9 apellyasiya şikayətinin təmin olunmamasını xahiş edərək bildirmişdir ki, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət şəxsi icbari sığortası haqqında” Qanunun 5-ci maddəsində sığorta hadisəsinin anlayışı verilmişdir. Həmin anlayışa əsasən sığorta hadisəsi sığorta hadisəsi sığorta olunanın xidməti vəzifələrinin icrası ilə əlaqədar baş vermiş ölüm faktı, xəsarət və ya əlillikdir. Xərçəng xəstəliyinin yaranmasının müxtəlif səbəbləri vardır. Burada Britaniya və Amerikanın milli xərçəng institutlarının elmi məqalələri vardır ki, iş materiallarına əlavə edilmişdir. Orada müxtəlif səbəblər göstərilir: yaşlanma, spirtli içkilər, xroniki soyuqdəymə, piylənmə, radiasiya və digər səbəblərdir. O səbəblərin içərisində stress qeyd edilməmişdir. Heç kim bu xəstəliyin nədən yaranmasını sübut edə bilməz. Xəstəliyin xidməti vəzifəsinin icrası ilə əlaqədar yaranmasını sübut edən hallar iş materiallarında yoxdur və məhkəmə yalnız sübutlar əsasında qərarlar qəbul edə bilər. Qeyd edilən analoji işlər isə hazırkı işlə eynilik təşkil etmir. Hesab edir ki, iddia rədd olunmalıdır. Qanunun köhnə redaksiyasında qeyd edilir ki, ölüm şəhadətnaməsi ilə bir yerdə baş vermiş hadisənin xidməti vəzifənin icrası ilə əlaqədar olduğunu təsdiq edən müvafiq qurumun sənədi olmalıdır. Hər qurumun bununla bağlı araşdırma aparan şöbələri vardır. Qarşı tərəfin analoji işlər kimi təqdim etdiyi Ali Məhkəmənin qərarları hazırkı işlə fərqlilik təşkil edir. Hal-hazırda bu hadisə ilə bağlı cavabdehlik daşıyan orqan onlardır. 16.Məhkəmə kollegiyasının iclasında iştirak edə cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin olunmamasını xahiş edərək bildirmişdir ki, mərhum hakimin mədə xərçənginə tutulmasının səbəbi kimi qarşı tərəf hakim vəzifəsinin stressli olmasını əsas gətirir, lakin bütün elmi araşdırmalarda, həmçinin nüfuzlu beynəlxalq institutlarda bununla bağlı konkret mövqelər vardır ki, stres xərçəngə səbəb olmur. Bunun yaranmasının müxtəlif səbəbləri vardır ki, bu kimyadır, müxtəlif viruslar və xəstəliklərdir. Mədə xərçənginin yaranma səbəblərindən biri düzgün olmayan qidalanmadır, tütün məlumatları, artıq çəki və s-dir. Qarşı tərəf bununla bağlı hər hansı sübutlar irəli sürməmişdir. Məhkəmə konkret faktlara istinadən işə baxmalıdır. Apellyasiya baxışının hədləri

17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 18.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 20.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnmənin ləğv edilməsi, iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

21. 885.1-ci maddəsinə əsasən, sığorta sığortaçıların fəaliyyət istiqamətləri baxımından həyat sığortası və qeyri-həyat sığortası (ümumi sığorta) sahələrinə, sığorta obyekti baxımından şəxsi sığorta və əmlak sığortası sahələrinə bölünür. 22.897.1-ci maddəsinə əsasən, icbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. 23.922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 24.922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 25.926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 26.928-ci maddəsinə görə, şəxsi sığorta üzrə sığorta ödənişi onu almaq hüququ olan şəxsə sosial sığorta, həmçinin icbari və ya könüllü sığortalar üzrə nəzərdə tutulan ödənişlərdən asılı olmayaraq icbari sığorta qanunlarında və ya sığorta müqaviləsində müəyyən olunmuş qaydada ödənilməlidir. 27.935.1.7-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun (sığorta hadisəsinin baş verdiyi tarixdə qüvvədə olan redaksiyada)

28.2.1.3-cü maddəsinə əsasən sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən hakimlər, prokurorluq işçiləri (hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla), müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçiləri; 29.4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hər bir məhkəmə və hüquq mühafizə orqanları işçisi onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. 30.5-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə və hüquq mühafizə orqanları işçilərinin xidmət vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması sığorta hadisələri hesab edilir. Sığorta hadisələri baş verdikdə sığorta məbləğindən faizlə - sığorta olunan xidmətdə olduğu zaman aldığı xəsarət (yaralanma, travma, kontuziya) almağa görə xidmətdən çıxdıqdan sonra üç il ərzində öldükdə - 100 faiz sığorta ödənişləri verilir. 31.11-ci maddəsinə əsasən məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası ilə əlaqədar mübahisələr Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

32.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

33.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 34.Məhkəmə kollegiyası qeyd edir ki, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır, yəni reallaşmış sığorta riskidir. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 35.Göründüyü kimi, sığorta ödənişinin həyata keçirilməsi sığorta hadisəsinin baş verməsi ilə şərtləndirilmişdir. Sığorta hadisəsi baş verdiyi təqdirdə artıq sığortaçının sığorta ödənişini etmək öhdəliyi yaranır.

36. İddianı təmin etməyən birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mərhum X6 Bakı şəhəri Nizami Rayon Məhkəməsində hakim işlədiyi zaman vəfat etsə də, onun vəfat etməsinin səbəbi olan xəsətiliyin xidməti vəzifələrinin icrası ilə bağlı olmasını, yəni səbəbli əlaqəsini müəyyən etmək mümkün olmur. Belə olan təqdirdə mərhum X2 vəfat etməsi «Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilən sığorta hadisəsinə aid olmamaqla iddia tələbinin təmin edilməsinə imkan vermir.

37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı sayaraq qeyd etməyi zəruri sayır ki, “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddəsinin məzmununa görə sığortaçının sığorta ödənişini həyata keçirmək vəzifəsinin yaranması üçün məhkəmə və ya hüquq-mühafizə orqanları işçilərinin həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) almasının məhz onların xidməti vəzifələrinin icrası ilə bağlı baş verməsi müəyyən edilməlidir. Burada səbəbli əlaqənin məzmunu ondan ibarətdir ki, Qanunun tətbiq dairəsinə düşən şəxsin ölümü xidməti vəzifələrinin icrası nəticəsində baş vermiş olur.

38. Yəni şəxsin vəfat etməsi ilə icra etdiyi xidməti vəzifələri arasında müvafiq funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin mövcudluğu müəyyən edilməlidir.

39. Hazırkı halda da iddiaçının vərəsəsi olduğu şəxsin ölməsi şəraiti hadisənin sığorta hadisəsi olaraq nəzərə alınması üçün, yəni istinad olunan hadisənin sığorta təminatına daxil edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş halların müəyyən edilməsi mümkün olmamışdır. Qeyd edilənlər də sığorta hadisəsinin baş vermədiyinə dəlalət edir. Sığorta hadisəsinin baş verməməsi də öz növbəsində sığorta ödənişinin verilməsindən imtina edilməsi üçün əsas hesab edilir. 40.Qeyd edilməlidir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. 41.Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». 42.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». 43.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz. Belə olan halda apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 45.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1832/2024 saylı, 26 dekabr 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar