Məhkəmə qərarları › İş №2(103)-1778/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1778/2023

21.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1778/2023 21.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli 2(011)-6621/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 21 fevral 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktda göstərilmişdir ki, “Abonent mənzildə sayğacsız qeyri-qanuni təbii qazdan istifadə edir.” Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İstehlakçı aktı imzalamaqdan imtina etmişdir.

2. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktda göstərilmişdir ki, “Abonent mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edir.” Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir.

3. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktda göstərilmişdir ki, “Abonent mənzildə təbii qazdan sayğacdan kənar qeyriqanuni olaraq istifadə edir.” Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir.

4. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktda göstərilmişdir ki, “Abonent mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edir.” Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İstehlakçı aktı imzalamaqdan imtina etmişdir.

5. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktda göstərilmişdir ki, “Abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edir.” Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İstehlakçı aktı imzalamaqdan imtina etmişdir.

6. Abonentin saldosuna əsasən abonentin 2022-ci ilə 2710,24 manat borcu mövcud olmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X3 Kərim küçəsi 0070-0005 saylı ünvanda yerləşən fərdi yaşayış evinə əsassız olaraq cərimə kimi yazılmış 2.710,24 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, hazırda Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X3 Kərim küçəsi 0070-0005 saylı ünvanda ailəsi ilə birlikdə yaşayır. 2012-ci ildə həmin ərazidə hasarlanmış torpaq sahəsi alan zaman həmin ünvanda qaz sayğacı olmamış, lakin həmin torpaq sahəsinin üzərində qaz xətti mövcud idi. Həmin ərazidə yaşamaq üçün fərdi yaşayış evi tikdirmiş və Cavabdeh İB ilə rəsmi müqavilə bağlayaraq qaz sayğacı quraşdırmışdır. Həmin vaxt ünvana quraşdırılan qaz sayğacı kart vasitəsilə işləmişdir. 2020-ci ildə ünvana yaxınlaşaraq köhnə qaz sayğacı çıxarılaraq yenisi quraşdırılmışdır. Yeni qaz sayğacı quraşdırıldıqda köhnə sayğaca heç bir borcu qalmamış, yaşadığı ünvanda kənar xətdən istifadə etməmişdir.

9. 23 noyabr 2022-ci il tarixdə iddiaçının yaşadığı evə yerli baxış keçirilərkən başlanğıc nöqtəsini sayğacdan götürən qaz xəttinə heç bir əlavə kənar xəttin qoşulmadığı müəyyən edilmişdir.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Aygün Həsənova) (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-6621/2022 saylı 13 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh tərəfindən iddiaçının **********00005 saylı abunə koduna hesablanmış 2.710,24 manat məbləğində borcun silinməsi, cavabdehdən 47.10 manat dövlət rüsumunun alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etmədiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurmadığından cavabdeh qarşısında məsuliyyət daşımır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Odur ki, iddia əsaslıdır.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”na və Mülki Prosessual Məcəllənin 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apelyasiya şikayətinin dəlilləri

13. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam olunması, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıdan tutularaq cavabdehin hesabına ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apelyasiya şikayətində göstərilmişdir ki, abonent saldosuna görə mövcud olan 2710,24 manat borcun yaranma əsası – ümumi qazpaylayıcı küçə qaz xəttinə kustar üsulla qanunsuz qoşulma faktına görə tərtib edilmiş 05 akt üzrə 2691,62 manat maddi zərər borcu; 10/2020-ci il tarixindən 06/2022-ci il tarixinə kimi qaz sayğacı üzrə istehlak olunan, lakin dəyəri ödənilməmiş qalan 18,62 manat debitor borcudur. İddiaçı 02/2022-ci il tarixindən 06/2022-ci il tarixinə kimi özbaşına qaz xətti çəkmişdir. Məhkəmə 2710,24 manat borcu bütöv sildikdə, abonentin 10/2020-ci il tarixindən 06/2022-ci il tarixinə kimi istehlak etdiyi, lakin dəyəri ödənilməmiş qalan 18,62 manat debitor borcunu da qanunsuz olaraq silmiş və bu halı əsaslandırmamışdır. İstehlakçı ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçının qazpaylayıcı küçə qaz xəttinə küstar üsulla özbaşına qoşulması faktı Birliyin əməkdaşları tərəfindən çəkilmiş fotoşəkillərlə lentə alınmışdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

16. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apelyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Qətnamə tam yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir.

26. İddiaçı tələbində cərimə kimi yazıldığını qeyd etdiyi 2.710,24 manat borcun silinməsini tələb etmişdir.

27. Abonentin saldosundan görünür ki, abonent hesabına ümumilikdə 2710,24 manat borc hesablanmışdır, 2691,62 manat yuxarıda göstərilən aktlar əsasında təbii qazdan sayğacdan kənar istifadə edilməsi nəticəsində hesablanmış cərimə borcu, 18,62 manat isə 2020-ci ilin oktyabr ayından 2022-ci ilin iyun ayına qədər olan dövr üzrə sərfiyyat məbləğidir.

28. Məhkəmə isə bu halı nəzərə almadan ümumi olan 2710,24 manat borcu cərimə kimi götürməklə silinməsi qənaətinə gəlmişdir.

29. Kollegiya hesab edir ki, qeyri-qanuni təbii qazdan istifadə edilməsi halı müəyyən edilmədiyindən aktlar əsasında hesablanmış 2691,62 manat borcun silinməsi barədə məhkəmənin qənaəti düzgün olsa da, sərfiyyat məbləğinə görə yaranmış borcun silinməsi hissəsində məhkəmə düzgün nəticəyə gəlməmişdir.

30. İstehlakçı qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəmək vəzifəsini daşıyır.

31. Beləliklə iddiaçı sərf etdiyi qazın dəyərini ödəməli olduğundan həmin hissədə iddia tələbi əsassız olmaqla rədd edilməlidir.

32. Cavabdeh apelyasiya şikayətində iddiaçının qazpaylayıcı küçə qaz xəttinə küstar üsulla özbaşına qoşulması faktının Birliyin əməkdaşları tərəfindən çəkilmiş fotoşəkillərlə lentə alındığını və işə əlavə olunmuş fotoşəkillərin tədqiqatının aparılmadığını qeyd etsə də, iş materiallarına hər hansı bir fotoşəkil əlavə edilməmişdir.

33. Bundan başqa, mübahisənin mediasiya qaydasına riayət edilməsi tələbi kommersiya qurumları ilə olan mübahisələrə aiddir.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6621/2022 saylı iş üzrə 13 dekabr 2022-ci il tarixli qətnaməsi qismən – Cavabdeh tərəfindən İddiaçı **********00005 saylı abunə koduna hesablanmış 18,62 manat debitor borcun silinməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar