Məhkəmə qərarları › İş №2(103)-1779/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1779/2022

04.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1779/2022 04.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3123/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı Quliyeva Rəyisə Telman qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Quliyeva Rəyisə Telman qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ilə Cavabdeh1 arasında bağlanmış “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 07 iyun 2017-ci il tarixli müqavilənin və “Hərracın nəticələri haqqında” №Y-273 saylı, 07.07.2017-ci il tarixli Yekun Protokolun etibarsız hesab edilərək ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 14, mənzil 18 ünvanında yerləşən mənzilin Cavabdeh1 adına Azərbaycan Respublikası ƏMK yanında DƏDR Xidmətində Daşınmaz əmlakın dövlət reyestrində 12.07.2017-ci ildə, ********** nömrə ilə tam mülkiyyət hüququ ilə Dövlət qeydiyyatına alınmasına dair qeydin etibarsız hesab edilməsi, bu barədə verilmiş Seriya RX seriyalı № ******* nömrəli Çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Quliyeva Rəyisə Telman qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2021-ci ilin mart ayında ona məlum olmuşdur ki, qardaşı X4 ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 14, mənzil 18 ünvanında yerləşən mənzilə dair 14.12.2020-ci il tarixdə Nəsimi Rayon Məhkəməsində həyat yoldaşı (cavabdeh) Cavabdeh1 və qeydlərinə qarşı "xxxx" ilə Cavabdeh1 arasında bağlanmış “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 07 iyun 2017-ci il tarixli müqavilənin, “Hərracın nəticələri haqqında” №Y273 saylı, 07.07.2017-ci il tarixli Yekun Protokolun etibarsız hesab edilərək ləğv edilməsi və s. tələblərə dair iddia qaldırmışdır. Ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 14, mənzil 18 ünvanında yerləşən mənzil qardaşı X5 ilə "xxxx" ASC arasında bağlanmış ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Aldığı məlumata görə Nəsimi Rayon İcra şöbəsi tərəfindən həmin mənzilin açıq hərracda satılması üçün "xxxx"nə sifariş verilmişdir. Mənzil qiymətləndirlərək satılması üçün Hərrac Mərkəzi tərəfindən satışa çıxarılmış və Hərrac Mərkəzi ilə Cavabdeh1 arasında bağlanmış “Hərracın omları üzrə əmlakın alqı-satqısı barədə 07 iyun 2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 satılmışdır. Cavabdeh1 Azərbaycan Respublikası ƏMK yanında DƏDRX Daşınmaz əmlakın dövlət reyestrində həmin mənzili xsusi mülkiyyət hüququ ilə öz adına rəsmiləşdirmiş və bu barədə Seriya RX seriyalı № ******* nömrəli çıxarış verilmişdir. Hesab edir ki, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzilin qiymətləndirilməsi və "xxxx" tərəfindən açıq həracda satılması zamanı ciddi qanun pozuntularına yol verilmişdir. Cavabdeh "xxxx" ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan mənzilin hərracın keçirilməsi barədə ona məlumat verməmiş, sifarişli poçt göndərişi (məktubu) göndərməmişdir. Bununla da, cavabdeh “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1 və 42.3-cü maddələri və Mülki Məcəllənin 415.2-ci maddəsi ilə müəyyən edilmiş qaydalara əməl etməmiş, ipoteka qoyan şəxs olaraq onun hüquqlarının pozulması ilə nəticələnən hərəkətləri etmişdir. O, ipotekaqoyan tərəf kimi hərracın iştirakçısı olduğu halda hərracın keçirilməsi barədə ona məlumat verilmədiyindən Qanunun 43-cü maddəsinə əsasən hərrac baş tutmamış hesab edilir. Odur ki, ona məxsus mənzilin qiymətləndirilməsi və açıq hərracda satılmasına dair cavabdeh “Əmlak İxtisaslaşıdırılmış Hərrac Mərkəzi” ilə Cavabdeh1 arasında bağlanmış “Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə” 07 iyun 2017-ci il tarixli müqavilə və “Hərracın nəticələri haqqına” №Y-273 saylı, 07.07.2017-ci il tarixli Yekun Protokol və ondan doğan hüquqi nəticələr etibarsız hesab edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(006)- 3123/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə qarşı (LPO "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə) “Protokol və müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən iddiaçı Quliyeva Rəyisə Telman qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3123/2021 saylı iş üzrə 18.10.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qənamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğudan ləğv edilməlidir. Belə ki, iddiaçı Quliyeva Rayisə Telman qızına xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 14, mənzil 18 ünvanında yerləşən mənzil qardaşı X5 ilə "xxxx" ASC arasında bağlanmış ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Sonradan aldığı məlumata əsasən Nəsimi rayon İcra şöbəsi tərəfindən həmin mənzilin açıq hərracda satılması üçün "xxxx"nə sifariş vermişdir. Mənzil qiymətləndirilərək satılması üçün hərrac mərkəzi tərəfindən satışa çıxarılmış və hərrac mərkəzi ilə Cavabdeh1 arasında bağlanmış “Hərracın omları” üzrə əmlakın alqı-satqısı barədə 07 iyun 2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 satılmışdır. Bundan sonra Cavabdeh1 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX daşınmaz əmlakın dövlət reyestrində həmin mənzili xüsusi mülkiyyət hüququ ilə öz adına rəsmiləşdirmiş və bu barədə Seriya RX seriyalı № ******* nömrəli çıxarış verilmişdir. Xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus mənzilin qiymətləndirilməsi və "xxxx" tərəfindən açıq satılması vaxtı ciddi qanun pozuntularına yol verilmişdir. Belə ki, hərrac mərkəzi iddiaçıya məxsus olan mənzilin hərracın keçirilməsi barədə ona məlumat verməmiş, sifarişli poçt göndərişi (məktubu) göndərməmişdir. Lakin bu hala məhkəmə qətnaməsində lazımi münasibət bildirilməmişdir. Belə ki, qətnamədə göstərilmişdir ki, Quliyeva Rayisə Telman qızının adına ünvanlanmış məktublar ünvan 2i, Nərimanov rayonu, Z.Bünyadov küçəsi, keçid 4, mənzil 25 ünvanına göndərilmişdir. Eyni zamanda qətnamədə qeyd edilib ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 11 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş 236 nömrəli arayışından görünür ki, Quliyeva Rayisə Telman qızı ünvan 5 ünvanında yaşayır. Beləliklə tam aydın görünür ki, iddiaçı həmin bildirişləri əldə etmək imkanında olmamışdır. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə görə, “Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.” Lakin, məhkəmə əsaslandırıcı hissəni qanunlara əsasən deyil, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarına istinad edərək tərtib etmişdir. Həmçinin, “Məhkəmə qətnaməsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarı ilə də müəyyən olunmuşdur ki, “Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir.” Qeyd olunanlara əsasən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli qətnaəsinin ləğv ediməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3123/2021 saylı iş üzrə 18.10.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.Həmçinin, Nəsimi rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli Qərardadını təqdim edərək bildirmişdir ki, həmin qərardadla iddiaçı X1 cavabdeh "xxxx" ilə Cavabdeh1 arasında bağlanmış “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 07 iyun 2017-ci il tarixli müqavilənin və “Hərracın nəticələri haqqında” №Y-273 saylı, 07.07.2017-ci il tarixli Yekun Protokolun etibarsız hesab edilərək ləğv edilməsi, və sair tələbinə dair mülki işin icraatı hazırkı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alana kimi dayandırılmışdır. İş üzrə iddiaçı Quliyeva Rəyisə Telman qızı 04 aprel 2022-ci il tarixdə məhkəməyə teleqramla müraciət edərək, səhhətinin çox ağır olması səbəbidən məhkəmə prosessinin sonuncu dəfə təxirə salınmasını xahiş etmişdir. Həmçinin, iddiaçı Quliyeva Rəyisə Telman qızının 30 mart 2022-ci il tarixdə məhkəməyə işin hallarına dair məlumat xarakterli vəsatəti daxil olmuşdur. İş üzrə digər tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətlərinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, məhkəmə baxışı zamanı tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən 31.03.2017-ci il, 14.04.2017ci il, 05.05.2017-ci il və 19.05.2017-ci il tarixlərində sifarişçi Nəsimi rayon İcra Şöbəsinə, tələbkar "xxxx" ASC-yə və borclular Quliyeva Rəyisə Telman qızı və X2 ünvanlanmış bildirişlərdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 14, mənzil 18 ünvanında yerləşən mənzil satılmaq üçün açıq hərraca çıxarılmışdır. Qeyd edilən bildirişlərdən görünür ki, Quliyeva Rəyisə Telman qızının adına ünvanlanmış məktublar ünvan 2i, Nərimanov rayonu, Z.Bünyadov küçəsi, keçid 4, mənzil 25 ünvanına göndərilmişdir. İş materiallarında olan “Birja yenilikləri” qəzetinin 31 mart – 06 aprel 2017-ci il tarixli buraxılışının çıxarışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 14 saylı evin 18 saylı mənzilinin ilkin satış qiyməti 47.000 manat müəyyən edilməklə, açıq hərracın 03 may 2017-ci il tarixində keçiriləcəyi qeyd edilmişdir. İş materiallarında olan “Birja yenilikləri” qəzetinin 14 aprel – 20 aprel 2017-ci il tarixli buraxılışının çıxarışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 14 saylı evin 18 saylı mənzilinin ilkin satış qiyməti 47.000 manat müəyyən edilməklə, açıq hərracın 03 may 2017-ci il tarixində keçiriləcəyi qeyd edilmişdir. İş materiallarında olan “Birja yenilikləri” qəzetinin 19 may – 25 may 2017-ci il tarixli buraxılışının çıxarışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 14 saylı evin 18 saylı mənzilinin təkrar hərracdakı satış qiyməti 39.950 manat müəyyən edilməklə, açıq hərracın 07 iyun 2017-ci il tarixində keçiriləcəyi qeyd edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Hərracın nəticələri haqqında Y273 nömrəli protokolunun surətindən görünür ki, Nəsimi rayon İcra şöbəsinin sifarişi, "xxxx" MMC-nin təşkilatçılığı ilə 07 iyun 2017-ci il tarixdə İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 14 saylı evin 18 saylı mənzili ilə əlaqədar hərrac keçirilmiş, mənzil ilkin satış qiyməti 77.000 manat və son qiymət 40903 manat olmaqla Cavabdeh1 satılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 07.06.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, alıcı Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 14 saylı evin 18 saylı mənzili 40.903 manata əldə etmişdir. İş materiallarında olan 05.02.2021-ci il tarixli, 236 nömrəli Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyi 11 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş 236 nömrəli Arayışdan görünür ki, Quliyeva Rəyisə Telman qızı ünvan 5 ünvanında yaşayır. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli Qərardadından görünür ki, həmin qərardadla iddiaçı X1 cavabdeh "xxxx" ilə Cavabdeh1 arasında bağlanmış “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 07 iyun 2017-ci il tarixli müqavilənin və “Hərracın nəticələri haqqında” №Y-273 saylı, 07.07.2017-ci il tarixli Yekun Protokolun etibarsız hesab edilərək ləğv edilməsi, və sair tələbinə dair mülki işin icraatı hazırkı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alana kimi dayandırılmışdır. Birinci instansiya məhkəməsinin baxışızı zamanı müəyyən edilmiş hallardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin sifarişi (Bakı Apelyasiya Məhkəməsinin 01.12.2015-ci il tarixli, 2(103)-4018/2015 saylı icra vərəqəsi) əsasında "xxxx" MMC-nin təşkilatçılığı ilə hərrac keçirilmiş, 07 iyun 2017-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə”yə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 14 saylı evin 18 saylı mənzili 40.903 manata alıcı Cavabdeh1 satılmışdır. Hərracların keçirilməsi ilə bağlı qəzetlərdə elanlar verilmiş, eyni zamanda bütün iştirakçılara hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks edilən bildirişlər göndərilmişdir. Hazırda iddiaçı qeyd edilən hərrac barədə onlara lazımi qaydada məlumat verilmədiyinə istinad edərək bu əsasla hərracın etibarsız hesab edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Bu Məcəllənin 416.1-ci və 416.2-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Mübahisənin yarandığı zaman qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Bu Qanunun 42.3-cü maddəsinə əsasən istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Həmin Qanunun 46.1-cı maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.10-cu maddəsinə əsasən sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişindən ibarətdir. Məhkəmə kollegiyası iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 14 saylı evin 18 saylı mənzilinin hərracdan satılma ilə bağlı keçirilmiş hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər hərrac iştirakçılarına göndərilmiş, bununla bağlı qəzetlərdə elanlar verilmişdir. Məhkəmə kollegiyası “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Beləliklə qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elan etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Yuxarıda qeyd edilənlərə əsaslanaraq Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərrac mərkəzi iddiaçıya məxsus olan mənzilin hərracın keçirilməsi barədə ona məlumat verməməsi, lakin bu hala məhkəmə qətnaməsində lazımi münasibət bildirilməməsi kimi dəlilləri formal mülahizələrə əsaslanmışdır. İddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarına istinad edərək tərtib etməsi dəlillərinə münasibət bildirərək Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 1 3 0 - c u m a d d ə s i n i n İX bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları dərc edilməlidir. Hərracın yekunları barədə 07.07.2017-ci il tarixli protokolun və müqavilənin etibarsız hesab edilməsinə dair iddia tələbinin rədd olunması ilə əlaqədar gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə kollegiyası iddianın digər tələbləri ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Məhkəmə kollegiyası qanunvericilik tərəfindən etibarsız əqdlər üzrə müddətlərin kəsici müddət kimi müəyyən edildiyini, kəsici müddətin isə iddia müddətinin bir növü olduğunu və cavabdeh tərəfindən tətbiq edilməsi barədə ərizənin verilib-verilməməsindən asılı olmayaraq məhkəmə tərəfindən araşdırılmalı məsələ olduğunu nəzərə alaraq hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edildiyindən kəsici müddəti institutunun tətbiqinə ehtiyac ortadan qalxır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). Beləliklə məhkəmə kollegiyası toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə qarşı (LPO "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə) “Protokol və müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(006)- 3123/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar