Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1779/2025 24.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı” tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3953/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı Ərizəçi Maraqlı şəxsnə qarşı hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktına dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum babası X2 adına verilmiş mənzilə dair Əzizbəyov rayon XDS İK-nin (indiki Xəzər rayon İH) xx.xx.1963-cü il tarixli 20 saylı protokolunun ünvan 1 ünvanına aid olması barədə hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi barədə qətnamənin qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3953/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 261.0.8, 307.2.5-cü maddələrinə istinadən qeyd edilmişdir ki, işin faktiki halları ondan ibarətdir ki, hazırki ərizə müvafiq hüquq müəyyənedici sənəddə göstərilən ünvanın onun yaşadığı mənzilə aid olması barəsindədir. Mülki prosesual qanunvericiliyə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını müəyyən edir. Məhkəmə hesab edir ki, hazırki halda ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Beləliklə məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə mübahisə predmeti müvafiq hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması deyil, müvafiq inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən şikayət təşkil edir ki, bu da öz növbəsində mülki məhkəmə qaydasında baxıla bilməz. Ərizəçi apellyasiya şikayəti vermiş və Qaradağ rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-3953/2024 saylı qərardadının əsassız olduğundan ləğv edilməsini və ya əks təqdirdə şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinin təmin edilməsini xahiş etmişdir. Şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 26, 71; Mülki Prosessual Məcəllənin 8.1, 269.2, 269.3, 307.2.1.1 308-ci maddələrinə istinadən qeyd etmişdir ki, o, mərhum babası X2 adına verilmiş mənzilə dair Əzizbəyov rayon XDSİK-nin (indiki Xəzər rayon İH) xx.xx.1963-cü il tarixli 20 saylı protokolunun ünvan 1 ünvanına aid olması barədə hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Qaradağ rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-3953/2024 saylı qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Ərizəsinə xitam verilməsinə səbəb mülki qanunvericiliyə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını müəyyən edir. Lakin məhkəmə nəzərə almamışdır ki, Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə hüquqiəhəmiyyəti olan faktları müəyyən edə bilər. Hazırkı tələbi xüsusi icraat qaydasında baxılmalı olduğu halda məhkəmə müvafiq orqanın hərəkət və ya hərəkətsizliyindən şikayət verməyini tövsiyyə edir. Belə ki, Qaradağ rayonu, Sahil qəsəbəsi, Kirov prospekti (indiki Zahid Qasımov küçəsi) bina 33, mənzil 2 mərhum babam X2 adına verilmiş, lakin binanın nömrəsi 33 olduğu halda arxiv arayışında binanın nömrəsi 3 kimi göstərilmişdir. Həmin arxiv arayışı hüquq müəyyənedici sənəddir, mənzilin sənədləşdirilməsi üçün əsasdır və o, bunu başqa yolla təsdiq edə bilmir. Bu barədə icra hakimiyyətinə rəsmi olaraq müraciət etsə də heç bir nəticəsi olmamış və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Arxiv arayışı Əzizbəyov rayon XDSİK-nin xx.xx.1963-cü il tarixli 20 saylı protokoluna əsasən arxivə göndərildyindən həmin arxiv arayışında düzəliş edilməsi hansı orqanın üzərinə qoyula bilər. Məhkəmə bunu nəzərə almamış və ərizəni icraat götürsə də sonradan əsassız olaraq iş üzrə icraata xitam vermişdir. Lakin Qaradağ rayonu, Sahil qəsəbəsi, Kirov prospekti (indiki Zahid Qasımov küçəsi) bina 33, mənzil 2 mərhum babam X2 adına verilmiş, lakin binanın nömrəsi 33 olduğu halda arxiv arayışında binanın nömrəsi 3 kimi göstərilmişdir.Həmin arxiv arayışı hüquqmüəyyənedici sənəddir, mənzilin sənədləşdirilməsi üçün əsasdır və o, bunu başqa yolla təsdiq edə bilmir. O, da hüquqi faktını müəyyən edilməsi barədə müraciət etmişdi. Həmin faktı başqa cür təsdiq edə bilmir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3953/2024 saylı işi üzrə xx.xx.2025-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-
1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd edilən müddəaların nəzərdən keçirilməsini və diqqətə çatdırılmasını kollegiya zəruri hesab edir: 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3.Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. 7. Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, işin hallarına əsasən, ərizəçi Əzizbəyov rayon XDS İK-nin (indiki Xəzər rayon İH) xx.xx.1963-cü il tarixli 20 saylı protokolun ünvan 1 ünvanına aid olması barədə hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi barədə qətnamənin qəbul olunmasını xahiş etmişdır, sənəddə rəqəmin düzgün yazılmaması isə müvafiq icra hakimiyyəti orqanının səhvi nəticəsində yaranmışdır və bu səhvin məhkəmə icraatı qaydasında həlli mümkün deyil, bu halda ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 261-262, 385, 387, 397-ci maddələrinə istinadən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, hazırki münasibətlərə aid prosessual qanunvericiliyin düzünə istinadlar əsasında tərtib edilmiş qərardadının ləğv edilməsi üçün əsaslar müəyyən etmir, qanunvericiliyin fərqli təfsir edilməsi (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir, habelə bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan suiistifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, tələb olmadığından dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 3953/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.