Məhkəmə qərarları › İş №2(103)-1781/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1781/2023

13.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1781/2023 13.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X2 ibarət tərkibdə, məhkəmə kollegiyası İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-3345/2022 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən qaz sərfiyyatına görə qanunsuz olaraq hesablanmış 1.004,20 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-3345/2022 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********02600) dair İddiaçı hesablanmış 1.004,20 manat məbləğində borcun silinməsi. 30,05 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bundan sonra Cavabdeh elektron informasiya sistemi vasitəsilə məhkəməyə ərizə və apellyasiya şikayətini təqdim edərək, həmin qətnamədən apellyasiya şikayəti vermək üçün müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərək, buraxılmış müddətin bərpa olunmasını və apellyasiya şikayətini mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-3345/2022 nömrəli qərardadı ilə Cavabdeh ərizəsi təmin edilməmiş, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin hüquqi ünvanı Xətai rayonu ərazisinə düşdüyü üçün Respublika üzrə demək olar ki, istehlakçıların böyük əksəriyyəti iddia ərizələrini Bakı şəhəri Xətai Rayon Məhkəməsinə verir. Bəllidir ki, minlərlə istehlakçıların iddialarına bir nəfərin nəzarəti fiziki cəhətdən mümkünsüzdür. Bu səbəbdən hesab edirlər ki, məhkəmənin qərardadı əsassız və qanunsuzdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(011)- 3345/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-3345/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(011)-3345/2022 nömrəli qətnaməsi xx.xx.2022-ci il tarixdə Cavabdeh Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Bu baxımdan cavabdehə münasibətdə apellyasiya şikayəti vermək üçün 1 aylıq müddətin axını xx.xx.2022-ci il tarixdə başlanmış, xx.xx.2022-ci il tarixdə isə bitmişdir. Cavabdehin apellyasiya şikayəti isə elektron qaydada məhkəməyə 5 gün gecikmə ilə, yəni xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Bununla belə, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələbləri baxımından cavabdeh apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. Cavabdeh gecikməni istehlakçıların bu qəbildən olan iddialarının əsasən onların hüquqi ünvanı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində qaldırması və bir nəfərin fiziki cəhətdən bu işə nəzarət etməsinin mümkün olmaması ilə əsaslandırır. Buna baxmayaraq, cavabdeh həmin ərəfədə ümumilikdə verilmiş apellyasiya şikayətləri barədə hər hansı məlumat təqdim etmir. Digər tərəfdən cavabdeh belə bir problemlə məhz 2022-ci ilin oktyabr və noyabr aylarında üzləşməmişdir. Bu baxımdan cavabdehin ötən dövr ərzində həmin çətinliyin aradan qaldırılması üçün tədbirlər görmək üçün kifayət qədər vaxtı olmuşdur. Həmçinin, iş yükünə istinad edən cavabdeh prosessual müddəti cəmi 5 gün ötürmüşdür. Bu səbəbdən iş yükünün çox olması və bu işlərə bir nəfərin nəzarət etməsi mövcud vəziyyətdə bu prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən və ya çətinləşdirən hal kimi qəbul edilə bilməz və buraxılmış müddətin üzürlü hesab edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(011)- 3345/2022 qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə cavabdehin ərizəsini təmin etməmiş və apellyasiya şikayətini geri qaytarmışdır. Bu səbəbdən Cavabdeh şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-3345/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar