Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1783/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər 2 saylı “Bakı Asan Xidmət” Mərkəzi Notariat ofisi, Cavabdeh4, Cavabdeh2 və X2 qarşı vəsiyyətnamə üzrə payların vərəsələr arasında bölünməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: vəsiyyətnamə üzrə payların vərəsələr arasında bölünməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X12 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacıyeva Kəmalə Hafiz qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər 2 saylı “Bakı Asan Xidmət” Mərkəzi Notariat ofisi, Cavabdeh4, Cavabdeh2 və X2 qarşı vəsiyyətnamə üzrə payların vərəsələr arasında bölünməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, e-2(011)-5678/2023 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. AZ İİ 153601 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X17 26 dekabr 2020-ci il tarixdə Balakən şəhərində ölmüş, ölüm səbəbi kimi kəskin respirator çatmamazlığı göstərilmişdir.
2. 13 dekabr 2018-ci il tarixli X17 və Cavabdeh4 tərəflərindən imzalanan vəsiyyətnamənin mətnində: “Mən, X17 və Cavabdeh4 Balakən rayonun Şərif kəndində yerləşən ər-arvad olaraq ümumi mülkiyyətdə olan bütün əmlakımızı, həyətyanı torpaq sahəsini, kənd təsərrüfatı təyinatlı torpaq sahələrim (pay torpaq sahələrini) həmin torpaq sahələrin üzərindəki bağları. Fərdi yaşayış evlərini, həmin evlərdə olan bütün əmlakı, Bakı şəhəri, Xətai rayonu İlqar Həbibov küçəsi ev 62/4 mənzil 10-da olan fərdi yaşayış evini, bütün ev əşyalarını, qaraj və balkonu, şəxsi minik avtomaşınını oğlum İddiaçımuza verilməsini vəsiyyət edirik. Oğlum İddiaçı vəsiyyət edilmiş bu əmlaklardan ayraraq, Balakən rayonu Şərif kəndində olan köhnə Fındıq bağının cənub tərəfdən sonda olan, şərqdən-qərbə uzanan l-ci cərgə Fındıq ağacları, onların əhatə etdiyi torpaq sahəsi., orada əkilmiş xurma ağacların yarısı (şərqdən-qərbə tərəf hesablamaqla) böyük qızımız Əliyeva (Filiyeva) Zülfiyyə Zumrat qızına, həmin köhnə Findiq bağın cənub tərəfdən olan, şərqdənqərbə uzanan 2-ci cərgə Fındıq ağacları, onların əhatə etdiyi torpaq sahəsi, bağın cənub tərəfində əkilmiş xurma ağacların yarısından başlayaraq cərgə axırma qədər olan ağaclar (şərqdən-qərbə tərəf hesablamaqla) kiçik qızımız Cavabdeh2ma verilməsini vəsiyyət edirik” qeyd olunmuşdur.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixli 8i-18908 saylı reyestrdə qeydə alınmış ərizəyə cavab olaraq 10 gün vaxt müddəti ilə məhkəməyə müraciət barədə məlumat gəlmədiyi təqdirdə qanunvericiliyə əsasən notariat əməliyyatının aparılacağı qeyd olunuşdur.
4. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2(011)- 295/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 cavabdehlər Bakı şəhəri 43 saylı Notariat Ofisinə, 2 saylı Bakı “Asan xidmət” mərkəzinin Notariat Ofisinə, İddiaçı, Cavabdeh5 və Cavabdeh6 qarşı “miras paydan imtinaya dair ərizələrin etibarsız hesab edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi tələbinə dair” iddia təmin edilərək, Cavabdeh4 Bakı şəhəri 43 saylı notariat ofisində verdiyi miras paydan imtinaya dair xx.xx.2021-ci il tarixli, 8İ-4207 reyest nömrəli, **********207 nömrəli; Cavabdeh3 Bakı şəhəri, 43 saylı notariat ofisində verdiyi miras paydan imtinaya dair xx.xx.2021-ci il tarixli, 8İ-4166 reyest nömrəli, **********199 nömrəli; Cavabdeh2 Bakı şəhəri, 43 saylı notariat ofisində verdiyi miras paydan imtinaya dair xx.xx.2021-ci il tarixli, 8İ-4198 reyest nömrəli, **********198 nömrəli ərizələri etibarsız hesab edilməsi, Bakı “ASAN xidmət” mərkəzi notariat ofisi tərəfindən 22 noyabr 2021-ci il tarixdə İddiaçı adına verilmiş və reyestrdə 2V-1011 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, 26 iyul 2021-ci il tarixdə Cavabdeh5 və Cavabdeh6 adlarına verilmiş və reyestrdə 2V-608 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi qət olunmuşdur.
5. 22 noyabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X6 Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən, 26 dekabr 2020-ci il tarixdə vəfat etmiş X8 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan oğlu İddiaçı və o miras əmlakdan 1/3 hissədə pay almasını təsdiq etmiş, miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 27 aprel 2021-ci il tarixdə X10 verilmiş **********1705101-093006 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 66.31 kv/m olan mənzildən ibarətdir.
6. 22 noyabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X13 Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən, 26 dekabr 2020-ci il tarixdə vəfat etmiş X8 vərəsələri ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh6 və Cavabdeh5 və onların hər biri miras əmlakdan 1/3 hissədə pay almasını təsdiq etmiş, miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 27 aprel 2021-ci il tarixdə X10 verilmiş **********17-05101-093006 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 66.31 kv/m olan 10 nömrəli mənzildən ibarətdir.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi, ev 62/4, 10 nömrəli mənzil üzərində X8 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 27 aprel 2021-ci il tarixdə qeydiyyata alınmışdır.
8. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(011)- 5254/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh6 cavabdehlər İddiaçı , X9 və X1 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbi barədə iddiası təmin edilərək, Filiyev X4 Habil Yadigar oğlu arasında balanmış 13 aprel 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və onun əsasında verilmiş AE 041258 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilməsi qət olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər 2 saylı “Bakı Asan Xidmət” Mərkəzi Notariat ofisi, Cavabdeh4, Cavabdeh2 və X2 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 26 dekabr 2020-ci il tarixdə vəfat etmiş X8 və anası Cavabdeh4 birgə tərtib etdikləri 13 dekabr 2018-ci il tarixli ev vəsiyyətnaməsinin əsas götürülərək, vəsiyyətnamənin şərtlərinə uyğun olaraq X7 miras qalmış Bakı şəhəri, Xətai rayonu, İ.Həbibov küç., ev 62/4, mənzil 10 və “Mitsubishi Pajero” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində iddiaçının və cavabdehlərin vərəsəlik payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
10. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək mərhum Zumrat Filiyevin vərəsələri Cavabdeh5 və Cavabdeh6 cavabdehlər qismində işə cəlb edilməsini xahiş etmişdir.
11. İddia onunla əsaslandırmışdır ki, atası X17 26 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2(011)- 295/2022 nömrəli qətnaməsinə əsasən iddiaçılar Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 cavabdehlər Bakı şəhəri 43 saylı Notariat Ofisinə, 2 saylı Bakı “Asan xidmət” mərkəzinin Notariat ofisinə, İddiaçı, Cavabdeh5 və Cavabdeh6 qarşı “miras paydan imtinaya dair ərizələrin etibarsız hesab edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi təmin edilərək, Cavabdeh4 Bakı şəhəri 43 saylı notariat ofisində verdiyi miras paydan imtinaya dair 24 aprel 2021-ci il tarixli, 8İ-4207 reyest nömrəli, **********207 nömrəli, Cavabdeh3 Bakı şəhəri, 43 saylı notariat ofisində verdiyi miras paydan imtinaya dair 24 aprel 2021-ci il tarixli, 8İ-4166 reyest nömrəli, **********199 nömrəli, Cavabdeh2 Bakı şəhəri, 43 saylı notariat ofisində verdiyi miras paydan imtinaya dair 24 aprel 2021-ci il tarixli, 8İ-4198 reyest nömrəli, **********198 nömrəli ərizələri etibarsız hesab edilmiş, Bakı "ASAN xidmət" mərkəzi notariat ofisi tərəfindən 22 noyabr 2021-ci il tarixdə İddiaçı adına verilmiş və reyestrdə 2V- 1011 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, 26 iyul 2021-ci il tarixdə Cavabdeh5 və Cavabdeh6 adlarına verilmiş və reyestrdə 2V608 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmişdir. Bundan sonra Bakı “ASAN xidmət” mərkəzi notariat ofisində icraatda olan 08 aprel 2021-ci il tarixli vərəsəlik işi açıq qalmış, hüquqi məsələlər əvvəlki vəziyyətə qayıtmışdır. Bir neçə gün öncə mərhum atasının anası Cavabdeh4 ilə birlikdə tərtib etdiyi 13 dekabr 2018-ci il tarixli ev vəsiyyətnaməsini mərhumun əşyaları arasından tapmışdır. Dərhal Bakı “ASAN xidmət” mərkəzi notariat ofisinə müraciət edərək atasından qalan miras əmlakın həmin vəsiyyətnamə üzrə bölünməsini tələb etmişdir. Miras əmlakın vəsiyyətnamə üzrə vərəsələr arasında bölünməsi ilə bağlı mübahisə yarandığından, Bakı “ASAN xidmət” mərkəzi notariat ofisi 09 iyul 2023-cü il tarixli, 1019 nömrəli məktubla iddiaçıya cavab verərək 10 gün müddətində məhkəməyə müraciət etməli olduğunu, əks təqdirdə notariat əməliyyatının aparılmalı olduğunu bildirmişdir.
12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, e-2(011)- 5678/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
13. Qətnamənin əsaslarına görə, Azərbaycan Respublikasının vərəsəlik hüququ “əllə yazılan vəsiyyatnamə” anlayışı işlətmir, bunun əvəzinə “ev vəsiyyətnaməsi” anlayışından istifadə olunur. Ev vəsiyyətnaməsi dedikdə, vəsiyyət edənin öz əli ilə yazıb imzaladığı vəsiyyətnamə başa düşülür. Mülki Məcəllənin 1187-ci maddəsinə əsasən ev vəsiyyətnaməsi notariusa saxlanca vermək vəsiyyət edənin vəzifəsi yox, hüququdur. Yəni vəsiyyət edən ev vəsiyyətnaməsini notariusa saxlanca verə də bilər, verməyə də. Buna görə də əgər o, vəsiyyətnaməni notariusa saxlanca verməzsə, bu hal ev vəsiyyətnaməsinin etibarsız sayılmasına dəlalət etmir. Lakin ev vəsiyyətnaməsinin notariusa saxlanca verilməsinin öz üstünlüyü varki, bu vəsiyyətnamənin itmək və ya məhv olmaq ehtimalını istisna edir. Ev vəsiyyətnaməsi sadə yazılı formada tərtib edilir. Bu o deməkdir ki, onun notariat qaydasında təsdiqlənməsi tələb olunmur. Ev vəsiyyətnaməsi müəyyən üstünlüklərə malikdir. Belə ki, ev vəsiyyətnaməsinin vəsiyyət edənin öz əli ilə yazılıb imzalanması kimi xüsusiyyəti saxtakarlığa yol verilməsi ehtimalını azladır. Texniki vasitələrdən istifadə edilməklə tərtib olunan vəsiyyətnamələri ev vəsiyyətnaməsi kateqoriyasına aid etmək olmaz. Ona görə ki, ev vəsiyyətnaməsinə verilən leqal anlayışdan vəsiyyət edənin həmin vəsiyyətnaməni yalnız öz əli ilə yazmağa borclu olması müəyyənləşdirilir. Texniki vasitələrdən istifadə edilməklə tərtib olunan vəsiyyətnamələr sadə yazılı formalı vəsiyyətnamələrin ayrıca növünü təşkil edir. Sadə yazılı formalı vəsiyyətnamə notarial formanı nəzərdə tutmayan yazılı vəsiyyətnamədir, yəni notariat qaydasında təsdiqlənməyən vəsiyyətnamədir. Deməli, texniki vasitələrdən istifadə etməklə tərtib olunan vəsiyyətnamə növünün ev vəsiyyətnaməsi kimi notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Amma göstərilən növ vəsiyyətnamə ev vəsiyyətnaməsindən fərqli xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərə aiddir: vəsiyyətnamə texniki vasitələrdən istifadə olunmaqla tərtib edilir; vəsiyyətnaməyə vəsiyyət edənin özü imza qoymalıdır,vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır, şahidlər vəsiyyətnamənin onların yanında texniki vasitələrdən istifadə olunmasını, tərtib edilməsini müvafiq qeyd vasitəsi ilə təsdiqləməlidirlər, şahidlər vəsiyyətnamədə öz adlarını,soyadlarını və yaşayış yerlərini göstərməlidir. Qeyd olunanlara əsasən vəsiyyətnamə bir tərəfli, formal əqddir və buna görə də o, qanunla müəyyənləşdirilən formada tərtib olunmalıdır. Əgər bu formaya riayət olunmazsa, onda vəsiyyətnamə etibarsız sayılır. Bu cür etibarsız vəsiyyətnamələrə forması qüsurlu olan vəsiyyətnamələr deyilir. Forması qüsurlu olan vəsiyyətnamələr qismən yox, tamamilə və bütövlükdə etibarsız sayılır.
14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 1321.1, 1321.2, 1325, 1193, 1194cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
16. Şikayətinin dəlillərinə görə, hazırkı mübahisə üzrə əsas hüquqi fakt odur ki, anası və mərhum atası tərəfindən texniki vasitələrdən istifadə edilməklə tərtib olunan vəsiyyətnamə mövcuddur və mən həmin vəsiyyətnamə üzrə vərəsəlik payının məhkəmə tərəfindən müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə bu hüquqi fakta uyğun olaraq vərəsəlik hüququ üzrə hüquq normalarını sistemli şəkildə tətbiq etməklə, işin hallarına əsasən tətbiq edilməli olan hüquq normasını (MM 1188-ci maddə) düzgün şərh etməli idi. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə hər bir şəxs vəsiyyətnamə əsasında öz vərəsələrini mirasdan məhrum edə bilər. Mülki Məcəllənin “Vəsiyyət üzrə vərəsəlik hüququndan məhrumetmə” adlanan 1176-cı maddəsində müəyyən olunmuş qaydaya görə vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Vəsiyyətnamədə birbaşa göstərişlə mirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsinə, vəsiyyət üzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da, qanun üzrə vərəsə ola bilməz. Vəsiyyət edənin qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi və bunu əsaslandırmağa borclu olmaması vəsiyyət azadlığı prinsipinə əsaslanır. Mülkiyyətçinin vəsiyyətnaməni hələ öz sağlığında qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib etməsi və vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququnu təmin edən amillərdən biridir. Göründüyü kimi, 1176.1-ci maddə vəsiyyət azadlığı prinsipinə əsaslanmışdır və mülkiyyətçinin vəsiyyət edərkən mülkiyyət üzərində azad sərəncam vermək hüququnu təmin edir. Belə ki, vərəsənin mirasdan məhrum edilməsi üçün vəsiyyət edənin vəsiyyətnamədə heç bir izah vermədən məhrum etmək iradəsini göstərməsi kifayətdir. Əgər vəsiyyət edən vərəsələrdən hər hansı birinin vərəsəlik hüququndan məhrum edilməsini vəsiyyətnamədə nəzərdə tutursa, bu qadağa mirasın məcburi pay hissəsinə tətbiq edilmir və yalnız miras əmlakından həmin vərəsəyə düşən payı əhatə edir. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Hə a miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət edərək vərəsəni və ya bütövlükdə vərəsələri məcburi pay almaq hüququndan məhrum edə bilməsi imkanı vəsiyyət azadlığını tam qoruyaraq, bir tərəfdən vərəsələrin qanuni maraqlarını müdafiə edir, digər tərəfdən mülkiyyət hüququnun təminatına (şəxsin mülkiyyəti üzərində tam sərəncam vermək hüququ) xidmət edir. Vərəsəlik hüququnun mövcud olduğu ölkələrin hüquq sistemləri bu hüquq institutunun iki fərqli prinsip üzərində qurulmasını nəzərdə tutur: fərdilik və ailə-təminat prinsipləri. Məhkəməyə təqdim etdikləri sübutlardan görünür ki, həqiqətən həmin vəsiyyətnamə atalarının iradəsini ifadə edir və onun miras əmlakı onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, yəni ona və cavabdehlərə keçməlidir. Mülki Məcəllənin Məcəllənin “Vəsiyyətnamənin texniki vasitələrdən istifadə edilməklə tərtibi” adlanan 1188-ci maddəsinə əsasən, vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər. Göründüyü kimi, bu hüquq norması maddi və prosessual hissələrdən ibarətdir. Yəni maddənin birinci hissəsi maddi mənada vəsiyyətnamənin mətninin hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə biləcəyini hüquq kimi, imzanın vəsiyyət edən tərəfindən qoyulmalı olduğunu isə vəzifə kimi müəyyən edir. Lakin maddənin ikinci hissəsində artıq prosessual qayda müəyyən edilərək, vəsiyyət edənin imza qoyduğu halda vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalanmalı olduğunu, həmin halda vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalanmalı olduğunu, həmin şahidlərin vəsiyyətnamənin onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunduğunu təsdiq etməli olduqlarını, vəsiyyət edənin vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlərin vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməli olduqlarını qaydasını müəyyən edir. Nəzərə almaq lazımdır ki, bu hüquq normasında “vəsiyyətnamə imzalanarkən şahidlərin iştirakının təmin edilməli olması qaydası”nın müəyyən edilməsində qanunvericinin məqsədi odur ki, vəsiyyətnamənin məhz vəsiyyətnaməni verən şəxs tərəfindən imzalanmasına gələcəkdə hər hansı bir şübhə yaranmasın. Çünki vəsiyyətnamə qüvvəyə mindikdə, vəsiyyət edən ölmüş olur və şahidlərin iştirakı olmayan vəsiyyətnamədə olan imzanın vəsiyyət edənə məxsus olubolmaması barədə mübahisə yarana bilər. Onu da nəzərə almaq lazımdır ki, hətta şahidlərin iştirakı ilə imzalanmış vəsiyyətnamə də mübahisələndirilə bilər, bu hal heç də istisna olunmur. İşin hallarından görünür ki, mübahisə predmeti olan vəsiyyətnaməsi texniki vasitələrdən istifadə edilməklə tərtib edilmiş, lakin şahidlərin iştirakı təmin edilməmişdir. Yəni vəsiyyət edən bu maddəyə əsasən “vəsiyyətnamənin mətninin hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə etmək” hüququndan istifadə etsə də, maddənin ikinci hissəsində müəyyən edilmiş prosessual qaydaya lazımınca əməl etməmişdir. Lakin hazırki mübahisə üzrə vəsiyyətnamədə olan vəsiyyət edənə məxsus imzanın həqiqiliyinə dair heç bir mübahisə yoxdur. Heç bir cavabdeh bu halı məhəkəmədə mübahisələndirməmişdir. Əksinə vəsiyyətnaməni imzalayan vərəsə anası məhkəmədə verdiyi izahatında imzanın həqiqətən atama məxsus olmasını bir daha təsdiq etmişdir. Məhkəmə isə vəsiyyət edənin iradəsinin üstün olmasını və cavabdehlərin vəsiyyət edənin iradəsini mübahisələndirmədiklərini nəzərə almamış, iddianı rədd edərkən əsaslandığı maddi hüquq normasını düzgün təfsir etməmişdir. Qanun vəsiyyət edənə sərbəst iradə ifadə etmək hüququnu tanıyırsa və vəsiyyət edən həmin hüquqdan istifadə etdikdə hüquq normasında müəyyən edilmiş prosessual qaydaları pozursa, həmin pozuntu vəsiyyət edənin iradə ifadəsinin həqiqiliyinə şübhə yaradarsa, pozuntunun vəsiyyət edənin iradəsinin həqiqiliyinə şübhə yaratmasına dair nəticələrinin aradan qaldırılması tərəflərin vəsatətinə əsasən məhkəmə tərəfindən işin faktiki hallarından və işdə olan sübutlardan asılı olaraq təmin edilməsi mümkündür. Məhz bu səbəbdən biz məhkəmənin gedişatında vəsiyyət edən atamın imzasının olduğu etibarnaməni və digər sənədləri təqdim edərək, məhkəmədən məhkəmə xəttşünaslıq ekspertizasının keçirilməsini, vəsiyyətnaməki imzanın atama məxsus olmasının ekspert rəyi ilə bir daha təsdiq olunmasını xahiş etmişlər. Lakin məhkəmə tərəfindən vəsatətləri təmin edilməmişdir. Eləcə də cavabdehlərdən hər hansı biri imzanın həqiqiliyi ilə bağlı münahisə yaratmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçı və onun nümayəndəsi Vəkil apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.
19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Azərbaycan Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər; Maddə 1666. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər; Maddə 1168. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir; Maddə 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir; Maddə 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin; Maddə 1186. Vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər; Maddə 1187.1. Vəsiyyət edən öz əli ilə yazdığı və imzaladığı vəsiyyətnaməni zərfə qoyub bağlayaraq üç şəxsin yanında notariusa və ya Azərbaycan Respublikası konsulluqlarının vəzifəli şəxslərinə verə bilər. Həmin şəxslərin orada olması onların zərfin üzərində notariat qaydasında (formasında) təsdiq edilmiş imzaları ilə müəyyən olunur; Maddə 1187.2. Bu növ vəsiyyətnamənin saxlanması onun notariusda (və ya Azərbaycan Respublikasının konsulluqlarında) rəsmən depozitə qoyulması ilə təmin edilməlidir; Maddə 1188. Vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edildiyindən məhkəmə aktı apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
24. İşdən müəyyən olunur ki, iddiaçı 13 dekabr 2018-ci il tarixli ev vəsiyyətnaməsi əsasında onun və cavabdehlərin vərəsəlik payının müəyyən edilməsini xahiş edir.
25. Mülki Məcəllədə ev vəsiyyətnaməsinə verilən anlayışdan görünür ki, vəsiyyətnamənin vəsiyyət edənin öz tərəfindən əl ilə yazılıb, imzalanması halında ev vəsiyyətnaməsindən söhbət gedə bilər.
26. Hazırkı halda iddianın əsası kimi təqdim edilmiş 13 dekabr 2018-ci il tarixli vəsiyyətnamə texniki vasitələrdən istifadə edilməklə tərtib edilmişdir. Vəsiyyətnamənin texniki vasitələrdən istifadə edilməklə tərtib edilməsi qaydası isə Mülki Məccəllənin 1188-ci maddəsinə göstərilmişdir. Həmin maddəyə əsasən, vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər.
27. Göründüyü kimi, qanunvericinin vəsiyyətnamənin texniki vasitələrdən istifadə edilməklə tərtib edilməsi barədə əsas şərti vəsiyyətnamənin iki şahidin yanında tərtib etməli və imzalamalı olmasıdır.
28. Hazırkı təqdim olunan vəsiyyətnamə isə bu şərtə əməl edilmədən, iki şahidin iştirakı olmadan tərtib olunmuşdur ki, bu halda vəsiyyətnamə mötəbər sənəd kimi qəbul edilə bilməz.
29. İddiaçı işin bu faktiki halına münasibətdə şikayət dəlilində qeyd etmişdir ki, bu hüquq normasında “vəsiyyətnamə imzalanarkən şahidlərin iştirakının təmin edilməli olması qaydası”nın müəyyən edilməsində qanunvericinin məqsədi odur ki, vəsiyyətnamənin məhz vəsiyyətnaməni verən şəxs tərəfindən imzalanmasına gələcəkdə hər hansı bir şübhə yaranmasın.
30. Onlar məhkəmənin gedişatında vəsiyyət edən atasının imzasının olduğu etibarnaməni və digər sənədləri təqdim edərək, məhkəmədən məhkəmə xəttşünaslıq ekspertizasının keçirilməsini, vəsiyyətnamədəki imzanın atasınaa məxsus olmasının ekspert rəyi ilə bir daha təsdiq olunmasını xahiş etmişlər. Lakin məhkəmə tərəfindən vəsatətləri təmin edilməmişdir.
31. Kollegiya bu dəlillərə münasibətdə qeyd edir ki, düzdür, “vəsiyyətnamə imzalanarkən şahidlərin iştirakının təmin edilməli olması qaydası”nın müəyyən edilməsində qanunvericinin məqsədi həqiqətən də vəsiyyətnamənin məhz vəsiyyətnaməni verən şəxs tərəfindən imzalanmasına və məzmunun ilə tanış olmasına gələcəkdə hər hansı bir şübhə yaranmaması barədədir. Elə buna görə də qanunverici bu şərti birbaşa imperativ qaydada təsbit etmişdir. Bu qaydanın pozulması, ilk növbədə qanunun göstərilən normasına istinad edilə bilməsini aradan qaldırır, bundan əlavə vəsiyyətnamənin həqiqətən vəsiyyət edən şəxs tərəfindən tərtib edilməsini şübhə altına alır ki, bu şübhələrin başqa hər hansı vasitə ilə aradan qaldırılması mümkün deyil.
32. Məhkəmə tərəfindən məhkəmə xəttşünaslıq ekspertizasının təyin edilməsi də kifayət qədər lüzumsuz bir prosessual hərəkət olardı.
33. Belə ki, Mülki Məcəllənin adı çəkilən normasında 2 şərt mövcuddur: 1) imzanı vəsiyyət edən qoymalı; 2) vəsiyyətnamə iki şahidin yanında tərtib edilməli.
34. İş üzrə ekspertiza tədqiqatı aparılaraq imzanın həqiqətən vəsiyyət edənə məxsusluğu təsdiq edilsə belə, bu yalnız qanun normasının birinci şərtinin mövcudluğunu təsdiq edəcəkdi. Nə qədər ki, ikinci şərtə əməl edilməmişdir, birinci şərtin mövcudluğu özlüyündə heç bir hüquqi nəticə yaratmır.
35. Odur ki, göründüyü kimi, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, işin halları ilə öz təsdiqini tapmır.
36. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
37. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, e-2(011)- 5678/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, e-2(011)- 5678/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev