Məhkəmə qərarları › İş №2(103)-1786/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1786/2022

29.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1786/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi eyni zamanda vəkili Vəkil2, Cavabdeh1, onun nümayəndəsi, onun eyni zamanda digər cavabdehlərin vəkili Vəkil1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 293/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, döngə 2-də yerləşən 3 saylı evdən istifadə hüquqlarına 7000 manat kompensasiya verilməklə xitam verilməsi və cavabdehlərin həmin evdən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddia tələbində göstərilən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Hazırki iş üzrə cavabdehlərdən Firuzə iddiaçının mərhum oğlunun arvadı, digər cavabdehlər isə nəvələridir. İddiaçının oğlu X3 21 sentyabr 1991-ci ildə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından Gülbacı, Rəhimə və Fatimə adlı uşaqları doğulmuşdur. Hazırda hər 3 uşaq yetkinlik yaşına çatmışlar. 1998ci il təvəllüdlü Cavabdeh4 ailə quraraq ərinin evinə yerləşmişdir. 2017-ci ildə iddiaçının oğlu Yaqub vəfat etmiş, bundan sonra iddiaçının cavabdehlərlə aralarında mübahisələr başlamışdır. Belə ki, Cavabdeh1 gecə evə 2-3 radələrində gəlmiş, bəzən ümumiyyətlə gəlməmiş, Gülbacı və Fatimə adlı qızlar da anaları kimi evə gec gəlmiş, milli-mənəvi dəyərlərə uyğun olmayan hərəkətlər etmələri nəticəsində iddiaçını özündən çıxarmış, onun iradlarına əhəmiyyət verməmişlər. Mənzildaxili münaqiləşərdən əlavə, cavabdehlər evə dair kommunal xərclərin ödənilməsində də iştirak etmirlər. İddiaçı təqaüdçüdür, işləmir, buna görə də, cavabdehlərə təqdim edə biləcəyi kompensasiyanın məbləği 7000 manatdır. İddia tələbində göstərilən ünvan ətrafındakı eyni şəraitli kirayə mənzillərin dəyəri 150 manat təşkil edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-293/2021 saylı, 22 fevral 2021ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarına formal olaraq istinad etmiş və qəbul etdiyi qətnaməni əsaslandırmamışdır. Belə ki, kompensasiyanın məbləği bazar qiymətinə uyğun olmalı, cavabdehlərin arzu və istəklərinə uyğun xəyali məbləğdə olmamalıdır. Əks halda mülkiyyətçinin mülkiyyət hüququ pozula və onun maddi durumu çıxılmaz, ağır vəziyyətə düşə bilər. Mübahisəli mənzildə cavabdehlərdən savayı başqa şəxslər də qeydiyyatdadır. Özü yaşlı qadındır, işsizdir və əmək pensiyası alır. Lakin cavabdehlər əmək qabiliyyətlidirlər. Münaqişələrdən dolayı birlikdə yaşamalı mümkün deyildir, ahıl yaşında sakit həyat sürmək istəyir. Hamıya məlumdur ki, Binəqədi qəsəbəsi Bakı şəhəri üzrə zonalar üzrə yeddinci zonadır. Yəni həmin ərazidə kirayə mənzil birinci ikinci üçüncü zonalar kimi yüksək deyildir. Lakin məhkəmə qətnamə qəbul edərkən bu halı nəzərə almamışdır. Mübahisəli mənzilin dəyəri təxminən 50-60 min manat civarında, həmin ərazidə mənzillərin kirayə haqqı təxminən 150-170-200 manat arasındadır. 150 manatdan hesablansa, uzun müddət, yəni üç illik kirayə xərci 5400, 170 manatdan hesablansa 6120 manat, 200 manatdan hesablansa 7200 manat təşkil edir. Buradan da belə nəticəyə gəlmək olar ki, əslində məhkəmə mənzilin bazar dəyəri deyil, həmin ərazidə mənzillərin kirayə haqlarının qiymətinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin etməli idi, lakin məhkəmə bunu nəzərə almamış, evin satışa çıxarılmış ev kimi bazar qiymətinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin etmişdir. Eyni zamanda, məhkəmə nəzərə almalı idi ki, cavabdehlər artıq bir il yarımdır ki, həmin evdə yaşamırlar, özlərini yaşayış yeri ilə təmin etmişlər. Hesab edir ki, iddianın kompensasiyanın az olmasına istinadla rədd edilməsi əsassız və qanunsuzdur, onun mülkiyyət hüququnun kobudcasına pozulması ilə nəticələnmişdir. 7000 manat ədalətli və əsaslı kompensasiyadır. Cavabdeh tərəfi də bu məbləğdə kompensasiya ilə razılaşaraq iddianı qəbul etməyə dəvət edir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4614/2021 nömrəli, 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 6154/2021 saylı 22 noyabr 2021ci il tarixli qərarı ilə qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4614/2021 nömrəli,16 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi işi yeni apellyasiya baxışa göndərərkən mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “ilk növbədə nəzərə alınmalıdır ki, hazırkı mülki iş apellyasiya instansiyası məhkəməsinə daxil olarkən həmin məhkəmənin dövlət qulluqçuları tərəfindən xx.xx.2021-ci il tarixli akt tərtib edilmiş və aktda mülki işin materiallarında xx.xx.2021-ci il tarixli məhkəmə iclasının protokolunun olmadığı əks olunmuşdur. Həqiqətən də mülki işdən görünür ki, xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının vəsatəti əsasında onun vəkilinin iştirakını təmin etmək üçün işə baxılması xx.xx.2021-ci il tarixinə təxirə salınmışdır (i.v.93). İş üzrə hər hansı məhkəmə iclas protokolu tərtib edilmədən xx.xx.2021-ci il tarixli qətnamə qəbul edilmiş, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məhkəmə iclas protokolları işə əlavə olunmamışdır. MPMin 387.2.7-ci maddəsinə əsasən bu hal şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olduğu halda apellyasiya instansiyası məhkəməsi həmin maddənin tələbini pozaraq belə qənaətə gəlmişdir ki, qətnamə prosessual hüquq normalarının tələblərinə riayət edilməklə qəbul edilmişdir və dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 228.2-ci maddəsi mülkiyyətçiyə məhkəmə qaydasında bazar qiyməti ilə müvafiq kompensasiya verməklə yaşayış sahəsinə istifadə hüququ olan şəxslərin bu hüququna xitam verilməsini tələb etmək imkanı verir. Bu cür mübahisələrə baxarkən məhkəmə iddiaçının mübahisəli yaşayış sahəsinə mülkiyyət hüququna malik olduğunu, hüququna xitam verilməsi tələb olunan şəxslərin yaşayış sahəsindən istifadə hüququnu əldə etdiyini və təklif olunan kompensasiyanın istifadə hüququna malik olan şəxslərin bu hüququna xitam verilməsi üçün yetərli olduğunu müəyyən etməlidir. Baxılan iş üzrə mübahisəli mənzilin mülkiyyətçisi olan iddiaçı gəlini və nəvələri olan 4 nəfər cavabdehə qarşı 7000 manat kompensasiya ödənilməklə həmin mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə iddia qaldırmışdır. İddiaçı iddia ərizəsində cavabdehlərdən Cavabdeh4 ailə quraraq ər evinə köçdüyü, uzun müddətdir əri ilə birlikdə özlərinə məxsus evdə yaşadıqları, hal-hazırda mübahisəli mənzildə yaşayan digər cavabdehlərlə yola getmədiyi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iş üzrə cavabdeh kimi göstərilən şəxslərdən hansının mübahisəli mənzilə yaşayış sahəsindən istifadə hüququnun mövcud olduğu ilə bağlı hər hansı araşdırma aparmadan belə qənaətə gəlmişdir ki, kompensasiyanın məbləği cavabdehlərə davamlı surətdə və müəyyən müddət daxilində, başqa yerdə, mübahisəli evə xas olan şəraitə oxşar şəraitdə yaşamalarına imkan vermir. Odur ki, iddia əsassızdır və təmin edilməməlidir. Lakin işə baxmış birinci instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini nəzərə almadan və zəruri prosessual hərəkətləri yerinə yetirmədən iddianı təmin etməmiş və bununla bağlı mövqelərini tətbiq edilməli olan maddi hüquq normalarının tələblərinə uyğun əsaslandırmamışdır. Eyni zamanda birinci instansiya məhkəməsi mübahisəli yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün yetərli olan kompensasiyanın məbləğini də müəyyən etməmişdir”. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi eyni zamanda vəkili Vəkil2 ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Təkrar apellyasiya baxışı zamanı Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edərək izahatında əlavə olaraq bildirdi ki, qızı – Cavabdeh4 ailə həyatı qurmuş və mübahisəli mənzildə yaşamır. Təkrar apellyasiya baxışı zamanı Cavabdeh1 nümayəndəsi, onun eyni zamanda digər cavabdehlərin vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edərək, izahatında əlavə olaraq bildirdi ki, 4 ildən çoxdur ki cavabdehlər iddiaçı tərəfindən mübahisəli mənzildən çıxarılmışdır. Hazırda təklif edilən kompensasiyanın məbləği ilə razı deyillər və hesab edir ki, iddia tələbi əsassızdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların tələbləri pozulmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 270-ci maddəsinə əsasən məhkəmə iclasında, habelə məhkəmə iclasından kənar hər bir ayrıca prosessual hərəkət barədə protokol tərtib edilir. İş materiallarından isə görünür ki, xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının vəsatəti əsasında onun vəkilinin iştirakını təmin etmək üçün işə baxılması xx.xx.2021-ci il tarixinə təxirə salınmışdır (1-ci cild, i.v.93). İş üzrə hər hansı məhkəmə iclas protokolu tərtib edilmədən xx.xx.2021-ci il tarixli qətnamə qəbul edilmiş, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məhkəmə iclas protokolları işə əlavə olunmamışdır. Mülki Prosessual Məcəllənin 387.2 və 387.2.7-ci maddələrinə əsasən işdə məhkəmə iclasının protokolu yoxdursa və ya imzalanmamışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Həmin Məcəllənin 387.3-cü maddəsinə əsasən bu Məcəllənin 387.2.1—387.2.9cu maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən xx.xx.2021ci il tarixli və xx.xx.2021-ci il tarixli məhkəmə iclas protokolları tərtib edilməyərək iş materiallarına əlavə edilmədiyindən, həmin hal prosessual pozuntu kimi qəbul edilməklə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İş materiallarında olan qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı X1 anasıdır. İş materiallarında olan Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X4 ilə Cavabdeh1 21 sentyabr 1991-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 31 yanvar 2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan “yaşayış yeri üzrə qeydiyyat haqqında” 06 mart 2020-ci il tarixli arayışdan görünür ki, cavabdehlər ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarından göründüyü kimi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, döngə 2-də yerləşən 3 saylı evdən istifadə hüquqlarına 7000 manat kompensasiya verilməklə xitam verilməsi və cavabdehlərin həmin evdən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbində göstərilən mənzilin real bazar dəyərinin müəyyən olunması məqsədi ilə məhkəmənin 04 sentyabr 2020-ci il tarixli, 2(001)-2685/2020 saylı qərardadına əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilsə də, ekspertizanın keçirilməsi həvalə olunmuş "xxxx" MMC-dən məhkəməyə daxil olmuş 25 dekabr 2020-ci il tarixli məktubda göstərilmişdir ki, ekspertizanın keçirilməsinə şərait yaradılmamışdır. Bununla belə birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən belə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə təklif edilən 7.000 (yeddi min) manat məbləğində pul cavabdehə və övladlarına davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkan verilməsi üçün kifayət hesab edilə bilməz. Həmçinin mübahisəli fərdi yaşayış evinin dəyərinə və yerləşdiyi yerinə görə kompensasiyanın cavabdehə 7.000 (yeddi min) manat məbləğində təklif edilməsini ağlabatan və reallığa uyğun deyil. Buna görə də iddia əsaslı olmadığından təmin edilə bilməz. Halbuki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Göründüyü kimi hazırki vəziyyətdə cavabdehlərə müəyyən müddət daxilində yaşadıqları şəraitlə müqayisədə oxşar başqa yerdə yaşamaq imkanının verilməsi üçün onlara verilməli olan kompensasiyanın məbləği müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi baxışı zamanı mənzilin real bazar dəyərinin müəyyən olunması üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilsə də, ekspertizanın keçirilməsinə şərait yaradılmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı tələbində ilkin olaraq kompensasiya məbləğinin 7000 manat olmasını göstərsə də, əvvəlki apellyasiya baxışı zamanı həmin məbləği 9000 manat, təkrar apellyasiya baxışı zamanı isə yenidən 7000 manat məbləğində qiymətləndirilməsini xahiş etmişdir. Qeyd olunanlarla yanaşı işi yeni apellyasiya baxışa göndərərkən kassasiya instansiyası məhkəməsinin mövqeyini də nəzərə alınaraq təkrar apellyasiya baxışı zamanı ilk olaraq kompensasiya məbləğinin müəyyən edilməsi üçün qiymətləndirmə ekspertizası təyin edilməklə, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, döngə 2-də yerləşən 3 saylı evə baxış keçirilməklə müəyyən edilsin ki, evin giriş qapısından daxil olub sola dönəndən sonra sağ tərəfdə ikinci otağın sahəsi, şəraiti, eyni zamanda ümumi dəhliz və mətbəx kimi istifadə olunan sahələr nəzərə alınmaqla həmin ərazidə oxşar şəraitli yaşayış sahələrinin aylıq kirayə haqqı nə qədər təşkil edir. "xxxx" Hüquq və Qiymətləndirmə Şirkəti tərəfindən təqdim edilmiş 04 may 2022-ci il tarixli hesabatdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, döngə 2-də yerləşən 3 saylıfərdi yaşayış evinin 1 yaşayış otağın, ümumi dəhliz və mətbəx kimi istifadə olunan sahələrin aylıq kirayə haqqı 04 may 2022-ci il tarixə 160 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİİ və İV hissələrinə görə isə, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-cı il tarixli Qərarında bildirmişdir ki, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Göründüyü kimi, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Məhkəmə kollegiyası işin qeyd olunan hallarını, cavabdehlərin istifadə hüquqlarının mülkiyyətçinin mülkiyyətində olan mənzilə müstəqil sərəncam vermək hüququnu məhdudlaşdırdığını, təqdim olunan 7000 manat kompensasiya məbləğinin ədalətli əvəzləşdirmə olduğunu nəzərə alaraq hesab edir ki, kompensasiyanın məbləği cavabdehlərə təklif olunan kompensasiya hesabına davamlı sürətdə və müəyyən müddət daxilində, başqa yerdə, mübahisəli evdən istifadə edilən sahəyə xas olan şəraitə oxşar şəraitdə yaşamalarına imkan verir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən cavabdehə təklif edilən 7.000 (yeddi min) manat məbləğində pulun cavabdehlərə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkan verilməsi üçün kifayət hesab edilə bilməməsi barədə birinci instansiya məhkəməsi düzgün olmayan nəticəyə gəlmişdir. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehlərdən Cavabdeh4 ailə quraraq ər evinə köçdüyü, uzun müddətdir əri ilə birlikdə özlərinə məxsus evdə yaşadıqları, hal-hazırda mübahisəli mənzildə yaşayan digər cavabdehlərlə yola getmədiyi ilə əsaslandırmışdır. Həmin halın mövcudluğu təkrar apellyasiya baxışı zamanı tərəflərin izahatları ilə də təsdiq edilmişdir. Bundan başqa iş materiallarında olan Binəqədi rayon Məhkəməsinin 2(001)-2806/2020 saylı, 19 mart 2020ci il tarixli qətnaməsindən görünür ki, ərizəçilər Cavabdeh1 və qeyriləri məişət zorakılığından qorunmaq üçün uzunmüddətli mühafizə orderinin verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər, iddianın əsaslarından da görünür ki, Cavabdeh4 18 iyul 2019-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və ər evinə gəlin köçmüşdür. Göründüyü kimi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, döngə 2-də yerləşən 3 saylı ev iddiaçının xüsusi mülkiyyətindədir, Cavabdeh4 həmin mənzildə formal olaraq qeydiyyatdadır və Cavabdeh4 18 iyul 2019-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, ər evinə gəlin köçərək onun mübahisəli yaşayış sahəsinə ehtiyacı qalmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107- 2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2011-ci il tarixli Qərarı). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə «istifadə» sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, «istifadə hüququ» ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan «istifadə hüququ» Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Həmin maddədə nəzərdə tutulan «istifadə hüququ»nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan «istifadə hüququ» notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər-hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» 29 mart 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür». Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh4nnın mübahisəli mənzilə münasibətdə ehtiyacı aradan qalxdığından ona münasibətdə istifadə hüququna kompensasiya verilmədən xitam verilməlidir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi cavabdehlərin mübahisəli mənzildən çıxarılmaları hissəsində əsassız olmuşdur. Belə ki, tərəflərin izahatlarına əsasən müəyyən edilmişdir ki, cavabdehlər 4 ilə yaxın bir müddət ərzində mübahisəli mənzildə yaşamamışlar. Göründüyü kimi cavabdehlər mübahisəli mənzildə yaşamadıqlarından iddia tələbinin - cavabdehlərin mübahisəli mənzildən çıxarılmaları hissəsi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulduğundan apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməklə iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumilikdə 7000 manat kompensasiya verilməklə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, döngə 2-də yerləşən 3 saylı evdən istifadə hüquqlarına xitam verilməli, Cavabdeh4 kompensasiya verilməməklə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, döngə 2-də yerləşən 3 saylı evdən istifadə hüquqlarına xitam verilməli, iddia tələbi – Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, döngə 2-də yerləşən 3 saylı evdən çıxarılmaları hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4-cü maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumlarının məbləğləri iddiaçının özünə aid edilməli, qiymətləndirmə ekspertizasının dəyəri olan 150 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 bərabər qaydada tutularaq "xxxx" Hüquq və Qiymətləndirmə Şirkətinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ƏT E TD İ : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-293/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbləri qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumilikdə 7000 (yeddi min) manat kompensasiya verilməklə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, döngə 2-də yerləşən 3 saylı evdən istifadə hüquqlarına xitam verilsin Cavabdeh4 kompensasiya verilməməklə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, döngə 2-də yerləşən 3 saylı evdən istifadə hüquqlarına xitam verilsin. İddia tələbi – cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, döngə 2-də yerləşən 3 saylı evdən çıxarılmaları hissəsində rədd edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumlarının məbləğləri İddiaçı özünə aid edilsin. Qiymətləndirmə ekspertizasının dəyəri olan 150 (bir yüz əlli) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 bərabər qaydada tutularaq "xxxx" Hüquq və Qiymətləndirmə Şirkətinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar