Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1786/2023 31.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “istehlakçı hüquqlarının müdafiəsi tələbi barədə” iddiasına dair hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 14 dekabr 2022-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı özünün, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. Cavabdeh Birliyə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, ona məxsus olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində (Baş Dövlət Yol Polis İdarəsinin inzibati binasının yaxınlığında) yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********50250) qaz sayğacının quraşdırılması öhdəliyinin Birliyin üzərinə qoyulması, cavabdeh Birlik tərəfindən ona əsassız olaraq əlavə sərfiyyat kimi hesablanmış 11.580,80 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, yuxarıda qeyd edilən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Ev cavabdeh Birlik tərəfindən təbii qazla təmin olunur və bununla bağlı həmin ünvanda, yəni küçədə qaz sayğacı quraşdırılmışdır. Bir müddət əvvəl cavabdeh Birliyin əməkdaşları iddiaçıya müraciət edərək bildirmişlər ki, quraşdırılmış həmin sayğac yeni sayğac ilə əvəzləşdirilməlidir. İddiaçı, qaz sayğacını onlara təhvil vermiş, lakin onlar əvvəlki sayğacın yerinə yenisini quraşdırmamış, yeni sayğac quraşdırılanadək qaz xəttini müvəqqəti olaraq rezin boru ilə birləşdirmişlər. Bundan bir qədər sonra isə, iddiaçı, ölkə hüdudlarından kənara getmiş və bir müddət xaricdə olmuşdur. Xaricdən qayıtdıqdan sonra isə iddiaçı evi satmaq istəyəndə ona məlum olmuşdur ki, cavabdeh Birliyin əməkdaşları iddiaçının ölkədən kənarda olmasından istifadə edərək müxtəlif vaxtlarda aktlar tərtib edərək qazdan qanunsuz istifadəyə görə ona müəyyən məbləğdə, cəmi isə 11.580,80 manat məbləğində cərimə hesablamışlar. Halbuki, rezin borunu Birliyin əməkdaşları quraşdırmış, aktlar tərtib edilən vaxtlarda iddiaçı ölkədə olmamış, evində yaşamamış, qazdan istifadə etməmişdir. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, ona məxsus fərdi yaşayış evinə qaz sayğacının quraşdırılması öhdəliyi Birlin üzərinə qoyulmalı, ona əsassız olaraq hesablanmış borc isə silinməlidir.
b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi ünvana keçirilmiş yerində müayinə zamanı həmin ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı, eləcə də qoşulmaya xarakterik əlamətlər aşkar edilməmişdir. Buna görə də, iddia əsaslı hesab edilməlidir.
c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi, borclu şəxsin – iddiaçının təqsirli və qanunazidd davranışı nəticəsində Birliyə vurulmuş maddi zərər üzrə hesablanmış borc məbləğini silməklə iddiaçı tərəfin mülki hüquqi məsuliyyətdən və zərərin əvəzini tam şəkildə ödəmək vəzifəsindən qanunsuz olaraq azad etmişdir. İddiaçı tərəfin qanunsuz çəkdiyi qaz xətti hər dəfəsində Birliyin əməkdaşları tərəfindən dərhal şəbəkədən ayrılmış, təbii qazın verilişi isə dayandırılmışdır. Lakin iddiaçı təkrar-təkrar qaz xəttinə bir neçə dəfə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz şəkildə yenidən istifadə etmişdir. Bundan başqa, Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixə saat 12:30-a iş üzrə yerli baxış təyin etmiş, yerli baxışdan 2 saat sonra saat 14:45-ə məhkəmə baxış iclası təyin etmiş və həmin məhkəmə iclasında cavabdeh Birliyin qanunla müəyyən edilmiş qaydada iştirakını təmin etməyərək Birliyin hüquqlarını, habelə mülki prosessual qanunvericiliyin “çəkişmə” və “tərəflərin bərabərlik” prinsiplərini pozmuşdur. Həmçinin, istehlakçı olan iddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya təşkilatına müraciət etməli və mediasiya sessiyasında iştirak etməli idi. Lakin iddiaçı bu qaydaya əməl etməmişdir. Belə olan halda Rayon Məhkəməsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 29.1-ci maddəsinə uyğun olaraq iddianı baxılmamış saxlamalı idi, lakin bunu etməmişdir. Eyni zamanda Rayon Məhkəməsi nəzərə almamışdır ki, “qaz sayğacının quraşdırılması öhdəliyinin qoyulması barədə” tələbə ümumi məhkəmə tərəfindən deyil, inzibati məhkəmə tərəfindən baxılmalı idi.
d) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat
7. Cavabdeh Birliyin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
8. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi qətnaməsinin əsaslarına uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, Birliyin əməkdaşları ona məxsus evə aid əvvəlki sayğacı çıxardıqdan və qaz xəttini müvəqqəti olaraq rezin boru ilə birləşdirdikdən sonra o, 1 aydan bir qədər az müddət ərzində qazdan istifadə etmiş, sonra isə xaricə getmiş və bu yaxınlarda xaricdən qayıtmışdır. Xaricdən qayıtdıqdan sonra Birlik tərəfindən ona borcun hesablanmasından xəbər tutmuş və iddia ilə məhkəməyə müraciət etmişdir.
e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
9. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni xx.xx.2020-ci il tarixli akt üzrə hesablanmış 252 manat məbləğində borcun silinməsi və bununla bağlı silinməli olan ümumi məbləğin müəyyən edilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməlidir.
10. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçıya məxsus olan fərdi yaşayış evi cavabdeh Birlik tərəfindən təbii qazla təmin olunur, bununla bağlı iddiaçı ilə Birlik arasında qazın alğı-satqısı ilə bağlı müqavilə bağlanmış, həmin ünvanda, yəni küçədə qaz sayğacı quraşdırılmış, iddiaçıya **********50250 abunə kodu verilmişdir.
11. Həmin ünvanda quraşdırılmış qaz sayğacı cavabdeh Birliyin əməkdaşları tərəfindən çıxarılmış və yenisi quraşdırılmamışdır.
12. Birliyin əməkdaşları tərəfindən həmin ünvana ayda 1 dəfə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin ünvanda qaz sayğacından kənar çəkilmiş qanunsuz qaz xətti vasitəsilə təbii qazdan istifadə olunur. Bununla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ilk dəfə xx.xx.2020-ci il tarixdə ******* saylı akt tərtib edilmişdir. Həmin aktla müəyyən edilmişdir ki, həmin ünvanda qanunsuz olaraq istifadə edilmiş təbii qazın həcmi 2.520 kub metr təşkil edir (cild İ, iş v 5-7). İddiaçının ünvanı ilə bağlı isə cavabdeh Birliyin əməkdaşları tərəfindən ümumilikdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 akt tərtib edilmiş və müəyyən edilmişdir ki, həmin ünvanda qanunsuz olaraq istifadə edilmiş təbii qazın cəmi həcmi 115.880 kub metr təşkil edir.
13. Cavabdeh Birlik tərəfindən iddiaçının ünvanına aid tərtib etdiyi və Rayon Məhkəməsinə təqdim olunmuş “Abonentin saldosundan” görünür ki, qeyd edilən aktlara əsasən əlavə sərfiyyat kimi iddiaçıya cəmi 11.580,80 manat borc hesablanmışdır.
14. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1.).
15. Qeyd olunan maddi hüquq normalarının tələblərindən hazırki mübahisənin həllinə və iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərinə yanaşdıqda müəyyən edilir ki, Birliyin əməkdaşları tərəfindən ilk dəfə, yəni xx.xx.2020-ci il tarixdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında iddiaçıya hesablanmış 252 manat əlavə sərfiyyat borcu əsassız hesab edilə bilməz. Belə ki, iddiaçının özünün bildirdiklərinə əsasən müəyyən edilir ki, cavabdeh Birliyin əməkdaşları iddiaçıya məxsus evə aid əvvəlki sayğacı çıxardıqdan və qaz xəttini müvəqqəti olaraq rezin boru ilə birləşdirdikdən sonra o, təbii qazdan təxminən 1 ay ərzində istifadə etmiş, sonra ölkə hüdudlarından kənara getmiş və bu yaxınlarda xaricdən qayıtmışdır.
16. Bunları nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi cavabdeh Birliyin əməkdaşları tərəfindən ilk dəfə, yəni xx.xx.2020-ci il tarixdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən iddiaçıya hesablanmış 252 manat borcu silməkdə səhv, qalan aktlar əsasında hesablanmış borcu silməkdə isə düzgün nəticəyə gəlmişdir.
17. Bununla da, müəyyən edilir ki, apellyasiya şikayətində iddiaçının Birliyə vurulmuş maddi zərərə görə tam həcmdə məsuliyyət daşıması, lakin işə baxmış Rayon Məhkəməsinin iddiaçıya hesablanmış borc məbləğini tam silməklə iddiaçının mülki hüquqi məsuliyyətdən və zərərin əvəzini tam şəkildə ödəmək vəzifəsindən qanunsuz olaraq azad etməsini bildirsə də, bu dəlil yalnız xx.xx.2020-ci il tarixli akta aid hissəsə əsaslıdır.
18. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlilinin digər aktlara aid hissəsi isə əsassızdır. Çünki həmin aktlarda göstərilən faktın iddiaçı tərəfindən törədilməsini sübut etmək yükünü daşıyan cavabdeh Birlik bu halı sübuta yetirə bilməmişdir.
19. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixə saat 12:30-a iş üzrə yerli baxış təyin etmiş, yerli baxışdan 2 saat sonra saat 14:45-ə məhkəmə baxış iclası təyin etmiş və həmin məhkəmə iclasında cavabdeh Birliyin qanunla müəyyən edilmiş qaydada iştirakını təmin etməmişdir.
20. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, yerində müayinə prosessual hərəkət olmaqla işə mahiyyəti üzrə baxılmasına aiddir. Yerində müayinə keçirildikdən sonra məhkəmə baxışının məhkəmə iclas zalında davam etdirilməsi və bu zaman yerində müayinədə iştirak etməmiş şəxslərə bu barədə məlumatın verilməsini müəyyən edən qayda, habelə həmin məhkəmə baxışı iclasında hər hansı bir məhkəmə aktının, o cümlədən işə mahiyyəti üzrə baxılmasının yekunlaşdırılması və iş üzrə yükün məhkəmə aktının – qətnamənin qəbul edilməsini istisna edən qayda Mülki Prosessual Məcəllədə nəzərdə tutulmamışdır.
21. Bu baxımdan Məhkəmə apellyasiya şikayətinin müzakirə edilən bu dəlilini əsassız hesab edir.
22. Apellyasiya şikayətinin növbəti dəlili ondan ibarətdir ki, Rayon Məhkəməsi nəzərə almamışdır ki, “qaz sayğacının quraşdırılması öhdəliyinin qoyulması barədə” tələbə ümumi məhkəmə tərəfindən deyil, inzibati məhkəmə tərəfindən baxılmalı idi.
23. Məhkəmə hesab edir ki, cavabdeh Birliyin bu dəlili əsassızdır. Çünki, artıq qeyd edildiyi kimi iddiaçıya məxsus olan fərdi yaşayış evi cavabdeh Birlik tərəfindən təbii qazla onların arasından bağlanmış “qazın alğı-satqısı ilə bağlı müqaviləyə” əsasən təmin edilir və bunla bağlı Birlik tərəfindən iddiaçıya **********50250 abunə kodu verilmişdir. Belə olan halda müəyyən edilir ki, iddiaçının evində qaz sayğacının quraşdırılması öhdəliyinin Birliyin üzərinə qoyulması iş üzrə tərəflər arasında bağlanmış həmin müqavilənin şərtlərindən, yəni mülki münasibətlərdən irəli gəlir və bu mübahisə publik hüquq münasibətlərinə aid deyil.
24. Bu baxımdan Məhkəmə apellyasiya şikayətinin müzakirə edilən bu dəlilini də əsassız hesab edir.
25. Apellyasiya şikayətinin daha bir dəlili ondan ibarətdir ki, istehlakçı olan iddiaçı, bu kimi iddia ilə məhkəməyə müraciət etməmişdən əvvəl “Qaz təchizatı haqqında” Qanun ilə müəyyən edilmiş qaydada ilkin mediasiya təşkilatına müraciət etməli və mediasiya sessiyasında iştirak etməli idi. Lakin iddiaçı bu qaydaya əməl etməmişdir. Belə olan halda Rayon Məhkəməsi “Mediasiya haqqında” Qanunun 29.1-ci maddəsinə uyğun olaraq iddianı baxılmamış saxlamalı idi, lakin bunu etməmişdir.
26. Bu dəlilin müzakirəsi ilə bağlı Məhkəmə bildirir ki, “Qaz təchizatı haqqında” Qanun 22-1-ci maddəsinə görə, istehlakçı qaz paylayıcısının qərarlarından, digər hərəkət və hərəkətsizliyindən inzibati qaydada və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla məhkəməyə şikayət verə bilər.
27. Yuxarıda artıq qeyd edildiyi kimi, iş üzrə tərəflər arasında yaranmış mübahisə onların arasında bağlanmış “qazın alğı-satqısı ilə bağlı müqavilənin” şərtlərindən, yəni mülki münasibətlərdən irəli gəlir və bu mübahisə publik hüquq münasibətlərinə aid deyil. Belə olan halda hesab edilməlidir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya təşkilatına müraciət etməli və mediasiya sessiyasında iştirak etməli deyildir. Rayon Məhkəməsi iddiaçı tərəfindən cavabdeh Birliyə qarşı irəli sürülmüş bu iddiaya baxmaqda haqlı olmuşdur.
28. Göründüyü kimi, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır.
29. Beləliklə də, apellyasiya baxışının nəticəsini, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 119, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 dekabr 2022-ci il tarixli qətnamə qismən, yəni “xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə İddiaçı hesablanmış 252 manat məbləğində borcun silinməsi və bununla bağlı silinməli olan ümumi məbləğin müəyyən edilməsi” hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddianın “xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə hesablanmış 252 manat məbləğində borcun silinməsi barədə” hissəsi təmin edilməsin. Müəyyən edilsin ki, İddiaçı Cavabdeh tərəfindən hesablanmış borcun silinməli olan ümumi məbləğ 11.328 (on bir min üç yüz iyirmi səkkiz) manat 80 (səksən) qəpik təşkil edir. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.