Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1787/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi olmaqla, Cavabdeh qarşı iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edillməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3341/2023 nömrəli iş üzrə 28 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitənin alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı “Mercedes Benz GLE 53 AMG 4 matic coupe minik" markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobili 100.000 manata cavabdehə satmışdır.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-13-16/2-90927/2023 saylı məktubla məhkəməyə təqdim edilmiş komputer çıxarışından görünür ki, “Mercedes Benz GLE 53 AMG 4 matic coupe minik" markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə iddiaçının adına qeydiyyatına alınmış, xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında cavabdehin adına qeydiyyata alınmışdır.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/1633 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin mülki işin 57-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsində "Hədiyyə alan" qrafasındakı imza, 58-59-cu vərəqələrində olan xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsində "Hədiyyə verən" qrafasındakı imza və 5-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli etibarnamədə “İmza" qrafasındakı imza - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 57-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsində “Hədiyyə alan" qrafasındakı imza, mülki işin 58-59-cu vərəqələrində olan xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsində “Hədiyyə verən” qrafasındakı imza, 5-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli etibarnamədə "İmza" qrafasındakı imza ilə 53-cü vərəqəsində olan 09 sentyabr 2022-ci il tarixli “nəqliyyat vasitəsinin qeydiyyatdan çıxarılmasına dair ərizədə “Şəxsin imzası" qrafasındakı imza - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi olmaqla, Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edillməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının “Mercedes Benz GLE 53” markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehə satılmasına dair xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında 2021-ci ildən aralarında sevgi münasibətləri yaranmış və daha sonra bu sevgi münasibətləri daha da ciddiləşərək qeyri-rəsmi ər-arvad münasibətlərinə çevrilmişdir. 2022-ci ilin mart ayında cavabdehə “Mercedes Benz GLE 53” markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobili hədiyə etmişdir. Lakin xx.xx.2022-ci il tarixdə aralarında olan münasibətlər pozulduğundan cavabdeh öz minvalında iddiaçı tərəfindən ona hədiyə edilmiş “Mercedes Benz GLE 53” markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobili ona geri qaytarmış və avtomobil onun adına rəsmiləşdirilmişdir. Bundan sonra 2022-ci ilin sentyabr ayında onunla cavabdeh arasında münasibətlər bərpa edilmiş və bu səbəbdən mülkiyyətçisi olduğu avtomobili cavabdehin istifadəsinə qaytarmışdır. 2023-cü ilin may aylarında aralarında baş vermiş mübahisə nəticəsində məlum olmuşdur ki, “Mercedes Benz GLE 53" markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən cavabdehin mülkiyyətinə alqısatqı müqaviləsi əsasında rəsmiləşdirilmişdir. Halbuki, həmin alğı-satqıda iştirak etməmiş, hər hansı alğı-satqı müqaviləsini bağlamamış və ümumiyyətlə həmin avtomobilə dair cavabdehdən pul vəsaiti almamışdır. xx.xx.2022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsindən sorğu vasitəsilə istənilmiş, lakin həmin qurum tərəfindən sorğusuna müsbət cavab verilməmişdir. Lakin, xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi onun tərəfindən imzalanmamış və ümumiyyətlə həmin vaxt Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsində iştirak etməmişdir. Həmin bağlanmış alğı-satqı nəticəsində alğı-satqı müqaviləsinin predmeti olan avtomobilin dəyərini qəbul etməmişdir. Sadəcə avtomobili idarə edilməsi üçün cavabdehə vermiş və onunla hər hansı alğı-satqı müqaviləsi bağlamaq niyyəti olmamışdır.
5. Birinci instansiya məhkəməsində ekspert X3 ifadəsində bildirmişdir ki, ekspertizaya təqdim edilmiş sənədlər mötəbərliyi sübut olunmuş sənədlərdir. İş materiallarının 52-ci səhifəsindəki nəqliyyat alqı-satqısı ilə bağlı müqaviləsində imza mövcud deyil. Qeyd edilən müqavilədə alıcı və satıcıya məxsus iki qrafa mövcuddur. Alıcı başqa şəxs olduğundan onun imzasını tədqiq etməmişdir. Qeyd edilən müqavilədəki iddiaçıya məxsus olan ad və soyad yazısı imza sayılmır, çünki digər sənədlərdə iddiaçıya məxsus olan formalaşmış imzaları mövcuddur.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3341/2023 nömrəli iş üzrə 28 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddianın təmin edilməsi, İddiaçı “Mercedes Benz GLE 53 AMG 4 matic coupe minik" markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh satılmasına dair xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitənin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilməsi, iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 110 manat məbləğində ekspertiza xərclərinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X2, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337.1, 337.4, 389.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 7.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının qeyd olunan avtomobili cavabdehə hədiyyə etməsi barədə iddiasında göstərdikləri tam yalandır. Belə ki, cavabdeh həmin avtomobili 2022-ci ildə mülkiyyətində olan avtomobili sataraq anası ilə köməkləşib almışdır. Birgə yaşadıqları müddətdə iddiaçı cavabdehə mütəmadi olaraq işgəncə verərək öldürəcəyi ilə hədələdiyi üçün onu öldürməməsi üçün mülkiyyətində olan həmin avtomobili xx.xx.2022-ci il tarixdə əvəzsiz olaraq iddiaçının adına keçirməyə məcbur olmuşdur. Lakin iddiaçının bundan sonra israrla üzr istəməsindən sonra iddiaçının öz təşəbbüsü ilə xx.xx.2022-ci il tarixdə birlikdə AR DİN BDYPİ Qİİ-nə getmiş və o alqı-satqı müqaviləsinə şəxsən imza etməklə avtomobili yenidən cavabdehin mülkiyyətinə qaytarmışdır. Avtomobilin texniki pasportu nə iddiaçının, nə də cavabdehin adına dəyişdirilərkən heç biri pul ödəməmişik. İddiaçının mülkiyyətində olan avtomobili alqı-satqı müqaviləsi bağlamaq yolu ilə Cavabdeh mülkiyyətinə keçirməməsi, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin onun tərəfindən imzalanmaması və ümumiyyətlə həmin vaxt Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin Dİİ-də iştirak etməməsi barədə bildirdikləri yalan olmaqla işin faktiki halları ilə təkzib olunur. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli 4/1633 saylı ekspert rəyi natamam olmaqla mötəbər sübut kimi qəbul edilə bilməz. İddiaçının xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsində imza qrafasının qarşısında əli ilə yazdığı soy adı və adı, onun işin materiallarında olan digər rəsmi sənədlərdə əli ilə yazdığı soy adı və adı ilə qarşılıqlı surətdə ekspert tərəfindən yoxlanılmamış, həm avtomobilin alqı-satqı müqaviləsində satıcı qrafasında, həm də 28 oktyabr 2022-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsində atası Hüseynov Hikmətin nümayəndəsi kimi imzasının qarşısında şəxsən öz xətti ilə yazdığı “İddiaçı” sözlərinin onun tərəfindən icra olunub olunmaması ekspert tərəfindən tədqiq edilməmişdir. Odur ki, əlavə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilsin, ekspertizanın keçirilməsi başqa ekspertə həvalə edilsin. Bundan başqa, iddiaçının avtomobili cavabdehin mülkiyyətinə deyil, istifadəsinə verməsi barədə bildirdiklərinin yalan olması o faktla da öz təsdiqini tapır ki, avtomobilin cavabdehin faktiki idarəetməsində olduğu xx.xx.2022xx.xx.2023-cü il tarixlərdə yol hərəkəti qaydalarını pozmağıyla əlaqədar 050 *** ** ** saylı mobil telefona SMS Radar məlumatları ilə gələn cərimələr iddiaçı tərəfindən istifadəsində olan telefondan istifadə etməklə ödənilmişdir. Cərimələrin kimə məxsus bank kartından ödənilməsi barədə məlumatlar AR DİN Baş X10i İdarəsindən tələb edilib alınsın.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, avtomobilin ilkin olaraq iddiaçı tərəfindən alınması barədə iş materiallarında hər hansı sübut yoxdur. Mübahisələndirilən avtomobil cavabdeh və onun anasının vəsaiti hesabına əldə olunub. Nəzərə alınmalıdır ki, cavabdehin daha əvvəl də bahalı avtomobilləri olmuşdur, avtomobilinin satılmasından əldə olunan vəsait və anasının maddi köməkliyi ilə hazırkı iddia predmeti avtomobil əldə olunmuşdur. Avtomobilin üzərində olan nömrə tərəflərin münasibəti olmazdan öncə cavabdehə məxsus olmuşdur. Buna baxmayaraq, iddiaçı avtomobilin qeyd olunan nömrə ilə cavabdehə onun tərəfindən hədiyyə olunduğunu iddia edir. Həmçinin, iddiaçının etibarnamə əsasında avtomobili cavabdehin yalnız istifadəsinə verməsi də düzgün deyil. İş materiallarında belə bir etibarnamə mövcud deyil. Cavabdeh tərəfin birinci instansiya məhkəməsində iştirakı təmin olunmayıb, bu isə qiyabi qətnamənin çıxarılması üçün əsasdır. Həmçinin, mübahisələndirilən avtomobilin alğı-satqısına dair müqavilədə tərəflərin imzalarına dair keçirilmiş ekspertiza ilə bağlı ekspert Ülviyyə Ağayeva bildirmişdir ki, müqavilədə Hüseynzadə Ziyanın imzası olmadığı üçün ad soyad qrafasına yazılmış ad və soyad yazılarının kim tərəfindən icra olunması onun tərəfindən araşdırılmamışdır. Lakin, adi gözlə müqayisə edildikdə bu yazıların iddiaçıya aid olduğu məlum olur, müqavilənin bağlandığı tarixdə iddiaçının DİN BDYPİ-nin yaxınlığında olması tərəflərlə bağlı olan cinayət işinin materialları ilə (telefon anten siqnalı ilə) təsdiq olunur. İddiaçının müqaviləni imzalamaması onun müqavilənin bağlanmasında iştirak etməməsi demək deyil. Mümkündür ki, müqavilənin rəsmiləşdirilməsində iştirak edən polis əməkdaşı ad və soyadın yazılmasına baxaraq imzanın olmamasına diqqət yetirməyib. Bununla bağlı əlavə vəsatət verərək ekspertiza təyin olunması xahiş edilsə də, hazırda iddiaçı tərəf müqavilədəki yazının iddiaçı tərəfindən icra edildiyini qəbul etdiyindən vəsatətdən imtina edir. Suallara cavab olaraq isə bildirdi ki, nəqliyyat vasitəsinin Ziya Hüseynzadənin mülkiyyətinə verilərkən və bir həftə sonra yenidən Raziyyət Əliyevanın mülkiyyətinə verilərkən tərəflər arasında hər hansı pul vəsaiti ödənişi olmayıb. Müqavilədə göstərilən 100000 manat məbləğ formal olaraq göstərilib, tərəflərin heç biri digərinə ödəniş etməyib.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı Ziya Hüseynzadə xx.xx.2022-ci il tarixli müqavilədə olan ad soyadı həqiqətən özü yazmış, müqavilənin bağlanması üçün inzibati binada olmuş, apellyasiya şikayətinin dəlili olaraq qeyd olunan hallar iddiaçı tərəfindən təkzib olunmamışdır. Odur ki, cavabdeh tərəfin vəsatətinin təmin olunmasına zərurət aradan qalxır. Nəzərə çatdırılır ki, iddiaçı tərəfindən müqavilə imzalanmayıb, belə ki, razılaşdırılmış pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya verilməyib, bu səbəblə iddiaçı alğı-satqı müqaviləsinin bağlanmasından imtina edib, idarəni tərk edib. Lakin DİN BDYPİ və cavabdeh tərəf alğısatqı müqaviləsinin bağlanmasının rəsmiləşdirilməsinə davam etmiş, nəqliyyat vasitəsinin şəxsin adından qeydiyyatdan çıxarmağa dair vacib əhəmiyyətli ərizədə iddiaçının imzası saxtalaşdırılmış, saxta imza səhv yerə icra olunmuşdur. Ərizədə olan imzanın saxtalaşdırılması ekspert tərəfindən təsdiq olunmuşdur. X8 müqavilə bağlanan və ərizə yazılan vaxt müvafiq qaydada imza edirdisə, eyni qaydada edərdi. Göründüyü kimi, müqavilədə yalnız tərəfin ad soyadı qeyd olunmuş, ərizədə isə yalnız imza mövcuddur. BDYPİ əməkdaşı saxta imzadan istifadə edərək prosesi davam etdirmiş, alğı-satqını icra etmişlər. Cavabdehin nümayəndəsi də hər hansı pul vəsaitinin verilmədiyini bildirir. Qeyd olunmalıdır ki, alğı-satqı müqaviləsinə əsasən, bir tərəfin pul vəsaiti ödəməsi ilə digər tərəfin üzərinə nəqliyyat vasitəsinin verilməsi düşür. 100.000 manat məbləğin müqavilədə əks olunmasının formal olması işin mübahisələndirilməyən halıdır. Belə ki, avtomobilin dəyəri 100.000 manat deyil, 185.000 manat təşkil edir. Cinayət işi ilə bağlı keçirilən qiymətləndirmədə bu hal öz əksini tapmışdır. Odur ki, apellyasiya şikayətinin dəlilləri tamamilə əsassızdır.
13. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
14. 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
15. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
16. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
17. 389.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır və ya iradə ifadəsidir.
18. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Hazırki halda, cavabdeh qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3341/2023 nömrəli iş üzrə 28 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur.
29. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.
30. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.
31. Yuxarıda qeyd olunan plenum qərarında həmçinin qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin predmetini tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitənin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi təşkil edir və buna görə də əqdin etibarlı olması üçün şərtlərin mövcud olmamasına diqqət yetirilməlidir. Hazırkı tələb üzrə qeyd olunan şərtlərdən biri - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərt mübahisələndirilir və mübahisənin də əsasını o, təşkil edir ki, xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitənin alqı-satqı müqaviləsi iddiaçı tərəfindən imzalanmamışdır, yəni, əqdin bağlanmasında onun iradə ifadəsi mövcud deyildir.
33. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 3341/2023 saylı qərardadına əsasən müqavilədəki imzanın iddiaçıya məxsus olub olmamasının müəyyən etmək üçün məhkəmə - xətşünaslıq ekspertizası təyin edilmişdir.
34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/1633 saylı ekspert rəyində qeyd olunmuşdur ki, mülki işin 57-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsində “Hədiyyə alan" qrafasındakı imza, mülki işin 58-59-cu vərəqələrində olan xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsində “Hədiyyə verən” qrafasındakı imza, 5-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli etibarnamədə "İmza" qrafasındakı imza ilə 53cü vərəqəsində olan 09 sentyabr 2022-ci il tarixli “nəqliyyat vasitəsinin qeydiyyatdan çıxarılmasına dair ərizədə “Şəxsin imzası" qrafasındakı imza - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur.
35. Eyni zamanda ekspert məhkəmə iclasında verdiyi ifadəsində qeyd etmişdir ki, müqavilədəki iddiaçıya məxsus olan ad və soyad yazısı imza sayılmır, çünki digər sənədlərdə iddiaçıya məxsus olan formalaşmış imzaları mövcuddur.
36. Ekspert rəyinə əsasən müəyyən olunur ki, müqavilənin bağlanmasına iddiaçının iradə ifadəsi mövcud deyildir və qeyd olunan xüsusat əqdin etibarsızlığı üçün əsasdır.
37. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, tərəflər arasında mübahisələndirilən avtomobilin alğı-satqısı zamanı cavabdeh tərəfindən iddiaçıya hər hansı vəsait ödənilmədiyi işin mübahisələndirilməyən halıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında iştirak edən hər iki tərəfin nümayəndəsi (vəkili) bu halı öz izahatlarında təsdiq etmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
38. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqazidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir.
39. Məhkəmə kollegiyasının qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
40. Göründüyü kimi, hazırkı işin hallarından müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli nəqliyyat vasitənin alqı-satqı müqaviləsi formal olaraq bağlanılmış, yəni cavabdeh tərəfindən iddiaçıya hər hansı pul vəsaiti ödənilməmiş və əqd bağlanan zaman arzu edilən hüquqi nəticə baş verməmişdir. Bu halda isə tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarlılığından söhbət gedə bilməz.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər diqqətəlayiq halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
43. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3341/2023 nömrəli iş üzrə 28 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.