Məhkəmə qərarları › İş №2(103)-1788/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1788/2023

09.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1788/2023 09.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı və Cavabdeh İddiaçı qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi, borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı borcun ödənilməsi barəsində qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5109/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi hazırda iddiaçıya məxsusdur.

2. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, “Smart” tipli “G4” markalı sayğac çıxarılaraq “Smart” tipli “G4” markalı **********702 №-li sayğac ilə əvəz edilmişdir.

3. “Təbii X4nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı aktların surətindən görünür ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkar edilmişdir.

4. Abonent saldosundan görünür ki, İddiaçı 2022-ci ildə 3075,84 manat məbləğində borc hesablanmışdır.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı – ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00051) əsassız olaraq hesablanmış 3075,84 manat borcun Cavabdeh İB tərəfindən silinməsi barədə ilkin iddia ərizə ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı Cavabdeh İddiaçı qarşı – ilkin iddia üzrə İddiaçı iddia ərizəsinin rədd edilməsi və qarşılıqlı iddia üzrə Cavabdehnə vurulmuş zərərin ümumilikdə 3075,84 manat məbləğində pulun cavabdeh İddiaçı məcbubi qaydada tutularaq iddiaçı Azəriqaz” İstehsalat Birliyinin Azərbaycan X3 şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ**********0000002944, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi hazırda iddiaçıya məxsusdur. İddiaçı məlumat üçün bildirir ki, uzun müddət həmin ünvanda yaşayış olmamış, qaz sayğacı isə xeyli müddətdir ki, quraşdırılmışdır. 15 iyun 2022-ci ildə mülkiyyətçisi olduğu ünvana aid qaz sayğacı koda bərpa olunmuşdur. Bu barədə Cavabdeh İB-nin nümayəndələri tərəfindən “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” AKT tərtib edilmişdir. 22 iyun 2022-ci il tarixdə cavadeh təşkilat tərəfindən verilmiş abonent saldosuna əsasən ona məlum olmuşdur ki, yekun borc 3075,84 manat təşkil etmiş, araşdırma aparıldıqdan sonra ona bildirilmişdir ki, qaz sayğacından qeyri-qanuni istifadə edilmişdir. İddiaçı bildirir ki, həmin ünvanda təbii qazdan istifadəyə görə yaranmış borclar ayba-ay gecikdirilmədən ödənilmiş və qaz xəttinə hər-hansı kənar müdaxilə edilməmişdir. İndiyə qədər təbii qaza görə yaranmış borcla hər hansı mübahisə yaşanmamışdır. Çünki, iddiaçı istehlakçı olaraq öz üstünə düşən öhdəlikləri yerinə yetirmiş və istifadə etdiyi təbii qaza görə dövlətə olan borcunu ödəmişdir. Bundan baqa iddiaçı və ya ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə və ya digər təsir edilməmişdir.

8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona hesablanmış 3075.84 (üç min yetmiş beş manat səksən dörd qəpik) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh ilə abonent İddiaçı ilə (bundan sonra – cavabdeh) arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Cavabdeh İB abonent İddiaçı məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Cavabdeh İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00051 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G4 markalı qaz sayğacı quraşdırılmışdır. Abonent yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacı olmadan özbaşına olaraq rezin boru vasitəsilə qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə abonentin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən abonent tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Abonentin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, 2022-ci ilin yanvar ayında 1347.84 manat; 2022-ci ilin fevral ayında 457.92 manat; 2022-ci ilin mart ayında 354.24 manat; 2022-ci ilin may ayında 915.84 manat; cəmi 3075.84 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar qarşılıqlı iddia ərizəsinə əlavə edilir). Abonent tərəfindən Cavabdeh İB-yə ödənilməli borc məbləği abonent Saldosu üzrə hazırda ümumi olaraq 3075.84 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin abonent tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İByə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Daha sonra abonent İddiaçı (bundan sonra – Cavabdeh) Xətai Rayon Məhkəməsinə «aktın qanunsuz hesab edilməsi və cərimənin silinməsi»tələbinə dair iddia ərizəsi ilə müraciət edərək “Təbii X4nın pozulması haqqında aktların ləğv edilməsi və 3075.84 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hal-hazırda qeyd olunan iddia ərizəsi üzrə 2(011)-5109/2022 saylı mülki iş məhkəmə baxışındadır.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5109/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Hacıyeva) ilkin iddia qismən təmin edilmiş, ünvan 1 ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu: **********00051olan) hesablanmış 2972,16 (iki min doqquz yüz yetmiş iki manat on altı qəpik) manat məbləğində borcun silinməsi, Cavabdehndən 49,72 (qırx doqquz manat yetmiş iki qəpik) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmiş, ilkin iddia qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia rədd edilmişdir.

10. Məhkəmə mövqeyini aşağıdakı formada əsaslandırmışdır:

11. ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Ş.Dadaşov tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilməsi etiraf edilsə də, lakin məhkəmə Cavabdeh İB tərəfindən itirilmiş qaz sərfiyyatının bərpası məqsədilə hesabatın aparılması qaydasını və hesablanmış borcun məbləğini düzgün və ədalətli hesab etmir.

12. İlkin iddia üzrə cavabdehin qarşılıqlı iddia üzrə iddiaçının nümayəndələri tərəfindən itirilmiş qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansı miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür;

13. Cavabdeh tərəfindən qanunsuz qaz xətti aşkar edildikdə, onun dərhal şəbəkədən ayrılmasını, qazın verilməsinin dayandırılması və dəymiş zərərin ödənilməsini dərhal cavabdehdən tələb edilməsi barədə qanunvericiliyin imperativ tələbinə riayət edilməsi iş materialları ilə müəyyən edilmir;

14. Qarşılıqlı iddia üzrə iddiaçı qeyd olunan dövrdə iddiaçının sayğac vasitəsilə hansısa həcmdə qaz istehlak etdiyinə dair də məhkəməyə sübut təqdim etməmişdir. Buna görə də, qarşılıqlı iddia üzrə cavabdehin qeyd olunan məbləğdə qaz istehlak etməsi də inandırıcı və ağlabatan görünmür;

15. Belə ki, məhkəmə iş materiallarını araşdırarkən Cavabdeh cəriməni hansı hesablama qaydaları ilə apardığına, yəni heç bir hesablama düsturuna rast gəlmədiyindən, ümumiyyətlə belə bir düsturun mövcudluğunu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim olunmadığından, məhkəmə saldoda göstərilən yalnız 1 ədəd 4 gözlü istifadəyə görə İddiaçı tərəfindən 103,68 manat məbləğində təbii qazdan istifadə edilməsini ağlabatan hesab edir. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə cavabdehdən 3075,84 manat məbləğində cərimənin tələb edilməsi qeyri-realdır;

16. Məhkəmə sonda hesab etmişdir ki, iddia tələbi göstərilən hissədə qismən təmin edilərək, 2 ay ərzində günün 12 saatı qazdan istifadə edilməsi nəzərə alındıqda, İddiaçı cəmi 103,68 manat məbləğində cərimə borcu hesablanmalı və Cavabdeh tərəfindən İddiaçı hesablanmış 2972,16 manat məbləğində borc silinməlidir.

17. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”nın 4.2, 4.8, 4.9, 5.2-ci bəndlərinə, AR Mülki Məcəlləsinin 425.1, 448.2-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə, habelə MPM-nin 14.2, 77.1 və 106.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

18. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli 2(011)- 5109/2022 saylı qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar qarşılıqlı iddiaçıCavabdeh İB tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddiaçı Cavabdeh İB-nin hesabına ödənilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı, Cavabdeh İB-dən texniki şərt almadan podratçı təşkilatlar vasitəsilə Cavabdeh İB-nə məxsus ümumi qazpaylayıcı küçə qaz xəttindən fərdi yaşayış evinə xüsusi qaz xətti çəkdirmiş, lakin həmin qaz xəttinə qaz sayğacı quraşdırılmadan və Cavabdeh İB ilə qazın alqı-satqısı barədə müqavilə bağlamadan kustar üsulla rezin qaz şlanqı vasitəsilə qazdan özbaşına istifadə etməklə yaşadığı ünvan 3 ünvanında yerləşən ona məxsus iki mərtəbəli fərdi yaşayış evinə qanunsuz qaz xətti çəkmiş, təbii qazdan 01/2022-ci il tarixindən 05/2022-ci il tarixinə kimi qanunsuz istifadə etməklə Cavabdeh İB-yə 04 ədəd akt əsasında 3075,84 manat məbləğində maddi zərər vurmuşdur. Xətai Rayon Məhkəməsi, iddiaçı tərəfin təqsirli və qanunazidd hərəkətləri nəticəsində cavabdeh təşkilata vurulmuş maddi zərər üzrə hesablanmış borc məbləğinin böyük qismini qanunsuz olaraq silmiş, iş üzrə əhəmiyyətli halları düzgün müəyyən etməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə, borclu şəxsin qanunazidd davranışı nəticəsində Cavabdeh İByə vurulmuş maddi zərər üzrə hesablanmış borc məbləğinin böyük bir qismini silməklə iddiaçı tərəfi mülki hüquqi məsuliyyətdən və zərərin əvəzini tam şəkildə ödəmək vəzifəsindən qanunsuz olaraq azad etmişdir. İddiaçı şəxs tərəfindən Cavabdeh İB-yə vurulmuş maddi zərərin əvəzi qanunvericiliyə uyğun olaraq ondan tələb edildiyindən və ona veriləcək təbii qazın axımı Cavabdeh İB tərəfindən dayandırıldığından, abonent təkrar-təkrar qaz xəttinə 04 dəfə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz şəkildə yenidən istifadə etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən tələblərdən birinə əməl edilmədən istehlakçı tərəfindən məhkəməyə müraciət edildiyi üçün, müraciət məhkəmə tərəfindən baxılmamış saxlanmalı idi. Lakin, mülki prosessual qanunvericiliyin, eləcə də “Qaz təchizatı haqqında” və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri məhkəmə tərəfindən pozulmuşdur. Xətai Rayon Məhkəməsi təbii qazdan istifadəyə görə yaranmış borcları iddiaçı tərəfin aybaay gecikdirmədən ödəyib-ödəməməsini araşdırmamışdır. Məhkəmə mülki işə əlavə olunmuş, üzərində çəkilmə saatı, tarixi və koordinatları əks olunmuş fotoşəkillərin tədqiqatını aparmamış, onları sübut qismində qiymətləndirməmiş və “fotoşəkillərdə göstərilən şəraitdə” abonentin qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə edibetməməsinin mümkünlük tədqiqatını araşdırmamışdır. Xətai Rayon Məhkəməsi iddiaçı tərəfin ünvanına qaz sayğacının və ya sayğaclarının nə zaman quraşdırılmış olduğunu, qaz sayğacı quraşdırılana kimi iddiaçının təbii qazdan necə istifadə etmiş olduğunu, tərəflər arasında qazın alqı-satqısına dair müqavilənin nə zaman bağlanmış olduğunu araşdırmamış, bu barədə sübutları təqdim etməyi tərəflərə təklif etməmişdir. Məhkəmə mühasibatlıq və əmtəəşünaslıq sahəsində mütəxəssis və ya ekspert olmamasına baxmayaraq, iddiaçı tərəfin ona məxsus 2 mərtəbəli fərdi yaşayış evində yalnız 4 gözlü qaz peçindən 12 saat müddətinə olmaqla qazdan qanunsuz istifadə etməsini 103,68 manat dəyərində ağlabatan şəkildə müəyyən etmiş, apardığı riyazi hesablamanın açıqlamasını qətnamədə göstərməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər, işə AR MPM-in 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

25. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

26. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

27. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 29.1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 30.1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 31.1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun

32. 6.2-ci maddəsi üzrə bilərəkdən (qəsdən) qaz qurğu sahibindən icazəsiz qaz alan cavabdeh şəxs, qaz qurğusu sahibinə vurmuş zərərin əvəzini ödəmək vəzifəsi daşıyır.

33. 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

34. 22-ci maddəsinə əsasən Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş“X4”nın:

35. 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

36. 3.4.1-cü bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır.

37. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır.

38. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir.

39. 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

40. 6.5-6.7-ci bəndələrinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

41. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

42. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

43. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

47. 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

48. 385.1.4-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

49. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir.

50. İlk növbədə qeyd edilməlidir ki, hazırkı mülki iş üzrə ilk iddiaçının tələbi ona əsassız hesablanmış borcun silinməsi, qarşılıqlı iddia tələbi isə qeyd edilən borc məbləğinin ilk iddiaçıdan tutulması ilə bağlı olmuşdur. Göründüyü kimi, qarşılıqlı iddia tələbi əslində ilk iddianın qarşılıqlı ödənilməsinə dair olmuşdur. Lakin birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin edərkən, faktiki olaraq ilk iddiaçıya hesablanmış borcun bir hissəsini (103,68 manat) əsaslı hesab etsə də, qarşılıqlı iddianı həmin məbləğdə qismən təmin etməli olduğu halda, bunu etməmiş, qarşılıqlı iddianın tam rədd edilməsi barədə nəticəyə gəlmişdir.

51. Bununla da, məhkəmənin gəldiyi nəticə iş üzrə məhkəmənin müəyyən etdiyi hallara uyğun olmamışdır.

52. Bundan başqa qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi ilk iddiaçıya hesablanmış borcun yalnız 2 ay ərzində 1 ədəd PQ-4 markalı qaz cihazına görə gündə 12 saat qazdan istifadə edilməsi nəzərə alınmaqla, cəmi 103,68 manat borcun olmasını ağlabatan hesab etsə də, bu məbləğin hansı qaydada hesablandığını əsaslandırmamışdır.

53. Belə ki, iş materiallarında olan qaz paylayıcısı tərəfindən tərtib edilmiş tələbnamələrdə PQ-4 markalı qaz cihazının saatlıq qaz sərfinin 1,2 m3 olduğu göstərilmişdir. Həmin qaz cihazının saatlıq qaz sərfinin bu mqdarda olduğu qəbul edilsə, qazın 1 m3-nin qiymətinin 10 qəpik hesabı ilə hesablanması nəzərə alınmalqla, 2 aya görə qazın sərfiyyatı (1,2 m3 x 60 gün x 12 saat) 86,4 manat təşkil etmiş olardı.

54. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həm ilk iddianın qismən təmin edilməsi, həm də qarşılıqlı iddianın rədd edilməsi hissələrində əsaslandırılmamışdır.

55. İş materiallarından müəyyən edilir ki, ilk iddiaçıya məxsus olmuş ünvan qaz sayğacı ilə təmin edilmiş, xx.xx.2020-ci və xx.xx.2021-ci il tarixlərdə sayğaclar dəyişdirilmiş, sonuncu dəfə isə həmin ünvanda sayğac xx.xx.2022-ci ildə quraşdırılmışdır.

56. İddiaçıya hesablanmış 3075,84 manat borc məbləği onun qaz xəttinə sayğacdan kənar qoşulmaqla qazdan qanunsuz istifadə etməsi barədə tərtib edilmiş aktlar əsasında hesablanmışdır.

57. Qeyd edilən aktlar 2022-ci ilin yanvar-may aylarını əhatə edən dovrdə tərtib edilmişdir.

58. İlk iddiaçı onun uzun müddət həmin ünvanda yaşayış olmadığını, həmin ünvanda əvvəllər quraşdırılmış qaz sayğacı olduğunu, sonuncu dəfə isə xx.xx.2022-ci ildə abonent kodunun bərpa edildiyini bildirmişdir.

59. Qarşılıqlı iddiaçı isə buna etiraz edərək bildirmişdir ki, ilk iddiaçı qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulmaqla qazı talamış, məhz bu səbəbdən ona ümumilikdə 4 akt üzrə 3075,84 manat borc hesablanmışdır.

60. Tərəflərin verdikləri məlumatlardan, habelə qarşılıqlı iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdən belə müəyyən olunur ki, 2022-ci ilin yanvar-may ayları ərzində ilk iddiaçıya məxsus mübahisəli ünvanda sayğac mövcud olmamış, bu səbəbdən sayğacın söküldüyü qaz boruları rezin şlanq vasitəsilə bir-birinə qoşulmuşdur.

61. “X4”nın tələblərinə əsasən evdən kənarda quraşdırılmış qaz sayğacının saz vəziyyətdə saxlanılması öhdəliyini qaz paylayıcısı daşıdığından, həmin sayğacın çıxarılmasına görə abonentin təqsiri sübuta yetirilməyənə qədər bununla bağlı məsuliyyət də qaz paylayıcısının üzərinə düşür.

62. Həmin Qaydaların tələblərinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması məqsədilə qaz sayğacı çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

63. Göründüyü kimi, ilk iddiaçıya məxsus olmuş ünvanda qaz sayğacının hansı səbəbdən çıxarılması, habelə bununla bağlı abonentin təqsiri müəyyən edilmədiyindən, qarşılıqlı iddiaçı abonentə qazın verilişini dayandırmamalı, istifadə edilmiş qazın dəyərini isə əvvəlki ayın orta gündəlik sərfinə uyğun olaraq aparmalı idi.

64. Lakin qaz paylayıcısı olan Cavabdeh İB QSC-nin nümayəndələri qazın verilişinin dayandırmamasına və hesabatın əvvəlki ayın orta sərfiyyatla aparılmalı olmasına dair “X4”nın tələblərinə əməl etməmiş, bunun əvəzində sayğacın söküldüyü nöqtədə qaz xəttinə rezin şlanqla qoşulduğuna görə abonentə qazdan qanunsuz istifadə etməsi ilə bağlı qanunverciliyin tələblərinə cavab verməyən aktlar tərtib etmişdir.

65. Bu səbəbdən kollegiya hesab edir ki, həmin aktlar əsasında dəymiş ziyanın məbləğinin hesablanması düzgün olmamışdır.

66. Kollegiyanın qənaətinə görə, vurulmuş ziyanın məbləği əvvəlki ayların orta sərfiyyatına uyğun olaraq hesablanmalıdır.

67. İş materiallarında olan abonent saldosundan görünür ki, ilk iddiaçıya məxsus ünvanda qazdan istifadəyə görə sonuncu 1 ay üzrə ödəniş xx.xx.2022-ci ildə 33,52 manat həcmində olmuşdur.

68. İlk iddiaçının qazdan 5 ay ərzində sayğac olmadan istifadə etməsi nəzərə alınmaqla, dəymiş zərərin məbləği 167,60 manat (33,52 manat x 5 ay) müəyyən edilir.

69. Bununla da, həm ilk iddiaçının, həm də qarşılıqlı iddiaçının tələblərinin qismən əsaslı olması müəyyən edilir.

70. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, həm ilk, həm də qarşılıqlı iddia tələbləri qismən təmin edilməli, ilk iddiaçıya əsassız olaraq hesablanmış 2908,24 manat borc məbləği silinməli, ilk iddiaçıdan qazdan istifadəyə görə vurulmuş ziyana görə 167,60 manat məbləğ tutularaq, qarşılıqlı iddiaçı Cavabdeh İB QSC-nə ödənilməlidir.

71. Məhkəmə kollegiyası həmçinin izah edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Qarşılıqlı iddiaçı Cavabdeh İB QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5109/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. İlkin iddia qismən təmin edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İlk İddiaçı əsassız olaraq hesablanmış 2908,24 manat borc məbləği silinsin, ilk iddiaçıdan qazdan istifadəyə görə vurulmuş ziyana görə 167,60 manat məbləğ tutularaq, qarşılıqlı iddiaçı Cavabdeh İB QSC-nə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 25 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-yə ödənilsin. Qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar