Məhkəmə qərarları › İş №2(103)-1789/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1789/2025

23.07.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1789/2025 23.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3 Əziz oğlu, Cavabdeh1, X4 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1789/2025 (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X6 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh3 Əziz oğlu və onun nümayəndəvəkili Vəkil2 İkrəm oğlunun, cavabdeh X2 və onun nümayəndəsi-vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3 Əziz oğlu, Cavabdeh1, X4 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2100/2024 saylı qətnaməsindən cavabdehlər Cavabdeh3 Əziz oğlu və X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə 23 iyul 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3 Əziz oğluna qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək İddiaçı ünvan 1 ünvanında yerləşən yataqxana korpuslarına bitişik (həyətində) cavabdehlər tərəfindən inşa edilmiş altı sayda müxtəlif təyinatlı tikililərin cavahdelərin öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1990-ci illərdə erməni təcavüzkarları tərəfindən Azərbaycanın bir sıra rayonlarının işğal edilməsi nəticəsində məcburi köçkünlərin bir qismi də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeçiliyində olan İddiaçı ünvan 2 ünvanında yerləşən tələbə şəhərciyinin yataqxana korpu darında və həyətində məskunlaşmışlar. Bu dövr ərzində məcburi köçkünlər, o cümlədən, cavabdehlər tərəfindən İddiaçı qanuni sahibliyində olan (Bakı Səhər İcra Hakimiyyətinin 09/91 saylı (iş- №08/i -310) Ayrıc aktına əsasən) ünvan 2 ünvanında yerləşən tələbə şəhərciyinin ərazisində yerləşən həyətdə yataqxana korpuslarına bitişik, heç bir hüquqi sənəd olmadan, müvafiq strukturlarla razılaşdırılmadan, icazə almadan qanunsuz olaraq təyinatı bəlli olmayan altı sayda yarıımtikililər inşa etmişlər. Bununla da, universitetin sahiblik hüququ cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində pozulmuşdur. Cavabdehlərin hərəkətləri nəticəsində həmin ərazi yararsız hala salınmış, yataqxanaya ciddi ziyan vurulmuşdur. Tələbə şəhərciyinin ərazisində tikilmiş qanunsuz yarımtikililər tələbələrin müasir tələblərə uyğur olaraq yaşamaları və təhsil almaları, təhlükəsizliyi, sağlamlığı baxımından ciddi təhlükə mənbəyidir və yaranan səs-küy, anti-sanitar vəziyyət artıq ciddi problemlər yaradır. Haqlı olaraq həmin tələbələr bununla bağlı öz narazılıqlarını bildirirlər. Mübahisəli tikililərə dair cavabhlər tərəfindən sənəd təqdim edə bilməməsi həmin tikililərin özbaşına tikililər olması faktını təsdiq edir və həmin tikililər AZMİU-nun qanuni sahiblik və istifadəsinə maneəçilik yaradır.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 2100/2024 saylı qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddianın təmin edilmişdir.

4. Məhkəmə gəldiyi nəticəni “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.1, 4.17-ci maddələri, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1, 8.0.1, 37.1, 37.2, 37.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.3, 157.1, 157.2, 157.4, 157.8, 164.1, 180.1, 180.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh3 Əziz oğlu və X5 apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

6. Hər iki apellyasiya şikayəti eyni məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, cavabdehlərin məhkəmə iclasında iştirakları təmin edilmədən, onların iddia ərizəsinə olan mülahizələri dinlənilmədən və məhkəmə mübahisəli ünvana yerli baxış keçirmədən formal mülahizələrə əsaslanaraq, cavabdehlərin sübutlarının məhkəməyə təqdim edilməsini təmin edərək tərəflərin çəkişməsinə şərait yaratmadan qanunsuz və əsassız nəticəyə gəlməsinə səbəb olmuşdur. Hazırki mülki iş üzrə cavabdehlər qanunsuz olaraq deyil, müvafiq dövlət qurumlarından tələb olunan icazələri almaqla apardıqları tikintidə yaşamışlar. İddiaçı AR Memarlıq və İnşaat Universiteti cavabdehin həmin tikintini aparmağına icazə verməsi və “qanunsuz” adlandırdığı hərəkətləri etməsinə göz yumduğu halda cavabdeh onun həmin rəftarına güvənmişdir və bugün nəyin dəyişdiyi, hansı halın dəyişdiyi aydın olmadan əvvəlki rəftarına zidd olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi anlaşılan deyil.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz (izah) təqdim edərək təmin edilməməsini xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 Əziz oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərk, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərk, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 Əziz oğlunun nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərk, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Cavabdeh1 heç vaxt orada yaşamayıb və onun tikililərə heç bir aidiyyatı yoxdur.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X2 nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərk, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ərazi universitet üçün ayrılmış ərazidir və mülkiyyətə verilə bilməz. Universitet də, onun ərazisi də dövlətə məxsusdur. Hazırda Qarabağda çoxlu yerlər var, şərt deyil ki, cavabdehlər Bakıda yaşasınlar. Əvvəl Qarabağdan köçən məcburi köçkünlər barəsində qətnamələr olub ki, qeyri-yaşayış sahələri sökülsün və çıxarılsınlar. Amma bu işdə cavabdehlər Ermənistandan gələnlərdir və qeydiyyata da düşüblər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

14. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

15. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

16. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

17. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

18. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

19. Maddə 4.3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir.

20. Maddə 22.2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.

210. Maddə 49.1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.

22. Maddə 50. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir.

23. Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

24. Maddə 67.2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

25. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

29. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Kollegiya qeyd edir ki, hazırki iş üzrə cavabdehlərdən Cavabdeh1 qətnamədən şikayət verməsə də, iddia tələbi həmin ərazidə yerləşən altı tikilinin sökülməsi ilə bağlı olduğundan və maddi və prosessual hüquq normalarının tətbiqi şikayətdən asılı olmayaraq yoxlanılmalı olduğundan, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir.

34. Birinci instansiya məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmişdir ki, bu da qətnamənin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır.

35. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilən xx.xx.2009-cu il tarixli, 09/91 saylı ayrıc aktından görünür ki, Yasamal rayonu İ.Zülalov küçəsi, 3137-ci məhəllədə cizgidə göstərilən sərhədlər daxilində 3.0888 hektar mövcud tələbə şəhərciyinin sərhədlərinin dəqiqləşdirilməsi verilib.

36. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2100/2024 saylı qərardadına əsasən mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, iş rəy verilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş və mülki iş üzrə icraat rəy alınanadək dayandırılmışdır. xx.xx.2024cü il tarixində məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3694 saylı ekspert rəyinə əsasən verilmiş ilkin suala cavab olaraq bildirilmişdir ki, iş materiallarında olan şəkillərdə öz əksini tapan tikililər İddiaçı tələbə şəhərciyinin ərazisində yerləşdiyi müəyyən edilmişdir. Verilən ikinci suala cavab olaraq bildirilmişdir ki, İddiaçı tələbə şəhərciyinin ərazisində yerləşən iddiaçı tərəfindən mübahisələndirilən tikililərin özbaşına inşa edilibedilməməsinin müəyyən olunması tikinti-texniki ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyildir. Lakin mübahisələndirilən tikililərə dair müvafiq icazəverici sənədlərin olmadığını nəzərə alaraq həmin tikililərin inşası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırlması Qaydaları”na riayət olunmadığı müəyyən edilir.

37. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən, dövlətin obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət zolaqlarının, mühüm meliorasiya və su təsərrüfat obyektlərinin yerləşdiyi torpaqlar Dövlət mülkiyyətində olan torpaqlara aiddir.

38. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçrilməsindən sonra yaranır.

39. Həmin Məcəllənin 111-ci maddəsinə görə isə, Azərbaycan Respublikası torpaqlarının özbaşına tutulması qanunla qadağan olunur. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçrilir. Özbaşına tutulmuş torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır.

40. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

41. Apellyasiya icraatı zamanı ünvan 3 ünvanında yerləşən əmlaka dair yerində müayinə keçirilmiş, tikililərin mövcudluğu və yaşayış evləri kimi istifadə olunduğu müəyyən olunmuşdur. İddiaçı evlərin yaşayış üçün yararsız olduğunu bildirsə də, hər bir tikilinin ayrıca mətbəxi, qonaq otağı, sanitar qovşağı olduğu, tikililərdə yaşayış olduğu və yaşayış üçün tam şəraitli (mebellərin, televizor, soyuducu və s.) olduğu müəyyən edilmişdir. Yerində müayinə zamanı hüquq və vəzifələri izah edilmiş şahid X8 1992-ci ildən qonşuluqda yaşadığını, yaşadığı müddətdə hazırda mübahisəli evlərinin mövcud olduğunu, növbəti şahid X7 da yaşadığı müddət ərzində evlərin olduğunu, X9 isə 1987-ci ildən müvafiq ərazidə yaşadığını, 1994-cü ildən komendat olduğunu və olduğu müddət ərzində mübahisəli evlərin mövcudluğunu bildirmişdir. Həmçinin yerində müayinə zamanı Cavabdeh1 mübahisəli tikililərə aidiyyətinin olmadığı və həmin tikililərdə yaşamadığı müəyyən olunmuşdur.

42. Beləliklə iş üzrə aparılan araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilən xx.xx.2009cu il tarixli, 09/91 saylı ayrıc aktından görünür ki, Yasamal rayonu İ.Zülalov küçəsi, 3137-ci məhəllədə cizgidə göstərilən sərhədlər daxilində 3.0888 hektar mövcud tələbə şəhərciyinin sərhədlərinin dəqiqləşdirilməsi verilmişdir və cavabdehlər həmin məhəllədə yerləşən mübahisəli evə 1990-cı illərdə Ermənistandan məcburi köçkün olaraq Bakıya gələrkən yerləşdirilmişlər. Sonuncuların həmin torpaq sahəsində mübahisəli evdə məskunlaşmasına dövlət orqanları, o cümlədən iddiaçı tərəfindən vaxtında etiraz edilmədiyini tərəflər mübahisələndirməmişlər.

43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X11rşı" qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır.

44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ’’mülkiyyət” kimi qiymətləndirilə bilər.

45. “Broniovski Polşaya qarşı” işdə də (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsüfdən asılı deyil.

46. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Burdov Rusiyaya qarşı” iş üzrə qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, “tələb” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə ’’mülkiyyət” kimi o halda başa düşülə bilər ki, kifayət qədər müəyyən olunmuş olsun ki, bu tələb hüquqi cəhətdən realizə edilə bilsin.

47. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qeyd olunan qərarlarında ifadə etdiyi hüquqi mövqe bundan ibarətdir ki, əgər qanunsuz tikintiyə başlandığı andan etibarən aidiyyəti qurumlar (sahənin müvəkkili, bələdiyyənin işçiləri, icra hakimiyyətinin nümayəndələri) qanunsuz tikinti faktından xəbər tuturlarsa, “gözlərini yummaq” üçün susurlarsa və bununla vətəndaşa tikinti aparmaq üçün örtülü də olsa icazə verirlərsə, vətəndaş həmin evi tikib qurtarırsa, orada illərlə yaşayırsa, həmin qanunsuz tikili hesab olunan evə telefon xətti çəkilirsə, işıq, su və qaz sayğacı quraşdırılırsa, həmin evdə yaşayan şəxs yaşadığı evin bütün kommunal xərclərini ödəyirsə, onda dövlətdaxili qanunvericiliyə əsasən ev daşınmaz əmlakın dövlət reyestri xidmətindən qeydiyyatdan keçməmiş olsa belə, həmin ev ümumi anlamda şəxsin mülkiyyətində olan əmlak kimi qəbul edilməlidir.

48. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15- dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir.

49. Yuxarıda qeyd edilən hüquqi mövqelərdən çıxış edərək Kollegiya hesab edir ki, mübahisə predmeti olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, hazırkı vəziyyətdə orada məskunlaşmış şəxslərin qanuni sahibliyində hesab edilməlidir.

50. Həmçinin nəzərə alınmalıdır ki, həmin evin sökülməsi sırf iddiaçının deyil, paralel olaraq dövlətin maraqlarının təmini məqsədilə və qanunvericilikdə göstərilən əsaslara söykənərsə, bu zaman cavabdehlərin həmin evdən çıxarılması bununla bağlı müvafiq məbləğdə kompensasiya verilməklə təmin edilə bilər.

51. Bundan əlavə qeyd edilməlidir ki, cavabdehlər mübahisəli əmlaklara 1990-cı illərdən köçmüşlər və iddiaçı 2009-cu ildə sayrıc aktı ilə onlara sahiblik hüququ verilən zaman artıq əmlakların 1990-cı illərdən cavabdehlərin qanunsuz sahibliyində olduğunu bilsələr də, hazırki iddia tələbi ilə yalnız 2024-cü ildə məhkəməyə müraciət etmişdir. Halbuki Mülki Məcəllənin 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. Hazırki iş üzrə iddiaçının daha öncə belə bir tələblə çıxış etməsinə dair hər hansı sübutlar iş materiallarına əlavə edilməmişdir.

52. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, mübahisəli tikili cavabdehlərin uzun müddətdir istifadəsindədir və orada yaşayış var. Keçən müddət ərzində iddiaçı tərəfindən bununla bağlı cavabdehə hər hansı bir etiraz və ya tələb bildirilməmişdir.

53. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

55. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

56. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

57. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

58. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

59. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən keçirilmiş 150 manat ekspertiza xərci iddiaçıdan tutulmalıdır.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 2100/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilməsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onu ödəmiş şəxslərin özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizanın tədqiqat dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul İddiaçındən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar