Məhkəmə qərarları › İş №2(103)-179/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-179/2025

11.02.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-179/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-179/2025 (Açar sözlər: evə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, X1 ibarət tərkibdə, İddiaçının nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5441/2023 nömrəli 20 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Arxivdən təqdim edilmiş Abşeron rayon İcra Hakimiyyəti başçısının 074 №-li xx.xx.1999-cu il tarixli «Maştağa subtropik sovxozunun Həmkarlar Komitəsinin və Əmlak Kollektivi Şurasının xx.xx.1999-cu il tarixli 03 №-li qərarına baxılması haqqında» sərəncamına əsasən Maştağa subtropik sovxozu özünün xx.xx.1999-cu il tarixli 15 №-li məktubu ilə həmin ərazidə yaşayan, evi, torpağı olmayan 18 ailəyə fərdi yaşayış evin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında Abşeron rayon İcra Hakimiyyəti başçısı qarşısında məsələ qaldırmış, qərarda göstərilən ərazidə yaşayan, evi və torpağı olmayan, hər ailə üçün 0,10 ha hesabı ilə 206 ailəyə 30,0 hektar həyətyanı torpaq sahəsinin ayrılmasını xahiş etmiş, Abşeron rayon İcra Hakimiyyəti başçısı sovxoz tərəfindən istifadə edilməyən, qərarda göstərilmiş sahədən hər ailə üçün 0,10 ha hesabı ilə 206 ailəyə 30,0 ha həyətyanı torpaq fondunun ayrılması, həmin torpaqların növbəlik əsasında Maştağa Subtropik sovxozunun direktorunun əmri ilə paylanması qərar alınmışdır (arxiv tərəfindən təqdim edilmiş sərəcama Maştağa Subtropik sovxozunun direktorunun əmri əlavə edilməmişdir).

2. İddiaçı cavabdehin ərinin əmisi arvadıdır.

3. İddiaçının köçürülməsini tələb etdiyi mübahisəli ev özbaşına tikilidir.

4. «Bakı Baş Səhiyyə Mərkəzi» X7 21 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş ambulator kitabçadan 29 və 30 №-li Çıxarışlardan görünür ki, hər iki uşağa xx.xx.2023-cü il tarixdə xəstəlikləri ilə əlaqədar göndəriş verilmişdir.

5. Cavabdehin oğlu Məmməd 2023-cü ildə Bakı şəhəri Sabunçu rayonu 22 №-li tam orta məktəbə birinci sinifə gedib (məktəbin direktoru tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 4486 №-li arayış).

6. "xxxx" ASC və «Azəriqaz» İB-də mübahisəli ev üzrə abonent kimi qeydiyyata cavabdehin əri Həsənov Cavid alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və ailəsinin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik Sovxoz ərazisində yerləşən 0,10 ha topaq sahəsindəki fərdi yaşayış evindəki ona məxsus ev və məişət əşyaları evdə saxlanılmaqla evə köçürülməsinə və cavabdehin həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ona fərdi yaşayış evinin tikintisinə icazə verilməsi haqqında verilmiş Abşeron rayon icra hakimiyyəti üzrə 23/İİİ-99-cu il tarixli 074 nömrəli sərəncamdan çıxarışa əsasən Maştağa subtropik sovxozunun fəhlə və mütəxəssislərinə fərdi yaşayış evləri tikdirmək üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında 0,10 hektar hesabı ilə həyatyanı torpaq sahəsi verilməsi haqqında subtropik sovxozunun 13/İİİ-99-cu il tarixli 03 nömrəli qərarı, 15/İİİ-99-cu il tarixli 15 nömrəli məktubu və 15/İİİ-99-cu il tarixli 05 nömrəli əmri nəzərə alınmaqla torpaq sahəsi ayrılmış və rəsmi olaraq həmin tarixdən istifadəsinə verilmişdir (əsas 23/İİİ-99-cu il tarixli 074 saylı Sərəncamdan Çıxarış). Hazırda həmin torpaq sahəsi onun sahibliyi və istifadəsindədir, Maştağa Bələdiyyəsinə əmlak vergisi ödəyir. Orada özlərinə görə min bir çətinliklə fərdi yaşayış evi tikmişdilər. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən qanunsuz olaraq yaşayış sahəsi kimi istifadə olunur. Belə ki, iki il bundan öncə uzaq qohumlarından olan X3 öz həyat yoldaşı Cavabdeh (sonradan iki övladları dünyaya gəlmişdir) Gədəbəy rayonundan onlara qonaq gəlmişdirlər. Söhbət əsasında onlar Bakı şəhərinə işləmək adı ilə gəldiklərini bildirmiş, daha sonra münasib iş və kirayə ev tapana kimi qısa müddətli olaraq onlarda müvəqqəti qalmaqları üçün ondan icazə istəmişlər. İddiaçı da öz növbəsində yeni ailə və uzaq qohumu olmasına baxmayaraq onlara dəstək durmaq üçün humanist addım ataraq öz razılıqını bildirmişdir. Üstündən təxmini bir müddət keçəndən sonra ailə arasında elə ilk günlərdən söz-söhbət və dava-dalaş olduğunu mütamadi olaraq eşidirdi. Jalə bir müddət də möhlət verməyini xahiş etmiş, daha sonra hamilə olduğunu, bir müddət sonra uşaq dünyaya gətirəcəyini, bir sözlə müxtəlif bəhanələr gətirərək israrla evdən çıxmamağa çalışırdı. Bir müddət sonra isə Jalə həyat yoldaşını da evdən qovdu. O, Jaləyə bütün bu söz-söhbətlərə və dava-dalaşlara son qoyaraq evini tez bir zamanda boşaltmasını bildirəndə, Jalə nalayiq sözlər deyərək onu qonşular və qohumlar yanında hörmətdən salmağa başlamışdır. Bundan sonra isə onu evdən qovmuş, özü isə həmin evdə qalmaqla evini qanunsuz olaraq zəbt etmişdir. Sonradan o, evinə baxmağa gələrkən evdə ona məxsus ev və məişət əşyalarının mənimsənildiyini, onların bir hissəsinin talan edildiyini, ümumiyyətlə evini bərbad vəziyyətə saldığını aşkar etmişdir.

9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 dekabr 2023-cü il tarixli 2(008)-5441/2023 nömrəli qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddia təmin edilməmişdir.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçı mübahisəli evə olan hüququnu sübut edə bilməmişdir.

11. Torpaq sahəsinin koordinatları, ayrıc aktı təqdim olunmadığından həmin torpağın yerini, mübahisəli evin məhz həmin torpaq sahəsində yerləşib-yerləşmədiyini müəyyən etmək mümkün deyil.

12. Məhkəmə qeyd etmişdir ki, mübahisəli evin məhz iddiaçı tərəfindən inşa edildiyinə dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.

13. Məhkəmə araşdırması zamanı iddiaçının heç bir vaxt həmin evdə yaşamadığı müəyyən edilmişdir.

14. Evin kommunal xidmətləri üzrə abonentinin cavabdehin əri olması, uşaqların həmin ərazidəki poliklinikada qeydiyyatda olması, uşağın həmin rayonda yerləşən məktəbə getməsi mübahisəli evin məhz cavabdehin və onun ailəsinin istifadəsində olmasına dəlalət edir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsi, Mülki Məcəllənin 27.1, 16.1, 164.1, 164.2, 165.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 216-220, 360-cı maddələrinə və «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarın istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, torpaq sahəsinin koordinatları, ayrıc aktı tərtib edib iddiaçıya təqdim etmək vaxtiilə fəaliyyət göstərmiş qurumların səlahiyyətlərində olmuşdur. Əvvəla iddiaçıya təqdim edilmiş sənədlərinin sonacan düzgün tərtib olunmamasının səbəbi vaxtı ilə bu işlə məşğul olan müvafiq şəxsin və ya şəxslərin işə məsuliyyətsiz yanaşması (günahı) üzündən baş vermişdir. Belə ki, sənədlərinin düzgün və ya sonacan tərtib edilməməsi vətəndaşın təqsiri hesab edilə bilməz. Başqasının səhlənkarlığı səbəbindən (sənədlərin düzgün tərtib edilməməsi və ya aidiyyəti qurumlara təhvil verilməməsi və s.) işinin düzgün tərtib edilməməsi iddiaçının hüquqlarının pozulmasına səbəb ola bilməz. Belə ki, iddiaçı həmin sənədləri nə tərtib edən, nə də ki, həmin sənədləri aidiyyəti qaydada müvafiq qurumlara təqdim etməli olan şəxs olmamış və qanunvericiliklə iddiaçının üzərinə belə bir vəzifə də qoyulmamışdır. Halbuki, bu vəzifə işə səlahiyyətli qurumlara aiddir və sənədlərin düzgün tərtib edilməməsi və ya bu baradə müvafiq qeydlərin vaxtlı-vaxtında aparılmasına nəzarət etmək isə adiyyatı qurumların vəzifəsidir. Həmçinin əlavə olaraq qeyd edir ki, Sabunçu Rayon İcra Hakimiyyətinə sözügedən torpaq sahəsinin cizgisinin verilməsinə dair məktub ünvanlanmışdır. Cavab olaraq Sabunçu RİH-dən bildirilmişdir ki, Abçeron İcra Hakimiyyəti və onun tabeliyində olmuş qurumlar tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələrinin Ayrıc Aktları, Baş Planları və Kordinatları Sabunçu Rayon İcra Hakimiyyətinə təhvil verilmədiyindən ayrılmış torpaq sahəsinin cizgisinin verilməsi mümkün deyil. Bundan başqa,mübahisəli evin məhz iddiaçı tərəfindən inşa edildiyinə dair məhkəməyə hər hansı bir sübut təqdim edilməməsi də öz növbəsibində əsasızdır. Məhkəməyə 3 nəfər qonşunun sözügedən fərdi yaşayış evinin tikilməsi və iddiaçının 1999-cu il tarixindən faktiki istifadəsində və sahibliyində olması baradə yazılı formada AKT tərtib olunaraq təqdim edilmişdir. O cümlədən evin tikintisini aparmış usta və fəhlələrin şahid kimi məhkəməyə gələrək ifadə verilməsi iddaçı tərəfindən təmin edilsədə məhkəmə tərəfindən buna şərait yaradılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

19. İddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir.

20. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

22. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

23. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

24. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

25. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

34. Göründüyü kimi mübahisəli ev özbaşına tikilidir.

35. İddiaçı köçürülməsini iddia etdiyi (Cavabdeh faktiki yaşadığı) fərdi yaşayış evinin Abşeron rayon İcra Hakimiyyəti başçısının 074 nömrəli xx.xx.1999-cu il tarixli sərəncamı ilə fərdi evin tikintisi üçün iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsi daxilində yerləşib-yerləşməməsini müəyyən etmək məqsədi ilə iş üzrə məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadına əsasən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

36. Qərardadın icrası “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 "xxxx" MMCnin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilsin.

37. Ekspertin xx.xx.2024-cü il tarixli məlumatına əsasən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.

38. Ekspertin xx.xx.2024-cü il tarixli vəsatətinə əsasən torpaq sahəsinə dair faktiki koordinatlar, baza məlumatları və mütəxəssis rəyinin təqdim edilməsi xahiş olunsa da, faktiki koordinatlar və baza məlumatları iddiaçı tərəfindən təqdim edilməmişdir.

39. Maştağa Subtropik bitkilər sovxozunun direktoru H.Y.Seyidovun xx.xx.1999-cu il tarixli 05 nömrəli əmrinin latın əlifbası ilə yazılmış arxiv çıxarışı təqdim edilmiş, lakin həmin dövrdə icra edilmiş orijinal əmr təqdim edilməmişdir.

40. Həmin əmrə əsasən Abşeron rayon İcra Hakimiyyəti başçısının 074 nömrəli xx.xx.1999-cu il tarixli sərəncamı rəhbər tutularaq sovxozun fəhlə və mütəxəssis ailəsindən biri olan İddiaçı 0,10 ha hesabı ilə fərdi evin tikintisi üçün həyətyanı torpaq sahəsi verilmişdir.

41. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Maştağa Subtropik sovxozunun direktorunun əmrinin arxiv çıxarışında iddiaçı sovxozun işçisi kimi göstərilmiş, halbuki iddiaçı heç bir zaman həmin sovxozda işləməmişdir. Torpağın iddiaçıya qanuni əsaslarla ayrılması şübhə doğurmuşdur.

42. Torpaq qanuni əsaslarla ayrılmış olsaydı belə, torpaq sahəsinin koordinatları, ayrıc aktı təqdim olunmadığından həmin torpağın yerini, mübahisəli evin məhz həmin torpaq sahəsində yerləşib-yerləşmədiyini müəyyən etmək mümkün deyil.

43. Kollegiya tərəfindən mübahisəli sahəyə keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi vahid daş hasar daxilində faktiki olaraq təxminən 0,25 ha torpaq sahəsi mövcuddur. Torpaq sahəsinin eni 70 metr, uzunluğu 32 metr təşkil edir. Torpaq sahəsi soldan sağ tərəf istiqamətində eni 30 metr uzunluğunda olan sahə yüngül konstruksiyalı çəpərlə (dəmir torla) ayrılmışdır. Çəpərdən sonra 40 metr sahədə hər hansı ayrılma olmasa da, cavabdehin bildirdiyinə görə nar ağacından sonrakı sahə keçmiş baldızına ayrılmışdır. Lakin bunu təsdiq edən hər hansı mötəbər sənəd mövcud deyil. Torpaq sahəsi faktiki 2 hissəyə bölünsə də, cavabdehin izahatına əsasən müəyyən olunur ki, torpaq sahəsinin 3 hissəyə bölünməsi nəzərdə tutulmuşdur. Mövcud torpaq sahəsinin eyni sırada 3 darvaza yeri mövcuddur. Cavabdehin keçmiş baldızına məxsus torpaq sahəsi faktiki ayrılmasa da nar ağacından sonrakı sahəyə giriş-çıxış üçün darvaza yeri mövcuddur. Cavabdehin uşaqları ilə yaşadığı sahəyə daxil olduqda sol tərəfdə inşa edilmiş 1 mərtəbəli orta təmirli fərdi yaşayış evi var. Ev ümumi zal, mətbəx, sanitar qovşaq olmaqla 4 otaqdan ibarətdir. İddiaçı iddia ərizəsində mübahisəli torpaq sahəsinin onun sahibliyində və istifadəsində olduğunu qeyd etsə də, yerində müayinə zamanı tikilmiş bir fərdi yaşayış evində cavabdehin keçmiş qayınatası və ailəsinin, digər fərdi yaşayış evində cavabdehn özünün və azyaşlı uşaqlarının yaşadığı müəyyən edilmişdir. İddiaçının köçürülməsini iddia etdiyi fərdi yaşayış evinin ona ayrılmış 0,10 ha həyətyanı torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.

44. Bundan əlavə birinci instansiya məhkəməsi tərəfindən keçirilən yerində müayinə zamanı iddiaçı şəxsən iştirak etmişdir. Müəyyən olunmuşdur ki, ərazidə sıra ilə Jalənin baldızının evi, sonra Jalənin qaynatası tərəfindən yeni inşa edilmiş, tamamlama işləri gedən ev, sonra isə mübahisəli ev yerləşir. Evin içinə girilməmiş, iddiaçıya evi təfsir etmək təklif edilmiş, iddiaçı bunu edə bilməmişdir.

45. Mübahisəli evin məhz iddiaçı tərəfindən inşa edildiyinə dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. İddiaçının qonşular tərəfindən tərtib edilmiş akta istinad etməsini kollegiya ağlabatan hesab etmir. Belə ki, iddiaçının özünün tikdirdiyini iddia etdiyi evi təfsir edə bilməməsi bu halın həqiqət olmadığını göstərir.

46. Bunun əksinə, kollegiya hesab edir ki, torpaq sahəsinin daxilində cavabdehin qayınatasının və baldızının evlərinin olması yaşayış evinin cavabdeh və onun keçmiş əri Cavid tərəfindən inşa edildiyini inandırıcı edir.

47. Evin kommunal xidmətləri üzrə abonentin də cavabdehin keçmiş ərinin olması, uşaqların həmin ərazidəki poliklinikada qeydiyyatda olması, uşağın həmin rayonda yerləşən məktəbdə oxuması mübahisəli evin məhz cavabdehin və onun ailəsinin istifadəsində olmasına dəlalət edir.

48. Birinci instansiya məhkəməsində iddiaçının heç bir vaxt həmin evdə yaşamadığı müəyyən edilmişdir.

49. İddiaçının adına olan sənədləri mötəbər hesab edərək, qeyd edilən torpaq sahəsinin hazırki mübahisəli torpaq sahəsi olduğunu zənn etsək belə, həmin torpaq sahəsində cavabdehin qayınatası və baldızına məxsus əmlakın olması, tələbin isə yalnız cavabdehə yönəlməsi cavabdehin dəlillərinin inandırıcı hesab edilməsinə əsas verir.

50. Belə ki, cavabdeh bildirir ki, ailə qurduqdan sonra bir müddət Gədəbəy rayonunda yaşamışlar, sonrada Bakı şəhərinə köçmüşlər. Bir müddət mübahisəli ünvanda baldızının evində yaşamışlar. Bu müddət ərzində mübahisəli evin tikintisi başa çatmış və onlar həmin evə köçmüşlər.

51. Beləliklə, iddiaçı mübahisəi evin məhz ona məxsus torpaq sahəsində inşa edilməsini sübut edə bilmir, çünki hər hansı torpaq sahəsinin ayrılması təkcə bu barədə müvafiq sərancamı (qərarı, əmri və s.) ehtiva etmir. Sərancam əsasında torpağın yerində (naturada) ayrılması və onun koordinatlarının dövlət torpaq kadastrına daxil edilməklə “Torpaq sahəsinin plan və ölçüsü” sənədənin verilməsi tələb olunurdu. İddiaçı isə belə sənəd təqdim edə bilmir.

52. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinc element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

53. Hazırki halda isə iddiaçı mübahisəli evə dair subyektiv hüququnun olmasını sübut edə bilmir.

54. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, məhkəmə haqlı olaraq iddianın rədd edilməsi qənatinə gəlmişdir.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5441/2023 nömrəli iş üzrə 20 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar