Məhkəmə qərarları › İş №2(103)-1790/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1790/2023

27.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1790/2023 27.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “borcun silinməsi” hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6026/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdehnə qarşı Cavabdeh tərəfindən ona hesablanmış 2462,4 manat borcun əsassız hesab edilərək silinməsi barədə iddiası Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6026/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, İddiaçı **********00300 saylı abonent koduna Cavabdeh tərəfindən hesablanmış 2260 manat 80 qəpik borcun silinməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, Cavabdehndən 42 manat 60 qəpik dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

2. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 8, 11, 13; "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3, 18-ci maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3”nın 3.1.2; 6.5-ci bəndlərinə istinadən qeyd edilmişdir ki, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaclar xx.xx.2018-ci il və xx.xx.2022-ci il tarixlərdə yenisi ilə əvəz edilmişdir, əvəzləşdirilmiş sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş və "sayğacın çıxış plasmas borusunun deşməsi, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi” əsası ilə xx.xx.2018-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlar tərtib olunmuş, həmin aktlar əsasında cavabdeh tərəfindən iddiaçının abonent koduna 08/2018-ci il tarixə itirilmiş 9720 m3 (1,2x6x180=1296m3; 2,6x18x180=8424 m3) qazın bərpası üzrə 1944 manat, 02/2022-ci il tarixə itirilmiş 4320 m3 (4x12x90=4320 m3) qazın bərpası üzrə 518,40 manat borc yazılmışdır. Bununla belə, sayğacdan istifadə dövründə təbii qazdan həmin həddə istifadəsinə əsas verən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, iddiaçının abonent koduna aktlar əsasında hesablanmış borc məbləğinə münasibətdə qeyd edir ki, bu zaman iddiaçıya 08/2018-ci il tarixə 1944 manat, 02/2022-ci il tarixə 518,40 manat borc hesablanmasına əsas olmuş mötəbər sübutlar iş materiallarına əlavə edilmədiyindən, həmin dövr üzrə hesablaşma, borcun yazıldığı müddətin əhatə olunduğu ilin mövsümü, digər aylar üzrə iddiaçının qaz sərfiyyatı və ona dair aparılmış hesabat dövrü müqayisə olunmaqla aparılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, təbii qaz işlədicilərinin gündəlik sərfiyyatı kimi avqust ayında 18 saat, fevral ayında 12 saat götürülməsi ağlabatan deyil və bu müddət 8 saat üçün məqbuldur. Qeyd edilənlərə əsasən, qeyri-qanuni təbii qazdan istifadə dövrü üzrə hesablaşma gündəlik sərfiyyat müddəti 8 saat olmaqla aparılmaldır ki, bu da 2018-ci il tarixli akt üzrə 105,6 manat (1,2 x 6 saat x 180 gün = 1296 m3; 2,6 x 8 saat x 180 gün = 5040 m3, 1296 m3 + 5040 m3 =6336 m3 6336 m3 / 6 ay = 1056 m3(1 ay üzrə); 105,6 x 0,10 azn= 105,6 manat), 2022-ci il tarixli akt üzrə isə 96 manat (4x8 saat x 90 gün = 2880 m3; 2880 m3 / 3 ay = 960 m3 x 0,10 manat = 96 manat) təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, ümumilikdə qeyri- qanuni qazdan istifadə müddətində itirilmiş qaz sərfiyyatı 201,6 (105,6+96=201,6) manatdır.

3. Birinci instansiya məhkəməsində icraat zamanı sübut kimi təqdim edilmişdir ki: "Təbii X3nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən İddiaçı məxsus ünvan üzrə "sayğacın çıxış plastmas borusunun deşilməsi” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir; - Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnamə”sinin surətindən məlum olur ki, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən, itirilmiş qazın bərpası üzrə 9720 m3 (1,2x6x180=1296m3; 2,6x18x180=8424 m3) qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur;- "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən məlum olur ki, iddiaçıya məxsus ünvandakı Smart G-4 markalı 1202AQ**********2 saylı qaz sayğacı yeni Smart G-4 markalı 1802AZ**********00 saylı qaz sayğacı ilə əvəz edilmişdir;- 13 noyabr 2022-ci il tarixli "Abonent saldo”sundan məlum olur ki, İddiaçı **********00300 nömrəli abonent hesabına "Qalıq və aktlar” əsasında 05/2011-ci il tarixə 153,60 manat, 02/2015-ci il tarixə 162 manat, 08/2018- ci il tarixə 1944 manat, 02/2022-ci il tarixə 518,40 manat borc yazılmışdır;- "Təbii X3nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən məlum olur ki, İddiaçı məxsus ünvan üzrə "sayğacın çıxış plasmas borusu deşilib, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir;- "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən məlum olur ki, iddiaçıya məxsus ünvandakı İtron G-4 markalı 1802AZ**********00 saylı qaz sayğacı yeni mexaniki G-4 markalı **********0 saylı qaz sayğacı ilə əvəz edilmişdir;- Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən məlum olur ki, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 4320 m3 (4x12x90=4320 m3) qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. (iş.səh. 13, 14, 16, 56, 57, 61, 62) Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 2(011)-6026/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 1097.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88, 217-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X3"nın 1.3-cü bəndinə istinadən qeyd edilmişdir ki, “Azəriqaz" İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuşdur. Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair" Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Müvafiq olaraq hesablanmış 2260.80 manat dəymiş ziyan könüllü ödəməsi üçün abonentin istehlakçı hesabına yerləşdirilmişdir. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə cavabdehə ziyan vurmuşdur. Lakin birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində kobud səhvə yol vermişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məlumatlandırılmaları üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və qanunla müəyyən edilmiş hallarda əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya insyansiya məhkəməsinin mövqeyi:

7. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X3nın təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 saylı qərarına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 189-1; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279, 280, 282, 542; Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 324, 385-388, 560, 1096-1098, 1128-1131; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 76, 77, 80-82, 89, 106.2, 119, 217.4, 220.5, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, cavabdehin apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından, əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin bu əsaslarla dəyişdirilməsi üçün əsas ola bilməz.

8. Belə ki, iddiaçının pozuntu törətməsi (qazı talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin ehtimalını müəyyən etsə də, cavabdeh tərəfindən iddiaçının aktlarla və yaranmış borcla rəsmi tanış edilməsi və xəbərdarlıq edilməsi, müvafiq tədqiqatların aparılması, qərarların qəbul edilməsi və vaxtında tələblərin irəli sürülməsi üçün müvafiq tədbirlər həyata keçirilməmişdir. Mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən cavabdehin şikayətinin dəlillərinə qiymət verilməsi isə sui-istifadəyə şərait yaradan hal kimi mülki mühakimə icraatı qaydasında mübahisəlidir və müzakirəyə çıxarılan sübutlar təkzibediləndir. Cavabdehin (vəzifəli şəxslərinin) tərtib etdiyi aktlarının nəticəsiz qalması, bu aktların iddiaçının iştirakı olmadan tərtib edilməsi və sonrakı aktın tərtibi zamanı ondan öncəki aktın mövcudluğu, onların şübhələrdən kənar sübut növü kimi qəbulu üçün əsaslar müəyyən etmir. Kollegiya hesab edir ki, təqdim edilmiş aktların hər biri üzrə peşəkar struktur təsisata malik olan cavabdeh (vəzifəli şəxsləri) tərəfindən mülki mühakimənin əsaslarını təşkil edən sübutetmə vəzifələrinə formal yanaşılmışdır (talama faktı üzrə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyətinə və ya müvafiq hüquq-mühafizə orqanlarına aidiyyəti müraciətlər edilməmişdir). İddiaçının mülki hüquq pozuntusunun mövcudluğu məhz onun və ya digər şəxslərin hüquqa zidd hərəkətlərindən (hərəkətsizliyindən) irəli gəlməsi üçün təqsirsizlik prezumpsiyasının mahiyyəti və cavabdehin davam edən pozuntuya susması aspektindən anlaşılan deyil. Qeyd edilən müstəvidə mülki münasibətlərin səciyyəsi, deliktin mövcudluğu və onun kim tərəfindən törədilməsi, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, bunun səbəbləri və ya digər xüsusatların əsasları müəyyən edilmir.

9. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə əsasən: Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Qaz paylayıcısı tərəfindən müayinənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

10. Qanununun 6-4-cü maddəsinə görə müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) Reyestrə daxil edilmiş məlumatlar əsasında bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərinə riayət olunmasına monitorinq keçirilməsi yolu ilə mütəmadi nəzarət edir və həmin tələblərə riayət olunmadığını müəyyən etdikdə icrası məcburi olan göstərişlər verir. Monitorinqin keçirilmə qaydası müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Sahibkarlıq subyektlərinə münasibətdə monitorinq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilir.

11. Qanunun 13-cü maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X3 ilə tənzimlənir. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Müvafiq icra hakimiyyəti orqanının və qaz paylayıcısının səlahiyyətli şəxsinin bu Qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

12. Mülki Məcəlləninin 560.1, 560.2 və 560.3.4-ci maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi xüsusən hüquqdan sui-istifadə kimi nəzərdə tutulmuşdur. Məcəllənin 1096.1-1096.2 əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

13. Mülki Prosessual Məcəllənin 9.3 və 14.2-ci maddələrinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 106.1-106.2-ci maddələrinə müvafiq: işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

14. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: İ.Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. V. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.

15. Kollegiya diqqətə çatdırır ki, təqdim edilən sübutlar lazımi qaydada rəsmiləşdirilmədiyindən onların mötəbər sübut kimi qəbul edilməsi, habelə hər hansı ekspertizanın təyin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən və mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalı, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci onu ödəyən şəxsə aid edilməlidir.

16. Həmçinin izah edilir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddia olduğundan, hazırkı iş üzrə kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

17. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6026/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar