Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1791/2023 28.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 cavabdehlər Cavabdeh3, Cavabdeh4 qızına, AR İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDKR PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2na qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mənzildən çıxarılma”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-5187/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2na qarşı iddia irəli sürərək, Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov (köhnə Naximov) küçəsində yerləşən 13 saylı evin 34 saylı mənzilinə dair Cavabdeh3 ilə Cavabdeh4 arasında Cavabdeh2 bağlanmış 4ə-710 reyestr nömrəli 09 dekabr 2021-ci il tarixli alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh4 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və Cavabdeh4 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov (köhnə Naximov) küçəsində yerləşən 13 saylı evin 34 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir).
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2(011)-3337/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mənzildən çıxarılma və mənzilin sahibliyə qaytarılması tələbinə dair iddiasının təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13 saylı evin 34 saylı mənzilinə dair Bakı şəhəri 52 saylı Notariat Ofisinin Xüsusi X2 tərəfindən 4Ə-246 reyestr nömrəsi ilə təsdiq edilmiş Cavabdeh3 ilə İddiaçı arasında 26 fevral 2020-ci il tarixdə bağlanmış “daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, cavabdeh İddiaçı adına verilmiş Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13 saylı evin 34 saylı mənzilinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli, RX seriyalı çıxarışın və dövlət reyestri tərəfindən aparılmış qeydin ləğv edilməsi, cavabdeh İddiaçı Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13 saylı evin 34 saylı mənzilindən çıxarılması və mənzilin Cavabdeh3 sahibliyinə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2021-ci il tarixli 2(103)-10912/2021 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(011)-3337/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı Cavabdeh3 iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 may 2022-ci il tarixli 2(102)-2733/2022 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2021-ci il tarixli 2(103)- 10912/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13 saylı evin 34 saylı mənzilinin hansı əsaslarla və kimin mülkiyyətində olması barədə 07 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərilmiş, idarə tərəfindən sorğuya cavab olaraq qeyd edilmişdir ki, ünvan 1 ünvanı Cavabdeh2 4ə-710 reyestr nömrəli 09 dekabr 2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh4 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İşə apellyasiya instansiyasında baxılan zaman Cavabdeh3 09 dekabr 2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən mübahisəli mənzili Cavabdeh4 satsa da, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 20 dekabr 2021-ci il tarixli 2(103)-10912/2021 saylı qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13 saylı evin 34 saylı mənzilinə dair Cavabdeh3 ilə iddiaçının arasında 26 fevral 2020-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarlılığı təsdiq edilmiş və iddiaçının mənzil üzərində mülkiyyət hüququ bərpa edilmişdir. Belə olan halda Cavabdeh3 iddiaçıya məxsus mənzili Cavabdeh4 satmasına dair 09 dekabr 2021-ci il tarixli alğı-satqı müqaviləsi etibarsızdır.
3. Xətai Rayon Məhkəməsinin 2(011)-5187/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia təmin edilməmişdir.
4. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri:
5. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki,“məhkəmə araşdırması zamanı Cavabdeh4 mənzilinmübahisəli olması və vicdanlı alıcı olmasını istisna edən hər hansı hal proseslər əsnasında aşkar edilməmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş reyestrin həqiqiliyi prezumpsiyasına əsasən Cavabdeh4 mənzili əldə etmiş vəöz mülkiyyətinə keçirmişdir”. Məhkəmə nəzərə almamışdır ki, İddiaçıBakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(011)-3337/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinə baxılan müddətdə Cavabdeh3 mübahisəli mənzillə bağlı məhkəmənin icraatında işin olduğunu bilə-bilə 09 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzili Cavabdeh4 satmışdır. Halbuki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 20 dekabr 2021-ci il tarixli 2(103)-10912/2021 saylı qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13 saylı evin 34 saylı mənzilinə dair Cavabdeh3 ilə İddiaçı arasında 26 fevral 2020-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarlılığı bir daha təsdiq edilmişdir. Belə olan halda Cavabdeh3 iddiaçıya məxsus mənzili Cavabdeh4satmasına dair09 dekabr 2021-ci il tarixlialqı-satqı müqaviləsi etibarsızdır. Lakin məhkəmə, qeyd olunan xüsusatları nəzərə almamış, hazırkı iddia tələbinə vicdanlı əldə edənlə bağlı qanunvericilik normalarını tətbiq etməklə iddia tələbini rədd etmiş, bununla da, İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə bərpa edilən mülkiyyət hüququnu pozmuşdur. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi, eyni zamanda qeyd etdi ki, şərti olaraq Cavabdeh4 vicdanlı alıcı kimi qəbul etsələr də, qüvvədə olan qətnamə ilə iddiaçının mülkiyyət hüququ bərpa olunmuşdur, bununla da ziddiyyətli vəziyyət yaranır, iddiaçının hüququnun necə bərpa edilməsini məhkəmə müəyyən etməmişdir.
7. Məhkəmə kollegiyasının iclasında Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə tədqiqatı başa çatdıqdan sonra məhkəmə iclasına gəlmişdir.
8. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, yalnız 6 saylı Notariat ofisi məhkəməyə ərizə göndərərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.
9. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2(011)- 3337/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mənzildən çıxarılma və mənzilin sahibliyə qaytarılması tələbinə dair iddiasının təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13 saylı evin 34 saylı mənzilinə dair Bakı şəhəri 52 saylı Notariat Ofisinin Xüsusi X2 tərəfindən 4Ə-246 reyestr nömrəsi ilə təsdiq edilmiş Cavabdeh3 ilə İddiaçı arasında 26 fevral 2020-ci il tarixdə bağlanmış “daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, cavabdeh İddiaçı adına verilmiş Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13 saylı evin 34 saylı mənzilinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli, RX seriyalı çıxarışın və dövlət reyestri tərəfindən aparılmış qeydin ləğv edilməsi, cavabdeh İddiaçı Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13 saylı evin 34 saylı mənzilindən çıxarılması və mənzilin Cavabdeh3 sahibliyinə qaytarılması qət edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2021-ci il tarixli 2(103)-10912/2021 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(011)-3337/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı Cavabdeh3 iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 may 2022-ci il tarixli 2(102)-2733/2022 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2021-ci il tarixli 2(103)-10912/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
12. Yuxarıda istinad olunan 2(011)-3337/2020 saylı mülki işin materiallarından görünür ki, Xətai Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli qətnaməsi üzrə 18 dekabr 2020-ci il tarixdə qətnamə qüvvəyə mindiyindən icra vərəqəsi verilmişdir. İcra vərəqəsinin verilmə tarixi xx.xx.2021-ci ilə aiddir. İstinad olunan iş materiallarından görünür ki, hazırki iş üzrə iddiaçı məhkəmə qətnaməsinin xx.xx.2020-ci il tarixdə almış olsa da ondan apellyasiya şikayətini müddəti ötürməklə vermiş və məhkəməyə xx.xx.2021-ci il tarixdə vəsatətlə müraciət edərək qətnamədən şikayət verilməsi üçün prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən xx.xx.2021ci il tarixdən prosessual müddət bərpa edilərək apellyasiya şikayəti baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. İş materialları apellyasiya məhkəməsinin icraatında olan zaman Cavabdeh3 öz adına əldə etdiyi çıxarış əsasında mübahisəli mənzili Cavabdeh4 satmışdır.
13. Cavabdeh1 1 saylı Bakı Ərazi İdarəsinin 30 iyun 2022-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanı Cavabdeh2 4ə-710 reyestr nömrəli 09 dekabr 2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh4 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Tətbiq edilən hüquq Mülki Məcəllə
14. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
15. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
16. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
17. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
18. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.
19. Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı... Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı (“H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərarı).
20. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasınm (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı).
21. Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. (“S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərar). Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
26. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın
27. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
28. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
29. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
34. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
35. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
36. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi dəyərləndirmə:
37. Məhkəmə kollegiyası, gəlmiş tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. İddiaçı məhkəmə mübahisəsi gedən vaxt mənzilin satılmağına istinad edərək, Cavabdeh4 vicdanlı əldə edən olmadığını qeyd edir.
39. Kollegiya bununla bağlı bildirir ki, mülki iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-10912/2021 saylı qərardaddan görünür ki, mübahisəli mənzilin üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsi Cavabdeh3 və digər şəxslərə qadağan edilmiş, mənzilə dair Cavabdeh4la alğı-satqı müqaviləsi isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 10912/2021 saylı qərardadından əvvəl, yəni 09 dekabr 2021-ci il tarixdə bağlanmışdır.
40. İddianı təmin etməyən birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəf qeyd edilən müqavilənin etibarsızlığını mübahisələndirsə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində müəyyən edilmiş əqdin etibarsızlığının əsasları hazırkı iş üzrə müəyyən edilməmişdir.
41. Kollegiya Konstitusiya məhkəməsinin yuxarıdakı qərarlarda qeyd edilən mövqeyinə, Mülki Məcəllənin 182.1-ci maddəsinin tələblərinə əsasən, belə qənaətə gəlir ki, əmlakı vicdanlı əldə edən Cavabdeh4 hüquqları xələl görməməlidir, bu baxımdan, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, bu səbəbdən apellyasiya şikayəti təmin edilməməlidir.
42. Məhkəmə Kollegiyası iddiaçının hüququnun bərpası barədə isə bildirir ki, rayon məhkəməsi qeyd etmişdir ki, iddiaçı bununla bağlı ona dəymiş ziyan tələbi ilə məhkəməyə müraciət edə bilər. Nəticə:
43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
45. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
46. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 2(011)-5187/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov