Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1799/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, Cavabdeh2 və vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı“müqavilənin etibarsız hesab edilməsi və Çıxarışın ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisində 384D saylı bağ nömrəsi ilə 0,12 ha torpaq sahəsinə dair keçmiş X3 və İstismarı Birliyi ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2005-ci il tarixli 35312 nömrəli müqavilənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş Çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Nəbizadə, iş № 2(001)-5891/21) iddia təmin olunaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamentinin X3 və istismarı Birliyi ilə Cavabdeh2 arasında bağlanmış Bakı şəhəri, Binəqədi rayonunun Göradil ərazisində 0,12 hektar torpaq sahəsi olan 384D nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli, 35312 saylı müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 384D saylı bağ evinin xx.xx.2018-ci il tarixdən Cavabdeh2 xüsusi mülkiyyətində olmasına dair daşınmaz əmlakın Dövlət reyestrindəki qeydin (Çıxarış – Seriya RX №1307929) ləğv edilməsi, ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki,Bakı şəhər İcraiyyə Komitəsinin 1374 nömrəli, xx.xx.1992-ci il tarixli sərəncamı ilə 142 nömrəli bağ tikinti kooperativi nəzdində Goradil bağlar sahəsində 0.12 hektar torpaq sahəsi olan 384D nömrəli bağ sahəsininayrılmasına dair iddiaçının atası X1 adına 47 nömrəli order verilmiş, sonuncu xx.xx.2013-cü ildə vəfat etmişdir. İddiaçı atasından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 30 saylı notariat ofisinə müraciət etmiş, xx.xx.2020-ci il tarixdə vərəsəlik işi açılmışdır. Vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi məqsədilə Bakı şəhəri 30 saylı notariat ofisi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə sorğu göndərilmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli cavab məktubundan məlum olmuşdur ki, Bakı Şəhər İcraiyyə Komitəsinin 1374 nömrəli, xx.xx.1992-ci il tarixli sərəncamı ilə 142 nömrəli bağ tikinti kooperativi nəzdində Goradil bağlar sahəsində 0.12 hektar torpaq sahəsi olan 384D nömrəli bağ sahəsinin ayrılmasına dair X1 adına 47 nömrəli order verilmişdir. Eyni zamanda həmin bağ nömrəsi ilə 0,12 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına mülkiyyət hüququ üzrə qeydə alınmışdır. Halbuki, bağ sahəsi 1992-ci ildən iddiaçının ailəsinin istifadəsindədir və həmin bağ sahəsində iddiaçının mərhum atası tərəfindən fərdi yaşayış evi tikilmişdir. Hazırda həmin fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh iddianı qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təssərrüfatı İnkişafı və İstismarı Birliyi ilə aralarında bağlanmış bağın istifadəyə verilməsi barədə xx.xx.2005-ci il tarixli 35312 saylı müqaviləyə əsasən, Goradil qəsəbəsində 0.12 ha bağ sahəsini (bağ 384D) icarəyə götürmüşdür. Həmin bağ sahəsinə plan və cizginin verilməsi üçün DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmiş, həmin inzibati orqan qeyd edilən torpaq sahəsinə xx.xx.2008-ci il tarixli plan və ölçü tərtib etmişdir. Həmin plan və cizgini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə təqdim edib, torpaq sahəsinin plan və ölçüsünün verilməsini xahiş etmiş, cavab olaraq cizgidə qonşu torpaq sahələrinin nömrələri qeyd edilmədiyindən plan və ölçünün verilməsinin mümkün olmaması qeyd olunmuş və bundan sonra toıpaq sahəsinin plan və cizgisində düzəliş edilməsi barədə DƏDRX-nin Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur. DƏDRX-nin Bakı Ərazi İdarəsi həmin sənədin verilməsindən imtina edərək sözügedən bağ sahəsinin bölgüsünə dair nömrəsinin bağ sahəsinin bölgüsünə dair sxematik xəritədə öz əksini tapmadığını və bağ sahəsinə dair arxiv torpaqayırma-cizgisi olmadığından qonşu bağ sahələrinin nömrələrinin yazılmasının mümkün olmadığı bildirilmişdir. Bundan sonra Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təssərrüfatı İnkişafı və İstismarı Birliyi tərəfindən xx.xx.2005-ci il tarixli 35312 saylı müqaviləyə əsasən Cavabdeh2 istifadəsinə verilmiş Bakı şəhəri Binəqədi rayonu, Goradil qəsəbəsndə yerləşən 0.12 ha bağ sahəsinin mövcud vəziyyətinə uyğun plan və ölçünün hazırlanmasının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilməsi barədə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz (81)-1845/2012 saylı, 19 iyul 2012-ci il tarixli Qərarı ilə iddia təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyətinin X3 və İstismarı Birliyi tərəfindən xx.xx.2005-ci il tarixli, 35312 saylı müqaviləyə əsasən Cavabdeh2 Məşədi oğlunun istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən 0.12 ha bağ sahəsinin mövcud vəziyyətinə uyğun plan və ölçünün hazırlanması Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qeyd olunan məhkəmə qərarı əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən cavabdehin istifadəsində olan torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Hazırda Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 384D saylı bağ evi Cavabdeh2 mülkiyyətində olmaqla, ona daşınmaz əmlakın Dövlət reyestmdə qeydə alınaraq Seriya RX ******* saylı Çıxarış verilmişdir. İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən qeyd edilən əraziyə baxış keçirilmiş, göstərilən torpaq sahəsinin vərəsələrdən biri olan İddiaçı istifadəsində olduğu, elektron kadastr baza məlumatlarına əsasən digər vətəndaşın adına qeydiyyatdan keçmiş 384d saylı bağ sahəsinin sözügedən torpaq sahəsindən təxminən 160-170 metr qərb hissədə yerləşdiyi və bu sahəyə aidiyyətinin olmadığı, həmçinin göstərilən sahəyə iddiaçı mərhum X1 adına 142 nömrəli BTK-nın nəzdində 384d saylı bağ sahəsinə aid order təqdim edildiyi, lakin bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmadığından, 384d saylı bağın həmin əraziyə aid olub-olmadığını dəqiqləşdirmək mümkün olmadığı qeyd edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin bağ sahəsinin iddiaçının bağına hər hansı aidiyyəti yoxdur. Cavabdeh istifadəsində olan torpaq sahəsində ev tikib və həmin torpaq sahəsinə məhkəmə qərarı əsasında mülkiyyət hüququnu rəsmiləşdirməklə çıxarış əldə edib. Hər iki bağ sahəsinə eyni nömrənin verilməsi müqavilənin etibarsızlığına əsas vermir. Cavabdeh və vəkili məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən hazırkı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin və vəkilinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi rədd olunmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, X2 Bakı şəhər İcra Hakimiyyətinin 10 sentyabr 1992-ci il tarixli, 1374 nömrəli qərarına əsasən Göradil bağlar sahəsində 142 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 384D nömrəli bağ sahəsi ayrılmışdır. Bağlar təsərrüfatı idarəsi bu barədə Teymur Sultanovun adına 47 saylı order vermişdir. Həmin bağ sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü tərtib olunaraq xx.xx.2012-ci ildə X4 32821 nömrə ilə uçota alınmışdır. Teymur Sultanov xx.xx.2013-cü ildə vəfat etmişdir. Vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər tələb olunduğundan həm iddiaçı, həm də notarius DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və həmin orqanın cavab məktubunda göstərilmişdir ki, qeyd olunan ünvanda yerləşən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə yoxdur. Məktubda həmçinin qeyd olunmuşdur ki, 384D saylı bağ sahəsi digər fiziki şəxs tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdən həmçinin görünür ki, X3 və istismarı Birliyi ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 35312 saylı müqaviləyə əsasən Binəqədi rayonu Goradil kəndində 0,12 ha torpaq sahəsində yerləşən 384D saylı bağ sahəsi 10 il müddətinə onun istifadəsinə verilmiş və müqavilədə istifadəçi müqavilə öhdəliklərini yerinə yetirdikdə müqavilənin yeni müddətə artırılması göstərilmişdir. Müqaviləyə torpaq sahəsinin plan və cizgisi əlavə olunmuşdur. Cavabdeh2 torpaq sahəsinin plan və ölçüsünün verilməsi barədə ərizə ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə müraciət etmiş, lakin həmin şöbədə bildirmişlər ki, cizgidə qonşu bağ sahələrinin nömrələri qeyd olunmadığından plan və ölçünün verilməsi mümkün deyildir. Bundan sonra Cavabdeh2 torpaq sahəsinin plan-cizgisində düzəliş aparılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmiş və İdarə həmin sənədin verilməsindən imtina etmişdir. İmtina üçün əsas sözügedən bağ sahəsinin nömrəsinin bağ sahələrinin bölgüsünə dair sxematik xəritədə öz əksini tapmaması və bağ sahəsinə dair arxiv torpaqayırma cizgisinin olmaması göstərilmişdir. Bundan sonra Cavabdeh2 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Dövlət Torpaq və Xəritəcəkmə Komitəsinin Bakı Şöbəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı plan və ölçünün hazırlanması vəzifəsinin cavabdehə həvalə olunması barədə iddia qaldırmış, Məhkəmənin xx.xx.2012-ci i tarixli qərarı ilə, iddia təmin olunaraq bağ sahəsinin mövcud vəziyyətinə uyğun plan və ölçünün hazırlanması Dövlət Torpaq və Xəritəcəkmə Komitəsinin Bakı Şöbəsinə həvalə edilmişdir. Cavabdehin istifadəsində olan 384D saylı bağ evi və ona aid 0,12 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməklə onun mülkiyyətindədir. İddiaçının tələbi keçmiş X3 və İstismarı Birliyi ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2005-ci il tarixli 35312 nömrəli müqavilənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması barədədir. İddiaçının fikrincə, 384D saylı bağ sahəsi 1992-ci ildən iddiaçının ailəsinin istifadəsində olduğundan, həmin bağ sahəsində iddiaçının mərhum atası tərəfindən fərdi yaşayış evi tikildiyindən və hazırda həmin fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşadığından həmin bağ sahəsinə dair Cavabdeh2la müqavilə bağlanması qanunsuzdur. Cavabdeh iddiaya etirazını onun və iddiaçının istifadəsində olan bağ sahələrinin birbirinə heç bir aidiyyəti olmadığı, müqavilə əsasında ona məxsus olan bağ sahəsində ev tikdiyi və həmin evdə yaşaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.4-cü maddələrini tətbiq edərək iddianı əsaslı saymış və təmin etmişdir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsininə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Birinci instansiya məhkəməsinin qənaətinə görə 384D saylı bağa dair order iddiaçının atasının adına olduğundan onun razılığı olmadan həmin bağ sahəsinə dair cavabdehlə müqavilə bağlanması qanunsuzdur. Cavabdeh məhkəmənin gəldiyi nəticədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Şikayətin əsas dəlili isitfadələrində olan bağ sahələrinin bir-birinə aidiyyətinin olmaması barədədir. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsaslı sayır və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iş materialları və tərəflərin izahatları əsasında mübahisəsiz qaydada müəyyən edilir ki, iddiaçı və cavabdehin faktiki olaraq istifadələrində olan torpaq sahələrinin bir-birinə aidiyyəti yoxdur və bir-birindən 160-170 metr aralıda yerləşir. Faktiki olaraq iddiaçı və cavabdehə fərqli torpaq sahələri ayrılmış və hər biri öz torpaq sahəsinə sahibliyi həyata keçirir, ondan istifadə edir. İddiaçının atası Teymur Sultanovun adına verilmiş orderdə və digər sənədlərdə bağ sahəsi 384D nömrə ilə qeydə alınıb. Keçmiş X3 və İstismarı Birliyi ilə cavabdeh arasında bağlanmış xx.xx.2005-ci il tarixli 35312 nömrəli müqavilədə də bağ sahəsi 384D nömrə ilə qeydə alınıb və həmin nömrəli bağa dair sonuncunın adına çıxarış verilib. Göründüyü kimi, daşınmaz əmlaka hüququn əldə edilməsində hər hansı pozuntu yoxdur. Hazırkı vəziyyətdə iddiaçı və cavabdehin bağ sahəsinə eyni nömrənin verilməsi müqavilənin etibarsız hesab olunması üçün əsas deyildir. Maraqlı şəxs hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvin düzəldilməsi üçün müvafiq qeydiyyat orqanına müraciət edə bilər. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Digər tərəfdən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məktubunun məzmunundan göründüyü kimi, imtina üçün əsas kimi təkcə bağ sahəsinin nömrəsinin bağ sahələrinin bölgüsünə dair sxematik xəritədə öz əksini tapmaması göstərilməmişdir. Məktubda digər əsaslar da, məsələn, üzvlük kitabçasının və üzvlərin iclas qərarının surətinin təqdim olunmaması da qeyd edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, vaxtilə cavabdeh də müqavilə əsasında istifadəsində olan torpaq sahəsinin plan-ölçüsünün tərtib olunması üçün müraciət edərkən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ona da eyni əsasla - bağ sahəsinin nömrəsinin bağ sahələrinin bölgüsünə dair sxematik xəritədə öz əksini tapmaması əsası ilə imtina etmişdir. Cavabdeh bu imtinanı inibati-iqtisadi məhkəmədə mübahisələndirmiş və iddiası təmin olunmaqla bağ sahəsinin mövcud vəziyyətinə uyğun plan və ölçünün hazırlanması Dövlət Torpaq və Xəritəcəkmə Komitəsinin Bakı Şöbəsinə həvalə edilmişdir. Məhz həmin məhkəmə qətnaməsi icra olunduqdan sonra istifadəsində olan torpaq sahəsi və fərdi yaşayış evi üzərində cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Lakin işdən göründüyü kimi, iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən imtina məktubu aldıqdan sonra həmin imtinanı inzibati icraat qaydasında mübahisələndirməmiş, onunla razılaşaraq məhkəmədə cavabdehlə bağlanmış müqaviləni və cavabdehin mülkiyyət hüququnu mübahisələndirmək qərarına gəlmişdir. Halbuki, yuxarıda qeyd olunduğu kimi, cavabdehin bağ sahəsi iddiaçının bağ sahəsindən təxminən 160-170 metr aralıda yerləşməklə iddiaçının öz torpaq sahəsindən istifadəsinə hər hansı şəkildə mane olmur. Qeyd olunan hal Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən verilmiş müvafiq rəylə də təsdiq olunur. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.4-cü maddələrinə istinad edərək cavabdehlə keçmiş X3 və İstismarı Birliyi arasında bağlanmış xx.xx.2005-ci il tarixli 35312 nömrəli müqaviləni etibarsız saysa da, həmin müqavilə rəsmiləşdirilərkən Mülki Məcəllədə müəyyənləşdirilmiş hansı şərtlərin pozulmuş olduğunu, həmin müqaviləni konkret olaraq mübahisə edilən, yoxsa əhəmiyyətsiz əqd hesab etdiyini göstərməmiş, hazırkı iş üzrə iddiaçının həmin əqdi mübahisələndirmək hüququnun olub-olmamasına qiymət verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağ sahələrinin nömrəsinin eyni olması cavabdehlə bağlanmış müqavilənin etibarsılığı üçün əsas vermir. Çünki, bağ sahələrinin nömrəsi eyni olsa da, torpaq sahələri faktiki və rəsmi olaraq bir-birindən təxminən 160-170 metr uzaqlıqda yerləşir, üst-üstə düşmür və bir-birinə hər hansı maneçiliyi yoxdur. Tərəflər hər biri öz bağ sahəsində ev tikmiş və orada yaşayırlar. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk növbədə həmin tələbin qanuni əsasının tapılmasından və istinad olunan faktiki halların həmin tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş tələbin qanuni əsası tapılmırsa və ya faktiki hallar istinad olunan qanuni əsasın şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: . Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisində 384D bağ nömrəsi ilə 0,12 ha torpaq sahəsinə dair keçmiş X3 və İstismarı Birliyi ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2005-ci il tarixli 35312 nömrəli müqavilənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş Çıxarışın ləğv olunması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1799/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1799/2022
07.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver