Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-180/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdeh Nümayəndə2 və onun vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3384/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məktəb həyətinin və binaya gedən yolun zəbt edilmiş 10x20 metr hissəsində qanunsuz tikilmiş hasarın sökülərək əvvəlki vəziyyətində bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(011)- 3384/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçının iddiası üzrə prosessual hüquq varisliyinə yol verildiyinə görə Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən Cavabdeh onun prosessual hüquq varisi Nümayəndə2 ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi, cavabdeh Nümayəndə2 və onun vəkili Vəkil isə apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Mehmandarov küçəsi, 76 saylı evin, 63 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Həmçinin həmin ünvan iddiaçının rəhbərlik etdiyi “AQİL-E” firmasının hüquqi ünvanı kimi qeydiyyata alınmışdır. Bakı şəhəri Xətai Rayon Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 05/14 saylı sərəncamına əsasən G.Mehmandarov küçəsi, 76 saylı binanın həyətində xidmət məntəqəsinin əhatəsində olan ərazidə fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh 140 m2 ölçüdə torpaq sahəsi ayrılmışdır. Həmçinin Xətai rayon Xətai Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2006-cı il tarixli torpaq sahələrinin icarəyə verilməsi haqqında 0213 saylı icarə müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, 76 ünvanda yerləşən ümumi sahəsi 278,5 m2 olan torpaq sahəsi sonuncunun istifadəsinə verilmişdir. Həmin ərazidə o, 2006-cı ildə ev inşa edərək ayrılmış torpaq sahəsini hasarlamışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 342 saylı sərəncamı ilə Bakı şəhəri, Gen.Mehmandarov küçəsi, 76-da yerləşən yaşayış sahəsi 150,6 m2, köməkçi sahəsi 462,4 m2, tikilialtı sahə 195,9 m2-dən ibarət olan fərdi yaşayış evi istismara qəbul edilmiş və hüquqi qeydiyyatdan keçirilməsi qərara alınmışdır. Hazırda həmin ərazi cavabdehin sahiblik və istifadəsindədir. İddiaçı bildirir ki, cavabdeh bütün imkanlardan istifadə etməklə onun sahibkarlıq fəaliyyətinə ciddi şəkildə maneə törədir. Belə ki, cavabdeh ünvan 3 ünvanında yerləşən 263 saylı orta məktəbin ərazisini və onun yaşadığı binaya gedən piyada keçidini zəbt edərək İ mərtəbəsi iaşə obyekti, İİ və İİİ mərtəbələri yaşayış evi inşa etdirmişdir. Cavabdeh hasarını artıraraq avtomobillərin hərəkətinə maneə yaratmış və hazırda məntəqəyə maşınların daxil olmasına icazə verməməklə hüquqlarını kobud şəkildə pozur. Bu isə onun sahibkarlıq fəaliyyətinə ciddi şəkildə ziyan vurmaqla bərabər, icarədarların işləməsinə imkan verməməklə onların çıxıb getməsinə səbəb olmaqla yanaşı həmin yolun kənarında təmirlə əlaqədar müraciət etmiş avtomobil sahiblərinin də ciddi narazılığına səbəb olur və binaya gedib-gələn sakinlər üçün nəzərdə tutulmuş piyada keçidi isə tam şəkildə zəbt olunmuşdur. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, onun 2006-cı ildə inşa etdiyi hasarın iddiaçıya heç bir aidiyyəti olmadığından, əksinə iddiaçı yaşayış məntəqəsində avtomobil yumaq fəaliyyəti ilə məşğul olmaqla ətrafdakı sakinlər üçün maneələr yaratdığından iddia tələbi tam əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 180-ci maddəsi təşkil edir. Həmin normanın tələblərinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (Mülki Məcəllənin 180.1-ci maddəsi). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (Mülki Məcəllənin 180.4-cü maddəsi). Qeyd olunan tələblərin əsaslı olub-olmadığının yoxlanılması üçün aşağıdakı hallar araşdırılmalıdır: 1) iddia tələbində göstərilən tikilinin özbaşına tikinti olub-olmadığı, 2) iddiaçının Mülki Məcəllənin 180.4-cü maddəsində göstərilən şəxslərə aid olub-olmadığı. Mülki Məcəllənin qeyd olunan maddənin dispozitiv şərtlərindən məlum olur ki, özbaşına tikinti hesab edilən daşınmaz əmlaklar yalnız məhkəmənin qərarı əsasında sökülə bilər və bu iddiaları müvafiq icra hakimiyyəti orqanları və ya maraqlı tərəf irəli sürə bilər. Həmçinin maddədə göstərilən “maraqlı tərəf” dedikdə, özbaşına tikintinin aparılması nəticəsində qanunla qorunan maraqları və hüquqları pozulmuş şəxslər başa düşülür. Lakin hazırkı iş üzrə qeyd olunan maddənin dispozisiya şərtləri müəyyən edilmir. Belə ki, apellyasiya baxışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 2216 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küçəsi, 76 saylı binanın yaxınlığında yerləşən Xətai Rayon Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 05/14 saylı sərəncamı ilə Cavabdeh fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 140 kv.m. torpaq sahəsinə və Xətai Rayon Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2006-cı il tarixli 0213 saylı icarə müqaviləsindəki 278,5 kv.m sahəsinə dair plan sxem mülki iş materiallarında olmadığı üçün, 10x20 metr ölçüdə olan mübahisəli hasar həmin bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsində inşa olunub-olunmamasının müəyyən etmək mümkün olmadı. İddiaçı rəhbərlik etdiyi “AQİL-E” firması ilə mübahisəli ərazi bir-birindən kənarda yerləşərək paralel olmadığını, aralarından yol keçdiyini nəzərə alaraq, mübahisəli hasar “AQİL-E” firmasının fəaliyyətinə maneə yaratmadığı müəyyən olunur. Lakin mövcud olan piyada yolunun bir hissəsində (digər küçə ilə kəsişmə hissəsində) hasar inşa olunaraq bağlandığını nəzərə alaraq, Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küçəsi, 76 saylı evin, 63 saylı mənzilinin sakini kimi İddiaçı gediş-gəlişinə maneə yaratdığını müəyyən olunur. Bakı şəhəri, Xətai rayonu Gen.Mehmandarov küçəsi, 76 saylı binanın yaxınlığında yerləşən Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin eni 19,2 m, uzunluğu 29,2 m müəyyən olunur. Göründüyü kimi xx.xx.2006-cı il tarixli 0213 saylı icarə müqaviləsi ilə Cavabdeh adına ayrılmış torpaq sahəsinin ölçüləri (278,5 kv.m) ilə onun faktiki istifadə və sahibliyində olan torpaq sahəsinin ölçüləri (19,2 x 29,2 = 560,4 kv.m) uyğun gəlmir. Bu baxımdan kollegiya qeyd edir ki, hazırda cavabdehin faktiki istifadə və sahibliyində olan torpaq sahəsində inşa edilmiş hasarın özbaşına tikili olması halı istisna olunmur. Lakin sökülməsi tələb edilən hasarın zəbt olunmuş və ya qanuni istifadədə olan torpaq sahəsində yerləşməsini ekspert müəyyən edə bilməyib və məhkəmə tərəfindən də müəyyən edilməsi mümkün deyil. Bundan başqa rəydən göründüyü kimi həmin hasarla iddiaçının rəhbərlik etdiyi “AQİL-E” firması bir-birindən kənarda yerləşir və paralel deyildir, eyni zamanda onların arasından yol keçir. Buna görə də, həmin hasarın “AQİL-E” firmasının fəaliyyətinə maneə yaratmadığı müəyyən olunur. Mübahisəli hasarın Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küçəsi, 76 saylı evin, 63 saylı mənzilinin sakini kimi iddiaçının gediş-gəlişinə maneə yaratması ilə bağlı rəydə qeyd olunan nəticə isə əsaslı hesab edilə bilməz. Belə ki, iş materiallarında olan fotoşəkillər və proses iştirakçılarının izahatlarından müəyyən olunur ki, mübahisəli hasar iddiaçının yaşadığı mənzilin yerləşdiyi binanın ön tərəfində deyil, arxa hissəsində yerləşir. Bu isə onu deməyə əsas verir ki, mübahisəli hasar binanın sakini kimi iddiaçının əsas piyada yolunu və gediş gəlişini bağlamır. Kollegiya hesab edir ki, ekspertin həmin nəticə ilə bağlı məntiq və yanaşması doğru deyildir. Çünki eyni məntiq və yanaşma ilə şəhərin müəyyən bir ərazisində yaşayan istənilən şəxs onun müəyyən gediş yolu üzərində yerləşdiyi üçün şəhərin digər bir ərazisində yaşayan istənilən şəxsə qarşı tikilinin sökülməsi ilə bağlı iddia qaldıra bilər. Halbuki Mülki Məcəllənin 180-ci maddəsinin mənası baxımından bu yanaşma qəbuledilməzdir. Ona görə də kollegiya hesab edir ki, həmin hissədə ekspert rəyi sübut kimi qiymətləndirilə bilməz. Göründüyü kimi mübahisəli hasarın mövcud olması iddiaçının qanunla qorunan maraq və hüquqlarını pozmur. Ona görə də kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 180.4-cü maddəsində göstərilən “maraqlı tərəf” kimi qəbul edilə bilməz. Bu baxımdan kollegiya hesab edir ki, hazırki iddia buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən irəli sürüldüyünə görə də rədd edilməlidir. Eyni zamanda kollegiya izah edir ki, cavabdeh tərəfindən inşa edilmiş hasarın özbaşına tikili olması müəyyən edildiyi halda onun sökülməsi barədə iddianı irəli sürmək hüququ müvafiq icra hakimiyyəti orqanına və ya Mülki Məcəllənin 180.4-cü maddəsində göstərilən “maraqlı tərəf” kimi qəbul edilə biləcək şəxslərə məxsusdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3384/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2(103)-180/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-180/2021
09.03.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver