Məhkəmə qərarları › İş №2(103)-180/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-180/2023

18.04.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-180/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh və nümayəndəsi X3 iştirakı ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3243/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin faktiki istifadəsində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 210 b saylı bağ sahəsinə bitişik sahəsi 30 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 210 b saylı bağ sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur. İş üzrə cavabdeh həmin bağ sahəsinin önündə olan avtobus dayanacağını mişar daşından istifadə edərək təxminən sahəsi 30 kv m olan ictimai-iaşə obyekti inşa etmiş və həmin obyektdən bərbərxana və digər təyinatla istifadə edir. Cavabdeh tikinti işlərini apararkən tikinti norma və qaydalarını pozaraq piyadalar üçün nəzərdə tutulmuş səkini tikinti ərazisinə qatmış, həmçinin bağ sahəsinin hasarını tikintinin arxa divarı kimi istifadə etmişdir. Bağının hasarının tikintinin divarı kimi istifadə edilməsi nəticəsində hasarla avtobus dayanacağının arasında piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səki tamamilə bağlanmışdır. Bundan başqa, cavabdeh hasarın divarını deşərək oradan bağ sahəsinə istilik sobasının borusunu çıxarmış və bu səbəbdən də, həmin sobanı istifadə edərkən bağ sahəsini tüstü bürüyür. Bundan başqa, cavabdeh hasardan bağa pəncərə tipli deşik açaraq, həmin deşikdən süşə və plastmas butulkaları bağına atır. Bundan başqa, cavabdeh bağ sahəsində təxminən 1 ton həcmində su çəni quraşdıraraq, obyektinin su təchizatını təmin edir. Qeyd etmişdir ki, bağ sahəsinin hasarı köhnə tikili olduğundan həmin hasarın tamamilə sökülüb yeni hasar çəkilməsinə zərurət sahəsinin hasarından obyektin divarı kimi istifadə etdiyindən, hasarın yenidən işlənməsi mümkünsüzdür.Yaranmış problemlərlə bağlı cavabdehə dəfələrlə müraciət etsə də, o, obyektin sökülməsinə razılıq verməmişdir. Göstərilənlərə əsasən, Cavabdeh faktiki istifadəsində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 210 b saylı bağ sahəsinə bitişik sahəsi 30 kv m olan qeyri-yaşayış sahəsinin cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılınası zəruridir. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmədə Cavabdeh iddia tələbini etiraf etməyərək izahatında bildirmişdir ki, kafe kimi istifadəsində olan torpaq sahəsi şəhid ailəsi kimi anası Gülafət Qaçayevaya verilmişdir. Mübahisəli torpaq sahəsi isə əvvəl Anar adında şəxsə məxsus olmuşdur. Onun icazəsi ilə obyekt hasara bitişdirilmiş, əlavə su çəni qoyulmuşdur. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3243/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilməsi qət olunmuşdur. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3243/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması xahiş edilmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri baxımından Bakı Apellyasiya məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-tikinti-texniki ekspertizası və xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının vəkilinin vəsatəti ilə təkrar məhkəmə-tikintitexniki ekspertizası təyin edilmişdir və rəy alınana kimi işin icraatı dayandırılmışdır. Sonuncu olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2023-ci il tarixli 10/7733 saylı rəyi məhkəməyə daxil olduqdan sonra işin icraatı təzələnmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh və nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdirlər. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq, hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətli təmin olunmamalı, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3243/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam hissədə yoxlanılması təşkil edir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, iş materiallarında olan çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 210 b saylı bağ sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.1997-ci il tarixli 941 saylı sərəncamından görünür ki, Bakı şəhəri Buzovna qəsəbəsi Qədəmgah küçəsində şəhid anası Gülafət Qaçayevaya ticarət köşkünün quraşdırılması üçün verilmişdir. İş materiallarından görünür ki, X4 xx.xx.2015-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin 4-cü bəndinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göstərilən qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 210 b saylı bağ sahəsinə bitişik sahəsi 30 kv.m olan qeyri-yaşayış sahəsi (faktiki 19 kv.m) cavabdehin anasına Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.1997-ci il tarixli 941 saylı sərəncamına əsasən verilmiş və hazırda cavabdehin faktiki istifadəsində olduğundan, mülkiyyət isə toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğundan, qanunla qorunduğundan, həmin tikilinin cavabdehin öz hesabına əvəzi ödənilmədən sökülməsi barədə iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2023-ci il tarixli 10/7733 saylı rəyindən görünür ki: --Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, cavabdeh X5 faktiki istifadəsində olan Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi 210b bağ sahəsinə bitişik sahəsi 19, 0 m2 olan mişar daşından inşa edilmiş qeyr-yaşayış sahəsinin divarının hündürlüyünə görə zəruri olan 0,65 metr məsafə əvəzinə ara məsafəsi saxlamadığını nəzərə alaraq Məcəllənin 69.5.2-1-ci maddəsinin tələbinə uyğun inşa edilmədiyi müəyyən edilir. --Bakı şəhəri, Xəzər rayonu, Buzqyna qəsəbəsi, 0,15 ha ibarət 210b saylı bağ sahəsinin hasarı, cavabdehin istifadəsində olan qeyri-yaşayış sahəsinin arxa divarı kimi istifadə olunduğu müəyyən edilir. --Cavabdeh X5 Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi 210b bağ sahəsinə bitişik sahəsi 19, 0 m2 olan mişar daşından inşa edilmiş qeyri-yaşayış sahəsinin dam örtüyünün iddiaçıya məxsus hasarının üzərində quraşdırıldığı müəyyən edilir. -- Bakı şəhəri, Buzovna qəsəbəsi Qədəmgah küçəsində Gülafət Qaçayevaya Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.1997-ci il tarixli 941 saylı sərəncamı ilə, 30,0 m2 ticarət köşkünün quraşdırılmasına icazə verildiyi göstərilmişdir. Lakin tədqiq olunan qeyriyaşayış sahəsinin faktiki olaraq sahəsi 19, 0m2 təşkil etdiyini və mişar daşından inşa olunduğunu nəzərə alaraq, cavabdeh X5 faktiki istifadəsində olanBakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi 210b bağ sahəsinə bitişik sahəsi 19,0 m. olan mişar daşından inşa edilmiş qeyr-yaşayış sahəsinin Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 14 oktyabr 1997-ci il tarixli 941 saylı sərəmcamında göstərilən tikili ilə eynilik təşkil etmədiyi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə Kollegiyası ekspert rəylərini digər sübutlarla yanaşı qiymətləndirərək qeyd edir ki, ekspert rəylərində köşkün 30 kv.m. deyil 19 kv.m olması, hasara bitişik olsa da girişçıxışa maneə yaratmadığı əksini tapmışdır.Məhkəmə Kollegiyası ekspert rəylərini mötəbər sübut kimi qəbul etməməyə əsaslar görmür. Məhkəmə Kollegiyası qeyd edir ki, Cavabdeh faktiki istifadəsində olan Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi 210b bağ sahəsinə bitişik sahəsi 19, 0 m2 olan mişar daşından inşa edilmiş qeyr-yaşayış sahəsinin divarının hündürlüyünə görə zəruri olan 0,65 metr məsafə əvəzinə ara məsafəsi saxlamadığı iddiaçının hansı hüququnu pozması barədə sübutlar təqdim edilməmişdir. Həmçinin, Bakı şəhəri, Buzovna qəsəbəsi Qədəmgah küçəsində Gülafət Qaçayevaya Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.1997-ci il tarixli 941 saylı sərəncamı ilə, 30,0 m2 ticarət köşkünün quraşdırılmasına icazə verildiyi göstərildiyi halda, qeyri-yaşayış sahəsinin faktiki olaraq sahəsi 19, 0m2 təşkil etdiyi müəyyən olunur. Bundan başqa cavabdeh X5 Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi 210b bağ sahəsinə bitişik sahəsi 19, 0 m2 olan mişar daşından inşa edilmiş qeyri-yaşayış sahəsinin dam örtüyünün iddiaçıya məxsus hasarının üzərində quraşdırıldığı qeyd edildiyi iddia olunsa da, əvvəla dam örtüyü tam yox bir hissəsi hasarın üstündə olmaqla, həm də iddiaçının hansı hüququnu pozması barədə sübutlar da təqdim edilməmişdir. İddiaçı iddia ərizəsində və apellyasiya göstərmişdir ki, cavabdeh tikinti işlərini apararkən tikinti norma və qaydalarını pozaraq piyadalar üçün nəzərdə tutulmuş səkini tikinti ərazisinə qatmışdır. Bununla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, piyadalar üçün gediş-gəlişin təmin olunması müvafiq inzibati orqanların səlahiyyətinə aiddir. Daha sonra iddiaçı iddia ərizəsində və apellyasiya göstərmişdir ki, cavabdeh hasarın divarını deşərək oradan bağ sahəsinə istilik sobasının borusunu çıxarmış və bu səbəbdən də, həmin sobanı istifadə edərkən bağ sahəsini tüstü bürüyür. Bundan başqa, cavabdeh bağ sahəsində təxminən 1 ton həcmində su çəni quraşdıraraq, obyektinin su təchizatını təmin edir. Göstərilənlərlə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddiasında iddiaçı istilik sobasının borusunun və su çəninin götürülməsinə dair tələb irəli sürməmişdir. Məhkəmə Kollegiyası həmçinin, nəzərə alır ki, cavabdeh X5 Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi 210b bağ sahəsinə bitişik sahəsi 19, 0 m2 olan mişar daşından inşa edilmiş qeyri-yaşayış sahəsi Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.1997-ci il tarixli 941 saylı sərəncamına əsasən inşa edilmişdir və Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.1997-ci il tarixli 941 saylı sərəncamından isə görünür ki, Bakı şəhəri Buzovna qəsəbəsi Qədəmgah küçəsində şəhid anası Gülafət Qaçayevaya ticarət köşkünün quraşdırılması üçün verilmişdir. Məhkəmə Kollegiyası vurğulayır ki, qeyd edilən sərəncam iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin olunmamalıdır. Eyni zamanda MPM-in 119-cu maddəsinə əsasən, iş üzrə apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 200 (iki yüz) manat, iddiaçıdan tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə əsasən: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 384.0.1. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3243/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılsın. İş üzrə apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 200 (iki yüz) manat, iddiaçıdan tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar