Məhkəmə qərarları › İş №2(103)-1801/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1801/2023

10.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1801/2023 10.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, subroqasiya qaydasında 1.500 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunmasın. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. xx.xx.2020-cı ildə sığorta hadisəsi baş verib. Cavabdeh idarə etdiyi “Hyundai Coupe” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydasını pozaraq Rauf Hacıyevin sağlamlığına az ağır xəsarət yetirib. Həmin avtomobilin sahibinin mülki məsuliyyəti iddiaçı tərəfindən icbari qaydada sığortalanadığına görə Rauf Hacıyevin sağlamlığına vurulmuş zərərin əvəzi kimi iddiaçı 1.500 manat sığorta ödənişi verib. Avtomobilin mülkiyyətçisi başqa şəxs olub, hadisə baş verən zaman cavabdeh avtomobili etibarnamə olmadan idarə edib. Ona görə də iddiaçı suboqasiya qaydasında cavabdehdən 1.500 manatı tələb edir. İddiaçının subroqasiya hüququ yaranmayıb. Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsində subroqasiya hüququnun yaranma əsası belə göstərilib: “icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi”. Bu maddədə “hüququ olmayan şəxs” deyiləndə “nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs” nəzərdə tutulur. Çünki nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin avtomobil idarə edilməsi ilə bağlı nəzəri və təcrübi bilikləri olmadığından sığorta hadisəsinin baş verməsi riski artır və sığortaçının əsaslı mənafeləri pozulur. “İcbari sığortalar haqqında” Qanunun 13.4-cü maddəsindən görünür ki, mülki məsuliyyət üzrə sığorta təminatı əmlaki qanuni əsasla istismar edən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Bu maddədə “qanuni əsaslar” deyiləndə yalnız etibarnamə və ya digər yazlı sənəd deyil, avtomobilin istismar edilməsinə mülkiyyətçinin şifahi razılığı da nəzərdə tutulur. Odur ki, avtomobilin istismar edilməsinin mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Etibarnamə olmadan avtomobilin idarə edilməsini İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi qadağan edib və buna görə məsuliyyət müəyyən edib. Lakin sığorta münasibəti inzibati münasibət deyil, mülki münasibətidir. Mülki hüququn tələbi bundan ibarətdir ki, əşyanın başqasının istifadəsinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır (Mülki Məcəllə, maddə 732). Mülki hüquqa görə avtomobil əşyadır, avtomobilin idarə edilməsi “əşyadan istifadə edilməsi” kimi qəbul olunur. Avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu onu təsdiq edir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında şifahi istifadə müqaviləsi mövcuddur. Avtomobilə dair istifadə müqaviləsi üçün yazılı forma məcburi forma kimi müəyyən edilməyib. Beləliklə, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar