Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1804/2022 18.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6837/2021 saylı, 08.10.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanda yerləşən fərdi yaşayış evinə (kod: **********00280) əsassız olaraq hesablanmış 3.365,40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona məxsus Buzovna qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır. Təbii qazdan istifadəyə görə iddiaçı tərəfindən vaxtlı-vaxtında ödənişlər aparılmışdır. 2018-ci iliniyul ayında iddiaçıya Cavabdeh İB tərəfindən 4.608 manat məbləğində qanunsuz cərimə hesablanmışdır. Cərimənin hesablanmasına əsas kimi iddiaçının təbii qazdan sayğacdan kənar qanunsuz istifadə etməsi qeyd edilmişdir. Xətai Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli, 2(011)- 569/2019 saylı qətnaməsi ilə iddiaçıya yazılmış 4608 manat borcun silinməsi qət edilmişdir. Cavabdeh tərəfindən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməyərək qətnamə qanuni qüvvəsini almışdır. Sözügedən qətnamənin icrasından sonra iddiaçı smart kartından pul tutulmalarının aparıldığını görmüş, cavabdeh təşkilata müraciət etmişdir. Ona eyni əsaslarla əlavə 3.365,40 manat borc yazıldığı bildirilmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-569/2019 saylı qətnaməsindən də göründüyü kimi, iş üzrə ekspertiza keçirilmiş və cavabdehin iddia etdiyi qanunsuz xəttin iddiaçı ilə heç bir əlaqəsinin olmadığı müəyyən edilmişdir. İddiaçı təbii qazdan heç vaxt qanunsuz istifadə etməmişdir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6837/2021 saylı, 08.10.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı **********00280 saylı abunə koduna hesablanmış 1.554,30 (min beş yüz əlli dörd manat otuz qəpik) manat məbləğində borcun silinməsi, Cavabdeh tərəfindən iddiaçının abonent hesabından borcun ödənilməsi üçün tutulmuş 1.211,90 (min iki yüz on bir manat doxsan qəpik) manat məbləğində pulun İddiaçı geri qaytarılması, Cavabdehndən 30 (otuz) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir (sədrlik edən: Aygün Həsənova).
4. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın tam rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Aktla iddiaçının qazdan qeyri-qanuni olaraq sayğaca müdaxilə etməklə istifadə edilməsi öz təsdiqini tapmışdır. Bununla bağlı dəymiş ziyan hesabatları tərtib edilərək 3365.40 manat həcmində qazın talandığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarıilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra Qaydalar) 4.1 bəndinə əsasən, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilən dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin: “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır; “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) tapşırılmışdır ki, təbii qazındəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. AzərbaycanRespublikası Mülki Məcəlləsənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin maddənin 2-ci bəndinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1-ci instansiya məhkəməsi tərəfindən qeyd edilən maddi hüquq normasının səhv tətbiq edilməsi (səhv nəticəyə qəlməsi) ilə bağlı bildiririk ki, iş materiallarında yer alan dəymiş ziyan haqqında Akt İddiaçının qanunazidd hərəkətləri nətəcəsində və əsasında tərtib edilmişdir. Daha sonra həmin Aktəsasında Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçmi ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği 3365.40 manat təşkil etmişdir. Lakin, 1-ci instansiya məhkəməsi dəymiş ziyan məbləğinə “CƏRİMƏ” borcu kimi hüquqi qiymətverərək səhv nəticəyə gəlmişdir. 1-ci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair SALDO-da yer almış məlumatları da araşdırmamışdır. Belə ki, əgər SALDO-ya nəzər salsaq görərik ki, abonentin ödənişləri demək olar yoxdur. Həmçinin iş materiallarına əlavə edilmiş fotoşəkil də, təhlil edilməmişdir. İddiaçının təbii qazdan qeyri-qanuni istifadə edib-etməməsi sahəsində heç bir ekspertiza təyin olunmamışdır. Bundan əlavə məhkəmə iclasında çıxış edən cavabdehin səlahiyyətli nümayəndəsinin çıxışları qətnamədə əks olunmamışdır. Tərəflərin izahatları:
6. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:
9. Belə ki, iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların təsdiq edilmiş surətlərindən görünür ki, abonent İddiaçı qeyri-qanuni olaraq sayğacdankənar təbii qazdan istifadə edir.
10. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 sentyabr 2019cu il tarixli 2(011)-569/2019 saylı qətnaməsindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********00280) İddiaçı təbii qazın itkisinə görə hesablanmış 4.608 manat məbləğində borcun silinməsi qət edilmişdir. Hüquqi dəyərləndirmə:
11. İşin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzrə abonent kodu **********00280 olmaqla abonent kimi İddiaçı qeydiyyata alınmışdır.
12. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 sentyabr 2019cu il tarixli 2(011)-569/2019 saylı qətnaməsindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********00280) İddiaçı təbii qazın itkisinə görə hesablanmış 4.608 manat məbləğində borcun silinməsi qət edilmişdir.
13. Həmin qətnamədən görünür ki, Məhkəmə Ekspertiza Mərkəzinin 06 avqust 2019cu il tarixli, 15493 saylı ekspert rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini təbii qazla təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri-leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməmişdir. İddiaçıya yazılan cərimə məbləğindən sonra onun balansına yüklədiyi məbləğlərin 50 % miqdarı təyin edilmiş borc hesabına balansından silinmişdir.
14. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, 2013-cü ilin sentyabr ayından 2021-ci ilin sentyabr ayınadək abonentin hesabından 1.211,90 manat məbləğində tutmalar aparılmışdır. Abonentin cari borcu 1.554,30 manat təşkil edir.
15. İş materiallarından görünür ki, iddiaçıya məxsus evdə quraşdırılan sayğaca baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edilməsi aşkar edilməsi əsası ilə aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1.554,30 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Lakin, iş materiallarında iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı öz təsdiqini tapmamışdır.
16. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
17. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etmədiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurmadığından, cavabdeh qarşısında məsuliyyət daşımır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı olmamışdır.
18. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya borc kimi yazılan cərimənin ödənilməsi üçün iddiaçının abonent hesabına yüklədiyi məbləğlərdən 50% tutulması və bu məbləğlərin əsassız hesablanmış borcun silinməsinə yönəlmiş hərəkətləri də yolverilməzdir.
19. Kollegiya sadalanan hallara əsasən qeyd edir ki, iddianın bu hissədə də təmin edilməsi, cavadehin iddiaçının abonent hesabından sildiyi 1.211,90 manat mələğində pulun iddiaçıya geri qaytarılmasından ibarət gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
20. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Sadalanan xüsusatlara əsasən kollegiya qeyd edilməsini zəruri hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan dəyişdirilmədən saxlanılmalıdır.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
24. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
25. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6837/2021 saylı, 08.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Anar Tanrıverdiyev