Məhkəmə qərarları › İş №2(103)-1807/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1807/2024

01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1807/2024 01.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “İcbari Sığorta Bürosu” Hüquqi şəxslərin ittifaqının Cavabdeh qarşı (Açar sözlər: “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı “İcbari Sığorta Bürosu” Hüquqi şəxslərin ittifaqının Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-7735/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. X1 məxsus “Mercedes Benz E200” minik markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixində sığortaçı "xxxx" ASC Sığorta Şirkəti tərəfindən icbari qaydada 12 ay müddətinə sığortalanmışdır.

2. Cavabdeh Bakı şəhəri BPİ-in DYPİ-nə ünvanladığı izahatında qeyd etmişdir ki, o, xx.xx.2020-ci il tarixdə saat 18:02 radələrində etibarnamə olmadan idarə etdiyi “Mercedes Benz E200” minik markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Nobel prospekti ilə S.Əjmədov küçəsi tərəfdən şəhər istiqamətində hərəkətdə olarkən qarşısında hərəkətdə olan “Toyota Prius” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini arxadan vurmuşdur. Sonuncu də zərbənin gücündən qarşısında duran “Ford Fusion” minik markalı, **-RO-*** dövlət nömrə nişanlı minik nəqliyyat vasitəsinə arxadan dəymişdir.

3. İnzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərar ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327 maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC Sığorta Şirkəti müflis elan edilmişdir.

5. İddiaçı tərəfindən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxslərə cəmi 1.896,5 manat məbləğində vəsait ödənilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı “İcbari Sığorta Bürosu” Hüquqi şəxslərin ittifaqı Cavabdeh qarşı cavabdehdən 1.896 manat pul vəsaitinin və 38,96 manat dövlət rüsumunun, ümumilikdə 1.934,96 manat pulun tutularaq iddiaçıya ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki mülkiyyətinin icbari sığortası növü üzrə Cavabdeh adına sığortalanmış “Mercedes Benz E200” markalı ** FR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixində Bakı şəhəri, Nobel prospekti ünvanında Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-nin və vətəndaş X2 əmlaklarına maddi ziyan vurulmuşdur. Nəticədə “İcbari Sığorta Bürosu” Hüquqi şəxslərin ittifaqı tərəfindən zərərçəkən "xxxx" MMC-nə 1.550 manat, X3 346,5 manat sığorta ödənişi verilmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə və digər qaydada istismar etməyə hüququ olmamışdır.

8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)- 7735/2023 nömrəli qətnaməsi ilə (hakim A.A.Abdullayeva) iddia təmin edilməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığotaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir.

10. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə, hallara şamil olunur. Bu baxımdan məhkəmə hesab etmişdir ki, sözügedən maddədə “qanuni əsaslar” dedikdə etibarnamə yox, avtomobili idarə etmək hüququnu verən sürücülük vəsiqəsi başa düşülür. Odur ki, şəxsin avtomobili etibarnamə olmadan idarə etməsi, onun avtomobili idarə etmək hüququnun olmaması kimi qəbul edilməməmlidir.

11. Məhkəmə qeyd etmişdir ki, avtomobili idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliyyəti inzibati xətalar qanunverciliyi müəyyən etmişdir. Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunvericiliyinin iki məqsədi vardır: birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun. Göründüyü kimi, bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur.

12. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab etmişdir ki, cavabdeh “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” hesab edilmir və bu səbəbdən də iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmamışdır. Odur ki, iddia əsassızdır və təmin edilməməlidir.

13. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab etmişdir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia isə təmin edilmədiyindən, məhkəmə xərci olan 38,96 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Buna görə də iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi də rədd edilməlidir.

14. Məhkəmə öz mövqeyini “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4, 25.1.3-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinadla əsaslandırılmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, tətbiq edilməli olan hüquq normalarını tətbiq etməmiş, icbari sığortalar haqqında və subroqasiya hüququ haqqında qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməmiş, işin hallarına düzgün hüquqi qiymət verməyərək iş üzrə qanunsuz və əsassız məhkəmə qətnaməsi çıxarmışdır. Məhkəmə tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktları tətbiq etməmiş, həmçinin qanunu səhv təfsir etmişdir. Qanunverici əmlakdan istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə dair ifadələrinin hamısından istifadə etmiş, burada istifadə, istismar, işlətmə və idarə etməni bir birindən fərqləndirmişdir. Əgər bu ifadələrin hamısı eyni məzmunu ifadə edirdisə, o zaman bunların hamısını sadalamağı qanunverici zəruri hesab etməzdi. Məhkəmənin sığorta riskinin artıb-artmaması barədə mülahizələri özlüyündə işin mahiyyətinə ziddir. Sığorta riskini artıran amillər kimi, nəqliyyat vasitəsinin sürücüsünün təcrübəsiz olması, nəqliyyat vasitəsi istismar müddətinin böyük olması və digər amilləri qeyd etmək olar. Hamin amillər qanunvericiliyin tələblərinə uyğun şəkildə sürücülərə onların sığorta risklərinə mütənasib şəkildə sığorta haqqı məbləğlərinin hesablanmasında istifadə edilir. Bundan əlavə, sürücünün nəqliyyat vasitəsini etibarnaməsi (icarə müqaviləsi və s. əsası) olmadan istismar etməsi qanuni əsaslar olmadan istifadə hesab edilir. Cavabdehin adına sürücülük vəsiqəsi olsa da, onun məhz **-FR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini istifadə etməyə hüququ olmamışdır, həmin hüququn olmaması isə iş materialları ilə sübuta yetirilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-cimaddəsinin 1-ci hissəsinin 1ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 iyul 2023-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda, nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) həmin Məcəllənin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur. Şərh olunanlardan göründüyü kimi avtonəqliyyat vasitəsinin etibarnamə olmadan idarə olunmasını Konstitusiya məhkəməsi qanuna zidd hesab etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. İddiaçı tərəfindən məhkəməyə ərizə ünvanlanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılması və apellyasiya şikayəti müdafiə edilərək iddia ərizəsində nəzərdə tutulan məbləğdə ödənişin cavabdehden tutularaq onun bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 936.1.Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

20. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Maddə 25.4. Bu Qanunun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda kompensasiya ödənişi həyata keçirildikdə, müvafiq icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin sığortaçı və ya müvafiq hallarda sığortaçının ləğvetmə komissiyası qarşısındakı tələb hüququ verilmiş kompensasiya ödənişi həcmində bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosuna keçir. Maddə 32.1. Əmlaka və sağlamlığa dəyən zərərə görə bu Qanunda nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi aşağıdakı hallarda mümkün olmadıqda, Büro tərəfindən kompensasiya ödənişi verilir: Maddə 32.1.1. sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Hazırkı işdə iddia təmin olunmadığından və iddiaçı apellyasiya şikayətində qətnaməni bütövlükdə mübahisələndirdiyindən qətnamənin əsaslığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, işdə olan sübutlarla müəyyən olunur ki, cavabdeh xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş, hadisə baş verən zaman nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. İddiaçı apellyasiya şikayətində də bildirir ki, cavabdehin sürücülük vəsiqəsi var.

26. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur və bu sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur.

27. Bundan başqa, avtomobili idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliyyəti inzibati xətalar qanunverciliyi müəyyən etmişdir. Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunvericiliyinin iki məqsədi vardır: birincisi, nəqliyyat vasitəsi mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan nəqliyyat vasitəsinə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı nəqliyyat vasitəsini idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun. Göründüyü kimi, bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur.

28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

29. Həmçinin qeyd edilməldir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-7735/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar