Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-181/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli, 2(006)-4373/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 62, 15 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsinə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və digərlərinin həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmalarına, mənzilin boşaldılmasına və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehlərdən tutulmasına dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 10 iyun 2015-ci il tarixli, 2015/00046-01 №-li İstehlak Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 35000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakını ipoteka predmeti kimi İddiaçı BOKT ASC təqdim etmiş və bu barədə 10 iyun 2015-ci il tarixli, 2015/00046-01 İP saylı İpoteka Müqaviləsi bağlanmışdır. Cavabdeh1 tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulduğundan iddiaçı tərəfindən ona qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” Nəsimi rayon Məhkəməsində iddia qaldırılmışdır. Nəsimi rayon Məhkəməsinin 2(006)-188/2018 saylı, 19 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh1 yaranmış borcun tutulması və tutmanın Cavabdeh1 mülkiyyətində olan ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan əmlak hesabına yaranmış borcun bağlanması qət edilmişdir. Qeyd olunan qətnamə üzrə verilmiş icra vərəqəsinə əsasən Nəsimi rayon İcra və Probasiya Şöbəsinin sifarişinə əsasən ipoteka predmeti açıq hərracda satılması üçün “X2” MMC-yə göndərilmişdir. Həmin əmlak açıq hərraca çıxarılmış, lakin satılmadığından “İpoteka Haqqında’' Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən İddiaçı BOKT ASC-yə təklif edilmişdir. “X2” MMC ilə İddiaçı BOKT ASC arasında “hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi” bağlanmış və X1 Yekun Protokol imzalanmışdır. Həmin müqaviləyə və X1 yekun protokola əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka İddiaçı BOKT ASC-nin mülkiyyət hüququnu təsdiq edən Çıxarış alınmışdır (Qeydiyyat № **********, tarix: 23.04.2019). İpoteka predmeti olan əmlakın İddiaçı BOKT ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 hal-hazırda da ünvan 1 ünvanında qeydiyyatdadırlar və həmin ünvanda yaşayırlar. Bu isə bir mülkiyyətçi kimi "İddiaçı” BOKT ASC-nin hüquqlarını pozur, mənzildən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Buna görə də, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması zərurəti yaranmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli, 2(006)-4373/2019 saylı qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 62 ünvanında yerləşən 15 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmaları və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, onun təmin edilməsini, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli, 2(006)-4373/2019 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi hüquqi cəhətdən əsaslandırılmamış, yalnız iddiaçının izahatları və maddi hüquq normalarının sadalanması ilə kifayətlənmiş, hansı əsasla bu nəticəyə gəlməsi barədə hər hansı açıqlama verməmişdir. Bununla da 1-ci instansiya məhkəməsi isə heç bir araşdırma aparmadan, bankın göstərdiyi dəlilləri qətnaməsində əks etdirməklə cavabdehlərin hüquqlarını pozmuşdur. Bundan əlavə, birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları təmin edilməmiş, onların iştirakları olmadan iş üzrə cavabdehin hüquqlarını pozan qətnamə qət edilmişdir. Qanuni qüvvəyə minməmiş qətnaməyə və həmin qətnamə əsasında qanunazidd olaraq əldə edilmiş çıxarışa istinad etməklə iddianı təmin etmək tamamilə qanunsuzdur. Bununla da məhkəmə qətnaməsi ilə cavabdehlərin mülkiyyət və yaşayış sahəsindən istifadə hüquqları pozulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən AR MPM-nin 9-cu maddəsinin də tələbləri pozulmuşdur. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-188/2018 saylı, 19 fevral 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 "İddiaçı” BOKT ASC-nin xeyrinə 2015/00046-01 saylı, 10 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə 29735 ABŞ dolları 75 sent əsas, 1837 ABŞ dolları 85 sent faiz borcu, cəmi 31573 ABŞ dolları 60 sent məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutuması, İddiaçı BOKT ASC-nin xeyrinə iddia qaldırılması üçün ödənilən 30 (otuz) manat dövlət rüsumu və 01 (bır) manat bank xidmət haqqı tutulması, tutmanın 2015/00046-01 İP saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 62 ünvanında yerləşən 15 saylı mənzilə yönəldilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 62 ünvanında yerləşən 15 saylı mənzilin ilkin satış qiymətinin 95000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaiti hesabına Cavabdeh1 İddiaçı BOKT ASC-yə olan borcunun ödənilməsi qət edilmişdir. Həmin qətnamənin qəbul olunmasından, evin hərrac yolu ilə cavabdeh İddiaçı” BOKT ASC-yə olan borcunun ödənilməsindən məlumatları olmamışdır, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-188/2018 saylı, 19 fevral 2018-ci il tarixli qətnaməsini mübahisələndirmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin- iddianın cavabdeh Cavabdeh1 aid onun həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması, mənzilin onun tərəfindən boşaldılması və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə ondan müştərək qaydada tutulmasına dair təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki digər cavabdehlər Cavabdeh2 və X4 qətnamədən apellyasiya şikayəti verməmişlər. Məhkəmə kollegiyası bu kontekstdə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməməli, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 İddiaçı BOKT ASC-nin adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 23.04.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan 146 saylı, 26 oktyabr 2018-ci il tarixli “X2” tərəfindən keçirilmiş hərracın yekunları barədə Protokolunun və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin surətindən görünür ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən və dəyəri 95000 (doxsan beş min) manat olan əmlak İddiaçı BOKT ASC tərəfindən 60562 (altmış min beş yüz altmış iki) manata alınmışdır. İş materiallarından Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2020-ci il tarixli, 2(103)-987/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 19.02.2018-ci il tarixli qətnaməsi əsas borcun və bundan asılı olaraq cəmi borcun tutulması hissəsində dəyişdirilərək, Cavabdeh1 iddiaçı “İddiaçı Bokt” ASC-nin xeyrinə tutulmalı olan əsas borcun məbləği 21597,98 ABŞ dolları, cəmi borc isə 23795,83 ABŞ dolları müəyyən edilmiş, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan sübutlarla müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Məhkəmə, tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab etmişdir ki, iddiaçı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci və 262.2-ci maddələrinə əsasən, cavabdehə qarşı hazırkı tələbini irəli sürməkdə haqlıdır və bu səbəbdən iddia qismən təmin edilməlidir. Belə ki, cavabdehin mənzildən çıxarılaraq mənzilin boşaldılmasını tələb etmək hüququ hazırki halda iddiaçının mülkiyyətçi kimi konstitusion hüquqlarından birbaşa irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. MM-nin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Hazırkı halda iddiaçı evin tam hüquqlu mülkiyyətçisidir. Cavabdehin həmin yaşayış sahəsində qalması üçün hüquqi əsas (əşya hüququ, yaxud hansısa müqavilədən irəli gələn tələb hüququ) aradan qalxmışdır və hazırda belə bir əsas mövcud deyil. Cavabdehin iddiaçının, yəni mülkiyyəçinin iradəsi ziddinə mənzildə qalması və iddiaçıya mənzili təhvil verməməsi iddiçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olur. Kollegiya Azərbaycan Respublikasının qanunvericiliyinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Hazırki mübahisəyə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsində qalması və bunun qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına, həmçinin iddiaçının sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Cavabdehin hazırki müdaxiləsi nəticəsində iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüququ məhdudlaşdırılmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1 yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2 ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 mübahisəli mənzilin ipotekaya qoyulan zaman onun özünün razılığının olması artıq mənzildən istifadə hüququnun itirilməsinə razılıq verməsi kimi qiymətləndirilməlidir. Kollegiya iddiaçı ilə cavabdeh arasında heç bir digər razılıq olmadığından, Cavabdeh1 mənzildən əşyaları ilə birlikdə çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə Prosessual Qanunvericiliyin tələblərinə uyğun olaraq, dövlət rüsumu ilə bağlı məsələni düzgün həll etmişdir. Kollegiya mübahisələndirilən hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Kollegiya apellyatorun məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, iş materiallarında cavabdehin ünvanına məhkəmə tərəfindən bildirişlərin göndərilməsi barədə sübutlar mövcuddur. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycaqn Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli, 2(006)- 4373/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-181/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-181/2021
26.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver