Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1811/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, eyni zamanda cavabdeh İddiaçı nümayəndəsi Vəkil1, Cavabdeh, eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs X4, onun nümayəndəsi Vəkil3, Cavabdeh, eyni zamanda iddiaçı Cavabdeh1 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı tikiliyə giriş-çıxışa yaradılmış maneənin aradan qaldırılması barədə iddia tələbi, iddiaçı Cavabdeh1 cavabdehlər X6, İddiaçı, Cavabdeh2, Bakı şəhəri 14 saylı notariat kontoruna və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbi və müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdeh İddiaçı qarşı pul tələbi barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli 2(004)-143/2020 saylı qətnaməsindən Cavabdeh1 və X9 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı əvvəlcə tikilinin sökülməsi tələbinə dair, daha sonra isə iddia tələbini dəyişərək cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və tikiliyə giriş-çıxışa yaradılmış maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 450 kv.metr torpaq sahəsinin 225 kv.m hissəsi onun, digər 225 kv.m hissəsi isə Cavabdeh1 99 illik istifadəsindədir. Torpaq sahəsi üzərində istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq 23 aprel 2016-cı il tarixli çıxarış verilmişdir. Cavabdehlə qarşılıqlı razılaşmaya əsasən onlar mübahisəli torpaq sahəsində birgə vəsaitləri hesabına ofis binası tikib sənədləşdirməli və birgə fəaliyyət haqqında müqavilə bağlamalı idilər. Bu məqsədlə o həmin tikiliyə külli miqdarda vəsait qoymuşdur. Sonradan Cavabdeh1 əvvəlcədən şifahi olaraq razılaşdırdıqları öhdəlikləri icra etməmiş, əksinə onu istifadəsində olan torpaq sahəsi üzərində birgə inşa etdikləri tikiliyə daxil olmasına, həmin tikilinin başa çatdırılmasına və oradan istifadəsinə maneə yaratmışdır. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü və 157.8-ci maddələrinə əsaslanaraq hazırkı iddianı qaldırmışdır. Cavabdeh1 cavabdehlər X6, İddiaçı, Cavabdeh2, Bakı şəhəri 14 saylı notariat kontoruna və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "icarə hüququnun alqısatqısına dair” Bakı şəhəri 14 saylı notariat kontorunda reyestrdə 3M-225 nömrə ilə qeyd edilmiş 07 aprel 2016-cı il tarixli müqavilənin, həmin müqavilə əsasında İddiaçı adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 23.04.2016-cı il tarixli, Seriya RX, ******* saylı Çıxarışın və 14.04.2016-cı il tarixli bölgü sxeminın (eskizin) etibarsız hesab edilməsi və torpaq üzərində hüququnun əvvəlki vəziyyətə qaytarılmasını xahiş etmişdir. Cavabdeh1 iddia tələbini belə əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yerləşən 450 kv.metr torpaq sahəsi üzərində icarə hüququnu cavabdeh X9 ilə birgə nikah dövründə əldə etmiş, 22 iyun 2013-cü il tarixdə Eldar Əliyevə etibarnamə vermişdir ki, onun adına olan əmlaklarla bağlı sərəncam verilməsi, əmlakın idarə olunması və sair məsələlərdə onu təmsil etsin. 03 noyabr 2015-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, hazırkı işlə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli qərardadı onun ünvanına daxil olarkən bilmişdir ki, Eldar Əliyev onun razılığı olmadan qanuni istifadəsində olan 450 kv.m torpaq sahəsinin 225 kv.m hissəsi üzərində icarə hüquqlarını 07 aprel 2016-cı il tarixli müqavilə ilə dəyərindən də ucuz qiymətə İddiaçı satmışdır. Hesab edir ki, həmin müqavilə bağlanarkən onun razılığı alınmadığından, müqavilə, habelə İddiaçı adına verilmiş çıxarış və bölgü sxemi (eskiz) etibarsız hesab edilməli, torpaq sahəsi üzərində hüququ əvvəlki vəziyyətə qaytarılmalıdır. Müstəqil tələb irəli sürən üçüncü şəxs X9 isə cavabdeh İddiaçı qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu M.Seyidov küçəsi 14 saylı binanın yanında yerləşən torpaq sahəsinin üzərindəki 4 mərtəbəli, qanuni şəkildə tikilmiş obyektin tikinti və inzibati xərcləri kimi 217115 manat, şəxsi əməyi, tikintiyə rəhbərliyi və təşkilatçılığının əvəzi kimi 72000 manat, dövlət rüsumu olaraq 30 manat, cəmi 289145 manat pul vəsaitinin cavabdeh İddiaçı tutularaq ona ödənilməsini xahiş etmişdir. Eldar Əliyevin iddiası belə əsaslandırılmışdır ki, o əvvəllər Cavabdeh1 ilə rəsmi nikahda olduğundan, torpaq sahəsi üzərində inşa edilmiş obyektin tikintisinə 546230 manat vəsait xərcləmiş, habelə tikintiyə rəhbərlik və təşkilatçılıq edərkən xeyli əmək sərf etmişdir. Xərclədiyi vəsaitin yarısının 273115 manat təşkil etdiyini və həmin vəsaitdən 56000 manat hissəsinin ona qaytarıldığını nəzərə alaraq, 217115 manat pulun və tikintiyə çəkdiyi əməyə görə 72000 manat pulun cavabdeh İddiaçı alınaraq ona verilməsini tələb edir. Birinci instansiya məhkəməsinin 13.11.2019-cu il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı tikiliyə giriş-çıxışa yaradılmış maneənin aradan qaldırılması barədə iddia tələbi üzrə mülki işlə, iddiaçı Cavabdeh1 cavabdehlər X6, İddiaçı, Cavabdeh2, Bakı şəhəri 14 saylı notariat kontoruna və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli 2(004)- 143/2020 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, Cavabdeh1 hərəkətləri qanunsuz hesab edilərək, ünvan 1 ünvanda yerləşən 450 kv.metr torpaq sahəsinin icarə hüququ əsasında İddiaçı məxsus 225 kv.m hissəsində birgə inşa edilmiş tikiliyə giriş-çıxışa yaradılmış maneələrin aradan qaldırılması öhdəliyi Cavabdeh1 üzərinə qoyulmuşdur. İddiaçı Cavabdeh1 cavabdehlər X6, İddiaçı, Cavabdeh2, Bakı şəhəri 14 saylı notariat kontoruna və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair və müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiaları rədd edilmişdir. Birinci instansiya məhkəməsi İddiaçı iddiasının təmin edilməsini sahiblik və istifadəsində olan daşınmaz əmlakdan istifadəyə maneə yaradılmasının onun əmlak hüquqlarının məhdudlaşdırılması, Cavabdeh1 tələblərinin təmin edilməməsini əqdin etibarsızlığı üçün əsasların olmaması və müddətin ötürülməsi, E.Əliyevin iddiasının təmin edilməməsini isə sübut olunmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs E.Əliyev apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh1 da apellyasiya şikayəti verərək, İddiaçı iddiasının təmin edilməsi hissəsində, Cavabdeh1 isə iddiasının rədd edilməsi hissəsində qətnamənin ləğv edilərək, Cavabdeh1 iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini, İddiaçı iddia tələbi üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında iddiaçı, eyni zamanda cavabdeh İddiaçı nümayəndəsi Vəkil1 apellyasiya şikayətlərinin təmin edilməməsini, cavabdeh, eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs X9 və onun nümayəndəsi Vəkil3, habelə cavabdeh, eyni zamanda iddiaçı Cavabdeh1 vəkili Vəkil2 öz apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Bakı Şəhər İcra Hakimiyyəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına öz nümayəndəsini göndərməmişdir. Məhkəmə kollegiyası işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparılmazdan ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddia tələblərindən biri 07.04.2016cı il tarixli əqdin etibarsızlığı ilə bağlıdır. Əqd üzrə predmet dövlət mülkiyyətində olmaqla əqd üzrə razılıq verən tərəflərdən biri Bakı Şəhər İcra Hakimiyyətidir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə onun münasibətinin aydınlaşdırılmasından ötrü Bakı Şəhər İcra Hakimiyyəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməli olduğu halda cəlb edilməmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməməsi iddia tələbi üzrə gəlinən nəticənin qanuniliyinin şübhə altına alınması üçün heç bir əsas yaratmamışdır. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən buraxılmış səhv aradan qaldırılmaqla Bakı Şəhər İcra Hakimiyyəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin iddia tələbləri üzrə gəldiyi nəticə üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbləri üzrə iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası cavabdehin iddia tələbinin iddiaçının tələbinin nəticələrini özündən bilavasitə asılı etməsini və üçüncü şəxsin də iddia tələbi üzrə dəyərləndirmə aparılmasına öz hüquqi təsirini edəcəyini nəzərə alaraq hesab edir ki, ilk öncə cavabdehin iddia tələbi üzrə dəyərləndirmə aparılmalı, daha sonra iddiaçının və üçüncü şəxslərin iddia tələbləri üzrə şikayətləri və iddia tələbləri üzrə göstərdikləri xüsusatlar nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Cavabdeh1 iddia ərizəsinin məzmununa görə o, mübahisəli obyektin satılmasına razı olmamış, üçüncü şəxsin obyektin satılmasına dair təkliflərinə etiraz etmiş, E.Əliyev ona vermiş olduğu etibarnamədən sui-istifadə edərək, obyektin yerləşdiyi torpaq sahəsi üzərində icarə hüququnu iddiaçıya satmış, həmçinin dəyərindən də ucuz məbləğdə satmışdır. İddiaçı cavabdehin iddia tələbini qəbul etməyərək, müqavilənin qanunvericiliyin tələblərinə uyğun bağlandığını, əksinə onun əmlak hüquqlarının həyata keçirilməsinə maneələrin yaradıldığını bildirərək, məhkəməyə müraciət etmişdir. Üçüncü şəxs E.Əliyev cavabdehin iddia tələbini onun əmlaka qoymuş olduğu pul ödəniləcəyi təqdirdə təmin edilməməsini, əks halda cavabdehin iddiasının təmin edilməsini, iddiaçının iddiasının təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə iş materiallarını tədqiq edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin 17.09.2013cü il tarixli 355 saylı sərəncamından görünür ki, Yasamal rayonu M.Seyidov küçəsi14 saylı binanın yaxınlığında razılaşdırılmış eskiz layihəsində göstərilən 450 kv.m torpaq sahəsində Cavabdeh1 qeyri-yaşayış binasının tikintisinə icazə verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX, ******* saylı, 27.08.2014-cü il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri Yasamal rayonu M.Seyidov küçəsi 14 saylı binanın yaxınlığında, ümumi sahəsi 0,045 ha (450 kv.m.) olan torpaq sahəsi icarə hüququ əsasında Cavabdeh1 məxsusdur. Çıxarış Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin 17.09.2013-cü il tarixli 355 saylı sərəncamı və torpaq sahəsinin planı və ölçüsünə (AN 496485, 19.02.2014) əsasən verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlanmış 20 aprel 2015-ci il tarixli, 1045 saylı müqaviləyə əsasən, Bakı şəhəri Yasamal rayonu M.Seyidov küçəsi 14 saylı binanın yaxınlığında yerləşən, ümumi sahəsi 450 kv.m olan torpaq sahəsi, Yasamal Rayon İcra Hakimiyyəti başçısının 17.09.2013-cü il tarixli, 355 saylı sərəncamı ilə üzərində qeyriyaşayış sahəsinin tikintisinə icazə verildiyindən, 99 il müddətinə, illik 835 manat 20 qəpik icarə haqqı müqabilində Cavabdeh1 icarəyə verilmişdir. 20 aprel 2015-ci il tarixli, 1045 saylı müqavilənin 1.3-cü bəndində göstərilmişdir ki, torpaq sahəsi qeyri-yaşayış binasının tikintisi üçün verilir. "xxxx" MMC ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin S.Ə.Dadaşov adına Elmi- Tədqiqat və Layihə-X2 İnstitutu arasında imzalanan 30 sentyabr 2015-ci il tarixli müqavilənin predmetindən görünür ki, “Sifarişçi” həvalə edir, “İcraçı” isə ünvan 3 ünvandakı binanın yanında inşa olunan, Cavabdeh1 məxsus, zirzəmili, 3 mərtəbəli (+ mansard) ofis binasının tikintisində istifadə olunacaq tikinti materiallarının və konstruktiv elementlərin, betonun naturada möhkəmlik göstəricilərinin layihəyə uyğunluğunun təyin edilməsi üçün Azərbaycan Respublikasının qüvvədə olan standartlarına uyğun olaraq yoxlama-sınaq işlərinin həyata keçirilməsini öz öhdəsinə götürmüşdür. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 19.08.2013-cü il tarixli, 18/03-8/1937 saylı məktubuna əsasən, Bakı şəhəri Yasamal rayonu M.Seyidov küçəsi 14 saylı binanın yaxınlığında nəzərdə tutulan qeyri-yaşayış sahəsinin memarlıqplanlaşdırma həlli razılaşdırılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Cavabdeh1 ünvanladığı 05.11.2013-cü il tarixli 25/26-07433 saylı məktubdan görünür ki, ünvan 4 ünvanında qeyri-yaşayış obyektinin tikintisi üçün tərtib olunmuş layihə “Tikinti-quraşdırma işləri aparılan zaman yanğın təhlükəsizliyi Qaydaları”nın tələblərinə uyğundur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin 09.12.2013-cü il tarixli 17084 saylı müsbət rəyindən görünür ki, sifarişçi Cavabdeh1 ünvan 4 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış binasının işçi layihəsi razılaşdırılmışdır. ünvan 4 saylı binanın yaxınlığında yerləşən torpaq sahəsi üzrə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin AN 496485 saylı, 19.02.2014-cü il tarixli plan və ölçüsü verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya AA 065224 saylı, 26.08.2014cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, ünvan 4 saylı binanın yaxınlığında, ümumi sahəsi 0,045 ha (450 kv.m.) olan dövlət torpaq sahəsi Cavabdeh1 istifadəsində olmuşdur və həmin torpaq sahəsinin döngə nöqtələrinin nömrəsi, məsafəsi və koordinatları aşağıdakı kimi olmuşdur : - X-398763.28, Y-4470698.89, nöqtələr 1-2, məsafə 14.51; X-398764.05, Y- 4470684.4, nöqtələr 2-3, məsafə 21.28; X-398754.99, Y- 4470665.15, nöqtələr 3-4, məsafə 6.18; X-398748.81, Y-4470664.84, nöqtələr 4-5, məsafə 33.02; X-398746.26, Y-4470697.76, nöqtələr 5-1, məsafə 17.06. 22.06.2013-cü il tarixdə 50 il müddətinə notarial qaydada verilmiş ƏN-İ ******* saylı etibarnamədən görünür ki, Cavabdeh1 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdlər, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı( girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq hesab aparmağı və bir sıra digər özündə geniş səlahiyyətləri əks etdirən hərəkətləri X6 etibar etmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının Cavabdeh1 ünvanlanmış 05.04.2016-cı il tarixli Ə-200-091 saylı məktubundan görünür ki, onun Yasamal rayonu M.Seyidov küçəsi, 14 saylı binanın yaxınlığında yerləşən, 20.04.2015-ci il tarixli 1045 saylı «Torpaq icarə müqaviləsi» əsasında istifadəsində olan 450 kv.m torpaq sahəsi üzərində icarə hüququnun 225 kv.m hissəsinin alqı-satqı yolu ilə İddiaçı adına sənədləşdirilməsinə icazə verilməsi barədə 29.03.2016-cı il tarixli məktubuna baxılaraq Azərbaycan Respublikasının «Torpaq bazarı haqqında» Qanununun 14-cü maddəsinə uyğun olaraq Yasamal rayonu M.Seyidov küçəsi, 14 saylı binanın yaxınlığında yerləşən 450 kv.m torpaq sahəsinin 225 kv.m hissəsi üzərində icarə hüququnun alqı-satqı yolu ilə ünvan 6 ünvanında qeydiyyatda olan İddiaçı adına sənədləşdirlməsinə etiraz edilmir. Bakı şəhəri 14 saylı Dövlət notariat kontorunda bağlanmış 3M-225 reyestr nömrəli 07.04.2016-cı il tarixli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 27.08.2014-cü il tarixli 523 saylı reyestr kitabının 49422 nömrəli vərəqində qeydə alınmış, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********69, RX-0481971 seriyalı çıxarışa əsasən ünvan 4 saylı binanın yaxınlığında yerləşən 0,045 ha torpaq sahəsindən 0,0225 ha torpaq sahəsinin icarə hüququnu İddiaçı istifadəsinə verir və qalan hissəsini özünə saxlayır. Müqavilədə Cavabdeh1 əvəzinə X9, İddiaçı əvəzinə Cavabdeh2 imza etmişlər. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, №0840924 saylı, 23 aprel 2016-cı il tarixli çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 450 kv.m torpaq sahəsinin 225 kv.m hissəsi İddiaçı, digər 225 kv.m hissəsi Cavabdeh1 99 illik istifadəsindədir. Çıxarış 14 saylı DNK-da bağlanmış 3M-225 reyestr nömrəli 07.04.2016-cı il tarixli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən verilmişdir. "Ayan-A Yaradıcılıq istehsalat” MMC-nin "müəllif nəzarəti” kitabından görünür ki, ünvan 4 saylı binanın yanında yerləşən, Cavabdeh1 məxsus ofis binası üzrə 18.10.2015ci il tarixə "4-cü mərtəbə (10.90 səviyyə) monolit rigellərin örtük tavanın, lift şaxtasının, pilləkən qəfəsəsinin, sütunların armaturlanma işləri başa çatmaqda olmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutunun 18.05.2017-ci il tarixli 37/36- 03035 saylı məktubu və həmin məktuba əlavə edilən "Arayış”dan görünür ki, Bakı şəhəri Yasamal rayonu M.Seyidov küçəsi 14 saylı binanın yanında yerləşən və Cavabdeh1 məxsus olan ofis binası layihəyə uyğun inşa edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03.11.2015-ci il tarixli 2(009)-3597/2015 saylı qətnaməsindən görünür ki, X9 ilə Cavabdeh1 arasında 17.10.1993-cü il tarixdə Bakı Nikah evində bağlanmış nikahın pozulması qət edilmişdir. Səbail rayon Qeydiyyat şöbəsinin 05.12.2015-ci il tarixdə verdiyi AZ-İ seriyalı 228723 saylı nikahın pozulması haqqında şəhadətnaməyə əsasən X9 ilə Cavabdeh1 arasında olan nikahın ləğv edilməsi nikahın ləğv edilməsi akt qeydləri kitabında 05.12.2015-ci ildə qeyd edilmişdir. Sumqayıt şəhəri 4 saylı notariat Ofisinin 29.08.2019-cu il tarixli 2227 saylı məktubundan görünür ki, 29.03.2016-cı il tarixdə vətəndaş X9 tərəfindən etibarnamə əsasında vətəndaş Cavabdeh1 adından çıxış edərək torpaq sahəsinin icarə hüquqlarının satılmasına razılıq barədə ərizə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 05.09.2019-cu il tarixli məktubundan görünür ki, ünvan 4 saylı binanın yaxınlığında yerləşən 0,0225 ha ölçülü torpaq sahəsini (X: 398764, 398747, 3.398746, 398763.28, Y: 4470685.41, 4470684,447097.76,4470698.89 koordinatları qeyd edilmiş **********69 reyestr nömrəli texniki pasport arxiv qovluğunda mövcuddur) Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X9 14 saylı DNK-nın 3M-225 reyestr nömrəli 07.04.2016-cı il tarixli icarə hüququnun alqısatqı müqaviləsinə, 17.04.2016-cı il tarixli 7E-16790 reyestr nömrəli 3 saylı "ASAN Xidmət” mərkəzinin təsdiq etdiyi bölgü sxeminə əsasən İddiaçı Ağəli oğluna satmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22.05.2020-ci il tarixli 31590 saylı ekspert rəyinə əsasən, Bakışəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsi, 14 saylı binanın yanında yerləşən torpaq sahəsinin üzərindəki 4 mərtəbəli obyektin inşa olunması üçün aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 368244,44 manat məbləğində müəyyən olunur. Bakı şəhəri 28 saylı notariat ofisi tərəfindən verilmiş 27 may 2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri 28 saylı notariat ofisində 08.10.2020-ci il tarixdə rəsmiləşdirilmiş 1S-6604, 1S-6607, 1S-6608 reyestr nömrəli surətin təsdiqi əməliyyatları X4, 29.12.2020-ci il tarixdə rəsmiləşdirilmiş 1S-8404 reyestr nömrəsi X8, 29.12.2020-ci il tarixdə rəsmiləşdirilmiş 1S-8405 reyestr nömrəsi X1 və 29.12.2020-ci il tarixdə rəsmiləşdirilmiş 1S-8414 reyestr nömrəsi Əşrəfov Səbuhi Rəhim oğlunun müraciəti əsasında aparılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlardan müəyyən edir ki, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin 17.09.2013-cü il tarixli 355 saylı sərəncamı ilə Yasamal rayonu M.Seyidov küçəsi, 14 saylı binanın yaxınlığında razılaşdırılmış eskiz layihəsində göstərilən 450 kv.m torpaq sahəsində Cavabdeh1 qeyri-yaşayış binasının tikintisinə icazə verilmiş, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 19.08.2013-cü il tarixli, 18/03-8/1937 saylı məktubu ilə yuxarıda göstərilən ünvanda tikilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin memarlıq-planlaşdırma həlli razılaşdırılmışdır. Qeyri-yaşayış sahəsinin tikintisi ilə bağlı bütün hüquqi sənədləşmə və razılaşma hərəkətlərindən sonra Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlanmış 20 aprel 2015ci il tarixli, 1045 saylı "Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən torpaq sahəsi hər il üçün icarə haqqı 835,20 manat olmaqla 99 il müddətinə Cavabdeh1 icarəyə verilmişdir. Həmin vaxt Cavabdeh1 həyat yoldaşı X9 ilə birgə nikahda olmuşlar. 22.06.2013-cü il tarixdə Cavabdeh1 həyat yoldaşı X6 50 il müddətinə notarial qaydada ƏN-İ ******* saylı etibarnamə vermiş, sonuncu da etibarnamə üzrə nümayəndə olaraq 14 saylı DNK-nın 3M-225 reyestr nömrəli 07.04.2016-cı il tarixli icarə hüququnun alqı-satqı müqaviləsinə, 17.04.2016-cı il tarixli 7E-16790 reyestr nömrəli 3 saylı "ASAN Xidmət” mərkəzinin təsdiq etdiyi bölgü sxeminə əsasən 0,045 ha torpaq sahəsindən 0,0225 ha torpaq sahəsinin icarə hüququnu 2000 manata İddiaçı Ağəli oğluna satmış, bunun da əsasında ona Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, № ******* saylı, 23 aprel 2016-cı il tarixli çıxarış verilmişdir. Nəticədə ünvan 4 saylı binanın yaxınlığında yerləşən sahənin 225 kv.m hissəsi İddiaçı, digər 225 kv.m hissəsi Cavabdeh1 99 illik istifadəsindədir. Cavabdeh1 mübahisəli obyektin satılmasına razı olmadığını, keçmiş ərinin obyektin satılmasına dair təkliflərinə etiraz etdiyini, buna görə aralarında mübahisələr yarandığını, onlar arasında nikahın pozulduğunu, E.Əliyevin ona vermiş olduğu etibarnamədən sui-istifadə edərək, obyektin yerləşdiyi torpaq sahəsi üzərində icarə hüququnu dəyərindən də ucuz məbləğə satdığını bildirərək, əqdin etibarsız hesab edilməklə, torpaq sahəsi üzərində hüququnun bərpa edilməsini xahiş etmişdir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı əqdin bağlanması zamanı onun şərtləri tərəflərin iradə ifadəsi ilə müəyyən edilir. Bu iradə ifadəsi bilavasitə və yaxud da digər şəxsin vasitəsi ilə realizə edilə bilər. Əgər müqavilə tərəfi öz iradə ifadəsini digər şəxsin vasitəsi ilə realizə edərsə, həmin səlahiyyətin realizəsindən ötrü həmin şəxsə etibarnamə verməlidir. Cavabdeh tərəfindən mübahisələndirilən icarə hüququnun alqısatqısına dair müqavilə bağlanarkən üçüncü şəxs ona verilmiş etibarnamə əsasında iddiaçı ilə müqavilə bağlamışdır. Cavabdeh1 mübahisəli obyektin satılmasına razı olmadığını, keçmiş ərinin obyektin satılmasına dair təkliflərinə etiraz etdiyini, buna görə aralarında mübahisələr yarandığını, onlar arasında nikahın pozulduğunu, E.Əliyevin ona vermiş olduğu etibarnamədən sui-istifadə edərək, obyektin yerləşdiyi torpaq sahəsi üzərində icarə hüququnu dəyərindən də ucuz qiymətə satdığını bildirərək, həmin əqdi mübahisələndirmişdir. Əqdin etibarsızlığı dedikdə, iddia qaldıran şəxs müqavilənin qanunun tələblərinə zidd olaraq və yaxud qanunvericilikdə müəyyən edilmiş qaydalara riayət edilmədən bağlandığını, yəni müqavilənin bağlandığı andan qanunsuz olduğunu göstərir. Bununla əlaqədar qeyd edilməlidir ki, Cavabdeh1 E.Əliyevin onun həmin obyektinin satılması ilə razılaşmadığını və buna görə də ailələrində mübahisələrin olduğunu bildirsə də, onlar aralarında nikah münasibətləri pozulandan sonra birgə nikahda olduqları müddətdə vermiş olduğu etibarnaməni ləğv etdirməmişdir. E.Əliyevin həmin əmlakın birgə nikah dövründə satılmasına dair israrlarının olması nəzərə alınarsa həmin əmlak ilə bağlı hər hansı bir razılaşmanın olmamasından ötrü sonuncuya vermiş olduğu etibarnaməni ləğv etdirməməsi onun adından üçüncü şəxsin hər hansı bir etibarnamə üzrə hərəkətlərin davam etdirilməsinə razılığının hələ də qüvvədə olmasını və edilə biləcəyini ehtiva edir. Bundan əlavə. Cavabdeh1 ilə E.Əliyevin arasında nikah münasibətləri pozulandan sonra sonuncunun onun adından həmin əmlakın tikintisi ilə bağlı əqdlər bağlaması və həmin qeyri-yaşayış sahəsində tikinti işlərinin aparılmasına susması da məhz Cavabdeh1 tərəfindən mübahisələndirilən əqdin bağlanarkən iradə ifadəsinin olduğu qənaətini qaçılmaz edir. Ona görə ki, şərti qəbul etsək ki, Cavabdeh1 həmin əqdin bağlanmasından heç bir xəbəri olmamışdır, lakin həmin əmlakın üzərində nikah münasibətlərinə xitam verildikdən sonra hər hansı tikinti işlərinin aparılmasına susması və ya hər hansı etirazını bildirməməsi əqdin onun iradə ifadəsini əks etdirməməsi barədə göstərdiklərinin formal mülahizə kimi dəyərləndirilməli olması qənaətini qaçılmaz edir. Çünki nikah münasibətləri pozulandan sonra onların heç birinin hərəkəti digəri üçün hər hansı bir məsuliyyət yaratmır. E.Əliyev əmlak birgə nikah dövründə əldə edilsə də belə, mübahisələndirilən əmlakla bağlı hər hansı bir tələb irəli sürməmiş, tələbini rəsmiləşdirməmişdir. Halbuki Cavabdeh1 E.Əliyevin həmin əmlakın satılması üçün cəhdlər edilməsindən hələ birgə nikah dövründə məlumatlı olduğu halda nikah pozulandan sonra həmin hərəkətlərin edilməsi mümkünlüyünün qarşısının alınması üçün etibarnaməni ləğv etməsi nəinki məntiqli, həmçinin qaçılmaz olduğu halda, Cavabdeh1 əksinə həmin qeyri-yaşayış sahəsi ilə bağlı onun adından hərəkətlərin edilməsinin qarşısının alınmasından ötrü etibarnaməni ləğv etdirməmiş, əksinə həmin obyektin tikintisi ilə bağlı onun adından bağlanmış podrat müqaviləsini bəyənmiş, onun adından bağlanmış müqaviləni mübahisələndirməmiş, iradını bildirməmişdir. Halbuki həmin əmlak üzərində nikah münasibəti pozulandan sonra onun adından yaxşılaşdırma aparılması üçün əqd bağlaması cavabdeh üçün əlavə mülki hüquqi məsuliyətin (bağlanmış müqavilə üzrə pulun ödənilməsi və s.) yaranmasını qaçılmaz edəcəyindən yolverilməz olduğuna görə mübahisələndirilməli idi. Lakin cavabdehin üçüncü şəxsin qeyri-yaşayış sahəsinin tikintisinə dair müqavilələr bağlanmasına və tikinti işlərinin aparılmasına susması, onun nəinki həmin hərəkətlərin nəticələri, həmçinin 07.04.2016-cı il tarixli müqavilə və onun nəticələri ilə məlumatlı olduğunu və razılaşmaqla susması qənaətini ehtiva edir. Mülki Məcəllənin 329.4-cü maddəsinə əsasən susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Kollegiya qeyd edilən qənaətə gələrkən həmçinin onu da nəzərə alır ki, iddiaçı Cavabdeh1 obyektinin satılması ilə razılaşmadığını və buna görə də ailələrində mübahisələrin olduğunu, onlar arasında nikah münasibətlərinin pozulduğunu bildirsə də, hazırkı iddia tələblərinə baxılarkən onun tərəfindən və ya onun adından məhkəməyə edilmiş müraciətlərə edilmiş əlavə sənədlər (Bakı şəhəri 28 saylı notariat ofisində surətləri təsdiq edilmiş sənədlər) ailə münasibətlərinin dağılmasında təqsirkar bildiyi E.Əliyev tərəfindən rəsmiləşdirilmişdir. Bu isə onun dəlilini təkzib edir. Çünki ailəsinin dağılmasında təqsirkar olan şəxsə, nə qədər uşaqlarının atası olsa da belə etibar etməklə, tələbin yönəldiyi şəxslərdən biri olan şəxsdən iddia tələbini əsaslandıran sənədlərin surətlərinin təsdiqlənməsindən ötrü verilməsi inandırıcı olmamaqla məntiqsizdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Əqdin etibarsızlığının digər bir əsası kimi icarə hüququnun alqı-satqı müqaviləsinin dəyərinin 2000 manat olması və əmlakın dəyərindən az olması barədə Cavabdeh1 apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əqdin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlandığından həmin müqavilə üzrə özgəninkiləşdiriləcək hüququn da dəyəri tərəflərin iradə ifadəsi ilə müəyyən edilir. Belə ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir (Mülki Məcəllənin 390.1 və 398.1-ci maddələri). İddia tələbləri üzrə üçüncü şəxs E.Əliyevin vəsatətinə əsasən şahid qismində dindirilmiş F.Babayevin və M.Əliyevin birinci instansiya məhkəməsində şahid qismində dindirilərkən vermiş olduqları ifadələri üzrə məhkəmə kollegiyası dəyərləndirmə apararaq hesab edir ki, onların ifadələri iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz. Əvvəla onlar mübahisə predmeti üzrə bilavasitə E.Əliyev ilə qohumluq və yaxın əlaqədə olan şəxslərdir ki, E.Əliyevin xeyrinə və mənafeyi naminə ifadə verməsini qaçılmaz edir. Bundan əlavə onların ifadələri iş materialları ilə təsdiq olunmamaqla təkzib edilir. Cavabdeh1 iddiasının üçüncü şəxs E.Əliyev tərəfindən və digər Cavabdeh2 tərəfindən etiraf edilməsi ilə bağlı kollegiya qeyd edir ki, iddianın yönəldiyi şəxslər tərəfindən iddianın etiraf edilməsi özlüyündə iddianın təmini üçün əsas ola bilməz. Çünki iddia birbaşa onlara qarşı deyil, İddiaçı həmin əmlak üzərində hüquqlarından məhrum edilməsinə yönəlmişdir. E.Əliyev həmin iddianı etiraf etməklə, dolayısı ilə öz (övladları vasitəsilə) əmlak vəziyyətini yaxşılaşdırmağa yönələn hərəkət etmiş olmuşdur. Bununla yanaşı o, iddianın etiraf edilməsindən həmin əmlaka çəkdiyi xərclərin ona qaytarılacağı təqdirdə imtina edəcəyini bildirmişdir ki, bu da iddianı etirafın əsaslılığını şübhə altına alır. Digər Cavabdeh2 iddianı etiraf etməsi hər hansı bir önəm kəsb etmir. Çünki o, müqavilə tərəfi olmamış, müqavilə tərəfinin iradə ifadəsini etibarnamə ilə realizə edən şəxs olmuş, müqavilə üzrə hər hansı hüquq və vəzifəsi yaranmamışdır. Buna görə də onun həmin müqavilənin etibarsızlığı tələbini etiraf etməsi əhəmiyyətsizdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsi). Əqdin etibarsızlığına dair iddia tələbi üzrə İddiaçı, digər E.Əliyev və Cavabdeh2 fərqli olaraq iddianın tələbini əsassız hesab etməklə yanaşı iddiaçının həmin tələb ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş bir illik müddəti ötürdüyünü də bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət edir. Bu göstəriş iddia hüququnun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 əqdin etibarsızlığını ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət edildikdən və müqavilə bağlandıqdan 3 ildən artıq müddətdən sonra mübahisələndirmişdir. Cavabdeh1 qeyri-yaşayış sahəsi ilə bağlı aparılmış həm hüquqi (müqavilələrin bağlanması və s.), həm də faktiki (tikinti və digər işlərin görülməsi) hərəkətlərdən məlumatlı olduğu halda susmaqla həmin xüsusatlar üzrə razılaşmışdır. Nikah münasibətlərinə xitam verilmiş və Cavabdeh1 da iddia etdiyi kimi əmlakın özgəninkiləşdirilməsi ilə bağlı aralarında narazılıq olmuş şəxsin nikah pozulandan sonra həmin əmlakın tikintisi və sair işləri ilə bağlı razılaşmalar aparmasına və obyektin tikintisinə (hüquqi sənədlərdən fərqli olaraq ən azı aşkar surətdə görünən) heç bir aydınlaşdırma tələb etmədən susmaqla həmin hərəkətlərin edilməsi müəyyən vəsait hesabına başa gəlir ki, Cavabdeh1 sahiblik və istifadəsində olan əmlaka elə bir xərcin onun xəbəri və razılığı olmadan aparılmasını mümkünsüz edir. Çünki onun xəbəri olmadan hər hansı bir işin görülməsi sonradan onun üçün əlavə xərclərin çəkilməsi zərurətini yaradacaqdır ki, bu da onunla birgə nikah münasibətinin davam etdirilməsini arzulamayan şəxsin onun əmlakı ilə bağlı hər hansı bir hərəkətin edilməsindən çəkindirilməsi və ondan görülmüş işlərin barədə məlumat verilməsini tələb etməsini zəruri edir. Bu isə həmin 07.04.2016-cı il tarixli müqavilədən də onun xəbərinin olmasını ehtiva edir ki, həmin müqavilənin etibarsızlığı tələbinin irəli sürməsi üçün müəyyən edilmiş müddəti ötürmüşdür. Belə olan halda iddia müddətinin tətbiqi barədə ərizə əsasında iddia müddətinin ötürülməsinə görə iddianın təmin edilməməsi öz önəmini itirir. Kollegiya qeyd edir ki, iddia müddətinin axımı onun müqavilənin bağlanmasını bildiyi andan deyil, məhz bilməli olduğu (müqavilənin bağlandığı) andan hesablanmalıdır. Cavabdeh1 da hazırkı müqavilənin bağlanmasından sonradan xəbəri olduğunu bildirsə də, iş materialları ilə qeyri-yaşayış sahəsinə dair bağlanmış müqavilələr üzrə edilmiş hərəkətlərlə razılaşmaqla hər hansı bir tələb irəli sürmədən susması, sonradan İddiaçı iddia ilə məhkəməyə müraciət etdikdən sonra bilməsini təkzib etməklə, onun həmin müqavilənin bağlandığı andan məlumatlı olmasını ehtiva edir. Bununla yanaşı qeyd edilməlidir ki, Cavabdeh1 iddia tələbinin çıxarışın və bölgü sxeminın (eskizin) etibarsız hesab edilməsi və torpaq sahəsi üzərində hüquqların əvvəlki vəziyyətə, yəni müqavilə bağlanandan əvvəlki vəziyyətə gətirilməli olması tələbi 07.04.2016-cı il tarixli müqavilənin etibarsızlığı tələbindən bilavasitə asılı olduğundan və həmin tələb əsassız olduğundan iddia tələbi qeyd edilən hissədə də təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə dəyərləndirmə apararaq hesab edir ki, iddia tələbinin əsassızlığına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla ədalətli hesab edilməlidir. Cavabdeh1 tələbinin əsassızlığı İddiaçı iddiasının əsaslığını ehtiva edir. Belə ki, İddiaçı qeyri-yaşayış sahəsi üzərində əmlak hüquqlarının realizəsinə maneələrin yaradıldığını və buna görə də əmlakdan istifadə edə bilmədiyini göstərmişdir. Həmin qeyriyaşayış sahəsinin bir hissəsinin (225 kv.m.) üzərində İddiaçı, digər hissəsinin üzərində Cavabdeh1 əmlak hüququna malikdir. Cavabdeh1 həmin əmlaka bütövlükdə iddia etməsi onun həmin əmlakdan İddiaçı də istifadəsinə maneə yarada bilməsi qənaətini qaçılmaz edir. İcarə hüququnun alqı-satqısına dair müqavilənin etibarsızlığına dair tələb əsassız olduğundan, həmin müqavilə üzrə hüquqların realizəsinə də maneə aradan qaldırılmalıdır. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır (Mülki Məcəllənin 158.1, 158.1.1, 158.1.2 və 158.1.3-cü maddələri). Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (Mülki Məcəllənin 158.4-cü maddəsi). Bu baxımdan məhkəmə kollegiyası İddiaçı tələbinin təmin edilməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Üçüncü şəxs E.Əliyevin iddia tələbinə gəldikdə kollegiya qeyd edir ki, o, tələbinin əsası kimi 03.11.2015-ci ilə kimi Cavabdeh1 ilə birgə nikahda olmaqda həmin obyektin tikintisinin bilavasitə iştirakı, təşkilatçılığı və rəhbərliyi ilə birgə nikah dövründə əldə edilən vəsaitlər, kommersiya qazancı və daşınmaz əmlaklarının həmin tikinti üçün satılması hesabına başa gəlməsinə, İddiaçı tikintiyə çəkilən xərclərin yarı hissəsini ödəyərək, onunla bərabərləşməkdən yayınmasına, ondan tələb etdiyi 217115 manat tikinti və inzibati (razılaşdırmalar, rüsumlar, icazələr, müxtəlif şəxslər tərəfindın tapşırıq ilə görülən işlər və xidmətlər) xərclərin və 72000 manat şəxsi əməyi və təşkilatçılıq haqqının, cəmi olaraq 289115 manat məbləğ olmasına istinad etmişdir. Üçüncü şəxs E.Əliyevin İddiaçı pul tələb etməsi üçün onların arasında razılaşmanın olmasını sübut etmə öhdəliyi yaranır. Lakin E.Əliyev belə bir razılaşmanın olmasına dair hər hansı əsaslı şübhə yaratmayan sübut təqdim etməmişdir. E.Əliyevin iddia etdiyi kimi tikintiyə görə ona 56000 manat məbləğində pulun ödənilməsi İddiaçı ilə onun arasında qeyri-yaşayış sahəsinə tikintinin aparılmasına rəhbərliyin və nəzarətin, təşkilatın həyata keçirilməsi, işlərin görülməsi xidmətlərin göstərilməsinə dair podrat müqaviləsinin və birgə fəaliyyətin göstərilməsindən ötrü müqavilənin bağlanması anlamına gələ bilməz. Əksinə mübahisə məhz onların birgə fəaliyyət göstərmək istəməmələrinə görə yaranmışdır. Bundan əlavə, İddiaçı tərəfindən pulun ödənilməsi onun tərəfindən həmin obyektin tikilməsinə hər hansı bir vəsaitin xərclənməməməsi barədə E.Əliyevin göstərdiklərinin inkarı kimi dəyərləndirilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri formal mülahizədən ibarət olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayətləri təmin edilməməli, qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X4 apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli 2(004)- 143/2020 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxılanılsın. Apellyasiya şikayətləri verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1811/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1811/2021
06.07.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver