Məhkəmə qərarları › İş №2(103)-1811/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1811/2025

04.05.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(103)-1811/2025 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2024-cü il tarixli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2024-cü il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddiaçı İddiaçı cavabdeh * saylı “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı miras əmlakın qəbulu müddətinin bərpa edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və ərizənin baxılmamış saxlanılması üçün əsasdır. Belə ki, iş materiallarındakı: AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı ##.##.1967-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X1, anası X7r. İ-ЖГ seriyalı ****** nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X1 ilə X7 arasında olan nikah ##.##.1974-cü il tarixdə pozulmuşdur. AZ-II saylı ****** nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 ##.##.1995-ci ildə ölüb. Balaxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-18-2/2- ****/** nömrəli ##.##.2024-cü il tarixli arayışından göstərilib ki, İddiaçı Balaxanı qəsəbəsi Şəfqət küçəsi döngə 1 ev 85 ünvanında yaşayıb. Balaxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-18212- ****/** nömrəli ##.##.2024-cü il tarixli arayışından göstərilib ki, mərhum X1 vəfat edən günə kimi Balaxanı qəsəbəsi Şəfqət küçəsi ev 39 ünvanında qeydiyyatda olmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli *-**-*-**/*-**-****-*/** nömrəli iddiaçıya ünvanlanmış məktubundan göstərilib ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 0,25 ha torpaq sahəsi olan *** saylı bağ sahəsinin icarəyə verilməsi dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X2 arasında bağlanmış ##.##.1987-ci il tarixli ***** nömrəli müqavilə arxiv qovluğunda mövcuddur. Sorğu ilə əlaqədar bildirir ki, hüquqi vərəsələr dairəsinin müəyyən edilməsi barədə notarial məktub təqdim edildiyi təqdirdə sənəd surəti verilə bilər. Cavabdeh"ASAN xidmət" mərkəzində notariat ofisinin ##.##.2024-cü il tarixli **** nömrəli məktubundan görünür ki, ##.##.1995-ci ildə vəfat etmiş atası X2 adına V-***/**** nömrəli vərəsəlik işi açılmışdır. Notarius Mülki Məcəllənin 1246 və 1248-ci maddələrinə istinad edərək iddiaçıya mirasın qəbulu müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. İddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə vəfat etmiş və * saylı Bakı “ASAN xidmət” mərkəzindəki notariat ofisində onun anası Hüquqi varis (FİN: *******) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. AZEMİS Elektron Məhkəmə sistemindən əldə edilən çıxarışdan görünür ki, iddiaçının prosessual hüquqi varisi kimi cəlb edilən Hüquqi varis da ##.##.2026-cı il tarixdə vəfat etmişdir. Əvvəla, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd qismində Cavabdeh"ASAN xidmət" mərkəzində Notariat Ofisinin ##.##.2024-cü il tarixli **** nömrəli məktubunu təqdim edərək iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də haqlı olmamışdır. Çünki həmin məktubda qeyd edilib ki, ##.##.1995-ci ildə vəfat etmiş atası X2 adına V- ***/**** nömrəli vərəsəlik işi açılıb. Ancaq miras qoyanın 1995-ci ildə ölməsi ilə əlaqədar miras açılsa da, notarius əsassız olsa da, imtina edərkən ## ######## 2000-ci ilədək qüvvədə olan Mülki Məcəllənin 553-cü maddəsini göstərmək əvəzinə, ## ######## 2000-ci ildən qüvvədə olan Mülki Məcəllənin 1246 və 1248-ci maddələrinə istinad edərək iddiaçıya mirasın qəbulu müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət etməli olduğunu bildirib. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il # ####### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimat: 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 7.3. Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada elektron çıxarış verildikdə, notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın *-* nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur. Göründüyü kimi, notarius iddiaçının müraciəti əsasında vərəsəlik işi açdıqdan sonra mirasqoyanın qanun və ya vəsiyyət üzrə digər vərəsələrinin olub-olmamasını müəyyən etmək, eləcə də yuxarıda qeyd olunan Təlimatın tələbinə əsasən iddiada göstərilən bağtorpaq sahəsinin üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə daşınmaz əmlakın dövlət kadastrını və reyestrini həyata keçirən qurumun ərazi idarəsinə təqdim edilməsinə qanundan irəli gələn səlahiyyətləri çərçivəsində yardım etmək əvəzinə iddiaçının müraciətini qanunsuz və əsassız olaraq təmin etməmişdir. Birinci instansiya məhkəməsi bütün bu halları görə-görə həm notariusun “Notariat haqqında” Qanunun 55-ci maddəsinin tələblərini açıq-aşkar pozmasına haqq qazandırmış, həm də iddianın rədd etməklə səhv nəticəyə gəlmişdir. Çünki həmin maddənin tələbinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir... Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Deməli, notarius vərəsənin ərizəsi ilə vərəsəlik işi açır, digər vərəsələrin olub-olmamasını müəyyən etmir, digər vərəsə olduğu halda açılmış miras barədə xəbər vermir və ya onların axtarılması üçün tədbirlər görmür, mirası faktiki qəbul etdiyini bildirən vərəsə olan iddiaçı isə ərizə ilə ona müraciət etdikdə heç bir səbəb olmadan ona mirası qəbul etmək üçün olan müddəti ötürdüyü əsası ilə əsassız imtina verir. Ona görə də Cavabdeh"ASAN xidmət" mərkəzində Notariat Ofisinin ##.##.2024cü il tarixli **** nömrəli məktubu iddiaçının cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd hesab olunmadığından iddiaçının mirasının qəbulu müddətinin uzadılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi düzgün olmamışdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 153.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə; Həmin Məcəllənin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 384.0 və 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Həmin Məcəllənin 387.2 və 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia ərizəsi (məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş,... qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə) baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259.0.1, 384.0.5, 387.2.8, 400cü maddələrini rəhbər tutaraq, apellyasiya isntansiyası məhkəməsi q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iddia tələbi Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə əsasən (məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş,... qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə) baxılmamış saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar