Məhkəmə qərarları › İş №2(103)-182/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-182/2023

10.01.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-182/2023 10.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İsmayil qızının cavabdehlər X6 və "xxxx" MMC-yə qarşı iş üzrə (Açar sözlər: “mənzilin təhvil verilməsi öhdəliyi və müqavilənin etibarsız hesab edilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, İddiaçı İsmayil qızının vəkili və nümayəndəsi X7, Cavabdeh X4 nümayəndəsi və vəkili X17 iştirakı ilə, İddiaçı İsmayil qızının cavabdehlər X6 və "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi öhdəliyi və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1813/2021 saylı qətnaməsindən cavabeh X10 tərəfindən verilmiş apellyasiya şikayətinə 10 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X24 ilə İddiaçı İsmayil qızı arasında xx.xx.1971-ci ildə nikah bağlanmışdır.

2. İş materiallarında olan AZ-İİ 120588 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X24 xx.xx.2021-ci il tarixdə ölmüşdür.

3. İş materiallarında olan xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbə ümumi sahəsi 117 kv.m olan hər kv.m üçün 500 manat ödənilməklə 14 saylı mənzilin tikilib başa çatdırıb təhvil-təslim aktı əsasında payçı X22 təhvil verməyi, sonuncu isə mənzilin dəyəri olan 58500 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür.

4. İş materiallarında olan xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, X24 Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbə ümumi sahəsi 117 kv.m olan 14 saylı mənzilin dəyərini tam ödəmişdir.

5. İş materiallarında olan xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbə ümumi sahəsi 117.8 kv.m olan hər kv.m üçün 880 manat ödənilməklə 14 saylı mənzilin tikilib başa çatdırıb təhvil-təslim aktı əsasında payçı X6 təhvil verməyi, sonuncu isə mənzilin dəyəri olan 103664 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür.

6. İş materiallarında olan xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, X10 Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbə ümumi sahəsi 117,8 kv.m olan 14 saylı mənzilin dəyərini tam ödəmişdir.

7. İş materiallarında olan xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-cü mərtəbə ümumi sahəsi 117 kv.m olan hər kv.m üçün 500 manat ödənilməklə 54 saylı mənzilin tikilib başa çatdırıb təhvil-təslim aktı əsasında payçı X13 təhvil verməyi, sonuncu isə mənzilin dəyəri olan 58500 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür.

8. İş materiallarında olan xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-cü mərtəbə ümumi sahəsi 78 kv.m olan hər kv.m üçün 500 manat ödənilməklə 53 saylı mənzilin tikilib başa çatdırıb təhvil təslim aktı əsasında payçı X13 təhvil verməyi, sonuncu isə mənzilin dəyəri olan 39000 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür.

9. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki,"xxxx" MMC Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-cü mərtəbə ümumi sahəsi 117,8 kv.m olan hər kv.m üçün 763 manat ödənilməklə 54 saylı mənzilin tikilib başa çatdırıb təhvil təslim aktı əsasında payçı X15 təhvil verməyi, sonuncu isə mənzilin dəyəri olan 90000 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür.

10. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 16-cı mərtəbə ümumi sahəsi 101,84 kv.m olan hər kv.m üçün 800 manat ödənilməklə 204 saylı mənzilin tikilib başa çatdırıb təhvil təslim aktı əsasında payçı X20 təhvil verməyi, sonuncu isə mənzilin dəyəri olan 90000 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı İsmayil qızı cavabdehlər X6 və "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi öhdəliyi və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun sifarişi əsasında hazırlanmış və payçısı olduğu Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbə ümumi sahəsi 117 kv.m olan 14 saylı mənzilə cavabdeh "xxxx" MMC ilə X10 arasında bağlanmış 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilə dair müqavilənin həyat yoldaşının adından dəyişdirilərək onun adına bağlanması, eləcədə mənzilin onun sahibliyinə və istifadəsinə müqavilə şərtlərinə uyğun təhvil verilməsi, habelə həmin mənzilə dair təmir aktının verilməsi öhdəliyinin "xxxx" MMC- yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə birgə nikah dövründə onun mərhum həyat yoldaşı X24 18 may 2017- ci il tarixdə müqavilə bağlayaraq Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbə, ümumi sahəsi 117 kv.m olan 14 saylı mənzili dəyərini ödəməklə almışlar. Mənzili alarkən müvafiq layihə sənədi və lazımı icazə sənədləri mövcud olmuş və həmin sənədlərə uyğun olaraq payını dəyərini ödəməklə tikinti layihə sənədi əsasında mənzilləri əldə etmişdir. Qeyd edilən mənzili tərəflər arasında bağlanmış müqaviləyə əsasən icraçı qeyd edilən bina üzrə tikinti işləri başa çatdıqdan sonra təhvil-təslim aktı əsasında iddiaçıya verməli idi. Cavabdeh şirkət tərəfindən qeyd edilən mənzil gecikmə ilə 2021-ci ilin fevralına hazır olmuşdur. Mənzilə baxış keçirmək, habelə mərhum həyat yoldaşının ölümündən sonra həmin mənzili öz adına keçirmək və müvafiq olaraq təhvil almaq məqsədi ilə 2021-ci ilin fevral ayının ortalarında cavabdeh şirkətə getdikdə həmin mənzilə təmir arayışı verilməmiş, habelə müqavilənin İddiaçı İsmayil qızının adına dəyişdirilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı həmin mənzilin təhvil alınması və müqavilənin onun adına verilməsi ilə bağlı çoxsaylı müraciətlərdən sonra həmin mənzilin 2018-ci il tarixdə başqa bir şəxsə müqavilə əsasında verildiyini müəyyən etmiş, lakin həmin müqavilənin özünü əldə edə bilməmişdir. Qeyd edilən hər iki mənzil üzrə sifarişçi o olmuş və aralarında olan müqaviləyə əsasən mənzillər onun sifarişi üzrə tikilib ona təhvil verilməli idi. Hazırkı iş üzrə aralarında olan 18 may 2017-ci il tarixli müqavilədən görünür ki,"xxxx" MMC onun tərəfindən inşa edilən, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1- ci blok, 4-cü mərtəbə ümumi sahəsi 117 kv.m olan 14 saylı mənzilin tikilib başa çatdırıb təhvil təslim aktı əsasında payçıya təhvil verməyi, sonuncu isə mənzilin dəyəri olan 58500 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Bu baxımdan iddiaçının hazırkı podrat müqaviləsi üzrə öhdəliyin icrasının icraçı“İnşaat Konstruksiya MMC-dən tələb etmək hüququ vardır.

13. Daha sonra iddiaçının vəkili və nümayəndəsi X11 iddiaya dəqiqləşdirmə verərək xx.xx.2017-ci il tarixdə sonradan "xxxx" MMC ilə İddiaçı İsmayil qızı arasında tərtib edilmiş müqavilənin etibarsız hesab edilməklə iddia tələbini digər hissələrində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)- 1813/2021 saylı qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddia tələbi təmin edilmiş, İddiaçı sifarişi əsasında hazırlanmış və payçısı olduğu Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbə ümumi sahəsi 117 kv.m olan 14 saylı mənzilə dair cavabdeh "xxxx" MMC ilə X10 arasında bağlanmış 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbə ümumi sahəsi 117 kv.m olan 14 saylı mənzilə dair müqavilə İddiaçı mərhum həyat yoldaşı X21 adından dəyişdirilərək İddiaçı adına bağlanılması, eləcə də mənzilin onun sahibliyinə və istifadəsinə müqavilə şərtlərinə uyğun təhvil verilməsi, habelə həmin mənzilə dair təmir aktının verilməsi öhdəliyinin "xxxx" MMCyə həvalə edilməsin qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 158.2, 157.2, 157.8, 165.1, 225.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən cavabdeh X10 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

17. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin baş direktoru X18 ilə X9 arasında bağlanmış 06 fevral2017-ci il tarixli, 014003 nömrəli müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbədə ümumi sahəsi117.8 kv.m olan 14 saylı 3 otaqlı mənzili hər kv.metrin qiyməti üçün 880 manat olmaqla 103664 manat məbləğində pula satmışdır. “İnşaat Konstruksiyaları“ MMC mənzilin tikilib başa çatdırıb təhvil təslim aktı əsasında payçı X6 təhvil verməyi, sonuncu isə mənzilin dəyərindən ilkin 75000 manat ödədiyindən qalan pulu ödəniş cədvəlinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. 10 aprel 2017-ci il tarixdə X10 mənzilin dəyərini tam ödəmiş və bu barədə ona arayış verilmişdir. 09 fevral 2021-ci il tarixdə isə mənzilin X6 məxsus olması və təmirə buraxılması barədə arayış verilmişdir. Qeyd olunan sənədlərin əsli mövcuddur və məhkəməyə təqdim oluna bilər. Bundan sonra Səbinə Adıgözəlovaya məxsus mənzil onun tərəfindən təmir olunmuş və bu barədə fotoşəkillər məhkəməyə təqdim edilmişdir. Mənzil alındığı gündən hal-hazıradək Səbinə Adıgözəlovanın istifadəsində olmuşdur. İddia ərizəsindən göründüyü kimi və məhkəmə araşdırması da, müəyyən olunduğu kimi İddiaçı İsmayil qızı və onun mərhum həyat yoldaşı X24 heç vaxt mübahisəli mənzildə olmamışlar. Belə ki, həmin mənzil sonradan saxta müqavilə əsasında tikinti materiallarının müqabilində Telman Abbasovun adına formal olaraq rəsmiləşdirilmişdir. Məhkəmə bildirişi X5 çatmamış və onunhəmin bildirişdən xəbəri olmamışdır. Əgər bildirişin çatıbsa bu barədə iş materiallarında sənəd olmalıdır. X2 vəkili olaraq tərəfimdən iki məhkəmə iclasında sənədlərin əsli hakimə təqdim olunsa da, hakim əslinə baxaraq geri qaytarmış və məhkəmə iclaslarını iddiaçının adından çıxış edərək "xxxx" MMC ilə razılıq əldə edəcəklərinə istinad edərək təxirə salmışdır. X1 əslinin təqdim etmək niyyəti olmasaydı həmin sənədlər iki dəfə hakimə təqdim olunmazdı.Səbinə Adıgözəlova hazırda da, həmin sənədlərin əslini təqdim etməyə hazırdır və ekspertiza keçirilməsi üçün xətt nümunələrinin götürülməsinə etiraz etmir. İddiaçı İsmayil qızı X6 məxsus müqavilənin 2018-ci ildə bağlandığını və 06 fevral 2017-ci il tarixli müqavilənin saxta olduğunu bildirsə də, Səbinə Adıgözəlovaya məxsus müqavilənin saxta olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

19. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.

20. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi və iddia ərizəsində cavabdehlər arasında mübahisəli mənzilə dair bağlanması iddia edilən xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş etdiklərini bildirdi.

21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdeh "xxxx" MMC-nin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

23. Mübahisəli mənzilə dair müqavilə bağlanarkən qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən (həmin maddə xx.xx.2017-ci il tarixdə yeni redaksiyada verilmişdir) mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-ci il tarixli qərarına əsasən pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativ üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativin isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Kooperativ üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə edirlər.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

26. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız əqddir.

27. Mülki qanunvericiliyə əsasən əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Hər hansı əqdin etibarlılığı üçün isə, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

28. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarında qeyd olunur ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konctitusiya Məhkəməsinin 2 aprel 2021-ci il tarixli qərarında qeyd edilir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən edilməsidir. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir.

30. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

34. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. Kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini əsaslığını və qanuniliyini tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyindən, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin olunmalıdır.

39. Hazırkı mülki mübahisə üzrə iddianın predmetini mübahisəli mənzillə dair "xxxx" MMC ilə cavabdeh X10 arasında xx.xx.2017-ci il tarixdə bağlanması qeyd edilən müqavilə təşkil edir. İddiaçı iddia ərizəsində həmin müqavilənin etibarsız sayılmasını xahiş etdiyi halda, birinci instansiya məhkəməsi mövcud olmayan 2018-ci il tarixli müqaviləni etibarsız hesab etmişdir.

40. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən 2017-ci il və 2018-2019-cu il tarixlərdə mənzillərlə bağlı tərəflər və digər şəxslərlə bağlanılmış oxşar müqavilələrdəki mənzillərin hər kvadrat metrinin dəyəri və müqavilələrin tərtibatı onlara mütəxəssis tərəfindən qiymət verilmədən də vizual baxışla da müəyyən etmək olar ki, "xxxx" MMC ilə digər cavabdeh X9 arasında bağlanılmış xx.xx.2017-ci il tarixli müqavilə iddiaçının mərhum həyat yoldaşı X24 ilə xx.xx.2017-ci il tarixdən bağlanılmış müqavilədən sonra bağlanılmışdır. Belə ki, 2017-ci il tarixli müqavilələrdə müqavilələrin və maliyyə arayışlarının tərtibatı, dizaynı, forması və müqavilələrdə MTK-nın əlaqə nömrəsi fərqli əks etdirilmiş, 2017-ci ilin müqavilələrində müqavilə nömrəsi əks etdirilməmişdir. Halbuki cavabdeh X9 tərəfindən məhkəməyə təqdim olunmuş müqavilənin surəti sonrakı illərdə tərtib olunmuş müqavilə formaları ilə eynilik təşkil edir. 2017-ci ilin müqavilələrində mənzillərin hər kv.m üçün 500 manat qiymət müəyyən edildiyi halda 2018-2019-cu illərdə bu 763-880 manat dəyərində dəyişmişdir. Lakin cavabdeh X9 ilə müqavilə 2017-ci ildə bağlanılmasına baxmayaraq mənzilin hər kvadrat metrinin dəyəri 880 manat müəyyən olunmuşdur. Belə olan halda qeyd olunanlar məhkəməyə mübahisəli mənzillə bağlı cavabdehlər arasında tərtib edilmiş müqavilənin X24 ilə müqavilə bağlanıldıqdan sonrakı tarixlərdə bağlanılması qənaətinə gəlməyə əsas verir və bu hallar nəticə etibarı ilə cavabdehlər arasında bağlanılmış xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız sayılmasına zəmin yaradır.

41. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbə ümumi sahəsi 117 kv.m olan hər kv.m üçün 500 manat ödənilməklə 14 saylı mənzilin tikilib başa çatdırıb təhvil-təslim aktı əsasında payçı X22 təhvil verməyi, sonuncu isə mənzilin dəyəri olan 58500 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, X24 Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbə ümumi sahəsi 117 kv.m olan 14 saylı mənzilin dəyərini tam ödəmişdir.

42. Apellyasiya baxışı zamanı iddiaçının təmsilçisi apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli mənzilə dair "xxxx" MMC ilə digər cavabdeh X10 arasında müqavilə 2018-ci ildə bağlanıldığı halda cavabdeh Səbinə Adıgözəlovanın vəkili və nümayəndəsi tərəfindən iddiaçı tərəfin onlara dair müqavilədə tarix qeydinin sənədin sürətində görsənməməsi ilə tanış olduqdan sonra köhnə tarixə tərtib edilmiş və sonradan yazılmış müqavilə, yəni xx.xx.2017-ci il tarixli, 014003 saylı əsli olmayan müqavilə məhkəməyə təqdim edilmişdir. Həmin müqavilə saxtadır. Müqavilədə olan imza cavabdeh X12 tərəfindən icra edilməmişdir. Həmin müqavilə bağlanan vaxt yəni MTK-da heç bir daş belə qoyulmamışdır və layihəsi təzə hazırlanmış, təsdiq olunmuş və tikinti həmin vaxtdan başlanılmışdır. Cavabdeh Səbinə Adıgözəlova ilə xx.xx.2017-ci il tarixdə müqavilə bağlanıla bilməzdi, çünki həmin vaxt digər cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında yerləşən binada Səbinə Adıgözəlova da daxil olmaqla hər hansı ev satılmamışdır. Həmin binada satış 2017-ci ilin may ayından başlanılmışdır.

43. Apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizası təyin edilmişdir.

44. Məhkəmə Ekspertizası Mərkəzinin 10 noyabr 2022-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş "xxxx" MMC ilə X10 arasında bağlanmış 06 fevral 2017-ci il tarixli 014003 saylı müqavilənin və "xxxx" MMC ilə X24 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin çap mətnləri müxtəlif printerlərdə çap edilmişdir. Təqdim edilmiş "xxxx" MMC ilə X10 arasında bağlanmış 06 fevral 2017-ci il tarixli 014003 saylı müqavilənin və "xxxx" MMC ilə X24 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin çap mətnlərinin şriftləri eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş 10 aprel 2017-ci il tarixli arayışın surətinin və xx.xx.2017-ci il tarixli arayışın mətnlərinin şriftləri eynilik təşkil etmirlər. Təqdim edilmiş 10 aprel 2017-ci il tarixli arayışın surətinin və xx.xx.2017-ci il tarixli arayışın mətnləri elektrofotoqrafik çap üsulu ilə hazırlanmışdır. Ekspertizaya təqdim edilmiş mülki işin 252-ci vərəqəsində olan 06 fevral 2017-ci il tarixli, 014003 saylı müqavilədə “Payçı” qrafasındakı imza - X10 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

45. Kollegiya qeyd edir ki, göründüyü kimi xx.xx.2017-ci il tarixli müqavilə iddiaçının mərhum həyat yoldaşı X24 ilə xx.xx.2017-ci il tarixdə bağlanılmış müqavilədən sonra formal olaraq əvvəlki tarixə tərtib edilmişdir. 2017-ci il tarixli müqavilələrdə müqavilələrin və maliyyə arayışlarının tərtibatı, dizaynı, forması və müqavilələrdə MTK-nın əlaqə nömrəsi fərqli əks etdirilmiş, 2017-ci ilin müqavilələrində müqavilə nömrəsi ümumiyyətlə əks etdirilməmişdir.

46. Kollegiya qeyd edilənləri, həmçinin ekspert rəyi ilə "xxxx" MMC ilə X10 arasında olan 06 fevral 2017-ci il tarixli 014003 saylı müqavilədə “Payçı” qrafasındakı imzanın - X10 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğunu nəzərə alaraq hesab edir ki, həmin müqavilə etibarsız hesab edilməli və onun nəticələrinə dair restitusiya tətbiq edilərək X10 tərəfindən həmin mənzilə görə "xxxx" MMC-yə ödənilmiş 103664 (yüz üç min altı yüz altmış dörd) manat pul "xxxx" MMC-dən alınaraq X6 ödənilməlidir.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir.

48. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin olunmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(007)- 1813/2021 saylı qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbə ümumi sahəsi 117 kv.m olan 14 saylı mənzilinə dair cavabdeh "xxxx" MMC ilə X10 arasında bağlanmış 06 fevral 2017-ci il tarixli müqavilə etibarsız hesab edilsin. X10 tərəfindən həmin mənzilə görə "xxxx" MMC-yə ödənilmiş 103664 (yüz üç min altı yüz altmış dörd) manat pul "xxxx" MMC-dən alınaraq X6 ödənilsin. Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbə ümumi sahəsi 117 kv.m olan 14 saylı mənzilinə dair müqavilə İddiaçı mərhum həyat yoldaşı X21 adından dəyişdirilərək İddiaçı adına bağlanılsın, eləcə də mənzil onun sahibliyinə və istifadəsinə müqavilə şərtlərinə uyğun təhvil verilsin, habelə həmin mənzilə dair təmir aktının verilməsi öhdəliyi "xxxx" MMC-yə həvalə edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ona aid edilsin. Ekspertiza xərci olan 124 (yüz iyirmi dörd) manat cavabdeh X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar