Məhkəmə qərarları › İş №2(103)-1821/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1821/2020

17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1821/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3 MMC-yə qarşı “hərracın nəticələri barədə protokolun və qiymətləndirmə rəyinin ləğv olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh1 MMC tərəfindən keçirilmiş hərracın nəticələri barədə xx.xx.2018ci il tarixli, 230 nömrəli protokolun və Cavabdeh3 tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli, QXM-241 saylı qiymətləndirmə rəyinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, Cavabdeh3 tərəfindən əmlak bazar qiymətinə uyğun olaraq düzgün qiymətləndirilməmiş və nəticədə X2 miras kimi qalmış Nəsimi rayonu, Abay döngəsi 7 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 MMC tərəfindən xx.xx.2018-ci il tarixdə bazar qiymətindən də aşağı qiymətə, yəni 78.645 manata tələbkar Cavabdeh2 satılmışdır. İddiaçının isə belə bir hərracın keçirilməsindən məlumatı olmamış, onun iştirakı təmin olunmamışdır. Bundan əlavə, məlum fərdi yaşayış evinin qiyməti hazırkı bazar qiymətinə uyğun göstərilməmiş, qiymət qərəzli şəkildə azaldılaraq, olduğundan da qat-qat aşağı qiymətə hərraca çıxarılmışdır. Bu səbəbdən də, keçirilmiş hərracın nəticəsi qanunauyğun olmadığından ləğv olunmalıdır. Eyni zamanda, iddiaçı qiymətləndirmə rəyi ilə razı olmadığından vəsatətlə müraciət edərək, məhkəmədən yenidən mənzilin qiymətləndirilməsi üzrə ekspertiza keçirilməsini xahiş etmiş və məhkəmənin bu barədə qərardadı rəy verilməsi üçün DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Bundan sonra iddiaçı, müvafiq qiymətləndiricini tapıb, onunla əlaqə qurmağa çalışmış, o isə cavab olaraq bildirmişdir ki, Cavabdeh2 evin uçub dağılması ilə bağlı şəkillər təqdim edib, buna görə də, onlar qiymətləndiriləcək bir obyekt olmadığından rəy verməkdən imtina etmişlər. İddiaçı, ekspertə etiraz edərək, evin qiymətinin göstərilənlərdən yüksək olması ilə bağlı onda vacib sənəd olduğunu bildirsə də, buna əhəmiyyət verməmişlər. İş yenidən məhkəmə baxışına təyin edilən zaman o, başqa ekspertə verilməklə təkrar ekspertiza keçirilməsini xahiş etmiş, lakin məhkəmə onun bu barədə şifahi vəsatətini təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2, apellyasiya şikayətinə etiraz edərək, həmçinin bildirmişdir ki, icra zamanı həm qiymətləndirmənin, həm də hərracın qanunvericiliyə uyğun aparıldığı iş materialları ilə tam təsdiq olunur. Belə olan halda, iddianın təmin edilməsi üçün əsas yoxdur. Ona görə də, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, Cavabdeh2 dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5852/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə, mərhum X3 vərəsələri Nadir Tağıyev, Ələkbər Tağıyev, Səidə İsgəndərova, Zeynəb Şərifova və İddiaçı onlara mərhumun miras aktivindən çatan payların hesabına (əldə etdikləri miras aktivləri (payları) həddindən artıq olmamaq şərtilə), miras aktivindən əldə etdikləri paylara uyğun (paylar nisbətində) olaraq cəmi 285.200 manat tutularaq, Cavabdeh2 ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza xərclərinin dəyəri kimi 150 manatın Nadir Tağıyev, Ələkbər Tağıyev, Səidə İsgəndərova, Zeynəb Şərifova və İddiaçı müştərək qaydada tutularaq, “xxxxxxx” MMC-yə ödənilməsi qət edilmiş və məhkəmə aktı icraya yönəldilmişdir. Nəsimi Rayon Məhkəməsinin 8(006)-5101/2014 saylı, xx.xx.2014-cü il tarixli qərardadı ilə mərhum X3 mülkiyyətində olan Bakı şəhəri, Abay döngəsi, 7 saylı evin üzərinə həbs qoyulmuşdur. Nəsimi rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə sözügedən fərdi yaşayış evinin qiymətləndirilməsi üçün qiymətləndirici dəvət edilməsi qərara alınmış və xx/xx- 90219/14 nömrəli, xx.xx.2017-ci il tarixli məktubla mənzilin qiymətləndirilməsi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən xahiş olunmuşdur. QXM/241 saylı, xx.xx.2017-ci il tarixli rəylə “Həsən-96” Mənzil Tikinti Kooperativinin arayışına əsasən, Bakı şəhəri, Abay döngəsi, 7 saylı ünvanın xx.xx.2017-ci il tarixə ümumi bazar dəyəri: ayrıayrılıqda evin bazar dəyəri 112.350 manat, torpağın bazar dəyəri sənədi olduqda 351.150 manat, ümumilikdə isə 463.500 məbləğində qiymətləndirilmişdir. Nəsimi rayon İcra və Probasiya şöbəsi, xx/xx-90219/14 saylı, xx.xx.2017-ci il tarixli məktubla surəti tələbkar və borclulara göndərilməklə həmin əmlak barədə hərracın keçirilməsini Cavabdeh1 MMC-yə sifariş etmişdir. Tələbkar Cavabdeh2 xx.xx.2018-ci il tarixdə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Abay döngəsi, 7 saylı fərdi yaşayış evinin torpaqla birlikdə borcun ödənilməsinə yönəldilməsinə razı olmadığını bildirmiş və yalnız üzərinə həbs qoyulmuş və 112.350 manat məbləğində qiymətləndirilmiş fərdi yaşayış evinin hərraca çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 MMC tərəfindən sözügedən fərdi yaşayış evinin ilkin satış qiyməti 112.350 manat müəyyən olunmaqla, ilk hərracın keçirilmə tarixi xx.xx.2018-ci il tarixə, saat 11:00-a təyin olunmuşdur. Mənzilin ilkin satış qiyməti 112.350 manat-10%=101.115 manat müəyyən olunmaqla, təkrar hərracın keçirilmə tarixi xx.xx.2018-ci il tarixə, saat 11:00-a, mənzilin ilkin satış qiyməti 112.350 manat-20%=89.880 manat müəyyən olunmaqla, təkrar hərracın keçirilmə tarixi xx.xx.2018-ci il tarixə, saat 11:00-a, mənzilin ilkin satış qiyməti 112.350 manat-30%=78.645 manat müəyyən olunmaqla, son hərracın keçirilmə tarixi xx.xx.2018-ci il tarixə, saat 11:00-a təyin olunmuşdur. Qeyd olunanlar barədə İddiaçı və digər borcluların ünvanlarına “açıq hərracın keçirilməsinə dair” xx.xx.2018-ci il, xx.xx.2018ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli bildirişlər göndərilmiş və bununla bağlı “Kaspi” qəzetində elanlar yerləşdirilmişdir. xx.xx.2018-ci il tarixli, 230 nömrəli hərracın yekunları barədə protokola və həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən, fərdi yaşayış evi 78.645 manat qiymətlə Cavabdeh2 əldə etmişdir. Hazırda iddiaçı, hərraca çıxarılmış fərdi yaşayış evinin ilkin satış qiymətinin qiymətləndirici tərəfindən düzgün müəyyən olunmadığını və real bazar dəyərindən dəfələrlə aşağı qiymətə satıldığını, həmçinin hərrac barədə məlumatının olmadığını və iştirakının təmin olunmadığını bildirərək, qiymətləndirmə rəyinin və hərracın yekunları barədə protokolun ləğv olunmasını tələb edir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 5-ci maddəsinə əsasən, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 7-ci maddəsinə əsasən, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Adı çəkilən Qanunun 8-ci və 9-cu maddələrinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Qiymətləndirici dövlət və kommersiya sirləri istisna olunmaqla, qiymətləndirməni həyata keçirmək üçün zəruri hesab etdiyi hər cür məlumatı yazılı və ya şifahi formada üçüncü şəxslərdən almaq hüququna malikdir. İddiaçı, Cavabdeh3 MMC-nin xx.xx.2017-ci il tarixli rəyində göstərilən qiymətin həqiqi olmadığını bildirərkən, öz hesabına keçirilmiş qiymətləndirmə üzrə “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin 29.307.2019-cu il tarixli, 48 saylı rəyinə istinad edir ki, həmin rəyə əsasən, Bakı şəhəri, Abay döngəsi 7 ünavında yerləşən 246,6 m2 ümumi tikili sahəsi və 309 m2 ümumi torpaq sahəsi olan fərdi yaşayış evinin xx.xx.2019-cu il tarixdə bazar dəyəri 529.200 manat təşkil edir. Göründüyü kimi, iddiaçının istinad etdiyi rəydə mübahisəli fərdi yaşayış evinin dəyəri ayrıca müəyyən edilməməklə, torpaq sahəsi ilə birlikdə ümumi dəyəri müəyyən edilmişdir. Baxılan iş üzrə hərracın predmeti isə yalnız fərdi yaşayış evidir. Ona görə də, bu rəy hazırkı işin halları baxımından mötəbər və kifayətedici sübut hesab edilə bilməz. Kollegiya, onu da nəzərə alır ki, işə birinci instansiya məhkəməsinə baxılarkən əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş vəDƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, qeyd olunan daşınmaz əmlak söküldüyündən bazar dəyərinin hesablanması mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qətnaməsinin icrası mərhələsində Bakı şəhəri, Abay döngəsi, 7 saylı evin dəyəri Cavabdeh3 MMC tərəfindən obyektiv qiymətləndirildiyindən sözügedən rəyin ləğv olunması üçün əsas yoxdur. Eyni zamanda, Mülki Məcəllənin 414.1-ci və 414.4-cü maddələrinə əsasən, əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Həmin Məcəllənin 415.1-ci və 415.2-ci maddələrinə görə, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Qeyd edilən normalardan göründüyü kimi, qanunverici təşkil edilmiş açıq hərracda istənilən şəxsin alıcı qismində iştirak etmək imkanını təmin etməklə, bu imkanın reallaşdırılması və hərracda iştirakla bağlı digər hüquqlardan istifadə edə bilmələri üçün tərəflərə hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilməsini təsdiq etmə üsulu ilə bildirişlərin göndərilməsi qaydasını müəyyən etmişdir. Məhz göstərilən qaydalara riayət etməklə əmlakın satışının realizə edilməsi ixtisaslaşmış təşkilatlar tərəfindən hərracın qanuna uyğun keçirilməsinə dəlalət edir. Kollegiya, hazırkı mübahisəyə də göstərilən aspektlərdən yanaşaraq bildirir ki, iş materiallarından görünür ki, Cavabdeh1 MMC tərəfindən keçirilən hərraclar barədə iddiaçı məlumatlandırılmış, müvafiq elanların verilməsi təmin olunmuş və hərracı udmuş şəxs kimi Cavabdeh2 ilə mülki qanunvericilikdə nəzərdə tutulmuş müqavilə bağlanmışdır. Belə olan halda, həmin hərracın nəticələrinin etibarsız sayılması üçün əsas aşkar edilməmişdir. MM-nin 415.5-ci maddəsinə görə, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. İddiaçı, hərracın keçirilməsi barədə ona məlumat verilmədiyini bildirsə də, bu halı təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, işdə olan poçt sənədlərinə əsasən, keçirilmiş hərraclar barədə bildirişlər iddiaçının iş materiallarında olan rəsmi ünvanına göndərilmiş və ünvanda imzalanmaqla rəsmi qaydada qəbul edilmişdir. Bundan başqa, hərracı keçirən təşkilat tərəfindən həm ilkin, həm də təkrar hərracların vaxtı və keçirilmə yeri, satışa çıxarılan əmlak barədə məlumatların kütləvi informasiya vasitəsində dərc olunması və ictimai açıqlanması təmin olunmuşdur. Göründüyü kimi, mübahisəli fərdi yaşayış evinin həm qiymətləndirilməsi, həm də hərracda satılması qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilmişdir. Belə olan halda, iddianın təmin edilməsi üçün əsas yoxdur. Odur ki, birinci instansiya məhkəməsi, işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3315/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar