Məhkəmə qərarları › İş №2(103)-1822/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1822/2021

12.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1822/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyalə Cəmilova və Vüsalə Baxışovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı İslam Elyasovun, iddiaçının vəkili Qardaşxan Sadiqovun, Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı QSC-nin nümayəndəsi Elxan Əskərovun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı QSC, Cavabdeh2 MMC və Cavabdeh3 MMC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və borcun silinməsi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh1 BOKT QSC-nin cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə faiz borcunun ödənilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 BOKT QSC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlk iddia ərizəsində tələb olunub ki, İddiaçı ilə “xxxx” ASC-nin Xaçmaz filialının arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 548/06 nömrəli kredit müqaviləsi etibarsız hesab edilsin, Cavabdeh1 BOKT QSC tərəfindən İddiaçı adına hesablanmış 7.956 ABŞ dolları məbləğində faiz borcu ləğv edilsin və borc İddiaçı kredit tarixçəsindən silinsin. Həmin iddia ərizəsində həmçinin xahiş olunub ki, iddia ərizəsinin hazırlanmsı üçün vəkilə çəkilmiş xərcin əvəzi kimi 150 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilsin. Qarşılıqlı iddia ərizəsində tələb olunub ki, İddiaçı faiz borcu kimi 7.956,02 ABŞ dolları tutularaq Cavabdeh1 BOKT QSC-yə verilsin. Həmin iddia ərizəsində həmçinin xahiş olunub ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat İddiaçı Cavabdeh1 BOKT QSC-nin xeyrinə tutulsun. Qətnamə ilə qət olunub ki, ilk iddia qismən təmin olunsun, xx.xx.2006-cı il tarixli, 548/06 nömrəli kredit müqaviləsi etibarsız hesab edilsin, 7.956 ABŞ dolları faiz borcu ləğv edilsin və həmin borc barədə qeyd Cavabdeh3 MMC tərəfindən silinsin, ilk iddia Cavabdeh2 MMC-yə aid hissədə rədd edilsin, habelə qarşılıqlı iddia rədd olunsun. Qətnamədə məhkəmə xərclərinə münasibətdə qət olunub ki, ilk iddia ərizəsinin hazırlanmsı üçün vəkilə çəkilmiş xərcin əvəzi kimi 150 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat Cavabdeh1 BOKT QSC-dən tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, ilk iddia rədd olunsun, qarşılıqlı iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 BOKT QSC-nin nümayəndəsi Elxan Əskərov apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçı İslam Elyasov və onun vəkili Qardaşxan Sadiqov isə apellyasiya şikayətinin əsasız olduğunu bildirdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İlk iddiaya aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı ilə “xxxx” ASC-nin Xaçmaz filialının arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 548/06 nömrəli kredit müqaviləsinə (iş v. 16) görə bank üzərinə öhdəlik götürüb ki, İddiaçı 101.025 ABŞ dolları məbləğində kredit verəcək, İddiaçı isə üzərinə öhdəlik götürüb ki, krediti və onun faizlərini müqavilədə müəyyən olunmuş müddətdə və qaydada banka qaytaracaq. Cinayət təqibi üzrə icraat zamanı keçirilmiş ekspertizanın rəyi (iş v. 148) ilə müəyyən olunub ki, həmin kredit müqaviləsinin “borcalan” qrafasındakı imza, eləcə də bankdan 101.025 ABŞ dolları məbləğində pulun götürülməsi barədə məxaric kassa orderində “borcalan” qrafasında imza başqa şəxs – X1 tərəfindən icra olunub. Mülki Məcəllənin 331.1-ci maddəsinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. xx.xx.2006-cı il tarixli, 548/06 nömrəli yazılı kredit müqaviləsi borcalan tərəfindəın imzalanmadığına, yəni mövcud imza ona məxsus olmadığına, habelə məxaric kassa orderindəki imza borcalana məxsus olmadığına görə birinci instansiya məhkəməsi düzgün olaraq ilk iddianı qismən təmin edib. Qarşılıqlı iddiaya aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qarşılıqlı iddia həmin kredit müqaviləsinə və kassa məxaric orderinə əsaslanır. Lakin qarşılıqlı iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları – kredit müqaviləsinin İddiaçıla bağlandığını və həmin müqavilədə göstərilən pulun İddiaçı verildiyini sübut edə bilmir. Mülki Məcəllənin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. İddiaçı qarşılıqlı iddiaçının qarşısında pul ödəmək vəzifəsinin əmələ gəlməsi üçün müvafiq əsas olmadığından birinci instansiya məhkəməsi düzgün olaraq ilk iddianı rədd edib. İlk iddianın rədd edilməsinə aid hissədə qətnamə İddiaçı tərfindən mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar