Məhkəmə qərarları › İş №2(103)-183/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-183/2020

03.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-183/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X11, Cavabdeh X5 nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı Notariat Kontoru, X6 və X7 qarşı miras əmlakdan payın verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(003)-3621/2018 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı Notariat Kontoru, X6 və X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Şüvəlan qəsəbəsi Ordubadi küçəsindəki 8 saylı miras evdən mərhum ataları Nəcəfqulu Rzaqulu oğlunun adında qalmış 3/5 hissədə payın mirası qəbul etmiş və payları müəyyən edilmiş İddiaçı və X1 arasında bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Şüvəlan qəsəbəsi Ordubadi küçəsindəki 8 saylı ev ataları Nəcəfqulu Rzaqulu oğlunun mülkiyyətində olmuşdur. Ataları xx xxxx 1992-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra miras qalmış həmin evin İddiaçı qızına 1/5 pay, X3 1/5 pay olmaqla pay bölgüsü aparılmış, Nəcəfqulu Rzaqulu oğlunun 3/5 hissədə payı açıq qalmışdır. Vərəsə olan Məsmə Nəcəfqulu qızı 1988-ci ildə hazırkı yaşayış sahəsindən pasport qeydiyyatından çıxmış və özünə məxsus yaşayış sahəsinə qeydiyyata düşərək bu günə qədər yaşamaqda davam edir. X9 1996-cı ildə miras mülkdən pasport qeydiyyatından çıxaraq ölkə xaricinə daimi yaşamaq üçün getmişdir. Başqa vərəsə Nəzakət Nəcəfqulu qızı 1970-ci ildə miras mülkdən qeydiyyatdan çıxaraq başqa yaşayış sahəsinə qeydiyyata düşmüş və orada yaşamışdır. Ataları öldükdən sonra o və qardaşı Allahqulu Nəcəfqulu oğlu vərəsəlikdə mirasın qəbulu ilə bağlı bütün tələb olunan qaydalara əməl etməklə qanunla onlara düşən payı almış və bu barədə 1997-ci ildə Qeydiyyat vəsiqəsi verilmişdir. Digər vərəsələr nə qanuni, nə də faktiki olaraq mirası qəbul etməmiş, miras açıldığı vaxtdan (1992-ci ildən) hazırkı vaxtadək payların müəyyən edilməsi ilə bağlı müraciət etməmişlər. Nəticədə miras əmlakın 3/5 hissəsi xx xxxx 1992-ci ildə vəfat etmiş Nəcəfqulu Rzaqulu oğlunun adında qalmışdır. Qeyd edilənlərə əsasən Bakı şəhəri Şüvəlan qəsəbəsi Ordubadi küçəsindəki 8 saylı miras evdən mərhum ataları Nəcəfqulu Rzaqulu oğlunun adında qalmış 3/5 hissədə payın mirası qəbul etmiş və payları müəyyən edilmiş İddiaçı və X1 arasında bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(003)-3621/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Ordubadi küçəsində yerləşən 8 saylı fərdi yaşayış evinə dair Nəcəfqulu Rzaqulu oğlunun adına açıq qalmış 3/5 hissə İddiaçı və X1 arasında bərabər bölüşdürülməklə İddiaçı 3/10 hissədə, X1 3/10 hissədə payının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər X6 və X10 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişlər. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı onlara məxsus paya da sahib olmaq istəyir. Belə ki, onlar Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Ordubadi küçəsində yerləşən 8 saylı evdə olan miras paylarından imtina etməmiş və bu barədə heç bir notarial qaydada təsdiq olunmuş razılıq verməmişlər. Onların da iddiaçı ilə bərabər həmin evə dair miras payları vardır, çünki ev onların faktiki sahibliyində olmuşdur. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdeh M.Zeynallının nümayəndəsi X14 isə apelyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv edilərək miras əmlakın qanuni şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Bakı şəhəri 7 saylı Notariat Kontoru və X6 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(003)-3621/2018 saylı qətnaməsi cavabdehlər X2 və X5 apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarında olan sənədlərdən məlum olur ki, Bakı şəhəri Şüvəlan qəsəbəsi Ordubadi küçəsindəki 8 saylı ev Nəcəfqulu Rzaqulu oğlunun mülkiyyətində olmuşdur. Nəcəfqulu Rzaqulu oğlu xx xxxx 1992-ci ildə vəfat etmişdir. Onun 5 övladı olmuşdur. Onun ölümündən sonra miras qalmış Bakı şəhəri Şüvəlan qəsəbəsi Ordubadi küçəsindəki 8 saylı evin İddiaçı qızına 1/5 pay, X3 1/5 pay olmaqla pay bölgüsü aparılmış, Nəcəfqulu Rzaqulu oğlunun 3/5 hissədə payı açıq qalmışdır. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx xxxxxx 1997-ci il tarixli seriya MH 094401 saylı qeydiyyat vəsiqəsi verilmişdir. İşin faktiki hallarında göründüyü kimi cavabdehlərin ataları X16 ölümü və ondan miras olaraq əmlakın qalmasından xəbərdar olması işin mübahisəssiz halıdır. Lakin digər vərəsələr 26 il ərzində miras əmlakdan məcburi pay hüququndan istifadə etməmişlər. İddiaçı və Allahqulu Nəcəfqulu oğlu ataları öldüyü vaxtdan ondan miras qalmış əmlakı bütünlüklə qəbul edərək 26 il ərzində əmlaka fasiləsiz sahiblik etmişlər. Həmçinin müəyyən edilmişdir ki, Allahqulu Nəcəfqulu oğlu birinci qrup əlilldir və İddiaçı ərizəsi əsasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli 2(003)- 1034/2013 saylı qətnaməsi ilə xx xxxx 1959-cu il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Allahqulu Nəcəfqulu oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və iddiaçı Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2014-cü il tarixli, 877 saylı sərəncamı ilə Allahqulu Nəcəfqulu oğlunun üzərində qəyyum təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat verir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbulu elə hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddətdə mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Miras əmlakı sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Hazırkı halda X15 miras qalmış Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Ordubadi küçəsində yerləşən 8 saylı ev İddiaçı və X3 bərabər paylarda 1/5 hissədə müəyyən olunmaqla xx xxxx 1992-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X16 adında 3/5 hissə açıq saxlanılmışdır. Həmin vərəsəlik üzrə əmlakın bölüşdürülməsindən 26 il vaxt keçməsinə baxmayaraq digər vərəsələr X6 və X10 tərəfindən mərhum ataları X15 açıq qalmış həmin əmlak faktiki olaraq qəbul edilməmiş və ya ondan imtina edilməmişdir. Həmin müddət ərzində də mübahisəli əmlakla bağlı qüvvədə olan vəsiyyətnamənin mövcudluğu müəyyən edilməmişdir. Lakin sonradan X6 və X10 Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna qarşı vərəsə kimi tanınma və miras əmlakdan payın ayrılması tələbi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(103)-1385/2019 saylı qətnaməsi ilə onların iddiaları təmin edilməmiş, sonuncu qətnamədən X5 verdiyi apelyasiya şikayəti də təmin edilməyərək Bakı Apelyasiya Məhkəməsinin 11 sentyabr 2(103)-11009/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə X4 münasibətdə xx xxxx 2019-cu il tarixdə, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi isə X7 münasibətdə xx xxxxxx 2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, mərhum X15 açıq saxlanılmış payın qanun üzrə vərəsəliyə çağırılmış İddiaçı və X1 payına əlavə edilməsi və onlar arasındakı paylara mütənasib surətdə bölüşdürülməsinə dair iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər X2 və X5 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(003)-3621/2018 saylı qətnaməsi cavabdehlər X2 və X5 apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar