Məhkəmə qərarları › İş №2(103)-183/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-183/2024

14.10.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-183/2024 14.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: “tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi və vəkili Vəkil və digər mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1305/2022 saylı 17 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının xx.xx.1997-ci il tarixli 11 №-li Qərarından çıxarışa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 123 saylı və xx.xx.1991-ci il tarixli 293 saylı qərarları ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondunun ayrıldığı nəzərə alınaraq İddiaçı 2-ci kvartalda 17 B saylı 1200 kv.metrdən ibarət torpaq sahəsi ayrılmış (İddiaçı barədə məlumatlar əlyazma ilə əlavə edilmişdir), həmin sahənin yerləşmə sxemi təqdim edilmişdir. Yerləşmə sxemində bir dördbucaq cizgilənmişdir.

2. İddiaçı ona ayrılmış 1050 kv metr torpaq sahəsinin 200 kv. metr hissəsindən istifadə etməyə, üzərində tikinti aparmağa, həmin tikilini və torpağı özəlləşdirməyə və sair səlahiyyətlərə dair X8 xx.xx.2011-ci il tarixdə etibarnamə verimşdir.

3. Maştağa qəsəbəsi XDS İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 59 №-li Qərarından çıxarışa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetini xx.xx.1991-ci il tarixli 293 saylı qərarı ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondunun ayrıldığı nəzərə alınaraq Cavabdeh1 1200 kv.metrdən ibarət 843 “D” saylı torpaq sahəsi ayrılmışdır (Cavabdeh1 barədə məlumatlar əlyazma ilə əlavə edilmişdir).

4. Cavabdeh1 ona ayrılmış 0,12 ha torpaq sahəsindən təyinatı üzrə istifadə etməyə, üzərində tikinti işləri aparmağa, həmin tikilini və torpağı özəlləşdirməyə və sair səlahiyyətlərə dair Cavabdeh2 xx.xx.2016-ci il tarixdə etibarnamə verimşdir.

5. Cavabdeh2 tərəfindən torpaq sahəsində yarımçıq tikili inşa edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı X11 cavabdeh X4 qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi-2-ci kvartalda 17 saylı sahədə iddiaçının istifadəsinə və sərəncamına verilmiş 200 kv.metr torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin sökülməsi, cavabdeh çıxarılmaqla zəbt edilmiş torpaq sahəsinin boşaldılması və torpaq sahəsindən istifadə etməyi ilə bağlı cavabdeh tərəfindən olan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiada göstərilir ki, iddiaçı özünə ev tikmək üçün İddiaçı tərəfindən verilmiş etibarnamə əsasında 2011-ci ildə Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi-2-ci kvartalda 17 saylı sahədə İddiaçı ayrılmış 1050 kv.metr torpaq sahəsinin 200 kv.metr hissəsini almışdır. Maddi imkansızlıqdan ev tikə bilməmiş və torpağa baş çəkə bilməmişdir. X1 tərəfindən 2 sot torpağı zəbt edilmiş və yarımçıq tikili inşa edilmişdir.

8. Birinci instansiya məhkəməsi iddiaçının razılığı əsasında əsl olmayan iddiaçı X10 əsl İddiaçı ilə, əsl olmayan cavabdeh X5 əsl olan Cavabdeh2 ilə əvəz etmiş, Cavabdeh1 mülki iş üzrə cavabdeh kimi işə cəlb etmişdir.

9. İddiaçı nümayəndəsi və vəkili vəsatət verərək, torpaq sahələrinin üst-üstə düşübdüşməməsinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməsini xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsi torpaq sahəsinin koordinatlarının olmadığını əsas gətirərək ekspertiza təyin edilməsi barədə vəsatəti təmin etməmişdir.

11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1305/2022 saylı 17 may 2022ci il tarixli qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, torpağın koordinatları mövcud olmadıqda onun dəqiq yerləşməsini də müəyyən etmək mümkün deyil. İddiaçı mübahisəli torpaq sahəsinə hüququnu təsdiq edə bilmədiyindən, belə bir iddia qaldırmağa onun subyektiv hüququ yoxdur. İddiaçının subyektiv hüququnun olmamasını nəzərə alaraq, birinci instansiya məhkəməsi cavabdehlərin mübahisəli torpaq sahəsinə olan hüququnu araşdırmağı zəruri hesab etməmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 164.1, 164.2, 165.1-ci, Torpaq Məcəlləsinin 65, 67, 68-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6751/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov, Fuad Talışinski) apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1305/2022 saylı 17 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci ninstansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq mövqeyini də birinci ninstansiya məhkəməsinin qətnaməsinin məzmununa uyğun əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsində icraat

17. İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-761/2023 saylı, 23 fevral 2023-cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6751/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.

19. Kassasiya instansiya məhkəməsi qənaətində göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlməyib. Belə ki, iddiaçı Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının xx.xx.1997-ci il tarixli 11 №-li Qərarı ilə ona ayrılmış Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi 2-ci kvartalda 17 B saylı, 1200 kv.metrdən ibarət torpaq sahəsinin 200 kv.metr hissəsinin cavabdehlər tərəfindən zəbt edilməsinə və orada tikinti aparılmasına istinad edərək, həmin hissədə torpağın zəbtdən azad edilməsi və oradakı tikilinin sökülməsini xahiş edib. Cavabdeh də iddiaya etirazının əsası kimi Maştağa qəsəbəsi XDS İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 59 №-li Qərarı ilə Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivində 1200 kv.metrdən ibarət 843 “D” saylı torpaq sahəsinin Cavabdeh1 ayrılması və sonuncunun həmin torpaq sahəsinə dair ona bütün səlahiyyətləri əks etdirən etibarnamə verməsinə istinad etmişdir. İşdən görünür ki, torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək məqsədilə iddiaçının nümayəndəsi ekspertiza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi torpaq sahələrinin koordinatlarının olmadığını əsas gətirərək ekspertiza təyin edilməsi barədə vəsatəti təmin etməmişdir. Məhkəmə kollegiyası bununla razılaşmır. Belə ki, işdə həm İddiaçı ayrılan torpaq sahəsinin (2-ci kvartal, 17 “B” sahə), həm də Cavabdeh1 ayrılan torpaq sahəsinin (“843 D”) yerləşmə sxemi vardır. (i.v.9,10, 31, 40) Birinci instansiya məhkəməsi torpaq sahələrinə dair həmin yerləşmə sxemlərinin torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etməyə yetərli sənəd olubolmamasını aydınlaşdırmadan ekspertiza təyin etməməklə, Mülki Prosessual Məcəllənin 9, 14.1 və 97.1-ci maddələrinin tələblərini pozmuş, ümumiyyətlə, mübahisənin qanuni həlli yönündə prosessual qanunvericiliyin verdiyi imkanlardan tam istifadə etməmişdir. Halbuki analoji mübahisələrdə torpaq sahələrinin koordinatlarının və zəbt faktının müəyyən edilməsi, eləcə də yerləşmə sxemlərinin və ya hər hansı belə sənədlərin torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etməyə yetərli sənəd olub-olmaması kimi sualların aydınlaşdırılması xüsusi bilik tələb edən ekspertizanın (ekspertin) fəaliyyət sferasıdır. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə görə də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İddiaçı ekspertiza təyin edilməsi barədə vəsatətinin təmin edilməməsini apellyasiya şikayətində irəli sürsə də, apellyasiya instansiyası məhkəməsi də həmin dəlilə əhəmiyyət verməmiş, birinci instansiya məhkəməsinin səhvini təkrarlamışdır. Baxmayaraq ki, qeyd edilən dəlil üzrə işin hallarının araşdırılıb, onlara qiymət verilməsi iddianın obyektiv və qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsi tələb edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlilləri müzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”) Nəticədə apellyasiya instansiyası məhkəməsinin iddianın rədd edilməli olması barədə gəldiyi qənaət ekspert rəyinə əsaslanmamışdır. Buna görə də kassasiya şikayətinin ekspertiza təyin edilməməsi barədə dəlili əsaslıdır. Məhkəmə kollegiyası vurğulamışdır ki, işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarında qətnamənin əsaslılığı ilə bağlı qeyd edilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Yuxarıda şərh edilənlər baxımından apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsədlərindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Həm də məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi şərh edilən pozuntuları aradan qaldırmalı və işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni və əsaslı qərar qəbul etməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

20. İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə) apellyasiya şikayətində qətnamənin ləğv, iddia tələbinin isə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətində göstərmişdir ki, məhkəmənin mövqeyi əsassızdır. Belə ki, Maştaga qəsəbəsi ərazisində “Savalan” yaşayış massivi-2-ci kvartalda 17 saylı Sahədə yerləşən mübahisəli torpaq sahəsinin iddiaçının qanini istifadəsinə, fərdi yaşayış evi tikintisi üçün 1200 kv.metr həyətyanı torpaq sahəsi ayrılması Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştaga qəsəbəsi Üzrə Nümayəndəliyi Aparatının 11 saylı, 20 noyabr 1997-ci il tarixli Qərarı ilə təsdiq edilir. Bu Qərar qüvvədədir. Həmçinin Qərarla iddiaçıya ayrılmış 1200 kv.metr həyətyanı torpaq sahəsi də naturada yerindədir. İddiaçı müxtəlif vaxtlarda həmin torpaq sahəsini hissələrə bölərək özəlləşdirilməsi, tikinti işləri aparılması, torpaq və tikililərlə bağlı dövlət reyestrindən çıxarış alınması və sair hərəkətlər edilməsi ilə əlaqədar dövlət notariat kontorunda təsdiq edilmiş etibarnamələr əsasında Azərbaycan Respublikası vətəndaşlarının istifadəsinə, sahibliyinə vermişdir. İddiaçı cavabdeh tərəfi tanımır və qanuni istifadəsinə ayrılmış 1200 kv.metr həyətyanı torpaq sahəsindən cavabdeh tərəfin istifadəsinə torpaq sahəsi verməmişdir. Torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini məhkəmə müəyyən etməyib, bu məsələ ilə bağlı ekspertiza təyin edilməsi barədə vəsatəti təmin edilməyib.

b) Hazırki icraatda apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

21. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

22. Məhkəmə iclasında digər mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 isə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

23. Məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq İddiaçı və cavabdehlər Cavabdeh2, Cavabdeh1 səbəbini göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə tərkibi MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Maddə 165.1. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.

25. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

Maddə 65, 1-ci hissə. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Maddə 67:

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri:

27. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

28. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

30. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

31. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

32. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

33. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdeh və 3-cü şəxs X3 etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

34. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan və araşdırılması tələb edilən qəti olmayan göstərişlər verilmişdir.

35. İşə baxan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə, yəni iddianın təmin edilməsi ilə bağlı qənaəti ilə razılaşmamış, qərarında apellyasiya instansiyası məhkəməsi üçün icrası məcburi olan göstərişlər vermişdir. Bu göstərişlərin məzmununda mübahisənin onların məzmununa uyğun həll edilməli olduğuna dəlalət edən arqumentlər çoxluq təşkil edir.

36. Bununla əlaqədar, kassasiya instansiyası məhkəməsinin göstərişləri və apellyasiya şikayətinin dəlillərini yoxlamaq məqsədi ilə yeni apellyasiya baxışında məhkəmə tərkibi hesab etdi ki, İddiaçı Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının xx.xx.1997-ci il tarixli 11 №-li Qərarı ilə ayrılmış Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi 2-ci kvartalda 17 B saylı, 1200 kv.metrdən ibarət torpaq sahəsinin 200 kv.metr hissəsinin cavabdehlər tərəfindən zəbt edilib-edilməməsinin, eləcə mübahisələndirilən sahənin Cavabdeh1 ayrılmış Maştağa qəsəbəsi XDS İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 59 №-li Qərarı ilə Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivində 1200 kv.metrdən ibarət 843 “D” saylı torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsi və digər halların müəyyən edilməsi üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməlidir.

37. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3060/2023 saylı, 08 may 2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edildi və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/3902 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd olundu ki, tədqiq olunan ünvanda baxış zamanı aparılan ölçü işləri nəticəsində naturada təqdim edilən torpaq sahəsinin faktiki sahəsinin 412 kv.metr təşkil etdiyi müəyyən olunur.Mülki iş materiallarında olan (səh.10- 32) Maştağa qəsəbəsi "Savalan" yaşayış massivi 2-ci kvartal 17 "B" saylı və "Savalan" yaşayış massivi 843 "D" saylı torpaq sahələrinin yerləşmə sxemlərində miqyas, torpaq sahələrinin texniki göstəriciləri (eni, uzunluğu), koordinatlar, istinad nöqtələri və istinad nöqtələrindən torpaq sahələrinə qədər olan məsafələr qeyd olunmadığından həmin torpaq sahələrinin üst-üstə düşüb düşməməsini həmçinin, iddiaçıya məxsus torpaq sahəsinin çatışmayan hissəsinin hansı şəxsə ayrılmış torpaq sahəsinin ərazi hüdudlarında yerləşməsinin müəyyən edilməsi mümkün olmamışdır.

38. Buna baxmayaraq, məhkəmə tərkibi yenə də hesab etdi ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-761/2023 saylı, 23 fevral 2023-cü il tarixli qərarında göstərilən məcburi göstərişlərlə əlaqədar İddiaçı Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının xx.xx.1997-ci il tarixli 11 №-li Qərarı ilə ayrılmış Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi 2-ci kvartalda 17 B saylı, 1200 kv.metrdən ibarət torpaq sahəsinin 200 kv.metr hissəsinin cavabdehlər tərəfindən zəbt edilibedilməməsinin, eləcə mübahisələndirilən sahənin Cavabdeh1 ayrılmış Maştağa qəsəbəsi XDS İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 59 №-li Qərarı ilə Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivində 1200 kv.metrdən ibarət 843 “D” saylı torpaq sahəsi ilə üstüstə düşüb-düşməməsi və digər halların müəyyən edilməsi üçün Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətindən (Maştağa qəsəbəsi üzrə Nümayəndəliyin rəsmi sənəd və məlumatlarından istifadə edilməklə) rəy (mühəndis, ekspert və.s) alınmalıdır. Bununla əlaqədar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 3060/2023 saylı, 30 oktyabr 2023-cü il tarixli qərardadı ilə və İcra Hakimiyyətinin qarşısında aşağıdakı suallar qoyuldu: -İddiaçı Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının xx.xx.1997-ci il tarixli 11 №-li Qərarı ilə ayrılmış Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi 2-ci kvartalda 17 B saylı, 1200 kv.metrdən ibarət torpaq sahəsi ayrılmışdırmı və ayrılmışdırsa faktiki sahəsi neçə kv. metr təşkil edir? -Cavabdeh1 ayrılmış Maştağa qəsəbəsi XDS İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 59 №-li Qərarı ilə Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivində 1200 kv.metrdən ibarət 843 “D” saylı torpaq sahəsi ayrılmışdırmı və ayrılmışdırsa faktiki sahəsi neçə kv. metr təşkil edir? -İddiaçı Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının xx.xx.1997-ci il tarixli 11 №-li qərarı ilə Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi 2-ci kvartalda 17 B saylı, 1200 kv.metrdən ibarət torpaq sahəsi və Cavabdeh1 Maştağa qəsəbəsi XDS İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 59 №-li qərarı ilə Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivində 1200 kv.metrdən ibarət 843 “D” saylı torpaq sahəsi ayrılmışdırsa, bu torpaq sahələri üst-üstə düşürmü, düşürsə yaxud düşməsə də mübahisələndirilən 200 kv.metr(ekspertiza rəyində 412 kv.m olduğu müəyyən olunub) hissə hansı şəxsə ayrılmış torpaq sahəsinin ərazi hüdudlarında yerləşir? -İddiaçı Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının xx.xx.1997-ci il tarixli 11 №-li qərarı ilə Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi 2-ci kvartalda 17 B saylı, 1200 kv.metrdən ibarət torpaq sahəsi ayrılmışdırsa, faktiki sahəsi azdırsa, çatışmayan hissə qonşu torpaq sahələri ilə sərhədlərin quruluşu və forması nəzərə alınmaqla, Cavabdeh2 qızının faktiki istifadəsində olan torpaq sahəsinin yaxud digər istiqamətlərdə olan qonşu torpaq sahələrinin hansı hissələri ilə üst-üstə düşür? -Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin diqqətinə çatdırılır ki, mübahisəli torpaq sahəsinə dair hüquqlar daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmadığından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən hər hansı bir mütəxəssis rəyinin verilməsi mümkün olmadığından, eləcə də Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin yuxarıda qeyd olunan rəyində ekspert qarşısında qoyulan suallara cavab verilməsi mümkün olmadığından İcra hakimiyyətinin mütəxəsissləri tərəfindən mübahisəli ünvana mütləq baxış keçirilməklə və işdə olan sənədlərin məzmunu və kassasiya instansiya məhkəməsinin göstərişləri nəzərə alınmaqla verilsin. -Mütəxəssisin (mühəndis, ekspert) diqqətinə çatdırılsın ki, müayinə zamanı iş üçün əhəmiyyət kəsb edən hallar ortaya çıxarsa, həmin hallara da münasibət bildirsin və tərtib etdiyi rəydə bunu göstərsin.

39. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 5-18/2-820/2024 saylı, 12 iyun 2024-cü il tarixli cavab məktubunda qeyd edildi ki, qərardadda göstərilən Maştağa qəsəbəsi XDS İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 59 nömrəli qərarı ilə həmçinin, Sabunçu RİH Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının xx.xx.1997-ci il tarixli, 11 nömrəli qərarı ilə ayrılmış torpaq sahələri barədə yerləşmə sxemi olmadığından, eyni zamanda torpaq sahələrinin koordinatları barədə məlumat olmadığından torpaq sahələrinin üst-üstə düşməsini və mübahisələndirilən 200 kv.metr hissənin hansı şəxsə ayrılmış torpaq sahəsinin ərazi hüdudlarında yerləşməsini müəyyən etmək imkan xaricindədir.

40. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3060/2023 saylı, 30 oktyabr 2023-cü il tarixli qərardadında qoyulmuş suallara cavab verilmədiyindən təkrarən Bakı Apellyasiya Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2(103)-183/2024 saylı məktubu ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3060/2023 saylı, 30 oktyabr 2023-cü il tarixli qərardadında qoyulmuş suallara qısa müddətə cavab verilməsi Sabunçu İcra Hakimiyyətindən tələb olundu və sorğuda Maştağa qəsəbəsi XDS İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 59 nömrəli qərarı ilə həmçinin, Sabunçu RİH Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının xx.xx.1997-ci il tarixli, 11 nömrəli qərarı ilə ayrılmış torpaq sahələri barədə yerləşmə sxemi olmadığından, eyni zamanda torpaq sahələrinin koordinatları barədə məlumat olmamasının qərardadda qoyulmuş suallara cavab verilməməsi üçün əsas olmadığı, çünki hər iki qərarı eyni nümayəndəlik verdiyi, mübahisələndirilən 200 kv. metrin hansı tarixli qərara aid olmasını nümayəndəliyin bilməmiş olmadığı bir daha diqqətə çatdırıldı.

41. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 5-18/2-1167/2024 saylı, 19 iyul 2024-cü il tarixli cavab məktubunda yenə də qeyd edildi ki, qərardadda göstərilən Maştağa qəsəbəsi XDS İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 59 nömrəli qərarı ilə həmçinin, Sabunçu RİH Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının xx.xx.1997-ci il tarixli, 11 nömrəli qərarı ilə ayrılmış torpaq sahələri barədə Maştağa qəsəbə nümayəndəliyində məlumat yoxdur. Həmçinin bildiririk ki, qeyd edilən qərarlara əsasən ayrılmış torpaq sahələrinə dair yerləşmə sxemi olmadığından, eyni zamanda torpaq sahələrinin koordinatları barədə məlumat olmadığından torpaq sahələrinin üst-üstə düşməsini və mübahisələndirilən 200 kv.metr hissənin hansı şəxsə ayrılmış torpaq sahəsinin ərazi hüdudlarında yerləşməsini müəyyən etmək imkan xaricindədir.

42. Göründüyü kimi, iş üzrə kassasiya instansiyası məhkəməsinin göstərişləri və apellyasiya şikayətinin dəlillərini yoxlamaq məqsədi ilə məhkəmə tərkibi tərəfindən görülən bütün tədbirlər nəticəsində mübahisə predmeti olan 200 kv. metr torpaq sahəsinin Maştağa qəsəbəsi XDS İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 59 nömrəli qərarı ilə yaxud Sabunçu RİH Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının xx.xx.1997-ci il tarixli, 11 nömrəli qərarı ilə ayrıldığı iddia olunan torpaq sahələrinə aid olması torpaq sahələrinə dair yerləşmə sxemi olmadığından, eyni zamanda torpaq sahələrinin koordinatları barədə məlumat olmadığından torpaq sahələrinin üst-üstə düşməsini və mübahisələndirilən 200 kv.metr hissənin hansı şəxsə ayrılmış torpaq sahəsinin ərazi hüdudlarında yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Baxmayaraq ki, kassasiya instansiya məhkəməsinin qərarında istinad etdiyi sənədlər (kassasiya instansiyası məhkəməsinin qərarının 32-ci bəndi:işdə həm İddiaçı ayrılan torpaq sahəsinin (2-ci kvartal, 17 “B” sahə), həm də Cavabdeh1 ayrılan torpaq sahəsinin (“843 D”) yerləşmə sxemi vardır (i.v.9,10, 31, 40) də qərardadla bərabər Sabunçu Rayon İcra Hakimiyyətinə göndərilmişdi. Ancaq Sabuncu İcra Hakimiyyəti sonuncu məktubunda bu cür qərarlarla torpaq sahələri ayrılması barədə Maştağa qəsəbə nümayəndəliyində ümumiyyətlə məlumat olmadığını da göstərmişdir. Demək ki, bu halın özü də iddianın rədd edilməsi üçün müstəqil əsas sayılır.

43. Hazırkı apellyasiya baxışında iddiaçının ümumiyyətlə bu işdə hüquqi marağının olmadığı da özünü büruzə verdi. Əks halda apellyasiya baxışında iştirak etməli, narahat olmalı və iddia ilə bağlı arqumentlərini irəli sürməli idi. Ancaq bu cür davranış həyatda həmişə baş verən hallara uyğun gəlmir. Burada daha çox əvvəl əsl olmayan iddiaçı, sonradan isə üçüncü şəxs kimi işə cəlb edilmiş X11 iddianın təmin edilməsində maraqlı olmuşdur. X14 da bilməlidir ki, iddianın faktiki və hüquqi əsası olmalıdır. Lakin hazırkı apellyasiya baxışında mübahisə predmeti olan torpaq sahəsinin ümumiyytlə iddiaçıya qanunla müəyyən edilmiş qaydada ayrılması özü müəyyən edilmədi. Bu cür vəziyyətdə, iddia necə təmin edilə bilərdi ki, o, da bundan “razı” qalsın. Əlbətdə ki, bu ritorik sual kimi səslənsə də iddiaçı və üçüncü şəxs Aslan Əsgərov hazırkı iddianı irəli sürərkən onun nə dərəcədə əsaslı və keçərli olduğunu özləri üçün müəyyənləşdirməli idi.

44. Məhkəmə tərkibi xüsusilə vurğulayır ki, hazırkı iddianın rədd edilməsi o demək deyil ki, cavabdeh tərəf həmin torpaq sahəsinə qanuni əsaslarla sahiblik və ondan istifadə edir. Belə ki, cavabdeh tərəfin də mübahisə predmeti olan torpaq sahəsinə dair hər hansı bir hüquq müəyyən edici sənədləri aşkar edilmədi. Lakin o da işin mübahisəsiz halıdır ki, cavabdeh tərəf uzun illərdir həmin torpaq sahəsinə faktiki sahiblik edir, hətta orada yarımçıq tikili inşa etmişdir. Bu cür vəziyyətdə, iddianın təmin edilməsi üçün ən azından iddiaçının və Aslan Əsgərovun mübahisəli torpaq sahəsinə dair qanunla müəyyən edilmiş qaydada əldə edilmiş hər hansı bir hüquq müəyyənedici sənədi olmalı idi, ancaq yoxdur, deməli iddianın irəli sürülməsindədə haqlı olmamışlar.

45. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunmaması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda hüquqdan pis niyyətlə sui-istifadə etmənin qadağan olunması institutunun yaranmasına da zərurət və əsas olmazdı.

46. Şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1305/2022 saylı 17 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1305/2022 saylı 17 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 50 (əlli ) manat İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar