Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6751/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: özbaşına tikililərin sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması və torpaq sahəsindən istifadəyə dair maneələrin aradan qaldırılması tələbi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1305/2022 saylı 17 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının 11 №-li, xx.xx.1997-ci il tarixli Çıxarışına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetini xx.xx.1991-ci il tarixli 123 saylı və xx.xx.1991-ci il tarixli 293 saylı qərarları ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondunun ayrıldığı nəzərə alınaraq İddiaçı 1200 kv metrdən ibarət olan 2-ci kvartalda 17 B saylı sahə ayrılmış (İddiaçı barədə məlumatlar əlyazma ilə əlavə edilmişdir), həmin sahənin yerləşmə sxemi təqdim edilmişdir. Yerləşmə sxemində bir dördbucaq cizgilənmişdir.
2. İddiaçı xx.xx.2011-ci il tarixdə ona ayrılmış 1050 kv metr torpaq sahəsinin 200 kv metr hissəsindən istifadə etməyə, üzərində tikili işləri aparmağa, həmin tikilinin və torpağın özəlləşdirməyə və sair səlahiyyətlərə dair X6 etibarnamə verimşdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı X9 cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi-2-ci kvartalda 17 saylı sahədə iddiaçının istifadəsinə və sərəncamına verilmiş 200 kv metr torpaq sahəsindən cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin sökülməsi, zəbt edilmiş torpaq sahəsinin cavabdehin çıxarılmaqla boşaldılması və torpaq sahəsindən istifadə etməyi ilə bağlı cavabdeh tərəfindən olan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırımışdır ki, özünə ev tikmək üçün İddiaçı tərəfindən verilmiş etibarnamə əsasında 2011-ci ildə Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi-2-ci kvartalda 17 saylı sahədə ona ayrılmış 1050 kv metr torpaq sahəsinin 200 kv metr hissəsini etibarnamə əsasında almışdır. Maddi imkansızlıqdan evi tikə bilməmiş və torpağa baş çəkə bilməmişdir. X1 tərəfindən 2 sot torpağı zəbt edilmiş və yarımçıq tikili inşa edilmişir.
5. Məhkəmə iddiaçının razılığı əsasında əsl olmayan iddiaçı X8 əsl İddiaçı ilə, əsl olmayan cavabdeh X4 əsl olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə əvəz etmişdir.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1305/2022 saylı 17 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddianın rədd edilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1, 164.2, 165.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.1, 67 və 68-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi əsassızdır. Belə ki, Maştaga qəsəbəsi ərazisində “Savalan” yaşayış massivi-2-ci kvartalda 17 saylı Sahədə yerləşən mübahisəli torpaq sahəsinin iddiaçının qanini istifadəsinə, fərdi yaşayış evi tikintisi üçün 1200 kv.metr həyətyanı torpaq sahəsi ayrılması Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştaga qəsəbəsi Üzrə Nümayəndəliyi Aparatının 11 saylı, 20 noyabr 1997-ci il tarixli Qərarı ilə təsdiq edilir. Bu Qərar qüvvədədir. O cümlədən də Qərarla iddiaçıya ayrılmış 1200 kv.metr həyətyanı torpaq sahəsi də naturada yerindədir. Müxtəlif vaxtlarda həmin torpaq sahəsini hissələrə bölərək özəlləşdirilməsi, tikinti işləri aparılması, torpaq və tikililərlə baglı dövlət reyestrindən çıxarış alınması və sair hərəkətlər edilməsi ilə əlaqədar dövlət notariat kontorunda təsdiq edilmiş etibarnamələr əsasında Azərbaycan Respublikası vətəndaşlarının istifadəsinə, sahibliyinə vermişdir. İddiaçı cavabdeh tərəfi tanımır və qanuni istifadəsinə ayrılmış 1200 kv.metr həyətyanı torpaq sahəsindən cavabdeh tərəfin istifadəsinə torpaq sahəsi verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
12. Maddə 164.1 sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
13. Maddə 164.2 sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.
14. Maddə 165.1 pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin
15. Maddə 65.1 torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
16. Maddə 67.1 torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır, 3-cə bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir, 4-cü bəndinə əsasən Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
17. Maddə 68 torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, hazırki halda qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1305/2022 saylı 17 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Kollegiya ilkin olaraq qeyd edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
27. Belə ki, «Nümayəndə şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
28. İş materiallarından göründüyü kimi, iddiaçı mübahisəli torpağa olan hüququnu təsdiq edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.1-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, torpağın koordinatları mövcud olmadıqda onun dəqiq yerləşməsini də müəyyən etmək mümkün deyil. Ona görə də məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsinə hüququnu təsdiq edə bilmədiyindən belə bir iddia qaldırmağa onun subyektiv hüququ olmamışdır.
30. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hazırki halda iddiaçının subyektiv hüququ olmadığından cavabdehlərin mübahisəli torpaq sahəsinə olan hüququnu araşdırmağa zəruri yoxdur.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1305/2022 saylı 17 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.