Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1830/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3924/2021 saylı, 18 noyabr 2021ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış 15.03.2017-ci il tarixli borcun etirafı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir . İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, 15 mart 2017-ci il tarixində Cavabdeh ilə arasında bağlanmış müqaviləyə əsasən o, cavabdehə 59.500 ABŞ dolları məbləğində pul ödəyəcəyini öhdəsinə götürmüşdür. Qızıl-zinət əşyalarının satışı ilə əlaqədar onun cavabdehə borclu olması müqavilənin bağlanılmasına səbəb olmuşdur. O, cavabdehdən nağd pul almamışdır. Borcun etirafı nisyə alqı-satqı müqaviləsini pərdələmək üçün bağlanmışdır. Müqavilədə qiymətlərin ABŞ dolları ilə ifadə olunması qanunsuzdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3924/2021 saylı, 18 noyabr 2021ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti və apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, 15 mart 2017-ci il tarixində Cavabdeh ilə aralarında bağlanmış borcun etirafı müqaviləsinin bağlanmasına səbəb-qızıl zinət əşyalarının satışı ilə əlaqədar olmuş, onun cavabdehə borcu ilə əlaqədar sonradan bağlanmışdır. Əslində cavabdehdən nağd şəkildə pul almamış, bağlanmış borcun etirafı müqaviləsi mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsini pərdələmək məqsədi ilə bağlanmışdır. Aydındır ki, heç kəs ayda 200 dollar qaytarmaq şərti ilə borc verməzdi. Müqavilənin məzmunundan aydın görünür ki, bu müvavilə başqa əqdi pərdələmək məqsədi ilə bağlanmışdır, yəni yalan əqddir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmışdır. Bundan əlavə məhkəməyə bu halı təsdiq edəcək şahidlərin dəvət edilib dindirilmələrini xahiş etsəm də, məhkəmə şahidlərin dinrilməsi barədə vəsatətini təmin etməmişdir. Birinci instansiya məhkəməsinin qətnamədə göstərmiş olduğu nəticələr işin hallarına uyğun gəlmir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində hədələndiyi üçün məcbur qalıb cavabdehlə borc müqaviləsi bağlamışdır. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3924/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən Cavabdeh iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə etdiklərini bildirərək, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış etdilər, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3924/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası İddiaçı və nümayəndəsi və vəkili Vəkil çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, 15 mart 2017-ci il tarixli borcun etirafı müqaviləsinin surətindən görünür ki, İddiaçı 7 il bundan əvvəl-2010-cu ilin sentyabr ayında Cavabdeh 65.000 ABŞ dolları məbləğində borc pul aldığını etiraf etmiş, borc pulun 6.100 ABŞ dolları məbləğini Cavabdeh ödədiyini, ödənilməmiş 59.500 ABŞ dollarını bu müqavilə imzalanan tarixdən sonrakı təqvim ayının eyni günündə olmaqla hər ay 200 ABŞ dolları məbləğində Cavabdeh onun təqdim edəcəyi bank hesabına ödəyəcəyini öhdəsinə götürmüşdür.(İ.vər. 10) İş hallarından görünür ki, tərəflər arasında bağlanmış 15 mart 2017-ci il tarixli borcun etirafı müqaviləsinə görə, cavadeh iddiaçıya 2010-cu ilin sentyabr ayında 65.000 ABŞ dolları məbləğində borc vermiş, həmin borcdan 6.100 ABŞ dolları məbləği iddiaçı tərəfindən Cavabdeh qaytarılmış, qalan 59.500 ABŞ dolları isə bu günədək cavabdehə ödənilməmişdir. Birinci nistansiya məhkəməsi təqdim edilmiş sübutların tədqiqi ilə müəyyən etmişdir ki, İddiaçı borcun etirafı müqaviləsində göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqaviləni bağlamış və qeyd olunan müqavilə əsasında öz üzərinə borcunun ödənilməsi üzrə öhdəlik götürmüşdür. Mübahisələndirilən müqavilə 15 mart 2017-ci il tarixdə bağlanmış, lakin həmin tarixdən təqribən 4 ildən artıq müddət keçdikdən sonra iddiaçı hazırki tələblə məhkəmədə iddia qaldırmaqla iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyası birinci nistansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətində göstərdiyi dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən: 324.1. Əəqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən iddia rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən müqavilə 15 mart 2017-ci il tarixdə bağlanmış, lakin həmin tarixdən təqribən 4 ildən artıq müddət keçdikdən sonra iddiaçı hazırkı tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin nəticəsi yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarının tələblərini nəzərə alaıb, İddiaçı apelyasiya şikayətinin cavabdehlə aralarında bağlanmış borcun etitafı müqaviləsinin yalan əqd olması, müqavilənin bağlanmasına səbəb qızıl-zinət əşyalarının satışı olması, onun cavabdehə borcu ilə əlaqədar sonradan bağlanması, əslində cavabdehdən nağd şəkildə pul almaması, bağlanmış borcun etirafı müqaviləsinin mahiyyət etibarı ilə nisyə alqı-satqı müqaviləsini pərdələmək məqsədi ilə bağlanması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı borcun etitafı müqaviləsinin bağlandığı zaman qanunvericiliyin tələblərinə əməl edilməməsini təsdiq edən sübutları nə birinci instansiya məhkəməsinə, nədə ki, apelyasiya instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3924/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti isə təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3924/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-1830/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1830/2022
16.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver