Məhkəmə qərarları › İş №2(103)-1833/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1833/2025

07.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1833/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “əsassız hesablanmış borcun silinməsi” tələbi) X1 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-576/2024 nömrəli 15 mart 2024cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Abonentin saldosuna əsasən, abonent İddiaçı istifadəsində olan qaz xətti **********00000 saylı abonent kodu ilə (abonent İddiaçı) qeydiyyata alınmışdır.

2. Abonentə xx.xx.2022-ci il tarixdə Zenner tipli mexaniki qaz sayğacı quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə isə Zenner tipli smart sayğac quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdən 2022-ci il noyabr ayınadək abonentə qaz sərfinə görə sayğac üzrə 1049.72 manat borc hesablanmışdır.

3. “Azəriqaz“ İB-nin nümayəndələri tərəfindən xx.xx.2022-cü il tarixdə ******* saylı təbii X5nın pozulması haqqında AKT tərtib edilmişdir. Həmin AKTda qeyd edilmişdir ki, baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi, kənar xəttin ümumi dövriyyəyə qoşulduğu aşkar edilmişdir. Həmin AKT-da abonent tərəfindən imzalanmaqdan imtina edildiyi qeyd edilmişdir.

4. “Həmin AKT-a əsaslanaraq BRQSD-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri tərəfindən xx.xx.2022-cü il tarixdə “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə tərtib edilmişdir. Həmin tələbnaməyə əsasən qaz işlədicilərindən PQ2-in maksimal saatlıq qaz sərfi 0.6 kub.m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 kub.m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 kub.m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, Kombinin maksimal saatlıq qaz sərfi 2.6 kub.m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, dəmir sobanın maksimal saatlı qaz sərfi 1.4 kub.m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyanın həcmi 55.728 kub.m hesablanmışdır.

5. Bundan sonra itirilmiş qazın həcminin dəyəri olaraq 6687.36 manat borc kimi 2022- ci ilin noyabr ayında abonentə akt üzrə borc hesablanmışdır. Tədqiq edilən abonentin saldosu məlumatlarından görünür ki, abonentə 2022-ci ilin oktyabr ayında 4605 kub. m qaz sərfinə görə 552.6 manat və həmin ay üçün yeni tarifə keçid olaraq 486.98 manat borc hesablanmış və əvvəlki ayın 10.14 manat borcu toplanmaqla 2022-ci ilin noyabr ayınadək 1049.72 manat borc hesablanmışdır. Nəticədə noyabr ayının 3.75 manatlıq qaz sərfi və akta əsasən hesablanmış borc və 20 manat ödəniş nəzərə alınmaqla abonentin 7720.83 manat borcu vardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB tərəfindən ona əsassız olaraq əlavə sərfiyyat kimi hesablanmış 7.720 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov (d/yolu) 5 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. İddiaçı həmin evdə yaşamır. Evdə iddiaçının yaxın qohumları yaşayır. xx.xx.2022-ci il tarixdə Binəqədi Rayon Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən iddiaçının iştirakı olmadan ******* nömrəli “Təbii X5nın pozulması haqqında” akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, iddiaçıya aid ünvanda təbii qazdan qeyri-qanuni, yəni sayğacdan kənar çəkilmiş xətt vasitəsi ilə istifadə olunur. Qeyd edilən borc da məhz həmin akta əsasən hesablanmışdır. İddiaçı hesab edir ki, akt və akt əsasında hesablanmış borc əsassızdır. Çünki ona məxsus evdə sayğacdan kənar xətt mövcud olmamış, təbii qazdan qeyri-qanuni qaydada istifadə edilməmişdir.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-576/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” akta əsasən iddiaçıya (abonent kodu:**********00000) hesablanmış 6.687,36 manat məbləğində borcun silinməsini, iddianın qalan hissədə təmin edilməməsi qət etmişdir. (hakim İ.Əliyev)

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 7720,83 manat borcun silinməsini tələb etsə də, tələbini yalnız tərtib edilən aktın əsassızlığı hissəsində əsaslandırmış, borcun digər hissəsi barədə hər hansı əsaslandırma aparmamış və bununla bağlı hər hansı sübut təqdim etməmişdir. İşin hallarından müəyyən edilib ki, abonentə Zenner tipli mexaniki qaz sayğacı və smart sayğaclar quraşdırılmışdır.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, abonentə xx.xx.2022-ci il tarixdə Zenner tipli mexaniki qaz sayğacı quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə isə Zenner tipli smart sayğac quraşdırılmışdır. Yəni iddiaçının da bildirdiyi kimi xx.xx.2022-ci il tarixdə quraşdırılan mexaniki sayğacdan iddiaçı və digər şəxs istifadə etmiş, daha sonra iddiaçının istifadəsi üçün smart sayğac quraşdırılmışdır. Göründüyü kimi, xx.xx.2022-ci il tarixdən 2022-ci il noyabr ayınadək abonentə qaz sərfinə görə 1049.72 manat borc hesablanmışdır. Odur ki, abonentin 2022-ci ilin noyabr ayının əvvəlinə hesablanmamış borcu olmamışdır. Bu səbəbdən də abonentə noyabr ayının 4 günü üçün 6687.36 manat borc əsassız hesablanmışdır.

11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini “X5nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarına, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 8- 1, 9, 13.8, 13.9cu, Mülki Məcəllənin 385.1, 386.1, 1096.1, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 112.1.6, 112.1.7, 119.1, 119.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh Birlik apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam həcmdə rədd edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Birliyin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş ******* №-il, xx.xx.2022-ci il tarixli “Təbii X5nın pozulması haqqında” aktla rəsmiləşdirilmişdir. Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş akt qanunvericiliyin tələblərinə uyğundur. Aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qaz xəttinə qanunsuz olaraq qoşulma mövcuddur. Daha sonra həmin akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Lakin qeyd edilənləri nəzərə almamış Rayon Məhkəməsi iş üzrə səhv nəticəyə gələrək iddianın təmin edilməsi hissəsində qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3457/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), F.Talışinski və A.İmanov)

c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edərək iddianın rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3611/2024 tarixli, xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2024-cü il tarixli 2(103)- 3457/2024 nömrəli qətnaməsinin ləğv edilərək, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

18. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi iddianın təmin edilməmiş hissəsində qətnaməni qanuni hesab edərkən iddiaçının qaz xəttinə qanunsuz qoşulma barədə etirafını nəzərə almış, lakin fakt etiraf olunsa da, cavabdehin hesablanmış borcun məbləği ilə bağlı hər hansı əsaslandırma təqdim etməməsinə istinad edərək 6687,36 manat borcun silinməsini qanuni və əsaslı hesab etmişdir. Halbuki dəymiş zərərin hesablanması barədə xx.xx.2022-ci il tarixli aktda ünvanda mövcud olan qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi, orta günlük iş rejimi nəzərə alınmaqla 180 gün üçün itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 55.728 m3 sərfiyyat hesablanmışdır. Məhkəmə iclasında verdiyi izahatında isə iddiaçı evdə 1 ədəd kolonkadan, 1 ədəd qaz sobasından və 1 ədəd kombidən istifadə edildiyini göstərmişdir. Belə olan halda, cavabdehin təqdim etdiyi hesablama ilə razılaşmayan məhkəmə iddiaçının etiraf etdiyi qaz qurğuları üzrə “X5”na əsasən müvafiq sərfiyyatın hesablanmasının mümkünlüyünü, iddiaçının abonent saldosuna əsasən aktdan əvvəlki dövrün sərfiyyatı, qazdan istifadəyə görə aparılmış ödənişlərin məbləği nəzərə alınmaqla itirilmiş qaza görə vurulmuş ziyan məbləğinin müəyyən edilməsi istiqamətində hər hansı araşdırma aparmamış, cavabdehin apellyasiya şikayətinin dəlilərini tam araşdırmamış, mülki prossesual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “X5n”da (həmin dövrdə qüvvədə olan redaksiyada) konkret olaraq bu hərəkətlər nəticəsində vurulmuş ziyanın hansı qaydada və hansı müddətə hesablanması dəqiq müəyyən edilməməsi ziyan məbləğinin Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinə əsasən zərər vurandan tələb edilməsi barədə iddianı rədd etmək üçün əsas ola bilməz. İş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

Proses iştirakçılarının izahatı

19. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etdi. İzahatına əlavə olaraq qeyd etdi ki, abonentə PQ2, PQ3 və PQ əsasında borc hesablanmışdır. Müəyyən edilmişdir ki, evdə 1 ədəd qaz soba, 1 ədəd kombi və 1 ədəd dəmir soba vardır. İddiaçıya məxsus evdə QSQ (qeyri-standard su qızdırıcısı) da vardır.

20. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İzahatında bildirmişdir ki, evdə sadəcə kombi var. Ev kombi vasitəsi il isidilir. Hamamda da kolonka var. Həmin ev ona məxsus olsa da, qazdan evdə kirayədə qalanlar istifadə etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

22. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir.

Maddə 13.8. ... qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X5 ilə tənzimlənir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X5”nın: 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.4.1-cü bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 6.5-6.7-ci bəndələrinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər;

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin ləğv edilən hissə ilə bağlı mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

27. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə mövqeyində hüququ düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlməmişdir. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.

28. Məhkəmə kollegiyası işin halları məhz qərarda göstərilən göstərişlərə uyğun şəkildə araşdırılmaqla iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəymiş ziyanın məbləği hissəsində dəyişdirilməlidir.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, ünvan 2 ünvanında yerləşən evə Azəriqaz tərəfindən **********00000 abonent kodu verilməklə təbii qazın alqı-satqısı barədə İddiaçı ilə müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən abonentin cihazları (4 gözlü qaz piltələri(pQ-4)(1/1), Samovar(1Ə1), qızıdırıcı radiator peçi(2/2)) qeydə alınmışdır. “Azəriqaz“ İB-nin nümayəndələri tərəfindən xx.xx.2022-cü il tarixdə ******* saylı təbii X5nın pozulması haqqında AKT tərtib edilmişdir. Həmin AKTda qeyd edilmişdir ki, baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi, kənar xəttin ümumi dövriyyəyə qoşulduğu aşkar edilmişdir. Həmin AKT-ın abonent tərəfindən imzalandığı müəyyən edilmir və abonentin imtina etdiyi qeyd edilmişdir. “Həmin AKT-a əsaslanaraq BRQSD-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri tərəfindən xx.xx.2022-cü il tarixdə “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə tərtib edilmişdir. Həmin tələbnaməyə əsasən qaz işlədicilərindən PQ2-in maksimal saatlıq qaz sərfi 0.6 kub.m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 kub.m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 kub.m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, Kombinin maksimal saatlıq qaz sərfi 2.6 kub.m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, dəmir sobanın maksimal saatlı qaz sərfi 1.4 kub.m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyanın həcmi 55728 kub.m hesablanmışdır.

30. İşin halları ilə müəyyən edilir ki, abonentə xx.xx.2022-ci il tarixdə Zenner tipli mexaniki qaz sayğacı quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə isə Zenner tipli smart sayğac quraşdırılmışdır. Yəni iddiaçının da bildirdiyi kimi xx.xx.2022-ci il tarixdə quraşdırılan mexaniki sayğacdan iddiaçı və digər şəxs istifadə etmiş, daha sonra iddiaçının istifadəsi üçün smart sayğac quraşdırılmışdır. Göründüyü kimi xx.xx.2022-ci il tarixdən 2022-ci il noyabr ayınadək abonentə qaz sərfinə görə 1049.72 manat borc hesablanmışdır.

31. Halbuki dəymiş zərərin hesablanması barədə xx.xx.2022-ci il tarixli aktda ünvanda mövcud olan qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi, orta günlük iş rejimi nəzərə alınmaqla 180 gün üçün itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 55.728 m3 sərfiyyat hesablanmışdır. Məhkəmə iclasında verdiyi izahatında isə iddiaçı evdə 1 ədəd kolonkadan, 1 ədəd qaz sobasından və 1 ədəd kombidən istifadə edildiyini göstərmişdir.

32. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin təqdim etdiyi hesablama ilə razılaşmayan birinci instansiya məhkəməsi iddiaçının etiraf etdiyi qaz qurğuları üzrə “X5”na əsasən müvafiq sərfiyyatın hesablanmasının mümkünlüyünü, iddiaçının abonent saldosuna əsasən aktdan əvvəlki dövrün sərfiyyatı, qazdan istifadəyə görə aparılmış ödənişlərin məbləği nəzərə alınmaqla itirilmiş qaza görə vurulmuş ziyan məbləğinin müəyyən edilməsi hissəsində hər hansı araşdırma aparmamış, cavabdehin apellyasiya şikayətinin dəlilərini tam araşdırmamış, mülki prossesual qanunvericiliyin tələblərini pozmuşdur.

33. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “X5n”da (həmin dövrdə qüvvədə olan redaksiyada) konkret olaraq bu hərəkətlər nəticəsində vurulmuş ziyanın hansı qaydada və hansı müddətə hesablanması dəqiq müəyyən edilməməsi ziyan məbləğinin Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinə əsasən zərər vurandan tələb edilməsi barədə iddianı rədd etmək üçün əsas ola bilməz.

34. Lakin bununla belə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən aklara münasibətdə qətnamədə qeyd edilən məbləğin tutulması düzgün hesab edilməsə də, iddiaçı tərəfindən həmin aktlar üzrə tələb edilən məbləğlərin orada qeyd edilən məbləğdə tutulması qanuni əsaslı hesab edilə bilməz.

35. Belə ki, cavabdeh tərəfindən tərtib edilən aktlarda qazla işləyən üç sayda, dəmir soba (hamam), QP-4, Kombidən isitfadə ilə bağlı hesablama aparılmalıdır. Bununla bağlı qeyd edilməlidir ki, 2022-ci il aktında göstərilən müddətin 3 ayı yay aylarına təsadüf edir ki, həmin aylarda da evin qızdırılması üçün istifadə edilən kombinin yandırılması mümkün olmamaqla həqiqəti əks etdirmir. Halbuki, cavabdeh qurum tərəfindən əsassız olaraq kombi üçün yay aylarında da hesablamalar aparılmışdır.

36. Bunu nəzərə alaraq kollegiya hesab edir ki, həmin aktlar üzrə zərərin hesablanması aparılarkən kombi ilə bağlı hissədə (qış ayları) götürülməklə hesablanmalıdır və dəymiş zərərin məbləği də bu həddə nəzərə alınmalıdır. (2.6 m3/saat x 24 saat iş rejimi x 90 gün=5616 m3, 5616 m3 x 0.12=673,92 manat).

37. Bundan əlavə aktlarda göstərilən digər qaz işlədiciləri kimi göstərilən QP-4, QSSQ-yə münasibətdə isə gündəlik iş rejimi kimi 24 saat hesablanma aparılmışdır ki, kollegiya bunu da mümkün hesab etməməklə həqiqəti əks dirməməsi qənaətinə gəlir. Belə ki, 4 gözlü qazın təyinatı nəzərə alındığından 24 saat istifadə edilməsi ağlabatan deyil. Bu baxımdan kollegiya qeyd edir ki, 4 gözlü qaz peçinin gün ərzində maximum işləməsi saatının 6 saatdan artıq olması ağlabatan deyil. Bu baxımdan həmin işədiciyə görə hesablama aparılarkən 1,2 x 6 x180=1296 m3 (1296 m3 x 0.12=155,52 manat)

38. Eyni zamanda su qızdırıcısı funksiyasını yerinə yetirən (dəmir soba) qaz işlədicisinin də gündəlik 24 saat işlədilməsi ağlabatan görünmür. Belə olan halda həmin işlədici üzrə 6 ay ərzində aylıq işləmə saatları və maximal saatlıq qaz sərfi ağlabatan saat götürülməklə hesablanmalı və dəymiş zərərin məbləği də bu həddə nəzərə alınmalıdır. Qeyd edilməlidir ki, bu iki işlədiciyə münasibətdə fəsil nəzərə alınmadan 6 ay müddətində hesablanma aparılmalıdır (QSSQ dəmir soba 1,4 m3/saat x 24 saat x 180=1512 m3 x 0.12=181,44 manat)

39. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən tərtib edilmiş aktlar üzrə işin faktiki hallarına düzgün qiymət verməməmiş və 2022-ci il üzrə də tərtib edilmiş akta dair hesablanmış borcun silinməsini müəyyən edərkən düzgün olmayan nəticəyə gəlmişdir.

40. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Cavabdeh İB-nin tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-576/2024 nömrəli 15 mart 2024-cü il tarixli qətnaməsi vurulan ziyanın məbləği hissəsində dəyişdirilməli, Cavabdeh tərəfindən İddiaçı abonent koduna (**********00000 saylı abonent hesabına) hesablanmış 5676,48 manat (673,92+181,44+155,52=1010,88; 6687,36-1010,88=5676,48 manat) məbləğində borc silinməlidir.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh İB-nin apellyasiya şikayəti qismən təmin edisin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-576/2024 nömrəli 15 mart 2024cü il tarixli qətnaməsi vurulan zərərin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh tərəfindən İddiaçı abonent koduna (**********00000 saylı abonent hesabına) hesablanmış 5676,48 manat (beş min altı yüz yetmiş altı manat qırx səkkiz qəpik) manat məbləğində borc silinsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar