Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1843/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı Göyçayski X1 iştirakı ilə, İddiaçı Göyçayski X1 cavabdeh "xxxx" ASC-yə qarşı ödənilməmiş əmək haqqının və istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli 2(005)-3281/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Göyçayski X4 cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxarılarkən ona verilməmiş 2020-ci ilin oktyabr, noyabr ayları və dekabrın 07-dək olan dövr üçün əmək haqqının, habelə 2019 və 2020-ci illər üzrə istifadə etmədiyi məzuniyyətə görə pul əvəzinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 03 yanvar 2019-cu il tarixindən 07 dekabr 2020-ci il tarixinədək "xxxx" Sənaye-İnvestisiya Korporasiyası ASC-də təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsində işləmiş, 07 dekabr 2020-ci il tarixində öz xahişi ilə işdən azad edilmişdir. İşlədiyi müddətdə ona 2020-ci ilin oktyabr, noyabr ayları və dekabrın 07-dək olan dövr üçün əmək haqqı, habelə işdən azad olunarkən 2019 və 2020-ci illərdə istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi verilməmişdir. Əmək haqqı və məzuniyyət pulunun verilməsi üçün cavabdeh təşkilata dəfələrlə müraciət etsə də, nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli 2(005)- 3281/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin məhkəmə iclasında iştirakını təmin etmədən, habelə məhkəmə xətşünaslıq və sənədlərin məhkəmətexniki ekspertizasını keçirtmədən, yalnız iddiaçının təqdim etdiyi, mənşəyi və doğruluğu ciddi şübhə doğuran sənədlərə istinad etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli 2(005)-3281/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, Göyçayski X4 03 yanvar 2019-cu il tarixində "xxxx" ASC-də təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsində işə qəbul edilmiş və 07 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad olunaraq əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" ASC-də Göyçayski X1 adına açılmış bank hesabından 01 yanvar 2019-cu il tarixdən 21 iyun 2021-ci il tarixədək olan dövr üçün çıxarışdan görünür ki, ona 2020-ci ilin oktyabr, noyabr ayları və dekabrın 07-dək olan dövr üçün əmək haqqı, habelə 2019 və 2020-ci illərdə istifadə etmədiyi məzuniyyətə görə pulu əvəzi verilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsinin Göyçayski X2 ünvanladığı 04 may 2021-ci il tarixli məktubdan görünür ki, təqdim olunmuş əmək haqqına dair bank hesabından çıxarışa baxış zamanı əmək haqqının və son haqq-hesabın ödənilməsində qanunvericiliyin tələblərinin pozulduğu aşkar edilmişdir. Bu səbəbdən cəmiyyətin rəhbəri B.Həmidov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178.1-ci maddəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək Məcəlləsinin 135.2-ci maddəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 143.2-ci maddəsinə əsasən işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Həmin Məcəllənin 144.2-ci maddəsinə görə əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. İş materiallarından görünür ki, Göyçayski X2 "xxxx" ASC tərəfindən 2020-ci ilin oktyabr, noyabr ayları və dekabrın 07-dək olan dövr üçün əmək haqqı, habelə 2019 və 2020-ci illərdə məzuniyyətə çıxmadığı halda işdən azad olarkən istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi ödənilməmişdir. Bu hal iş materiallarında olan "xxxx" ASC-də Göyçayski X2 01 yanvar 2019-cu il tarixdən 21 iyun 2021-ci il tarixədək əmək haqqının ödənilməsinə dair hesabdan çıxarışda da öz əksini tapmışdır. Cavabdeh təşkilat iddiaçıya həmin dövrdə əmək haqqı və istifadə olunmamış məzuniyyətə görə pul əvəzi ödəməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə qeyd olunan dəlillər əsassız olmaqla formal xarakter daşıyır. Cavabdeh təşkilatın məhkəmə iclasında iştirakının təmin olunması üçün birinci instansiya məhkəməsi tərəfindən onun ünvanına məhkəmə bildirişləri göndərilmiş, bildirişlər ünvana çatmış, məhkəmə iclaslarının birində cavabdehin nümayəndəsi iştirak etmişdir. Məhkəmə iclas protokollarından görünür ki, məhkəmə xətşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizası keçirilməsi barədə cavabdeh təşkilat məhkəmədə heç bir vəsatət qaldırmamış, məhkəmə tərəfindən təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi isə cavabdeh tərəfindən zəruri sənədlərin təqdim olunmaması üzündən baş tutmamışdır. Məhz buna görə işə baxan məhkəmə tərəfindən cavabdeh təşkilat 220 manat məbləğində cərimə edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən,apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli 2(005)- 3281/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1843/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1843/2022
15.03.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver