Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1843/2025 13.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ ilə bağlı pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X7, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ ilə bağlı pul” tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-936/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinin surətindən görünür ki, X3 məxsus Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsi ev 37/43, mənzil 99 "xxxx" ASC-də daşınmaz əmlakın icbari sığorta növündə sığortalanmışdır.
2. 11 oktyabr 2023-cü il tarixli 4 saylı MKİS-in əməkdaşları tərəfindən tərtib olunmuş aktda qeyd olunur ki, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsi ev 37/43, mənzil 99-a baxış keçirildi. Məlum oldu ki, mənzil 101-in (Cavabdeh) mətbəxində su borusu deşilmiş və su axıntısı baş vermişdir. Subasma nəticəsində 99 saylı mənzilin mətbəxinin və qonaq otağının tavanı yararsız hala düşmüşdür.
3. 25.12.2023-cü il tarixli ödəniş tapşırığı və İƏ 012/23 saylı ödəniş aktının surətlərindən görünür ki, "xxxx" ASC tərəfindən X2 nümayəndəsi X8 hesabına 1263,06 manat dəymiş zərərin əvəzi kimi pul vəsaiti köçürülmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" ASC - Cavabdeh qarşı «subroqasiya» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1263,06 manat sığorta ödənişi məbləği və ödənilmiş 33,03 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, şirkətlərində “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanmış X2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 37/43, m. 99 saylı mənzilə xx.xx.2023-cü il tarixində subasma hadisəsi nəticəsində maddi zərər dəymişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı şəhəri Səbail rayonu 4 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən, subasma hadisəsinin baş verməsinə səbəb kimi Cavabdeh mülkiyyətində ünvan 1 ünvanında mənzilin mətbəxində su borusu deşilmiş və su axıntısı baş vermişdir. Beləliklə, yuxarıda göstərilmiş X2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 37/43, m. 99 saylı mənzilə su axması nəticəsində ona məxsus mənzilin dəhlizinin, bir yataq otağı və mətbəxinin tavanı və divarlarına 1515 (bir min beş yüz on beş) manat məbləğində zərər dəymiş və İƏ 012/23 saylı sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 1263,06 (bir min iki yüz altmış üç manat, altı qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Onu da bildirmişdir ki, sığorta ödənişinin subroqasiya qaydasında geri alınması ilə bağlı "xxxx" ASC-nin əməkdaşları tərəfindən Cavabdeh ilə əlaqə yaradılması mümkün olmamışdır.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-936/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, 1263,06 manat pul vəsaiti və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 33,03 manat pul vəsaiti Cavabdeh alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Məhkəmə tərəfindən araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, X3 məxsus Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsi ev 37/43, mənzil 99 "xxxx" ASC-də daşınmaz əmlakın icbari sığorta növündə sığortalanmışdır. Cavabdehə məxsus eyni ünvanda yerləşən 101 saylı mənzildə su borusunun deşilməsi nəticəsində 99 saylı mənzilə su axıntısı baş vermiş, 99 saylı mənzilə zərrə dəymiş və qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC zərərçəkənə 1263,06 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verib hesab etmişdir ki, cavabdehin təqsiri nəticəsində iddiaçı şirkət "xxxx" ASC-də sığortalı olan əmlaka zərər vurulmuşdur. İddiaçı şirkət sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək hadisə nəticəsində mənzilə dəyən ziyanın əvəzi olan 1263,06 manat məbləğində pul vəsaitini ödədiyindən iddiaçı sığorta təşkilatı haqlı olaraq ödənilmiş əvəz miqdarının, yəni 1263,06 manat pul vəsaitinin geriyə tələb (reqres) hüququ ilə məhkəməyə müraciət etmişdir
8. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 883, 916.1, 922.1, 936.1, 936.2, 936.6, 1114.1-ci maddələri, «Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları»-nın 12-ci bəndi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119, 216-220 və 222-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2(009)-936/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qəttnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qətnaməsində göstərilir ki, məhkəmə tərəfindən qeyd olunan mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh Azərpoçt vasitəsi ilə məktub göndərilmiş, lakin cavabdeh iddiaya qarşı etirazını məhkəməyə göndərməmişdir. Bu fikirlər həqiqətə uyğun deyildir. Məhkəmə tərəfindən ona məktub göndərilməmiş, məhkəmə qətnaməsindən onun xəbəri olmamışdır. Belə ki, qeyd edilən mənzil onun mülkiyyətində deyildir və o, həmin iş üzrə cavabdeh ola bilməz. Bu hal məhkəmə tərəfindən araşdırılmamışdır. Onun mülkiyyətində olmayan evdə baş verən hadisə nəticəsində başqa evə dəyən ziyanı ödəməyin onun üzərinə qoyulması barədə Səbail rayon Məhkəməsi tərəfindən bir sıra prosessual normaların pozulması ilə qəbul edilən qətnamə düzgün olmayan qətnamədir. Buna görə də ləğv edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, izahatında əlavə olaraq bildirir ki, cavabdehə məhkəmə tərəfindən bildiriş göndərilməmiş, məhkəmə qətnaməsindən onun xəbəri olmamışdır. Başqa ünvana və başqa şəxsə göndərilib. Cavabdehin mətbəxindən başqasının otağına su axmamışdır. Binada su sızma ümumi olub. Həmçinin, Bakı şəhəri, Səbail rayonu, Ü. Hacıbəyov küçəsi, ev 37/43, mənzil 101 cavabdehin mülkiyyətində deyil. Mənzil, təqdim etdiyi çıxarışa əsasən X5 məxsusdur. Cavabdeh məhkəmə barədə məlumatlı olsa idi vəsatətlərini, ərizələrini təqdim edə bilərdi. Hadisə vaxtı da evdə yaşayan olmayıb. Bununla bağlı şahid də iştirak edə bilər. İş üzrə Cavabdeh olmalı deyildi. Düzgün tərəfə qarşı iddia qaldırılmayıb.
13. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, izahatında əlavə olaraq bildirir ki, Bakı şəhəri, Səbail rayonu, Ü. Hacıbəyov küçəsi, ev 37/43, mənzil 101-də cavabdeh yaşayıb. O yaşadığı üçün də su sızma hadisələrində məsuliyyət daşıyır. Su sızma hadisə olub bununla bağlı da akt tərtib edilib. Cavabdehin mətbəxindən su sızma olub. ASC tərəfindən məbləğ 250 manat azaldılıb, 1263,06 manat qalıb.Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.
Tətbiq edilən hüquq normaları:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Maddə 51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Maddə 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
20. Belə ki, işin halları ilə müəyyən edilir ki, X2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 37/43, m. 99 saylı mənzil “Meqa Sığorta» ASC-də daşınmaz əmlakın icbari sığorta növündə sığortalanmışdır.
21. 11 oktyabr 2023-cü il tarixli akta əsasən xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi ev 37/43 ünvanında 101 nömrəli mənzilin mətbəxində su borusu deşilmiş və su axıntısı baş verməsi ilə əlaqədar subasma nəticəsində X2 mənzili zərər görmüş, bu səbəbdən “Meqa Sığorta» ASC tərəfindən ona sığorta ödənişi edilmişdir.
22. “Meqa Sığorta» ASC hazırda subroqasiya qaydasında ödənişin Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi ev 37/43 ünvanında 101 nömrəli mənzilin mülkiyyətçisi hesab edilən Cavabdeh tutulması ilə bağlı iddia ərizəsi ilə müraciət etmişdir.
23. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmiş, qətnamə cavabdeh tərəfindən mübahisələndirilmişdir.
24. Cavabdehin apellyasiya şikayətinin dəlili odur ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməli olması qənaətinə gələrkən Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi ev 37/43 ünvanında 101 nömrəli mənzilin onun mülkiyyətində, digər bir şəxsin mülkiyyətində olmasını araşdırmamışdır, o, iddia tələbinə cavab verməli olan şəxs deyildir.
25. Belə ki, iş materiallarının araşdırılması zamanı müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi ev 37/43 ünvanında 101 nömrəli mənzilin Cavabdeh mülkiyyətində olması ilə bağlı hüquq müəyyənedici sənədlər “Meqa Sığorta» ASC tərəfindən iş materiallarına əlavə edilməmiş, birinci instansiya məhkəməsi tərəfindən bu hala hüquqi qiymət verilməmişdir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsiüçün tərəfin sübut etmədiyi hallarıməhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
27. İş materiallarının apellyasiya instansiya məhkəməsində baxılması zamanı təqdim edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında olan mənzil 2017-ci ildən X4 mülkiyyətindədir.
28. Göründüyü kimi, hazırkı halda iddiaya cavab verməli olan şəxs Cavabdeh deyildir.
29. Mülki Məcəllənin 140-cı maddəsində qeyd edilir ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
30. İşə birinci instansiya məhkəməsində baxılması zamanı birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən halların araşdırılması, əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı iddiaçının münasibətinin öyrənilməsi halları müəyyən edilmir.
31. Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
32. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)- 936/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə 1263,06 manat sığorta ödənişi məbləği və ödənilmiş 33,03 manat dövlət rüsumunun tutulması barədə iddia tələbi təmin edilməməlidir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan aşağı olduğu üçün qətnamədən kassasiya şikayəti verilə bilməz.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-936/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə 1263,06 manat sığorta ödənişi məbləği və ödənilmiş 33,03 manat dövlət rüsumunun tutulması barədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum tərəfin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov