Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1844/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş (Açar sözlər: «borcun silinməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Fuad Fikrət oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4863/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 dekabr 2021-ci il tarixli, ******* nömrəli, 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli, 28 fevral 2022-ci il tarixli, ******* nömrəli və 31 mart 2022-ci il tarixli, ******* nömrəli aktlarda “abonentin sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkarlandı” göstərilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus ünvan 1 fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı (abonent kodu: **********00011) ilə bağlı Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş aktlara görə ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədilə hesablanmış 3268.80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiada göstərilir ki, ünvan 1 fərdi yaşayış evi ona məxsusdur. O, əsasən ilin isti vaxtlarında bu ünvanda öz ailəsi ilə birlikdə yaşayır. Vaxtı-vaxtında həmin ünvana aid qaz sayğacından qanuna uyğun formada istifadə etmişdir. Bu ünvanda quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilmişdir. Cavabdeh İstehslat Birliyinin əməkdaşları onun məlumatı olmadan guya 30 dekar 2021-ci il tarixində, 31 yanvar 2022-ci il tarixində, 28 fevral 2022-ci il tarixində və 31 mart 2022-ci il tarixində sözügedən ünvana gəlmiş, guya həmin ünvana baxış keçirmiş, guya həmin ünvanda təbii qazdan qeyri-qanuni istifadə etdiyini aşkar etmişlər. Buna görə də eyni vaxtlarda akt tərtib edərək ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə 3268.80 manat əsassız borc yazmışlar. Ona məxsus yuxarıda qeyd etdiyi ünvanda təbii qazdan qeyri-qanuni istifadə etmə halı olmadan Birliyin əməkdaşları ondan məlumatsız aktlar tərtib etmiş, bu aktlar əsasında ona əsassız borc yazmışlar. Sözügedən aktlar onun iştirakı olmadan tərtib olunmuş və yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Aktlara əlavə olunmuş fotoşəkil isə həmin ünvana məxsus deyildir, yəni həmin aktlara əlavə olunan fotoşəkillər ona məxsus fərdi yaşayış evində çəkilməmişdir. Başqa sözlə, sözügedən ünvanda təbii qazdan qeyri-qanuni istifadə halı mövcud olmamışdır. Birliyin əməkdaşları tərəfindən aktlarda qeyd olunan cihazlardan yeganə PQ-4 tipli qaz plitəsi, aktlarda qeyd olunmayan su qızdırıcı cihaz (pitiminutka) mövcuddur. Buna baxmayaraq, Komissiya mövcud olmayan cihazlara görə sərfiyyat hesablamış və ona əsassız borc yükləmişdir. Bu onu deməyə əsas verir ki, Birliyin əməkdaşları ona məxsus ünvana baxış keçirmədən akt tərtib etmiş, aktlarda isə öz fərziyyələrinə uyğun işin həqiqi hallarından kənar məlumatlar daxil etmişdir. Bununla da Birliyin məqsədi işin həqiqi hallarını aşkara çıxarmaq deyil, vətəndaşlara əsassız borc verməkdən ibarət olmuşdur. Aktda göstərilən istilik sistemləri mövcud olmadığı halda buna görə sərfiyyatın hesablanması, bu sərfiyyata görə ondan hər hansı bir məbləğin tələb olunması heç bir halda ədalətli və qanuni ola bilməz.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4863/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qətnaməsi (hakim İlahə Abbasova) ilə iddia tələbi təmin edilmişdir.
5. Birinci instansiya məhkəməsinin qənaətində göstərilir ki, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda Cavabdeh İB-si tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 dekabr 2021-ci il tarixli, ******* nömrəli, 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli, 28 fevral 2022-ci il tarixli, ******* nömrəli və 31 mart 2022-ci il tarixli, ******* nömrəli aktların surətlərində “abonentin sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkarlandı” qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış 3268.80 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/1326 saylı, 24 oktyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd təmin olunması, eləcə də apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun İddiaçı tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayətində göstərilir ki, İddiaçı Cavabdehnə məxsus ümumi qazpaylayıcı küçə qaz xəttinə kustar üsulla qanunsuz qoşulmaqla yaşadığı ünvan 1 ünvanına özbaşına qaz xətti çəkmiş, təbii qazdan qanunsuz (sayğacdankənar) istifadə etməklə Cavabdeh İB-yə maddi zərər vurmuşdur. İddiaçı tərəfin təqsirli və qanunazidd hərəkətləri 05 ədəd ayrı-ayrı aktla rəsmiləşdirilmişdir. Cavabdeh İB-yə maddi zərər vurmuş iddiaçı tərəf təqsirli hərəkətlərinə görə mülki hüquqi məsuliyyət daşıyır, bu səbəbdən də qazpaylayıcı Cavabdeh İB-yə vurmuş olduğu maddi zərərin əvəzini ödəməyə borcludur. Xətai Rayon Məhkəməsi iddiaçı tərəfin təqsirli və qanunazidd davranışı nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərər üzrə hesablanmış borc məbləğini silməklə iddiaçı tərəfi mülki hüquqi məsuliyyətdən və zərərin əvəzini tam şəkildə ödəmək vəzifəsindən qanunsuz olaraq azad etmişdir. Cavabdeh İB əməkdaşları tərəfindən görülmüş qanunamüvafiq tədbirlər abonentin yenidən qaz xəttinə qanunsuz qoşulması kimi təkrar halları istisna etmir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
11. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.
12. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 3. Öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Maddə 18.1. Dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddə 18.2. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
13. Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»:
Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
21. Cavabdeh qaz iddiaçının ona zərər vurduğunu göstərsə də, zərər vurulmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İş üzrə keçirilmiş ekspertiza rəyi ilə də zərərin vurulduğu təsdiq olunmur.
22. Tərtib olunmuş aktlar da zərərin olmasını təsdiq etmir. Zərərin məbləği akt tərtib edildikdən sonra müvafiq tələbnamə əsasında müəyyən edilsə də tələbnamənin mövcudluğu da qazpaylayıcının şikayətinin əsaslı olması demək deyil.
23. Ona görə də işdə olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənədlər şikayəti əsaslı edən, iddianı isə əsassız edən sübutlar kimi qiymətləndirilə bilməz.
24. Əvvəla, bu aktlar məhz istifadəçinin sayğaca müdaxilə etməsini yaxud sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsini bilavasitə təsdiq etmir. Çünki bu aktlar yalnız Cavabdeh tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir.
25. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə nəinki istifadəçinin ümumiyyətlə hansısa şəxsin hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür.
26. Cavabdeh qeyd olunan dövrdə abonentin sayğac vasitəsilə hansısa həcmdə qaz istehlak etdiyinə dair də məhkəməyə sübut təqdim etməmişdir. Buna görə də iddiaçının qeyd olunan məbləğdə qaz istehlak etməsi də inandırıcı və ağlabatan görünmür.
27. Dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şuranın xx.xx.2011-ci il tarixli, 11 №-li qərarı ilə təsdiqlənmiş “istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması, hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən müəyyən edilməsi isə mötəbər sayıla bilməz.
28. Çünki, həmin sənədin normativ hüquqi akt kimi qeydə alınmasına dair də sübut təqdim edilməmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4863/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4863/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.