Məhkəmə qərarları › İş №2(103)-1845/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1845/2023

22.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1845/2023 22.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(011)-42/2023 nömrəli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh İB-si tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı 2022-ci il üçün 6199,20 manat borcu vardır.

2. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 15 avqust 2017-ci il tarixli, ******* nömrəli aktdan məlum olur ki, İddiaçı istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və AKT № MSK 23/1710- 00518-1 nömrəli rəyə əsasən sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilməsi müəyyən edilmişdir.

3. Dəymiş ziyanın bərpasına dair 29 avqust 2017-ci il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 60 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 10 saat və hesabat müddəti 60 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Hesabata əsasən 2700 kub.m. sərfiyyat hesablanmışdır.

4. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 noyabr 2021-ci il tarixli, ******* nömrəli aktdan məlum olur ki, İddiaçı istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi müəyyən edilmişdir.

5. Dəymiş ziyanın bərpasına dair 30 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki,qaz istifadəçiləndən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, İran sobanın maksimal saatlıq qaz sərfi 1.5 m3/ saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Hesabata əsasən 16200 kub m. sərfiyyat hesablanmışdır.

6. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 dekabr 2021-ci il tarixli, ******* nömrəli aktdan məlum olur ki, İddiaçı istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi müəyyən edilmişdir.

7. Dəymiş ziyanın bərpasına dair 30 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, qaz işcilərindən PQ4-ün maksimal saatlıqqaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saatlıq orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün,QSSQ-nin maksimal saatlıq qaz sərfi 2m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Hesabata əsasən 5400 kub m. əlavə sərfiyyat hesablanmışdır.

8. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli aktdan məlum olur ki, İddiaçı istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi müəyyən edilmişdir.

9. Dəymiş ziyanın bərpasına dair 31 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, qaz işcilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 2m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, İran sobasının maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün L şəkilli istilik sisteminin maksimal saatlıq sərfi 6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə hesabat aparılmışdır. Aparılmış hesabata əsasən 9720 kub.m. sərfiyyat hesablanmışdır.

10. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 fevral 2022-ci il tarixli, ******* nömrəli aktdan məlum olur ki, İddiaçı istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi müəyyən edilmişdir.

11. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 mart 2022-ci il tarixli, ******* nömrəli aktdan məlum olur ki, İddiaçı istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi müəyyən edilmişdir.

12. Dəymiş ziyanın bərpasına dair 31 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 2,25 m3/sat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, İran sobanın maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul ediməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Aparılmış hesabata əsasən 16740 kub.m. sərfiyyat hesablanmışdır.

13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 noyabr 2022-ci il tarixli, 3/1439 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir.

14. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyul 2023-cü il tarixli, 3/780 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə əsassız olaraq Cavabdeh İB tərəfindən cərimə kimi yazılmış 4860 manat, daha sonra isə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək 6199,2 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İddia onunla əsaslandırılmışdır ki, hazırda ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Cavabdeh İB-nin əməkdaşları 2017-ci ildə onların yaşadıqları ünvana gələrək köhnə qaz sayğacını söküb yerinə yeni qaz sayğacını aktlaşdıraraq quraşdırmışlar. Yeni qaz sayğacı quraşdırıldıqda köhnə qaz sayğacında heç bir borc olmamışdır. Bir müddət qazdan istifadə etdikdən sonra smart karta pul yükləyən zaman yüklənilən məbləğdən tutulmalar olduğunun şahidi olmuşlar. O, cərimənin hansı əsasla yazıldığını araşdırmaq üçün Cavabdeh İB-nə müraciət etdikdə bildirilmişdir ki, ona məxsus evin qaz xəttinin üzərində quraşdırılmış G-4 markalı qaz sayğacı 2017-ci il tarixli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt əsasında dəyişdirilərək yeni qaz sayğacı ilə əvəzlənmiş və yoxlamaya göndərilmişdir. Metrologiya Departamentinin aktında qeyd edilmişdir ki, İTRİ “Sənaye Məişət və qaz sayğaclarının yoxlanması laboratoriyası”nın rəyinə əsasən qaz sayğacına müdaxilə olunmuş və nəticədə qaz itkisi yaranmışdır. Cavabdeh İB-nin əməkdaşları ona bildirmişlər ki, o, qaz sayğacına müdaxilə etmiş və “sayğacın yivli birləşməsi korroziyaya uğrayıb” və bu səbəbdən də cərimə ödəməlidir. Bu səbəbdən də, ondan 4860 manat məbləğdə cərimə pulu ödəməyini tələb etmişlər. Onun yaşadığı evdə əvvəl qaz mexaniki sayğac ilə işləmiş, bu səbəbdən o, qaz sayğacına borcunun olmasını mümkünsüz hesab edir. O, aylıq qaz sərfiyyatına görə ödənişlərini vaxtı vaxtında etmiş, qaz sayğacına heç bir müdaxilə etməmiş və Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğac sökülənədək sayğacın plombları da heç bir müdaxiləyə məruz qalmadan üzərində olmuş və onun evində təbbi qazdan istifadəyə görə indiyə qədər yaranmış borcla hər hansı bir mübahisə yaranmamışdır. Sayğacın yivli birləşməsinin korroziyaya uğramasında onun heç bir günahı olmamışdır və ona əsassız olaraq yazılmış 6199,2 manat məbləğində borcun silinməsi üçün şifahi olaraq Cavabdeh İB-yə müraciət etmiş, lakin müraciətləri nəticəsiz qalmışdır. O, hazırda həmin cərimə borcundan mütəmadi olaraq ödənişlər etmişdir.

17. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(011)- 3129/2022 nömrəli qərardadına əsasən məhkəmə trassoloji ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıda göstərilən suallar qoyulmuşdur: - İddiaçı X1 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacın üzərində hər hansı müdaxilə izi yaxud əvvəllər edilmiş müdaxilə izi mövcuddurmu? - Əgər müdaxilə izi olmuşdursa izlərin yaradılma üsulu, səbəbi və xarakteri müəyyən edilsin.

18. Məhkəmə trasoloji ekspertizasının 21 noyabr 2022-ci il tarixli, 3/1439 saylı rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilən qaz sayğacının üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir.

19. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(011)- 3129/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

20. Qətnamənin əsaslarına görə, sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda Cavabdeh İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 mart 2022-ci il tarixli, ******* nömrəli, 28 fevral 2022-ci il tarixli, ******* nömrəli, 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli və 31 dekabr 2021-ci il tarixli, ******* nömrəli aktların surətlərində “abonentin sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkarlandı” qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış 6199,20 manat məbləğdə borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 noyabr 2022-ci il tarixli, 3/1439 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir.

21. Məhkəmə gəldiyi nəticəni “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3, 18, 26-cı maddələrinə, ”Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1 ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

22. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək, ləğv edilərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı Cavabdeh İB-yə məxsus ümumi qazpaylayıcı küçə qaz xəttinə noyabr 2021-ci il tarixdən mart 2022-ci il tarixə kimi kustar üsulla 05 dəfə qanunsuz qoşulmaqla yaşadığı fərdi yaşayış evinə özbaşına qaz xətti çəkmiş, təbii qazdan 5 ay müddətində qanunsuz istifadə etməklə Cavabdeh İB-yə 6199,20 manat məbləğdə maddi zərər vurmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsi iddiaçı tərəfin təqsirli və qanunazidd hərəkətləri nəticəsində cavabdeh təşkilata vurulmuş maddi zərər üzrə hesablanmış borc məbləğini qanunsuz olaraq silmiş, iş üzrə əhəmiyyətli halları düzgün müəyyən etməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Cavabdeh İB-yə maddi zərər vurmuş iddiaçı tərəf təqsirli hərəkətlərinə görə mülki hüquqi məsuliyyət daşıyır, bu səbəbdən də iddiaçı tərəf qazpaylayıcı Cavabdeh İB-yə vurmuş olduğu maddi zərərin əvəzini ödəməyə borcludur. İddiaçı tərəfin qanunsuz çəkdiyi qaz xətti hər dəfəsində Cavabdeh İB tərəfindən dərhal qazpaylayıcı şəbəkədən ayrılmış, təbii qazın verilişi isə dayandırılmışdır.İddiaçı tərəfin təbii qaz xəttinə küstar üsulla özbaşına qoşulması faktı Cavabdeh İB əməkdaşları tərəfindən çəkilmiş fotoşəkillərlə lentə alınmışdır. İddiaçı tərəf mülki işə əlavə əlavə olunmuş həmin fotoşəkillərin ona məxsus olmasını təkzib və inkar etməmiş, fotoşəkillərdə göstərilən fərdi yaşayış evinin ona məxsus olmasını qəbul etmişdir. Məhkəmə mülki işə əlavə olunmuş, üzərində fotoşəkillərin çəkilmə saatı, tarixi və koordinatları göstərilən fotoşəkillərin tədqiqatını aparmamış, onları sübut qismində qiymətləndirməmiş və “fotoşəkillərdə göstərilən şəraitdə” abonentin qazpaylayıcı küçə qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə edib-etməməsinin mümkünlük tədqiqatını müzakirə etməmişdir. İddiaçıya məxsus ünvana sonuncu dəfə smart qaz sayğacı 10 may 2017-ci il tarixdə quraşdırılmışdır. Məhkəmə abonentin adına qeydiyyata alınmış abonent saldosunu tədqiq etməmiş, saldonu digər sübutlarla birgə qiymətləndirməmiş və iddiaçı tərəfin barəsində aktların tərtib edildiyi tarixlərdə onun istifadəsində olan smart qaz sayğacı üzrə istifadə edib-etməməsi araşdırılmamış və həmin smart qaz sayğacı üzrə ödəniş edib-etməməsi müəyyən edilməmişdir. İddiaçının istifadəsində olan smart qaz sayğacı üzrə nə qədər ödəniş edib-etməməsi halının araşdırılması və onlara hüquqi qiymət verilməsi iddianın obyektiv və qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən təyin olunan məhkəmə-trasoloji ekspertizası haqqında qərardadda, ekspert tərəfindən cavablandırılması üçün ekspert qarşısında işin hallarına uyğun olmayan suallar qoyulmamışdır. İş üzrə borcun yaranma əsasını iddiaçı tərəfin ona məxsus ünvanda noyabr 2021-ci il tarixdən mart 2022-ci il tarixə kimi qaz sayğacından kənar şəkildə qanunsuz olaraq rezin şlanq vasitəsilə təbii qazdan özbaşına istifadə etməsi təşkil etmişdir. Başqa bir sözlə, borcun yaranma əsasını iddiaçı tərəfin qaz sayğacına müdaxilə etməsi təşkil etməmişdir. İddiaçı tərəfindən mübahisələndirilən borcun yaranma əsasını qazpaylayıcı xəttə rezin şlanq vasitəsilə qanunsuz qoşulma təşkil etdiyi halda, ekspert tərəfindən cavablandırılması üçün məhkəmə tərəfindən ekspert qarşısında səhv, lazımsız və gərəksiz sualların qoyulması işin hallarına uyğun olmamış, məhkəmə hakimi işin məğzinin nədən ibarət olduğunu bilməmişdir. Bu səbəbdən də, 3/1439 nömrəli 21 noyabr 2022-ci il tarixli ekspert rəyini sübut qismində qəbul etmirlər və məhkəmədən sübut qismində qiymətləndirilməməsini xahiş edirlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. İddiaçının nümayəndəsi apellyasiya şikayəti ilə razı olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmsını xahiş etdi.

26. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür

28. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; Maddə 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; Maddə 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.

31. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü bəndinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv elilməli, iddia qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tərəfindən göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir.

34. İş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçı 15 avqust 2017-ci il, 30 noyabr 2021-ci il, 30 dekabr 2021-ci il, 31 yanvar 2022-ci il, 28 fevral 2022-ci il və 31 mart 2022-ci il tarixlərdə 6 akt tərtib edilmiş, bu aktlar cəmi 6199,20 manat məbləğdə borc hesablanmışdır.

35. 15 avqust 2017-ci il tarixli akt barədə məhkəmə kollegiyası qeyd edir ki, aktdan görünür ki, iddiaçıya məxsus qaz sayğacının plastmas borusunun kənar təsir nəticəsinə deşildiyi müəyyən olunmuşdur. Bu akt yalnız iddiaçının əməkdaşları tərəfindən imzalanmışdır. Belə olan halda birtərəfli qaydada tərtib edilmiş bu akt təklikdə iddiaçının vurulmuş zərərə görə mülki məsuliyyətinin yaranmasını şərtləndirən halların mövcudluğunu təsdiq edə bilməz. Həmçinin o da nəzərə alınmalıdır ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıyır. Bu səbəbdən də iddia tələbi 15 avqust 2017-ci il tarixli akt üzrə yaranmış borca aid hissədə təmin edilməlidir.

36. 30 noyabr 2021-ci il tarixli akt ilə bağlı isə qeyd olunmalıdır ki, akt üzrə 1 PQ4, 2 dəmir soba, 1 QSSQ, 1 ədəd İran sobasının orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Lakin, məhkəmə kollegiyası hesab edir ki, hesablama 90 gün yox, 30 gün olmaqla aparılmalıdır. Belə ki, istehlekaçı hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə sübutetmə yükü üzərinə düşən tərəf kimi hazırkı iş üzrə cavabdeh hesablama müddətinin nəyə 90 gün götürüldüyünü əsaslandıra bilməmişdir. Belə olan halda kollegiyanın rəhbər tutduğu 30 günlük müddət üzrə hesablama aparmaqla müəyyən olunur ki, 30 noyabr 2021-ci il tarixli akt üzrə borc məbləği 648 manat təşkil edir.

37. Məhkəmə kollegiyası 31 mart 2022-ci il tarixli akt üzrə də hesablama müddətinin 90 gün götürülməsi ilə yuxarıda göstərilən analoji səbəblərə görə razılaşmır. Bundan əlavə, göstərilən akt bir aylıq intervalla tərtib edilməsinə baxmayaraq, nəyə görə 90 günlük hesablama müddəti üzrə hesablama aparılması kollegiya üçün qaranlıq qalır.

38. 28 fevral 2022-ci il tarixli akt üzrə əvvəlki aktın tərtib edildiyi tarixdən 28 gün keçməsinə baxmayaraq, 30 günlük hesablama müddəti üzrə hesablama aparılması doğru olmamışdır.

39. Göstərilən əsaslar üzrə məhkəmə kollegiyası hesab edir ki, 28 fevral 2022-ci il tarixli akt üzrə isə hesablama müddəti 28 gün, 31 mart 2022-ci il tarixli akt üzrə isə hesablama müddəti 30 gün götürülməklə hesablama aparılmalıdır.

40. Belə bir hesablama ilə müəyyən olunur ki, iddiaçının müvafiq aktlar üzrə cəmi borcunun məbləği 1966,5 manat təşkil etməklə, əsassız olaraq hesablanmış 4234,2 manat borc məbləği silinməlidir.

41. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgün olmamışdır, cavabdehin apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, cavabdehin şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia yuxarıda qeyd olunan qaydada qismən təmin edilməlidir.

42. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə əsasən iş üzrə alınmış ekspert rəylərinin verilməsinə sərf olunan vəsait iddianın təmin olunan hissəinə uyğun olaraq tərəflərdən tutulmalıdır.

43. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(011)- 3129/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(011)-3129/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə hesablanmış 4234,2 manat borc məbləği silinsin. Məhkəmə trasoloji ekspertilarının keçirilməsinə sərf olunan 130 manat məbləğində pul vəsaitinin 88 manat məbləğində hissəsi Cavabdehndən, 42 manat məbləğində hissəsi İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar