Məhkəmə qərarları › İş №2(103)-1846/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1846/2023

10.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1846/2023 10.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh İB-nin nümayəndəsi Rəşad Əliyevin iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh İB-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya məxsus olan, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən evdə (abonent kodu: **********06000) təbii qazdan istifadə ilə bağlı hesablanmış 2.419,20 manat borc silinsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, həmin borcu silmək vəzifəsi cavabdehin üzərinə qoyulsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi Rəşad Əliyev apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki-Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa iş üzrə icraata xitam verilir. İddiaçı ilə Cavabdeh İB-nin arasında eyni predmet barəsində və eyni əsaslar üzrə Xətai RM-nin xx.xx.2022-ci il tarixli, 2(011)- 920/2022 nömrəli qətnaməsi var (iş v.33). Bu qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-6157/2022 nömrəli qətnaməsi (iş v. 37) ilə dəyişdirilmədən saxlanılıb və qanuni qüvvəyə minib. Həmin işdə İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi barədə” iddia vermiş, eyni ünvan və eyni abonent kodu üzrə təbii qazdan istifadə ilə bağlı 4.870,90 manat borcun silinməsini tələb etmişdir. Qətnamə ilə qət olunmuşdur ki, iddia qismən təmin edilsin, 3.661,90 manat borc silinsin, iddianın qalan hissəsi (1.209 manat borca aid hissəsi) təmin edilməsin. Hazırkı iddiada silinməsi tələb olunan 2.419,20 manat borc əvvəlki iddiada silinməsi tələb olunmuş 4.870,90 manatın tərkibinə daxildir. Belə ki, hazırkı iddiadakı 2.419,20 manat 2 məbləğin - 1.209,6 manat və 1209,6 manatın cəmindən ibarətdir. Abonentin saldosundan (iş v. 10) görünür ki, 1-ci məbləğ (1209,6 manat) 2018-ci ilin mart ayına, 2-ci məbləğ (1209,6 manat) 2018-ci ilin sentyabr ayına aid olan borcdur. 1-ci məbləğ xx.xx.2018-ci il tarixli ******* nömrəli akta əsasən hesablanıb, 2-ci məbləğ isə xx.xx.2018-ci il tarixli ******* nömrəli akta əsasən hesablanıb. Hər 2 akta əvvəlki iddia üzrə qətnamədə istinad olunub (iş v. 34). Bundan başqa, abonentin saldosundan görünür ki, hazırkı iddiada silinməsi tələb olunan hər 2 məbləğ - 1.209,6 manat və 1209,6 manat 2018-ci il üzrə üzrə ümumi qalıq borcun (2.721,60 manatın) tərkibinə daxildir. 2.721,60 manat isə əvvəlki iddiada silinməsi tələb olunan borcun (4.870,90 manatın) təkibinə daxil olub. Belə ki, abonentin saldosuna görə 4.870,90 manat 3 məbləğin cəmindən ibarətdir: 2.721,60 manat (2018-ci il üzrə ümumi qalıq borc) + 1.135,80 manat (2019-cu il üzrə ümumi qalıq borc) + 1.013,50 manat (2020-ci il üzrə ümumi qalıq borc) = 4.870,90 manat. 4.870 manat borcla bağlı iddia əvvəlki işdə həll olunub. Həmin borcun təkibinı daxil olan borcun (1.209,6 manat + 1209,6 manat = 2.419,20 manat) silinməsi üçün yenidən iddia verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 384.0.5-ci maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı CavabdehİB-nə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 22 (iyirmi iki) manat 10 (on) qəpik İddiaçı Cavabdeh İB-nin xeyrinə tutulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar