Məhkəmə qərarları › İş №2(103)-1848/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1848/2025

09.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1848/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız yazılmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2(001)-5344/2024 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı abonent hesabına cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixli, NİM№004539 nömrəli akt əsasında 0.08 tariflə 44,72 manat (559 kvt x 0.08 qəpik), 0.09 tariflə 27 manat (300 kvt x 0.09 qəpik) və 0.13 tariflə 957,58 manat (7366 kvt x 0.13 qəpik) borc olmaqla, ümumilikdə 1029,30 manat cərimə hesablanmışdır. 2.İddiaçı akt əsasında hesablanmış cərimənin qanunsuz olduğunu bildirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız yazılmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən qanunsuz olaraq hesablanmış 1000 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. "xxxx" ASC ilə müqavilə bağlandığı vaxtdan fasiləsiz olaraq elektrik enerjisindən istifadə etmiş və buna görə ödənişlər etmişdir. "xxxx" ASC ilə aralarında heç bir mübahisə olmamışdır. xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları ona yaxınlaşıb bildiriblər ki, işıq sayğacında şübhəli məqamlar var. Belə ki, xx.xx.2024-cü il tarixdə 004539 nömrəli akta əsasən elektrik sayğacına baxış keçirilən zaman məlum olub ki, sayğacın qoşulma ardıcıllığı səhvdir. Sayğacın sıfır yuvasına sıfır xətti birləşdirilmiş və sayğac sxemdən kənarlaşdırılmışdır. Bu səbəbdən 1000 manat cərimə tərtib olunmuşdur. Hesab edir ki, ona qarşı tərtib edilmiş akt qanunsuz və əsassızdır. Belə ki, ışıq sayğacı quraşdırılan zaman şəxsən "xxxx" ASC-nin əməkdaşlarına bu barədə məlumat vermiş və yaxın bir müddət ərzində plombların yenidən bərpa edilməsi ona şifahi bildirilmişdir. Daha sonra isə akt tərtib edərək bu barədə heç bir malumat olmadan tamamilə başqa bir şey haqda akt tərtib edilmiş və ona qarşı ağlabatan olmayan, məntiqsiz şəkildə cərimə tərtib edilmişdir. Cəriməni ona şifahi şəkildə bildirsələr də hazırda abonent saldosunda bu barədə konkret olaraq yazılıb göstərilməmişdir. Bundan başqa akt tərtib edilən vaxt cərimə ödənilənə kimi evə gələn işıq xəttini kökündən kəsərək onları işıqsız qoymuşlar. Qeyd olunan akt tərtib edilərkən ailə üzvlərindən heç biri evdə olmamışdır. Ümumiyyətlə işıq sayğacı həyətdən kənar yerləşir və sayğac dəyişdirilən zaman onlar həmin yerdə olmamışlar. O, "xxxx" ASC-nin əməkdaşlarına bu barədə öz irad və şikayətlərini bildirdikdə onlar məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. Qeyd edilənlərə əsasən iddiaçı əsassız yazılmış borcun silinməsinə dair aktla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 5.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etmiş, həmçinin bildirmişdir ki, akt tərtib edilməmişdən 2 ay öncə köhnə sayğac yenisi ilə əvəz edilmişdir. Lakin həmin vaxt plomb vurulmamışdır. Bildirdilər ki, ümumi sayğaclar dəyişdikdən sonra təkrar gəlib plomb vurulacaq, sayğacda plombun olmamasına səbəb odur. Şahid kənar qoşulma olduğunu bildirsə də tamamilə əsassızdır. Həmin vaxt evdə heç kim olmamışdır. O, "xxxx" ASC-nin əməkdaşlarına zəng vuraraq onu gözləmələrini xahiş etmiş, lakin onlar gözləməmiş, sayğacın qapısını açıq qoyaraq açarları da üstünə qoyub getmişlər. Onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Tam əsassız olaraq cərimə yazılmışdır. Bu səbəbdəndə əsassız yazılmış borcun silinməsini xahiş edir. 6.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyək bildirmişdir ki, iddiaçının tələbi əsassızdır, video görüntülər vardır və həmin görüntülərdən də sübut olunur ki, sayğaca kənardan müdaxilə olunmuş və sayğac sistemdən kənarlaşdırılmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 7.Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən şahid X5 izahat verərək bildirmişdir ki, ərazini yoxlayarkən, abonentin sayğaca müdaxilə edildiyi müəyyən edilmişdir. Belə ki, faza və sıfır xəttinin yerini dəyişdirilməklə, sayğacın sxemi dayandırılmışdır. Hətta görüntüdə sayğacın plombunun olmadığı da görünür. Onları gördükdən sonra bir qadın həyətə daxil olmuş, nəsə etdikdən sonra sayğac yenidən normada işləməyə başlamışdır. 8.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 09 dekabr 2024-cü il tarixli, 2(001)-5344/2024 saylı qətnaməsi ilə (hakim-Lətifə Məmmədova) iddia təmin edilərək, **********0000 saylı abonent X8 “Azəriqaz” İB tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən hesablanmış 8812,80 (səkkiz min səkkiz yüz on iki manat, səksən qəpik) manat borcun silinməsi qət edilmişdir. İş materiallarında olan: 9.xx.xx.2024-cü il tarixli, NİM№004539 nömrəli aktdan görünür ki, elektrik sayğaclarına baxış keçirən zaman məlum olmuşdur ki, sayğacın qoşulma ardıcılığı səhvdir. Belə ki, sayğacın faz yuvasına sıfır xətti, sıfır xəttinə faz xətti daxil edilmişdir və sayğac sxemdən kənarlaşdırılmışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən xətdən keçən yüklər ampermaşa vasitəsilə ölçülmüşdür.

10. xx.xx.2024-cü il tarixli aktdan görünür ki xx.xx.2024-cü il tarixli, NİM№004539 nömrəli akta əsasən İddiaçı 0.08 tariflə 44,72 manat (559 kvt x 0.08 qəpik), 0.09 tariflə 27 manat (300 kvt x 0.09 qəpik) və 0.13 tariflə 957,58 manat (7366 kvt x 0.13 qəpik) borc olmaqla, ümumilikdə 1029,30 manat cərimə hesablanmışdır. 11."xxxx" ASC tərəfindən verilmiş “Abunə haqqında” məlumatdan müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında (abonent kodu **********00946) xx.xx.2024-cü il tarixdə tərtib olunan aktlar üzrə ümumilikdə 1029,30 manat cərimə qeyd edilmişdir. 12.Abonentin hərəkət cədvəlindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında iddiaçı tərəfindən 2015-il tarixdən 2024-cü il tarixədək mütəmadi olaraq elektrik enerjisinə görə ödənişlər edilmiş və 2024-cü il tarixinə 1205.89 manat borc qeyd edilmişdir. 13.İddia tələbini təmin edən məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh iddiaçının sayğaca müdaxilə etməsini əsaslandıra bilməmişdir. Bundan başqa sayğac evdən kənarda yerləşir, qanunvericiliyin tələblərinə əsasən elektrik sayğaclarının tamlığına, təhlükəsizliyinə istehlakçı nəzarət etməlidir. 14.Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız yazılmış borcun silinməsi” tələbinə dair iddiası əsaslı olduğu üçün təmin edilməli, ünvan 1 ünvanında (abonent kodu **********00946) İddiaçı adına hesablanmış cərimə borcu əsassız olduğundan 1000 manat məbləğində borc silinməlidir. 15.Məhkəmə öz mövqeyini “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunun 19.16-cı; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.1, 1.4, 6.3, 7.6-cı; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 217.4, 218.3 və 119.1ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16.Qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə X2 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (abunə kodu: **********00946) quraşdırılmış elektrik sayğacına baxış keçirmişdir. Baxış keçirilən zaman elektrik sayğacın qoşulma ardıcılığı səhv olduğunu,, sayğacın faz yuvasına sıfır xətti, sıfır xəttinə faz xətti daxil edilməsi və bunun nəticəsində sayğacın sxemdən kənarlaşdırılması müəyyən edilmişdir. "xxxx" ASC-nin əməkdaşları ( A.Verdiyev, N.Rzayev, B.Manafov, M.Ələmov) tərəfindən xx.xx.2024-cü il tarixdə NİM 004539 saylı müvafiq akt tərtib olunmuşdur və video çəkiliş aparılmışdır. Aktın tərtib edilməsi zamanı abonent iştirak etməmişdir. "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən xx.xx.2024-cü il tarixdə NİM 004539 saylı akt üzrə 8.225 kvts= (5,5kvt*24 saat*0,7*90 gün*) itirilmiş elektrik enerjisinin dəyəri 1.029,30 manat məbləğində müəyyən edilməklə abonentin (kod: **********00946)) abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Hesab edir ki, qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və akta əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir. Lakin məhkəmə AR MPM-in 88 və 217-ci maddələrinin tələblərini pozaraq, iş üzrə toplanmış sübutlara obyektiv və qərəzsiz qiymət verilməsini təmin etməmiş, qətnaməni işin həqiqi hallarına və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 18.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19.Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. 20.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:

21. 13-cü maddəsinin 8-ci bəndi.Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

22. Maddə 17.Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu:

23. 19.16-cı maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 24.Qaydaların 1.1-ci bəndinə əsasən abonent (əsas istehlakçı) - elektrik qurğuları enerji təchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerji təchizatı müəssisəsi ilə bağlayan istehlakçı; subabonent – elektrik qurğuları abonentinin (əsas istehlakçı) elektrik şəbəkələrinə qoşulmuş istehlakçı; məişət abonenti (əhali) isə, yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. 25.Qaydaların 1.4-cü bəndinə əsasən abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerji təchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir. 26.Qaydaların 6.3-cü bəndinə əsasən dövlət enerji nəzarətinin həyata keçirilməsi dövlət elektroenergetika müəssisəsini, enerjitəchizatı müəssisələrini, müstəqil enerji istehsalçılarını, istehlakçıları onların və ya tabeliklərindəki struktur bölmələrinin sərəncamında olan elektrik qurğularının texniki vəziyyətinə və istismarına görə nəzarətdən azad etmir və onlar “Elektrik qurğularının quraşdırılması qaydaları”na, “Elektrik qurğularının texniki istismar qaydaları”na, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”na, bu Qaydalara və digər normativ sənədlərə əməl olunmasına görə cavabdehlik daşıyırlar. 27.Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 28.Qaydaların 7.10-cu bəndinə əsasən yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 29.Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 30.Qaydaların 8.17-2-ci bəndində əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 31.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 32.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri 33.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 34.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2(001)-5344/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 36.Belə ki, iş materiallarından göründüyü kimi müvafiq sayğacın dəyişdirilməsi və akt tərtib edilməsi zamanı mənzilin mülkiyyətçisinə və bilavasitə elektrik enerjisini istehlak edənə məlumat verilməmişdir və sayğaca müdaxilə mülkiyyətçinin təqsiri səbəbindən olmamışdır. Belə ki, cavabdeh tərəf bunun əksini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. 37.Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. 38.Digər tərəfdən sayğac küçədə yerləşdiyindən, sayğacın plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. 39.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. 40.Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. 41.Kollegiya qeyd edir ki, elektrik enerjisindən istifadə qaydalarının pozulması barədə aktda göstərilən halların sübut edilməsi vəzifəsi cavabdehə aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halların doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də həmin akt mötəbər sübut kimi qəbul edilə bilməz. 42.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmənin iddiaçının adına olan abonent hesabına xx.xx.2024-cü il tarixli, NİM№004539 nömrəli akt əsasında hesablanmış ümumilikdə 1000 manat məbləğində cərimənin silinməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. 43.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 44.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 45.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 46.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 47.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2(001)-5344/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayətyi verilə bilməz.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Günay Axundova

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar